“İrşad”ın daha bir “nağılı”
Onların – Əli bəy
Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun,
Üzeyir Hacıbəylinin, Məmmədəmin Rəsulzadənin
və daha neçə-neçə Vətən təəssübkeşinin,
millət cəfakeşinin yazılarında tariximizin əsl
siması var. Çünki onlar müxtəlif janrlarda, fərqli
dəsti-xətdə, mövzudan, vaxtdan asılı olaraq
ayrı-ayrı ovqatlarda olsa da, həmişə eyni ürəklə
– Vətənə, millətə yanan ürəklə, eyni
duyğularla, eyni məqsəd və məramla – həmvətənlərini
irəlidə gedən millətlərin sırasında
görmək amalı ilə əllərinə qələm
alıblar.
Əsrin əvvəllərində
işıq üzü görən mətbuat orqanlarında dərc
olunan bu yazıların xeyli hissəsi transliterasiya olunaraq
çap edilib. Bu yaxınlarda hörmətli müəllimimiz,
professor Şirməmməd Hüseynov Üzeyir Hacıbəylinin
nəşrdən kənarda qalan əsərlərini ərəb
qrafikasından latın qrafikasına çevirib çap etdirərək
geniş oxucu kütləsinin diqqətinə
çatdırdı.
İndi təqdim etdiyim
felyeton isə “İrşad” qəzetinin 1908-ci il 6 may tarixli
63-cü sayında dərc olunub. “Nəql” adlı bu felyeton “Nəql
yazan” imzası ilə işıq üzü görüb.
Müəllifin – Nəql yazanın kimliyi barədə Qulam Məmmədlinin
“İmzalar” kitabında heç bir məlumata rast gəlmədim.
Üslub, dəst-xətt, mövzuya yanaşma tərzi felyeton
müəllifinin Üzeyir Hacıbəyli olduğunu deməyə
əsas verir. Onu da qeyd edim ki, “Nəql”dən az sonra – 1908-ci il
17 iyununda “İrşad” qəzetinin 89-cu sayında Filankəs
imzası ilə “Nağıl” adlı felyeton dərc olunub. Məlumdur
ki, Filankəs Üzeyir Hacıbəylinin yazılarında ən
çox istifadə etdiyi imzalardan biridir. “Nağıl”ı və
“Nəql”i oxuyanda bir daha hər iki felyetonun eyni müəllifə
məxsus olduğu qənaətinə gəlirsən.
Xalq
nağıllarımıza xas bir dillə: “Biri var imiş, biri
yox imiş”lə başlanan “Nağıl” felyetonunda
xalqların milli oyanışı, haqlarını tələb
etmələri və başqa siyasi hadisələrə yer
verilib. “Nəql”də isə ana öz oğluna nağıl
danışır: “Biri var imiş, biri yox imiş. Yer var
imiş, Yerdə bağda bəg də var imiş, xan da var
imiş, rəiyyət də var imiş, tox da var imiş, ac da
var imiş, yaxşı da var imiş, yaman da var imiş”. Ancaq
bu bir başqa nağıldır. Həm də daha kədərli
nağıldır. “Nəql”də xalqımızın
ağır faciəsi – erməni-müsəlman
qırğını və ondan sonra
soydaşlarımızın üzləşdiyi
aclığın gətirdiyi bəlalar nağıl olunur. Qeyd
edək ki, qəzet bütün fəaliyyəti boyunca bu məsələni
diqqətdə saxlayıb. “İrşad”ın yazarları – Əhmədbəy
Ağayev (sonralar Ağaoğlu – Z.F), Üzeyir Hacıbəyli,
Abdulla Sur, Ömər Faiq Nemanzadə, Firudin bəy
Köçərli, Məmmədəmin Rəsulzadə və
başqaları erməni-müsəlman hadisələrinə
jurnalist-vətəndaş mövqeyindən yanaşaraq problemin
səbəblərini aramış, çıxış
yolları tapmağa çalışmışlar. “Nəql”
felyetonunda erməni-müsəlman qırğınlarından
sonrakı aclıq, səfalət xalqımız
üçün bir imtahan, sınaq kimi verilir və təəssüf
ki, bu sınaqdan heç də hamı üzüağ
çıxa bilmir...
