ORALARDA KİMLƏR VAR: AZƏR ABDULLA –1
Yazar dostum Azər Abdulla mənim
suallarıma cavab verəndən sonra müsahibənin bir az
çox alındığını təkrar-təkrar mənə
dedi və təkrar-təkrar arzuladı ki,Allahı sevərsən
Rəşad bəydən də
( baş redaktordan) xahiş
elə mümkünsə onu necə var eləcə çap
etsin, sənə də toxunmuşam, o yerlərə də dəymə.Əlavə
elədi: mən bilən birinci dəfədi ki,belə uzun bir
hekayət alınıb.
Mən də sevimli Rəşad
Məcidin əfvinə sığınıb Azər dostumuzun
və gözəl yazarımızın cavablarına
müdaxilə etmədən (heç adətim də deyil)
oxuculara təqdim edirəm.
–Yalandan durum deyim ki,
kitabını bir nəfəsə oxudum, doğru olmaz, amma sənin
bu kitaba daxil olan publisistik yazılarından çoxunu həqiqətən
bir zamanlar məhz birnəfəsə oxumuşam.
Çünki onlardan bəziləri vaxtilə birlikdə
işlədiyimiz “Qobustan” toplusunda çıxıb, bəziləri
günlük mətbuatda. Bu kitab sevilən bir nasirin və
iddialı bir şairin publisistik yazılarıdır ki,
içində bədii parçalar boldur.Dünyanın bu dar
macalında, yəni oxumağa həvəsin bu
sıxıntılı dövründə bu
böyüklükdə kitaba nədən ehtiyac duydun?
–Gəncliyində
yazdığı şeirlərlə, hər hansı bir məsələyə
münasibətinə, sözü cəsarətlə
birbaşa üzə deməyinə, geyiminə, yerişinə
və bir çox rəftarına, xasiyyətinə görə
hamıdan seçilməyə çalışan, (bəlkə
də təbii olaraq) Tofiq Məhərrəmoğlu son zamanlar
sanki yumşalaraq elliyə-kütləyə uyğunlaşaraq
hamının yazdığı, söylədiyi bir fikri təkrar
edir: “Kitabını birnəfəsə oxumadım”. Ey
müdrik yaşına çatmış Tofiq bəy, biləsən
ki, bütün maraqlı kitabları hamı birnəfəsə
oxumur. Elə biri mənim özüm sevdiyim kitabı, şeir
kitabı olsun, hekayə, roman olsun, əgər
maraqlıdırsa, çəkicidirsə, onu tezcə oxuyub
başa çatmaq, o gözəllikdən, o həzdən, ləzzətdən
tələsik ayrılmaq istəmirəm. Bu hal məndə
uşaqlıqdan qalma xüsusiyyətdir. Maraqlı nağıllar
qurtaranda kədərləndiyim kimi.Kitabımı birnəfəsə
oxuya bilməməyinin başqa səbəbi də var. Bir
yannan kitabın qalın olması, bir yannan, dediyin kimi
yazıların çoxunu mətbuatda oxuduğundan, bir yannan
da bir-birimizi əlli ilə (!) yaxın
tanımağımızdan, cikimizə-bikimizə bələd
olmağımızdandır. Səmimi deyirəm, Tofiq Abdin də
hal-hazırda mənim üçün 60-70-ci illərin Tofiq Məhərrəmoğlusu
qədər maraqlı deyil. Bəlkə bu, ikimizin də
yaşlanmağımızla(ağzımızın dadı
kimi bəlkə sözün də dadı qaçıb), yekə
çıxmasın, bəlkə yazı təcrübəmizin
gənclik dövrümüzə nisbətən çox
olması ilə bağlıdır?Sualının əsas
vurğusuna cavab verməmiş məni iddialı
yazıçı adlandırmağına münasibətimi
bildirmək istərdim...
–Mən o mənada demirəm...
–İmkan ver fikrimi
tamamlayım. Ay Tofiq, axı mən iddialı deyiləm, birdən
elə bilərsən iddialı adamlara pis baxıram, əsla
yox, iddialılıq iddiasız adama nisbətən daha
çalışqan, daha fəal olur, tutduğu yolu daha
çox qət edir, məqsədinə daha çox
yaxınlaşır...
–İddiasız
olmağının səbəbini açıqlaya bilərsənmi?
