“Bu gün Ermənistan dağıdıcı bir mövqedədir”

 

MÜSAHİBİMİZ GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASININ (GTMŞ) SƏDRİ, MİLLƏT VƏKİLİ FUAD MURADOVDUR  

 

– Fuad bəy, ölkə prezidenti səviyyəsində torpaqlarımızın erməni işğalından azad olunası üçün hərbdən istifadənin istisna olunmadığı dəfələrlə bəyan edilib. Siz Avropanın bir çox ölkəsinin parlamentində bu məsələ ilə bağlı müzakirələrdə iştirak edirsiniz. Belə olan halda, onların məsələyə münasibəti necədir? 

– Təbii ki, Ali Baş Komandanımızın fikirlərinə əsaslanaraq mən deyə bilərərm ki, Azərbaycan əhalisinin əksəriyyəti Dağlıq Qarabağ məsələsini ən prioritet məsələ kimi qəbul edir. Azərbaycan xalqı bu məsələni ölkəmizin bir nömrəli milli məsələsi sayır. Çıxışlarından da hər zaman görürsünüz ki, Ali Baş Komandan üçün bu, ən öndə gedən məsələdir. Prezident bütün gücündən istifadə edərək bu problemin həllinə çalışır. Bu gün Azərbaycanda görülən işlər və Azərbaycanın xarici siyasətində əsas istiqamət Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəlib. İnsanlar ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı maraqlanırlar, BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin Qarabağ məsələsinə necə yanaşması əlbəttə insanları maraqlandıran məsələlərdir.

Bu gün Ermənistan dağıdıcı bir mövqedədir. Bunu artıq əksər beynəlxalq qurumlar bilir. Amma bir fakt da var ki, Ermənistan çalışır ki, indiki status-kvonu saxlasın. Problemin həlli istiqamətində nə Ermənistan tərəfindən, nə də beynəlxalq qurumlar tərəfindən addımlar atılır. Azərbaycan bu istiqamətdə mütəmadi olaraq düşünülmüş addımlar atır. İstər xarici siyasətdə, istər daxili siyasətdə, istərsə də ordumuzun gücləndirilməsi, büdcəmizin artması bir daha Azərbaycanın gücündən xəbər verir. Cənab prezident çox aydın şəkildə çıxışında səsləndirdi ki, bu məsələ yaxın zamanlarda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Bəzi qüvvələr var ki, bu məsələni uzadaraq dırnaqarası sülhü saxlamağa çalışırlar. Onların mövqeyincə, sülhün saxlanılması ən mühüm addımlarda biridir. Amma bir qrup da var ki, onlar Ermənistanın işğalçı siyasətini bəyənmirlər. Bir sıra Avropa ölkələrinin parlamentləri bu məsələyə öz mövqeyini bildiriblər. Bir az dərinə getsək, görərik ki, yuxarıda sıraladığım təşkilatların maraqları ilə məsələ bitmir. Burada ayr-ayrı ölkələrin xüsusi yanaşmaları var. Məsələn, Rusiyanı götürək, bu ölkə həm BMT, həm də ATƏT-də aktiv fəaliyyət görstərir. ABŞ-a da həmin sözləri şamil etmək olar. Onların korporativ maraqları da var. Eyni zamanda, həmin ölkələrdə yerləşən insanların da məsələ ilə bağlı fikirləri müxtəlifdir. Rusiyada Azərbaycanın haqlı mövqeyini dəstəkləyən insanlar çoxdur, buna əks olanlar da var. Ona görə, bizim həm xarici siyasətdə, həm də parlament çərçivəsində və beynəlxalq arenada məqsədimiz bu məsələni yalnız gündəmdə saxlamaq deyil, Azərbaycanın bu haqq səsini dünya ictimaiyyyətinə çatdırmaqdır. Bir çox ölkələr var ki, bizimlə müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Hansı ki, bu ölkələr orta mövqe tutmaqla heç bir tərəfi incitməmək siyasəti aparırlar. Deyə bilərəm ki, bu gün Azərbaycan öz müttəfiqlərinə düzgün, dürüst və aydın şıkildə mövqe bildirir. Mənə elə gəlir ki, bu istiqamətdə real işlər də görülüb. Böyük ölkələrin parlamentlərinin mövqeyi o deməkdir ki, artıq onlar da başa düşüblər ki, biz bu məsələyə son dərəcə ciddi yanaşırıq. Azərbaycan bu məsələyə ikili-üçlü yanaşmanı qəbul etmir. Bu, Azərbaycanın uğurudur. Növbəti addımlar Ermənistan siyasətinin iç üzünü göstərməkdən ibarət olmalıdır. Yəni təsəvvür edin ki, Madrid prinsipləri ilə bağlı uzun müddətdir müzakirələr gedir, bir çox detalları müzakirə edilir.

Azərbaycan Madrid prinsiplərini öz tələblərini nəzərə alaraq qəbul edir, beynəlxalq aləmdə vasitəçilər də bunu qəbul edir. Ermənistan isə həmişəki kimi yenə də vaxt istəyir. Əslində isə Ermənistan öz ampluasındadır. Biz təbii ki, başa düşürük Azərbaycan torpaqlarının toxunulmazlığı Azərbaycanın suverenliyidir. Bu torpaqların işğaldan azad olması yalnız Azərbaycanın işidir...

