Nizami Cəfərov: “Tarixi yerlərlə
bağlı silsilə qanunların qəbuluna ehtiyac var”
Məlum olduğu kimi, bugünlərdə dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda 2011-ci ilin “Turizm ili” elan olunması qərara alınıb. Belə olan halda, görəsən, parlamentin qarşıdan gələn yaz sessiyasında “Turizm ili” ilə bağlı hansı qanun layihələrinin hazırlanması, müzakirələrə çıxarılması nəzərdə tutulur və ya tutula bilər? Bununla bağlı “525”ə açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov bildirib ki, əvvəla, turizm dünyanın həm maddi-maliyyə, həm də insan həyatının mənalılığı baxımından təkcə perspektivli yox, eyni zamanda, böyük əhəmiyyətli bir məsələsi, sahəsidir. N.Cəfərovun sözlərinə görə, gözümüzün qabağında Türkiyənin vaxtilə geri qalmış regionlarının turizm sayəsində nə qədər böyük inkişaf yolu keçməsi nümunəsi var. Komitə sədri qeyd edib ki, turizm həm ölkəyə, həm bölgəyə bütövlükdə gəlir gətirir, həm də insanlar özləri çox maraqlıdırlar ki, həyatlarını səmərəli keçirə bilsinlər: “İndi Azərbaycanın bu gün bu sahədə xüsusi bir mövqe qazanmağa çalışması və cənab prezidentin də bu barədə birinci dəfə deyil, dəfələrlə mövqe ortaya qoyması çox əhəmiyyətli bir hadisədir. Azərbaycanda bu yöndə çox böyük layihələr həyata keçirilib, çox işlər görülüb və görülməkdədir. Eyni zamanda, əgər bu il “Turizm ili” kimi elan olunursa, bu, artıq həm də o deməkdir ki, biz buna hazırıq və sözün həqiqi mənasında buna bir debüt ili kimi başlaya bilərik. Turizmin olması Azərbaycanın mədəniyyət abidələrinin bərpa olunması deməkdir ki, bu iş də artıq çoxdan başlayıb. Turizmin olması Azərbaycanın dünya üçün maraqlılığının artırılması deməkdir ki, bu da çoxdan start götürüb. Bu, həmçinin Azərbaycanın dünyaya inteqrasiyası deməkdir ki, bu da çoxdan başlayıb”. N.Cəfərovun qeyd etdiyinə görə, indi bunun əsas tərəfi ondan ibarətdir ki, Azərbaycan dünya turizmü üçün maraqlı olsun, başqa bir tərəfi də ondan ibarətdir ki, azərbaycanlılar dünyanın müxtəlif turizm məkanlarına daha həvəslə, maraqla getsinlər. Çünki indi artıq azərbaycanlıların da maddi-rifahı elədir ki, bayramları, hətta, Yeni ili dünyanın isti ölkələrində keçirmək imkanına malikdirlər: “Bu mənada bu elə bir böyük spektrli məsələdir ki, burada yalnız ümumi ictimai maraq və dövlətin bu maraqları təmin etməsi məsələsi ilə yanaşı, həm də bizim Milli Məclisin, xüsusilə, Mədəniyyət Komitəsinin üzərinə bir məsuliyyət qoyur. Məsuliyyət qoyur ki, bu sahədə müəyyən qanunvericilik işlərini həyata keçirək və keçirməliyik. Doğrudur, turizmlə bağlı müxtəlif komitələrin işləri əlaqələndirilməlidir. Burada iqtisadi, maliyyə, təsərrüfat məsələləri və sair, var. Amma bununla yanaşı, turizm həm də bir mədəniyyət hadisəsidir. Ona görə biz bu məsələyə hələ komitəmizin payız sessiyasının iclasında yüngülvari şəkildə toxunmuşduq. Yəni, mədəniyyət abidələrinin, memorial abidələrin bərpası və onların qorunması ilə bağlı müəyyən prinsiplərin işlənilib hazırlanması, sonra Azərbaycanda təsviri sənətin, eləcə də bir sıra yaradıcılıq sahələrinin inkişafı üçün