–Səviyyəsinə, səmimiyyətinə
inandığım bəzi tənqidçi, ədəbiyyatşünas
və yazıçıların mənim bəzi
yazılarım barədə dəyərli sözlər, təriflər
söyləmələrinə baxmayaraq, mən həmişə
yazılarımdan narazı olmuşam, elə bilmişəm tələsib
başdansovdu yazmışam, ancaq belə düşünsəm
də cap olunmuş yazımı yenidən işləyə
bilməmişəm...
–Səmimiyyətinə
inandığım bəzi tənqidçilər deyirsən...
– Bildim nəyə eyham
vurursan. Vəzifəli, səlahiyyətli, pullu-imkanlı sənətçilərin
orbitində fırlananlar daha çox olur, daha çox
yalançı təriflər, qeyri-səmimi alqışlar,
qulaqbatırıcı gurultular olur. Ancaq bu o demək deyil mənim,
sənin kimi imkansız adamlar haqqında deyilən, yazılan
sözlər həmişə səmimi olur. Bəzən
adamın qəlbini qırmamaq, yaxud ruhlandırmaq, yaxud o
adamın təmiz əxlaqına, düzgünlüyünə,
nə bilim mərdliyinə görə onun orta səviyyəli
əsərini doğması, dostu da həddindən çox tərifləməli
olur.Kitabımın qalın olması səni narahat edir, deyirsən
o boyda, o ağırlıqda kitabı kimdi əlinə alıb
oxuyan. Müəyyən mənada bəlkə də düz
deyirsən. Bir vaxt Seyran Səxavətin qalın nəsr
kitabını görəndə mən də
qıcıqlanmışdım. Belə
düşündüyümə sonralar peşman oldum. Seyrandan
soruşan olsa, əminəm ki, o mənim kimi düzünəqulu
yox, duzlu-məzəli, yumorla qalın kitab nəşr elədiyinin
səbəbini söyləyər. Mənsə az vaxtım
qaldığını düşünərək it-bat
olmasın deyə publisist yazılarımın bir yerə
toplanmasını(bir neçəsindən başqa) istədim.
İkincisi və ən başlıca səbəbi xeyirxah
insan, şair, alim Elçin İskəndərin (Allah ondan
razı olsun) maliyyə baxımdan kitabımın nəşrinə
dəstək verməsi ilə bağlıdır.
–Mənim fikrimcə sən
bizim ədəbi camiədə şair kimi tanındın və
sonradan nəsrə keçdin və şirin nəsr əsərləri
də yazdın. Arada bir yenə də şeirlər
yazırsan. Azər bəy, bizim xalqın bu şair və
şeir kultu nədən yaranmış və ümumiyyətlə
Azərbaycan şerinin indiki durumu nə deyir?
–Tofiq bəy, bu suala cavab vermək
o qədər də asan məsələ deyil. Bir deyil, bir
neçə xalqın psixologiyasını dərindən
araşdırıb tutuşdurandan, müqayisəli şəkildə
öyrənəndən sonra Freyd səviyyəli psixo-analtiklər
bəlkə bu sualın cavabını gerçəyə
yaxın söyləyə bilər. Birdən –birə bu
sorğuya mən nə cavab verim. Bəlkə Azərbaycanımızın
doqquz iqlimli olmasıyla bağlıdır. Bəlkə son dərəcə
emosionallığımızla, güclü hissiyyatlı, bədii
düşüncəli, təfəkkürlü,
çılğın (hayıf ki, son zamanlar dönüb
dünyanın ən fağir, tolerant xalqı olmuşuq)
olmağımızla bağlıdir. Bəlkə iç
dünyamızın doluluğu, zənginliyi, ruhsal
olmağıyla bağlıdır. Bəlkə yüzillərboyu
xalqımızın basqılar altında olduğundan arzu, diləyini,
boğulmuş hisslərini sözlə... Təkcə sözləmi,
y o o o x, miniatürlə, xalçayla, musiqiylə, oxumaqla, rəsmlərlə,
duluzçu sənətiylə... ifadə etməyə
çalışıb. Məncə bu cəhdlərin
mayasında, özəyində zorakılığa etiraz,
gözəlliyə sevgi, azadlığa qovuşmaq istəyi
olub.
