20 Yanvar faciəsinə həsr olunmuş rəsmlər sərgilənir
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində rəssamlarımızın 20 Yanvar faciəsinə həsr olunan əsərlərindən ibarət sərgi açılıb. Giriş sözü ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər il ölkəmizdə 20 Yanvar faciəsinə həsr olunan müxtəlif tədbirlərin, sərgilərin keçirildiyini diqqətə çatdırıb: “20 yanvar ərəfəsində keçirilən tədbirlərdə, sərgilərdə xalqımızın ən çətin anlarını əks etdirən ədəbi əsərlər təqdim olunur. Bu əsərlərdə xalqımızın başına gətirilən müsibətlər, faciələr öz dolğun ifadəsini tapır. 20 yanvar faciəsi rəssamlarımızın yaradıcılığında yaddan çıxmayan mövzudur. Tarixə qanla yazılmış səhifələrin unudulmaması üçün bu cür tədbirlərin təşkil olunması vacibdir”. Nazir həmçinin, bu əsərlərin bəzilərinin nazirlik tərəfindən alınaraq muzeyin fonduna daxil edildiyini, sərgilərdə nümayiş olunduğunu qeyd edib. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov XX əsrdə azərbaycanlıların başına gətirilmiş qanlı olayların heç zaman unudulmayacağını, bu tipli ədəbi-bədii əsərlərin 20 Yanvar, Xocalı və digər faciələrimizin gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmasında əhəsmiyyətli yerindən danışıb. Belə sərgilərin Qarabağda, işğal olunmuş torpaqlarımızda keçirilməsi arzusunu dilə gətirən F.Xəlilov Xocalı faciəsinin ildönümü ərəfəsində rəssamlar arasında müsabiqə elan olunacağını bildirib. Daha sonra tədbir iştirakçıları sərgiyə baxamağa dəvət olunublar. Qeyd edək ki, sərgidə 20-yə yaxın müəllifin 28 boyakarlıq və qrafika əsəri, üç heykəltəraşlıq nümunəsi nümayiş etdirilir. Sərgi bir həftə davam edəcək.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 22 yanvar.- S.17.