Naxçıvanda akademik İsmayıl Hacıyevin 60 illiyi qeyd edilib

 

Görkəmli tarixçi, AMEA Naxçıvan Bölməsinin sədri, akademik, əməkdar elm xadimi İsmayıl Hacıyevin anadan olmasının 60 illik yubileyi münasibəti ilə AMEA Naxçıvan Bölməsində tədbir keçirilib. İlk öncə alimə elmin inkişafındakı böyük xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali M əclisinin Fəxri fərmanı təqdim olunub. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək, İsmayıl Hacıyevin Azərbaycan elmində özünəməxsus yer olduğunu vurğulayıb, onun elmi-pedaqoji fəaliyyətinin üstün cəhətlərindən geniş danışıb. O, İ.Hacıyevin qiymətli əsərləri ilə Azərbaycan tarix elminin inkişafına layiqli töhfələr verdiyini bildirib. İ.Həbibbəyli yubilyarın Naxçıvan tarixilə bağlı bir sıra mübahisəli məsələyə elmi aydınlıq gətirməsindən, habelə çox qədim tarixi keçmişə malik Azərbaycana və onun ayrılmaz parçası Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilərə rus, ingilis dillərində tutarlı cavablar verməsindən, ümumiyyətlə elmi fəaliyyətində Azərbaycanşünaslığa çox böyük diqqət və məsuliyyətlə yanaşmasından söz açıb. Çıxışda o da qeyd olunub ki, İ.Hacıyev Azərbaycan tarix elminin inkişafına göstərdiyi xidmətlərinin qarşılığında, yorulmaz fəaliyyətinin müqabilində dövlətimiz tərəfindən yüksək qiymətə layiq görülüb. Belə ki, elm sahəsindəki səmərəli xidmətlərinə, habelə tədqiqat müəssisələri arasındakı elmi əlaqələrin inkişafında mükəmməl və müvəffəqiyyətli fəaliyyətinə görə ona bir çox mükafatlar təqdim olunub. AMEA Naxçıvan Bölməsinin əldə etdiyi naliyyətlərdən danışan İ.Həbibbəyli alimin həm planda olan, həm də plandankənar tədbirlərdə, elmi işlərdə yaxından iştirak etdiyini deyərək, bu gün Naxçıvan Bölməsinin yüksək uğurlara imza atmasının yubilyarın böyük əməyi sayəsində həyata keçdiyini vurğulayıb. Natiq qeyd edib ki, İ.Hacıyevin kadr hazırlığında xüsusi xidmətləri var. Onun rəhbərliyi ilə bir çox doktorluq, namizədlik, magistr dissertasiyası müdafiə edilib ki, müdafiə edənlər arasında xarici ölkə vətəndaşları da var. İ.Hacıyev elmi redaktorluğu ilə 35-dən artıq monoqrafiya və kitab çap olunub. İ.Hacıyev 30-a yaxın monoqrafiya, kitab, kitabça, dərs və tədris vəsaitinin, 200-dən artıq elmi məqalənin müəllifidir. Elmi əsərlərdən 34-ü xaricdə çap olunub, Rusiyada, Türkiyədə, Misirdə, Qazaxıstanda, Türkmənistanda, İranda və başqa ölkələrdə işıq üzü görüb. Dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq səviyyəli sammit, simpozium və elmi konfranslara qatılan yubilyar alim orada maraqlı məruzələrlə çıxış edib. Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Naxçıvan Dövlət Universitetinin „Azərbaycan tarixi” kafedrasının müdiri, dosent Zəhmət Şahverdiyev, YAP Naxçıvan şəhər təşkilatının sədri, dosent Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Cəfərov, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqtafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Məmməd Məmmədov və başqaları da çıxış edərək görkəmli alimin xidmətlərindən, elmi kadrların yetişməsindəki xüsusi əməyindən danışıblar. Yubilyar öz çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm, təhsil, mədəniyyət, incəsənət sahəsinə, elm adamlarına, ziyalılara böyük diqqət və qayğı ənənəsinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini önə çəkib. İ.Hacıyev bu sahədə Muxtar Respublika rəhbərliyinin də özünəməxsus rolu olduğunu bildirib, AMEA Naxçıvan Bölməsinə daim qayğı ilə yanaşıldığını məmnunluq və minnətdarlıqla dilə gətirib. Sonda tədbir iştirakçıları yubilyarın əsərlərinin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.

 

 

Türkanə BƏYLƏRLİ,

AMEA Naxçıvan Bölməsinin

İnformasiya şöbəsinin əməkdaşı

 

525-ci qəzet.- 2011.- 22 yanvar.- S.17.