İsa İsmayılzadə, yaxud
“sözün rəsmi”
Martın 15-də unudulmaz şairimiz İsa
İsmayılzadənin 70 yaşı tamam olur....
Daha doğrusu, 70 il
cismən yaşamağa hövsələsi çatmadı, 57
yaşında bu dünyadan köçünü çəkib
getdi, amma ruhən bundan yüz illər sonra da yaşayacaq –onu
heç vaxt solmayan bənzərsiz poeziyası yaşadacaq.....
Ola bilsin, İsa
İsmayılzadə bioqrafiyasının faktlarına görə kiməsə
oxşasın, SÖZƏ, insanlara, yaradıcılığa
münasibəti sarıdansa həmişə özü kimi
qalacaq...
60-cı illərdə – şair,
yığını, şeir axını içində boy
vermək, görünmək, öz üslubunu yaratmaq nə qədər
çətin idi – bunu o vaxtın əbədi mühitindən
xəbərdar olanlar yaxşı bilirlər. Hər
bir yenilikçiliyə görə “əzişdirilmək”,
arzuolunmazlar siyahısına salınmaq, “xunveybinçi”
adlandırılmaq qorxusu, şeirlərinin, kitablarının
çapına qadağa qoyulmaq təhlükəsi, ideoloji və
inzibati basqıların gününü göy əsgiyə
bükməyi vardı. İsa
İsmayılzadə o dönəmlərdən salamat
çıxa, poetik nəfəsini, sözün urvatını
saxlaya bildi, təkcə elə buna görə
poeziyasının yaşarlılığına bel bağlamaq
olar.
İndi deyirlər
İsa İsmayılzadə özünün publisistikaya, tərcüməyə,
redaktorluğa, uşaqlar üçün əsərlərə
parçalamasaydı, poetik yaradıcılığı daha zəngin
olardı. Mən buna inanmıram, çünki SÖZƏ həddən
artıq qısqanclıqla yanaşan, hətta ifrat xəsis və
vasvası olan İsanın həcm dalınca
qaçacağına inanmamışam – yazacağını
iki daşın arasında da yazıb, ondan ötrü
şeir, həcm yox, poetik tapıntı olub. “Hərdən
sözün-şeirin sıxıntısından, qələmə
gəlməyən sözün, əlimə gəlməyən
sözün ağrısından ürəyim
sızıldayır; dünyada hər şeyin məndən
ötrü qurtardığı belə anlarda harasa baş
götürüb qaçmaq, uzaqlarda, əl çatmayan,
ün yetməyən bir yerdə yolumu gözləyən itgin
sözlərin dalınca düşmək, doğma, əziz
adam kimi sözə sığınmaq, o sözün boyunu
oxşamaq istəyirəm; “Hər şeir ömrümü
uzadır bir gün, amma... ikicə gün alır
ömrümdən,” – demək istəyirəm...” Bu, sözə
şair münasibətidi...
lll
İsa İsmayılzadənin
poeziyası barədə Osman Sarıvəlli, Bəxtiyar
Vahabzadə Asif Əfəndiyev, Qabil, Əliağa
Kürçaylı, Məmməd İsmayıl, Tofiq Abdin,
Vaqif Yusifli... yazıb, bununla belə nə
sağlığında, nə Haqqa qovuşduqdan sonra onun
poetik yükünü yerli-yataqlı araşdıran bir kimsə
tapılıb. T.Abdinin təbirincə desək,
“...İsa İsmayılzadə axır günlərinə qədər
həmin o tənqidçini həmin o söz deyəcək
adamı gözlədi. Amma o adam gəlib
çıxmadı...” Həmin heç
İsanın cismani yoxluğundan sonrada üzə
çıxmadı, bundan sonra üzə
çıxacağına yalnız ümid etmək qalır.
İsa İsmayılzadənin
poeziyası barədə yazanlar daha çox onun
“Yağış gölməçəsi”, “Oyuncaqsız
uşaqlığım”, “Gülələr demədi”, “Mən
bir termos şüşəsiyəm”, “Qatar gedir Araz boyu”,
“Ömürdən keçən qatar”... şeirlərini
xatırlayırlar. Onun “Vaxtla
uzlaşmağı bacarmayanda” şeiri də var.
Vaxtla dil tapmağı
bacarmayanda
ilbizllər kimi,
Çəkilib könlümə
susmaq istərəm
Bax, belə
Saatınız necədir
Vaxtla uzlaşmağı
bacarmayanda
Elə bil az qala iyirmi il qabaq öz taleyini hiss
eləyibmiş; vaxtla uzlaşmağı bacarmadı,
saatını 1997-ci il iyunun 12-də dayandırdı.
Bir şeirını də
“Gözləyin, dünyaya qayıtmağım var” adlandırıb:
Bu dünyaya bir də
qayıtmağım var...
Qəbrimin üstündə
bu ötən günləri,
Uyulmuş, soyulmuş
torpağı-daşı
Ölüm sükutundan
oyatmağım var
.