qanunların qəbul olunması çox vacib məsələdir”. N.Cəfərov onu da deyib ki, uzun illər ərzində üzərində işlənilən “Mədəniyyət haqqında” qanunda çox ciddi dəyişikliklər edilməli və yaxud bu sənəd bütövlükdə yeniləşdirilməlidir: “Burada da turizmin inkişafından irəli gələn məsələlərə diqqət yetiriləcək və yetirilməlidir ki, bunların da bir hissəsi konkret məsələlərdir. Belə deyək, bu gün Azərbaycan təbiətinin çox gözəl olduğu elə yerlər var ki, orada tarixi abidələr bərpa olunsun. Azərbaycanın təbiətinin əslində gözəl olan, amma bu gün o qədər gözəl görünməyən, yəni, yollar, istirahət yerləri məsələsi var. Məsələn, Azərbaycanın Kür qırağı, Araz qırağı, yəni, Kür-Araz sahillərində çox böyük tarixi hadisələr baş verib ki, onlar dünyanın böyük tarixçilərinin əsərlərində əksini tapıb. Ona görə həmin yerlərdə qazıntı işlərinin aparılması, orada tarixi abidələrin ortaya çıxarılması, onların dünyaya təqdim olunması lazımdır. İndiyə kimi o qədər də diqqət cəlb etməyən, amma çox qısa bir müddətdə Tovuz, Şəmkir, müəyyən qədər Qazax rayonlarında arxeoloji qazıntı işləri aparıldı, xüsusilə, neft kəmərinin çəkilməsi ilə əlaqədar. Onların adlarının əksəriyyəti də artıq tarix kitablarında, hətta, antik müəlliflərin əsərlərində çəkilib. Sonra həmin Qərb rayonlarında çox qədim dövrün – hələ ibtidai icma quruluşundan gələn arxeoloji abidələri, müəyyən mağaralar, tarixi kurqan-təpələr və sair var, onlar ortaya çıxarıldı. Sonra Azərbaycanın şairlərinin orada məzarları var. Misal üçün, Molla Vəli Vidadi kimi böyük şairimiz və sonrakı dövrlərdə yaşayan söz adamlarımızın məzarları var. Yəni, elə regionlarımız var ki, bəlkə orada təbiət bir o qədər fundamental hadisələr ortaya çıxarmayıb, orada dağlar, yaşıllıqlar yoxdur. Amma o regionlarda da istirahət üçün o mədəniyyət abidələrinin üzə çıxarılması və qorunması ilə əlaqədar görüləsi işlər ətrafında Mədəniyyət Komitəsi də öz növbəsində müvafiq təhlillər, müzakirələr aparır və onlar bizim “Mədəniyyət haqqında” qanunumuzda müvafiq şəkildə əks olunmalıdır. Yəni, Azərbaycanın regionlarının təbiəti, mədəniyyəti müxtəlif olduğu kimi, ona uyğun da qanunvericilikdə müəyyən təfsirlər verilməlidir. Bir məsələ də var ki, daha doğrusu, Azərbaycan elədir ki, bir turist bura gəlib bir həftə ərzində bütün Azərbaycanı gəzib-dolaşıb, görə bilər. Azərbaycanın bu üstünlüyü də var. Biri var ki, fərqli, kəskin, geniş coğrafiya olsun və orada hərəkət, istirahət etmək, məlumat almaq imkanı olmasın, amma Azərbaycanda buna imkan var ki, bütün regionları, bütün ölkəni, onun etnoqrafiyasını görmək və sair mümkün olsun. Bu mənada müxtəlif turistik fəaliyyətlərdən ötrü Azərbaycan turizm üçün maraqlı olan bir hala gətirilməlidir. Biri var ki, bir xalçanı və ya hansısa çarğatı texniki şəkildə təqdim edəsən, bir də var ki, onu pasportu, etnoqrafik adı, toxuyanın, hazırlayanın tərcümeyi-halı ilə təqdim etsin. Demək istəyirəm ki, bu tipli məsələlər heç də həmişə qanuna sığmır, amma bununla yanaşı, müəyyən tövsiyə xarakterli məsləhətlər də olmalıdır ki, bu artıq bir kanona