“Nəql”
felyetonunu təqdim etməzdən öncə onun
transliterasiyasında mənə etdiyi köməyə görə,
Bakı Dövlət Universitetinin mətbuat tarixi
kafedrasının müdiri, professor Şamil Vəliyevə təşəkkürümü
bildirirəm.
Zöhrə Fərəcova
Və ta filan asar və tutilən
şəkərşirin göftar o zaman ay ilən il, ilən
bu zaman, müxtəsər dil ilən ravi böylə rəvayət
edir ki, keçən zamanlarda bir arvat var imiş və o
arvadın bir oğlu var imiş.
Arvat oğluna çox
yaxşı baxırdı və onu o dərəcədə
istiyordu ki, uşaq ağlayanda az qalırdı ki, bağrı
çatlasın. Amma uşaq da nədən isə həmişə
yatanda kürlük edib ağlayırdı.
Bir gün
uşaq o qədər ağladı ki, arvat təngə gəlib
dedi ki, bax, əgər yatmasan mən də o arvat kimi səni də,
özümü də boğub öldürəcəgəm.
Çünki uşaq adət eləmişdi ki, anası ona
yatanda nəql desin. Ona görə sakit olub anasından təvəqqe
elədi ki, o arvadın nəqlin ona desin. Anası diyor ki, qulaq as, deyim.
“Biri var imiş, biri yox
imiş. Yer var imiş, Yerdə bağ da, bəg də var
imiş, xan da var imiş, rəiyyət də var imiş, tox
da var imiş, ac da var imiş, yaxşı da var imiş, yaman
da var imiş.
Həman bu üç
mahalın üçündə də iki tayifə olurmuş.
Birinə erməni tayifəsi, birinə də müsəlman
diyorlarmış. Bu iki tayifənin üstündə də bir
hakim var imiş. Bir gün bu hakimin yadına Taras Bulba
adında bir adam düşdü. Hansıki vəqtində
öz oğlanlarını göndərmişdi oxumağa.
Oğlanları öz evlərinə qayıdanda ataları
Taras Bulba bunlara dedi ki, oğlanlarım, görürəm siz
yaxşı oxumusunuz. Ancaq gücünüzü də bilmək
istiyorum. Bir yumruqlaşın görüm hansınız
güclüdür. Oğlanları da vuruşdular.
Ataları çox bəgəndi.
Çünki dedigim hakim erməni ilə müsəlmanə
ata yerində idi. Ona görə Taras Bulbanın ruhunu şad
etməkdən ötrü bu da erməni ilə müsəlmanə
dedi ki, siz də bir vuruşun görüm hansınız
güclüdür. Erməni ilə müsəlman cahil və
nadan olduqlarından bu vuruşmanın nəticəsini nəzərə
almayıb və hakimin sözü yerə düşməsin
deyibən başladılar vuruşmağa. Bunlar böylə
güman elədilər ki, bir gün, iki gün vuruşarlar,
hakim də bunlardan razı qalar, özləri də
barışıb əzəlki kimi mehriban dolanarlar. Amma iş
ayrı cür oldu. Çünki Taras Bulbanın
uşaqları yumruq ilə vuruşdular.
Amma erməni ilə müsəlman
bir az bu vuruşmanı ayrı bir dona salmaqdan ötrü atəşbazlıq
elədilər. Ev yandırdılar, kənd yandırdılar və
özləri də tüfəng, tapança və xəncər
ilə vuruşdular. Taras Bulbanın oğlanlarının
vuruşmaları heç iki saət çəkmədi. Amma
bunların vuruşması təmam iki il çəkdi.
İş bu surətdə olanda hakimin acığı dutub
başladı gah erməni, gah müsəlmanı dögməgə.
Bunlar dedilər, ağa, sən niyə bizi dögürsən.