Sirlə dolu qadınlıq,
kişiləri özünə cəlb etdiyi kimi cinsi olmayan
şeir-poeziya da bütün insanları özünə
çəkməkdədir, adi insandan şahlara qədər. Deyilənə
görə başqa xalqların qadınlarıyla müqayisədə
Azərbaycanda gözəl xanımlar daha çoxdur. Bizim
xanımlar doğal gözəllikləriylə yanaşı bəzək-düzəyinə,
geyim-keciminə daha çox fikir verirlər. Şəxsi evlər,
villalar tikdirən kişilərin çoxu tikilinin memarlıq
işini də, binanın interyerindən tutmuş içərisinin
bəzək-düzəyini, dizayn işini, özü
görür, cənnət misallı bağında növbənöv
meyvə ağaclarının sıralanması, bəzək
kollarının, çeşidbəçeşid al-əlvan
güllərin uyar-harmonik düzülüşü
yaradıcı, qurucu yiyəsinin hissiyyatlı, duyğulu,
yüksək zövqlü, şeir hissiyyatlı olmasından xəbər
vermirmi? Bir də kim deyə bilər, Nizami, Xaqani, Füzuli
dövründə şeir yazanlar indikindən az olub... İndi
bəzilərinin düşüncəsinə görə
texnikanın inkişaf elədiyi bir zamanda şeir yazmaq
gerilikdir. Məgər dünyamızın başı
üstündə dolanan qara qorxu sivilizasiyanın əldə
etdiyi texnik gəlişmə ilə bağlı deyilmi? Məncə
qəlbində tonlarla ağırlığa bənzər hərislik,
acgözlük, paxıllıq, zəbt edib qamarlamaq, talamaq
ehtirasıyla yaşayan acgöz-doymazların ucbatından
dünyamız dağılarsa, qəlbi şeirlə,
şeiriyyətlə, mənəviyyatca dolu, zəngin insanlar,
xalqlar böyük Allahın iradəsiylə
yüpyüngülcə göyün yuxarı qatlarına
qaldırılacaq...
–Heç zaman öz əsərlərinin
təbliği ilə maraqlanmadın. Lap gəncliyindən bəri
bunu eləmədin. Bu yaxşıdımı, pisdimi və indi
də bir kitabın çapdan çıxanda
sıxıla-sıxıla deyirsən ki, bəlkə bu kitab
haqqında, bir qəzetdə, 525-də, məsələn bir xəbər
yazılsın. Sən bilən yazılsa nə olacaq?
–Təbliğ olunmaq
üçün ya gərək çoxlu pulun, yaxud yüksək
vəzifən, ya da tanınmış arxa-köməyinlə
birgə, həm də iddialı olmalı, bir az da
yarınmağı bacarmalısan. Bunların biri də məndə
olmadığından, dediyin kimi təbliğ olunmaq
haqqında düşünməmişəm. Mənimlə
müqayisədə sən öz təbliğinlə daha
çox məşğul olmusan, ara vermədən hər həftə
iki qəzetin hərəsində bir səhifəni yazıyla
doldurmaq asan məsələ deyil, bunu zəhmətinin,
çalışqanlığının hesabına etmisən,
publisist yazılarını bir kitaba yerləşdirmək
olsaydı, o kitabının qalınlığını
ölçmək üçün metr gərək olardı,
bəzən ədəbiyyata dəxli olmayan televiziya
verilişlərində görünür, yadda qalmağa
çalışırsan, yetmişi haqlasan da əməkdar mədəniyyət
işçisi adından başqa nə qazanmısan... Halbuki sənə
neçə illər öncədən, ən azından əməkdar
incəsənət xadimi adı verilməliydi. Çünkü
əlin qələm tutandan bu günəcən incəsənətimizi,
mədəniyyətimizi təbliğ eləmisən, bunu
umduğunu da hiss edirəm.(?????????? suallar mənimdi T.A.)
–Bəyəm sənin
umacağın yoxmu, heç kim də bilməsə, mən
bilirəm, 1996-cı ildən bu yana bir yerə qol çəkib
maaş almadan hər gün nizam- intizamla “Oğuz Eli ” qəzetinin
redaksiyasına gedib hansı inam, hansı sevgiylə qəzetin
“YAZIÇI” adında ayrıca
buraxılışlarını hazırlayırsan, iyirmi ildən
bəri məzuniyyətin- istirahətin nə olduğunu,
müalicəyə gedə bilmədiyini, dərmanlar almağa
imkanın olmadığını mənə demisən. İndi
mənimlə niyə belə qeyri-səmimi
danışırsan, sənin umacağın yoxdursa, niyə mənə
giley-güzar edirdin?..
–Tofiq,
söhbətimizdən ŞOU qoxusu gəlir. Fərdi təqaüd,
ad almaq istəyən artistlərin, müğənnilərin
danışığına bənzəyir. Suallarına bir
şərtlə cavab verirəm, müsahibəni, yəni elədiyimiz
söhbəti çap elətdirmə, arxivində qalsın,
yaxşımı?
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 22 yanvar.- S.23.