– Məsələnin həllinin bu qədər uzanması onun unutdurulması üçün məqsədli şəkildə bir oyun deyil ki? 

– Sözlərinizdən belə hiss edirəm ki, müəyyən qisim insanlarda yorğunluq var. Onlar artıq eyni informasiya və eyni vəziyyətlə rastlaşırlar. Neçə illərdir bu vəziyyət davam edir. Bu da təbii ki, psixoloji olaraq bir çox insanlara, o cümlədən qaçqın və məcburi köçkünlərə pis təsir edir. Mən bir məsələyə toxunmaq istəyərdim. Ola bilsin ki, müəyyən vaxt keçəndən sonra bu məsələnin dərinliyində olan insanların sayı azala bilər. Ancaq o fikirlə razı ola bilmərəm ki, bizdən sonra gələn nəsil işğal altında olan ərazilərimizi bizim qədər istəməyəcək. Dağlıq Qarabağ və ətraf rayonlar təkcə bir ölkənin bir hissəsi deyil, torpaqdı, təbiətdi və hətta 20% yox, 0.5% da torpaq işğal olunsaydı belə, bu, Azərbaycanın yenə də bir nömrəli məsələsi olacaqdı. Ona görə öncə gələcək nəsillərə düzgün istiqamət verilməlidir. Mən bəzi fikirlər eşidirəm ki, “orda bizim bulaqlarımız, meşələrimiz var idi”. Hətta işğal olunan yerlərdə heç bir ağac da bitməsə, bulaq olmasa belə, bu, ölkənin inkişafına çox mənfi təsir göstərən bir amildir. Azərbaycanın suveren dövlət olaraq öz xəritəsini qoruyub saxlamalıdır. Belə münaqişələr dünyada çoxdur. Hətta bir çox ölkələr var ki, bölünür və s. Bu gün elə ölkələr var ki, təkcə öz xəritəsinin deyil, həm də insanlarının şüurunun davasını eləyirlər. İnsanın milli mənsubiyyətini möhkəmləndirən əsas xüsusiyyətlərdən biri də onun ölkəsidir. Bu baxımdan biz bu məsələyə gərək hamımız bu mövqedən yanaşaq. Heç vaxt biz torpaqlarımızı unuda bilmərik. Necə unuda bilərik, axı insanın bir orqanı yoxdursa, onu necə yaddan çıxara bilərsən? Burda məsələ Azərbaycanın suverenliyi, ərazi bütövlüyüdür. Məsələ belə qiymətləndirilməlidir.

 – Müharibəyə hazırıqmı?

 – Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq. Bu tezis bütün dünyada var. Bu gün bizim ordumuz məncə buna tam hazırdır. Biz tez-tez həbri hissələrdə oluruq, insanların bu məsələyə yanaşmasını öyrənməyə çalışırıq. Hətta biz qaçqın və məcburi köçkünlərlə danışıqlarımızda onlar bildirirlər ki, “çox sağ olsun cənab prezident bizə hər cür şərait yaradıb, normal yaşayırıq. Ancaq yenə də biz öz dədə-baba torpaqlarımıza qayıtmaq istərdik”. Xüsusən yaşlı insanlar bildirirlər ki, çox istəyirlər öləndə öz yurdlarında dəfn olunsunlar. Hansısa bir Avropa adamı üçün bu yanaşma adi görünə bilər. Amma vaxtilə Avropa da bu prosesi keçib və bu səviyyəyə çatıb. Götürək Almaniyanı, İngiltərəni onlar da torpaq uğrunda dəfələrlə belə problemlər yaşayıblar. Amma bu, ideal deyil. Avropa Birliyinin tarixçəsi çox azdır. Deyək ki, Sovet İttifaqının 70 yaşı vardı, amma Avropa İttifaqının bu qədər yaşı da yoxdur. Düşünürəm ki, bu məsələlərdə əsas amil milli mənsubiyyət məsələsidir. Vətəndaşlıq və insanın öz torpağına bağlılıq məsələsidir. Axı bu günkü müstəqil Azərbaycanın qurulması, ərazi bütövlüyünün qorunub saxlanması asan olmayıb. Biz 1918-ci ildə artıq bu problemi yaşamışıq. Biz bu taleyi yenidən yaşamamaq üçün bir qarış torpağımızdan ötrü belə vuruşmalıyıq. Təbii ki, müharibə yolu da istisna deyil. Hazırda biz avropalılarla da işləyirik. Biz insanların fikirlərini onlara açıq deyirik. Bildiririk ki, Azərbaycan xalqının vətənə bağlı olması, torpaqları uğrunda canından belə keçməyə hazır olduğunu bilə-bilə, siz çalışırsınız ki, orta mövqedə qalasınız. ABŞ-da da artıq insanlar anlayıblar ki, ermənilər Qarabağ məsələsində özlərini necə aparırlarsa, ABŞ-da da özlərini elə aparırlar. Artıq ABŞ bir qrup erməninin əlində qala bilməz. Konkret olaraq Ermənistan diasporunun ABŞ-dakı fəaliyyətini deyə bilərik. Heç bir dövlət öz tərkibində yalnız şəxsi maraqları üçün çalışan belə bir qrupa göz yuma bilməz. Hər bir dövlətin öz maraqları olmalıdır.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 20 yanvar.- S.4.