Dedi, böylə lazımdır, siz başa
düşmüyorsunuz, siz biri-birinizi dögdünüz, mən
baxdım, şimdi də mən dögüm siz baxın...
Ravi diyor ki, mən qıraqda
durub bu nəqlə huş-guş ilə qulaq asırdım.
Çünki ömrümdə heç böylə nəql
eşitməmişdim. Baxıb gördüm ki, uşaq
çoxdan yatıb. Ərz elədim ki, xanım, uşaq
yatıb, zəhmət çəkməyin. Amma
uşağın anası mənim dedigimi heç eşitməyib
gördüm elə diyor. Uşağın anasının
yüzünə baxıb gördüm ki, gözləri
yumulub, rəngi bilmərrə qaçıb, guya bu
naxoşdur, sayıqlıyor. Xəyal etdim ki, görək
axırı nə olar... Axır, oğlum, bu iki tayfə iki
ilin ərzində lazımınca əkin edə bilməyib
bunların arasına aclıq düşmüş imiş.
Aclıq düşən kimi bunlar ayılıb
keçmişdə elədigləri işdən çox
peşman olublar imiş. Çünki bu dalaşanların
qeyri vilayətlərdə qovm-əqrabaları var imiş. Ona
görə başladılar onlardan kömək istəməgə
ki, bəlkə acından lap tələf olmayalar və qovm-əqrabaları
da onların bu cür bəlaya düçar olmaqların nəzərə
alıb başladılar un, paltar və pul cəm eləyib
göndərməgə. Hərə öz qüvvəsinə
görə. Erməni tayfasının qovmları bir az
çox göndərdilər və müftə göndərdilər.
Amma müsəlmanların qovmları dedilər ki, xeyr, əgər
biz sizə müftə un versək, onda siz tənbəlligə
örgənərsiniz. Ona görə yığılan pullara
bir neçə adam vəkil olub qərar qoydular ki, unu
satın versinlər cəmaətə. Ancaq bir az ucuz versinlər
və bəlkə gələn il genə aclıq oldu, onda genə
alıb göndərsinlər.
Bəli, un alındı,
göndərildi. Və cəmaətə bir az ucuz
satıldı və pulları geri qayıtdı və bir nəfər
adama tapşırıldı ki, lazım olanda genə
çıxartsın. Elə yer də oldu ki, bir az nanəciblik
edib yazdılar ki, bizə satın un lazım degil. Əgər
müftə versəniz, qəbul edərik və əgər
pul ilə olsa, qəbul edə bilmərik. Çünki
dutalım siz unun putun bizə bir abbasiyə verdiniz, mənim
ki, abbasim yoxdur, nə ilə alım. O zaman bizim vilayətlərdə
də pul var imiş və o pulları hər mahal öz
böyügünə tapşırmış imiş.
Çünki böyük həmişə mötəbər
və həmişə cəmaətin keşikçisi
olurmuş. Aclıq ki, düşür birdən cəmaətin
yadına düşür ki, bizim böyüglərdə
pulumuz var. Qeyr vilayətlərdən kömək gəlincə
o pullar ilə aclara kömək edərik. O səbəbə cəmaət
böyüglərdən təvəqqe elədilər ki, o
pulları versinlər və özləri rəiyyətdən
tavanalı olduqlarına görə bir şahı də
üstünə qoysunlar.
Burda iş bir az dəgişiliyor.
Pul tapşırılan və qeyri bəglər diyorlar ki, cəmaət,
biz də sizin kimi ac və çıplağıq. Bizdə
pul yoxdur ki, verək. Ancaq siz yığın verin bizə, biz
də necə ki, keçmişdə sizin qeydinizə
qalmışıq və zəhmətinizi çəkmişik,
genə də çəkərik. Cəmaət heyran qalıb
dedilər, eybi yoxdur, özünüzdən verməyin, elə
olan surətdə sizə təbşir olanı verin un alaq, vəqt
də itməsin. Sonra biz genə öküzümüzü,
paltarımızı satıb pul cəm edərik. Bir
böyük diyor ki, and olsun atamın goruna, doğrudur, o vədə
siz pul yığıb bana tapşırmışdınız.