Bilmirəm çiçəklə, bilmirəm otla,
Bilmirəm ocaqla, yoxsa buludla,
Dağları yerindən
oynadıb gələn
Dəli
qışqırıqla, yoxsa sükutla-
deyə bilmərəm...
Bu da öncəgörmədi:
gec-tez İsa İsmayılzadə şair kimi təzədən
doğulacaq – poeziyasını araşdıracaq,
kitablarını dönə-dönə nəşr edəcəklər.
Bu onun haqqıdır...
lll
Sağlığında
İsa İsmayılzadənin son kitabı az iyirmi il əvvəl
– 1991-ci ildə çap olunub. Bir kitabını da bundan 15 il
sonra, 2006-cı ildə qədir bilən övladı Araz
İsmayılzadəylə 65 yaşını yad elədik. O topluda İsa təkcə şair deyil, həm də
vətəndaşdı, torpaq ağrılarını
canında gəzdirən insandı, “Haran ağrayır Vətən?..”
soruşur, “Əmr versin – hücum əmri komandan Vətən”,
“Hər şəhidin yaşıdı –Qarabağ”, “Bu da sənin
yazın deyil, Qarabağ...” deyir, Tanrı ucalığına
çatır:
...Yaxşı ki cən varsan başımın üstə,
Sən mənim ən böyük ucalığımsan
Xəyalından tuta-tuta,
Bu dünyaya qəzəbimi uda-uda
Hərdən
ucalığa qalxıram mən də...
O illərdə İsa
İsmayılzadə zamanın acılarını
yaşayırdı, həyatının böyük bir
dövrünü verdiyi “Azərbaycan” jurnalının maddi
sıxıntılarından ağrıya-ağrıya
publisistikayla məşğul olmaq məcburiyyətinə
dözürdü, Vətənin doğma bir
parçasının – Borçalının
başının üstünü almış qara
buludları dağıtmaq naminə səy göstərirdi,
bütün bunlarla yanaşı, sözün dəyərdən
düşməsinə korun-korun tüstülənirdi:
Qurumuş qan qoxusundan,
Qarımış qan qoxusundan
Diksinəndə, səksənəndə
kəpənəklər- yaz neyləsin?
Qan qoxulu ləçəkləri
Necə ovutsun bahar?...
Bu ağrıyla yaşayan şairin cismən 70 bir yana, heç 60-ı haqlayacağına inanmaq olardımı?...
Dünyaya müharibə başlanan il göz açmış, uşaqlığı müharibə və müharibədən sonrakı sıxıntılı illərə düşmüş Söz adamı torpağı yağmalana-yağmalana rahatca oturub aşiqanə şeirlər yaza bilərdimi?
Yazanlar oldu, amma o yazanların da, yazdıqlarının da yaşarılılığı da böyük sual altındadı.
İsa
İsmayılzadə başqa ölçülərlə
yaşayırdı, ona görə əsl
yazıçının “...içində gözəgörünməz
bir hüceyrə vardır ki, o torpaq ağrısını tez
duyur...”
lll
Səksəninci illərin ortalarında qadağalar götürüləndə ədəbiyyatımızin “rəflərində “ yatıb qalan əsərlərdən biri də İsa İsmayılzadənin “37” poeması oldu. O poemanı 37-nin unutdurulduğu, xatırlanması yasaqlandığı çağlarda qələmə almışdı. Sonra “Tanrım bağışla məni” poeması, şeirləri, publisistik yazıları, efirdən dövrün ağrılarına qarşı narahat, qəzəbli, ağrılı səsi eşidildi.
Ardınca 1967-ci ildə 26 yaşında yazdığı, üzə çıxarmadığı “Mənim qəribə dünyam” povestini arxivdən tapıb “Azərbaycan” jurnalında çap etdirdik. O lirik-fantastik melodram nədənsə yadıma Əli Kərimin “Pillələr” romanını saldı: görünür, dövrün ədəbi ölçülərinə uyğun gəlmədiyindən İsa İsmayılzadə povesti şap etdirməyə cəhd göstərməyib. Ona görə ki, şəxsiyyət kimi bütövlüyünü qoruyan insan idi. Öz ədəbi abrını saxlayan adam idi. “Məndən ötrü xarakter bütövlüyü, hər şey deməkdir. Xaraktersiz, şəxsiyyətsiz həqiqi yazı-pozu adamı təsəvvür eləmirəm... Zamanın küləkləri min bir səmtdən əsə bilər, başlıcası odur ki, küləklərin yedəyinə düşüb getməsin. Çayın axarına üzməyə nə var ki?! Bütün bunlarla zamanla döşə-döşə gəlmək üçün yaradıcı adamın şəxsiyyəti bütöv olmalıdı...”
Əlbəttə, İsa İsmayılzadə bu bütovlüyün cismən də, mənən də hansı əzablar bahasına başa gəldiyini gözəl bilirdi, amma başqa cür yaşamağı da bacarmırdı. Elə buna görə də respublika komsomolu mükafatından başqa bir rütbə, mükafat, sanballı vəzifə sahibi olmamışdı, çünki bundan ötrü nələrdənsə imtina etmək lazım gəlirdi. Ən böyük qazancı 50 yaşında bircildlik “Seçilmiş əsərləri”nin çapdan çıxması idi, o da düz sistemin dağıldığı vaxta düşmüşdü.