çevrilsin. Kanona çevrilsin ki, bu məsələ bu şəkildə olmalıdır. Odur ki, 2011-ci ilin “Turizm ili” elan olunması Azərbaycanın bir turizm ölkəsi kimi böyük gəlirlər qazanmasında və dünyanın turistik panoramında görünməsində böyük cəhdlər ili olacaq”. Onu da qeyd edək ki, sözügedən komitənin hələ ötən ilin payız sessiyası ilə bağlı iclasında millət vəkili Rafael Hüseynov Azərbaycanın tanınmış qoruq yerləri, o cümlədən, Qobustan qayaları, Göy-göllə və sair, tarixi – təbiət abidələri ilə bağlı ayrıca sahəvi qanunların qəbul olunmasının vacibliyini dilə gətirmişdi. Görəsən, N.Cəfərov bu haqda nə düşünür? N.Cəfərovun dediyinə görə, R.Hüseynovun məlum təkliflərin çox yerində olan təkliflərdir: “Həqiqətən də “Babadağ”, “Göy-göl”, eləcə də Abşeron kəndləri, Azərbaycanın digər tarixi yerləri, regionları ilə bağlı sahəvi qanunların hazırlanması və qəbulu mümkündür. Bunlar sadəcə, bir təbiət hadisəsi, coğrafi məkan deyil, həm də bir mədəniyyət hadisəsidir. Ona görə o cür regionlar, tarixi – təbiət abidələri, qoruq yerləri haqqında müəyyən qanunvericilik aktları qəbul etmək olar. İndiyə kimi Göy-göl haqqında Azərbaycanda nə qədər şeirlər yazılıb, nə qədər mənzərə, rəsm əsərləri çəkilib və bunlar bizim mənəviyyatımıza daxil olan bir məsələdir. Göy-gölün yaranmasının nə qədər maraqlı bir tarixi var. Heç də hər yerdə bu və ya başqa bir gölün yaranması tarixi o təbiətdə görünmür. Amma burada görünür, Kəpəz dağı necə dağılıb, qayalar necə uçub və Ağsu çayının üzərində necə silsilə maraqlı göllər yaranıb. Elə bilirəm ki, bunlar dünyaya təqdim olunmalıdır. Sadəcə, onun ətrafında yaranmış o tarixi-mənəvi mədəniyyət sistemi ki var, həmin kompleks həm də dünyaya təqdim olunmalıdır. Yəni, Mədəniyyət Komitəsinin bəlkə bununla bağlı qanun layihəsi hazırlaması bir o qədər yerinə düşmür, amma çoxlu elə məqamlar var ki, onlar birbaşa mədəniyyətlə bağlı məsələlərdir. Ona görə biz bəlkə bəzi qanunları yalnız Mədəniyyət Komitəsi miqyasında yox, başqa komitələri də bu işə qatmaqla, hazırlayıb ortaya qoymalıyıq. Eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sayəsində, Qobustanla, İçərişəhərlə bağlı xeyli işlər görülüb. İndi burada bir məsələ var, görülən işlər o qədər böyük işlərdir ki, başqa digər işləri də ortaya çıxarır. Məsələn, biz əgər Abşeron kəndləri ilə bir qanun qəbul etsək, təbiidir ki, burada bir komponent də muğamdır. Qərb regionlarında turizmin inkişafı, incəsənətin, mədəniyyətin, tarixi abidələrin qorunması ilə bağlı qanun qəbul etsək, orada mütləq aşıq sənəti də diqqətə alınmalıdır. Yəni, bizim coğrafiyanın landşaftında tək təbiət deyil, bir mədəniyyət landşaftı da var ki, onlar bir-birilə əlaqədədir. Bu baxımdan elə bilirəm ki, bu qanunları müxtəlif komitələrlə hazırlamalı, müzakirələrə təqdim etməliyik. Amma mən də belə düşünürəm ki, bu yöndə silsilə qanunlara ehtiyac var. Belə demək mümkünsə, gələcəkdə həmin regionların inkişafı, onların turizm üçün maraqlı olması ilə bağlı silsilə qanunların qəbuluna ehtiyac var”.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 20 yanvar.- S.5.