Heç bilmiyorum neçə idi. Çünki adətim
degil, tapşırılan pulu saymaram. Ancaq o pulları
özüm ilə götürüb gəlmişdim ki, bəlkə
lazım oldu. Ancaq özünüz bilirsiniz ki, o gecə
qaranlıq olduğuna görə atım hürküb məni
götürüb qaçdı. Çərləmiş bir az
havalı idi. Onda bilmiyorum cibimdən harada düşüb
itib. Şimdi sizi görəndə xəcalət çəkirəm.
İnanmıyorsunuz ya yazımı cibimdən and içim. Cəmaət
də dedi ki, böyük yalan deməz, təqsir atdadır, əgər
o hürküb qaçmasaydı, pul da itməzdi. Sonra cəmaət
yüzün dutur digər kəsə. O binəva da xəcalətindən
bilmiyormuş ki, nə etsin. Cəmaət ağzın
açmamış diyor ki, and olsun ki, heç özüm də
bilmiyorum ki, o pul necə oldu, hələ siz tapşırandan əlavə
özüm də bir az üstünə qoymuşdum.
Doğrudur, o puldan bir az yanan evə xərc eləyib tikdirdim.
Çünki bilirdim ki, siz razı olmazsınız ki, mən
evsiz qalam. Yerdə qalanı da ev rütubət olduğundan,
çöl yeridir, özünüz bilirsiniz, təmam
çürüyüb lap tərk olub, kül kimidir. Heç
yerdə götürməzlər. Ancaq siz yaxşı fikir eləmisiniz,
tazədən yığmaq yaxşıdır. Mən də
genə sizə qulluq eləməgdən geri durmuram. Cəmaət
işi böylə görəndə bildilər ki, Zəngəzurda
yığılan pullar da çürüyüb.
Çünki ora da çöl yeridir, rütubət ola bilər.
Yüzlərin dutdular Qəbələ şəhərinə
ki, oraya cəm olan pulları göndərsinlər, yainki un
alıb göndərsinlər, amma səd heyf ki, oradan heç
bir cəvab çıxmadı.
Amma onu da bilirdilər ki,
oradakı pul çürüməyib. Necə ola bilər ki,
ali imarətlərdə saxlanan pul çürüsün. Bu əhvalatların
hamısını bir arvat eşidirmiş. Ümidini hər
yerdən kəsib başlıyor yolçuluq eləməgə.
Qonşuların bəzisinə baxıb görür ki, dönüb
erməni olublar ki, bu tayifə bizim tayifədən
yaxşıdır. Çünki məqami-zərurətdə
biri-birinə bimənzur kömək edirlər. Ancaq bu arvat
dönməgi bəgənməyib əvvəl ərinə
yazır ki, acından uşaqlar qırılırlar, pul
göndər. Əri yazır ki, elə mən də
uşaqlar kimi acam, paltarları sat, uşaqları dolandır.
Sonra düşür yolçuluq eləməgə. Ancaq
çörək əvəzinə hətta öz
qardaşından nalayiq sözlər eşidir. Məsəl var
ki, acın nəyi var ki, yalavaca nə verə. Ona görə
hər bir yerdən qət-ümid olub əvvəl
uşaqlarını, sonra da özünü çaya atıb,
boğub öldürür. İndi əgər sən də,
oğlum, çox ağlasan, mən də səni də,
özümü də boğub öldürəcəgəm”.
Ravi diyor ki, mən genə bərkdən dedim ki, xanım,
uşaq çoxdan yatıb. Amma bu halda uşaq genə bərkdən
başladı ağlamağa. Uşağın anası
gözlərin açmayıb dedi:
Giryan buldu rüsvalıq əliylə
can damən həm
Bana rüsvalıqda dostlar tən
etdi düşmən həm
Bulunmazmı ki, bir dərd
arayırsan dərdimə sən həm
Nəql yazan
6 may, 1908, ¹ 63
525-ci qəzet.- 2011.- 22 yanvar.-
S.14.