Tofiq Abdin
deyir: “İsa İsmayılzadənin xasiyyətindəki
ciddilik şeirlərinə də keçmişdi, onu nə də
desək, aldatmaq olardı, amma şeirdə yox. ”Şeirlə
aldatmağı özünə rəva görməyən
adamı şeirdə aldatmaq da çətindir...
lll
İsa
İmayılzadənin şeirləri haqqında cürbəcür
obrazlı ifadələr işlədiblər, “şeirın rəsm
elədiyini”, ”sözlərin assosiasiya imkanlarından
yararlandığını”... yazıblar. Bunlara
etiraz eləmək fikrim yoxdu, çünki o, “Çaylar
çiçəkləyər yazı yazanda”, Bahar qorxa-qorxa gəlir
şəhərə”, “Hardasa bir dolu yağır hələ də”,
“Yelkənli gəmiyə bənzər ürəyim”, “Sevinə
bilmirəm gözüm dolusu” yazanda sözlərlə mənzərə
yaradan rəssama oxşayır, o rəsmdəki
duyğuların səmimiliyinə inanmamaq olmur. “Bir şeir
ömründə yaşamaq” istəyən İsa
İsmayılzadənin arzusunu gerçəkləşdirmək
silqətində olan onlarca şeri var. Çünki o,
heç vaxt körpə misranı, yarımçıq
şeri oxucuya sırımaq istəməyib:
Yarımçıq körpələr kimi
Bu dünyaya gəlmək bəlkə onlara
Qismət olmayıb,
Bəlkə də mənimlə köçüb getdilər...
O körpə misraya yarımçıq şeirə
Bəlkə
də hər zaman ad qoyulmadı
Belə olmasaydı İsa İsmayılzadənin
sağlığında cəmi 8 (uşaq və tərcümə
kitablarını saymırıq) kitabı
çıxmazdı, arxivdə çap olunmamış
şeirləri qalmazdı. Bəlkə buna görə də
o, “Yaltaqlıq” adında şer də yazmazdı, şairin və
sözün alçalmağına nifrətini ifadə eləməzdi:
Şöhrət zirehini geyinmək üçün
Yeri düşdü-düşmədi
Şair əl çalanda,
Şer əl çalanda,
Şair alçalanda, söz
alçalanda
Qələm, kağız qəbrə
qoyulsun gərək
Şerin günahını
yumaqdan ötrü...
Özü də
ömrünün axırınadək SÖZÜN
abrını gözlədi...
lll
İsa
İsmayılzadə böyük vəziflərdə işləməsə
də, geniş imkanlara malik olmasa da, həmişə
imkanı daxilində istedadlı adamların qolundan tutub,
uğurlarına sevinib, amma səhvlərini güzəştsiz-filansız
üzlərinə söyləyib. Ondan inciyənlər,
hətta küsənlər də olub, son məqamdasa
İsanın haqlı iradlarını qəbul ediblər.
O, həm də yaddaş
adamı idi, qələm dostlarının könlünü sevindirməyi,
tale qəzasına uğrayanları həmişə
anmağı özünə borc sayırdı. Belə yazılarını yığıb-
yığışdırsaq, sanballı kitab olar.
Yarımçıq ömründə itkiləri çox
olduğundan itkilərə qarşı biganə ola bilmirdi, İsa İsmayılzadə
ömrünün son 6-7 illində torpaq və insan itkisindən
olmazın əziyyət çəkirdi. Doxsanıncı
illərdəki şerləri, publisistikası, müsahibələri,
radioverilişləri onun qətrə-qətrə necə
yanıb külə döndüyünü göstərir.
Amma İsa
İsmayılzadənin cismani yoxluğundan
ağrıyanların sayı o qədər də çox
olmadı. Hər kəsin başının özünə
qarışdığı dünyada onun poeziyası da
gözdən-könüldən uzaq düşüb, elə
bil, dünyanın durulmağını, bir də qayıtmaq
üçün məqamın yetişməsini gözləyir.
Mən də əminəm ki, çox keçməyəcək,
Əli Kərim kimi, İsa İsmayılzadə də
poeziyamızda ana südü kimi halal olan yerini tutacaq...
İsa İsmayılzadə
yurduna, ocağına, təbiətə çox
bağlıydı, şerlərinin böyük bir qismi Vətən,
torpaq, Borçalı, Qarayazı haqqındadı, ən
böyük dincliyini də elə o yerlərdə
tapırdı...
Ömrü tükənəndə
də göz açdığı yerə, doğma
Qarayazıya üz tutmuşdu...
Əbədi dincliyini də
orda tapdı...
70 yaşında qədəm
qoyduğunusa indi özü də bilmir...
Nəriman ƏBDÜLRƏHMANLI
525-ci qəzet.- 2011.- 22 yanvar.- S.24.