“İranlı din xadimləri reallıqların dinimizə yaratdığı təhdidlərə cavab verməkdə acizdir”

 

“Cahil din xadimləri müsəlmanlara ciddi təhlükədir”. Bu fikri “525”ə açıqlamasında İranın region dövlətlərinin siyasi həyatına fəal müdaxilə etmək niyyətinə düşməsinə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu səsləndirib. O, Tehranda baş verənlər içərisində bəzi proseslərin, nəinki İranın imicinə, hətta İran əhalisinin əqli və fiziki cəhətdən sıradan çıxmasına şərait yaratdığını söyləyib: “Müasir İranın dini tarixində İslam dininin imicinə ziyan gətirənlərə qarşı zaman-zaman fətvalar verilmişdir. İranın dini lideri Qərb qarşısında şiə islamını nüfuzdan saldığı üçün Aşura zamanı xəncərlə baş yarmağı, zəncir vurmağı, insanın özünə əzab verən və s. adətlərin ləğvi ilə bağlı fətva imzaladı. Yəni Aşura zamanı baş yarmaq və digər əzadarlıqlar Quranda ümumiyyətlə tənzimlənməyib. Sonralar bu əzadarlıqlar şiələrin həyatına elə daxil oldu ki, hamı onu dinin ən vacib elementi kimi başa düşürdü. İndi baş verənlər içərisində elə proseslər var ki, onlar nəinki İranın imicinə, hətta İran əhalisinin əqli və fiziki cəhətdən sıradan çıxmasına da şərait yaradır. İran İslam Respublikasının ərazisinin Əfqanıstan narkotiki üçün ən mühüm tranzit olması onun təkcə imicinə ciddi zərbə vurmur. Əgər İranın hüquq-mühafizə orqanları güclüdürsə, narkotik vasitələr İranın ərazisinə necə girir, necə hərəkət edir, necə ərazidən çıxır suallarının izahını tapmaq müşküldür. Əfqanıstanın İranla sərhəd ərazilərindəki müsəlmanların da İranla dini bağlılığını nəzərə alsaq, İranın özünü nüfuzlu hesab edən din xadimləri narkotikə hər hansısa bir formada əl vurmağı qadağan edən fətva verə bilərdilər. Narkotik vasitələr dinindən asılı olmayaraq, bütün gənclərin, o cümlədən müsəlman gənclərin ağlını əlindən alır. “Ağ ölüm” indinin özündə də İslam təbəələri üçün ciddi təhlükədir və bu təhlükə getdikcə artır:” Hamının gözünün qarşısında baş alıb gedən “ağ ölüm”ün Qurani-Kərimdə ayəsinin olub-olmaması vacib deyil. İngilis istismarçılığına qarşı mübarizə aparmaq üçün XX əsrin əvvəllərində tütün qadağası qoymuş müctəhid fətvası İranın indiki müctəhidlərinin sevə-sevə nümunə göstərdikləri hadisədir. İndi də İsrail, ABŞ mallarını qadağan, narkotik maddələrin işlənməsinə, daşınmasına qadağa tətbiq edə bilərlər”. Politoloq İran rəsmilərinin Azərbaycanla bağlı səsləndirdikləri bəyanatlara da diqqət yönəldib. Bildirib ki, öz dindarlarının sosial-iqtisadi problemlərinə, cəmiyyəti daxildən aşındıran neqativ proseslərə münasibət bildirməyə nüfuzları çatmayan din xadimlərinin Azərbaycan rəhbərliyinin dinə xoş münasibətindən sui-istifadəsi həm dinə, həm də dünyəviliyə ziddir: “Görünür, bu müctəhidlərin gücü yalnız Azərbaycana təzyiqə yönəlib. Bəlkə bu ölkə rəhbərliyinin dinə, dini ənənələrə hörmətlə yanaşmasına onların münasibətidir. Öz dindarlarının sosial-iqtisadi problemlərinə, cəmiyyəti daxildən aşındıran neqativ proseslərə münasibət bildirməyə nüfuzları çatmayan din xadimlərinin Azərbaycan rəhbərliyinin dinə xoş münasibətindən sui-istifadəsi həm dinə, həm də dünyəviliyə ziddir. Özləri üçün ciddi məlumat mənbələri tapa bilməyən və ya daxil olan məlumatı yoxlamaq imkanında olmayan İranın din xadimlərindən namus məsələsinin yəhudi kontekstini təqdim etməkdən başqa bir şey gözləmək mümkün deyil”. Bütün bunlar müasir dövrün ortalığa qoyduğu reallıqlardır. Bu reallıqlar dinimiz üçün az qala təhdidə çevrilib. İranlı din xadimləri İranda bu problemlərin həllini tapmaqla Azərbaycana da nümunə göstərə bilərdilər. Əks təqdirdə, sir-sifətində evdarlığın, ailəcanlılığın, ibadətin görünmədiyi gəncləri qızışdırıb yoldan çıxarmazlar. Ara qarışdırmaqla məşğul olmaq bizim dinimizdə fasiqlik hesab olunur. Fasiqliklə məşğul olmaq dinimizin qadağan etdiyi əməllərdəndir”. M.Əhmədoğlu sovet dövrünü yaşamış Azərbaycanda hicab məsələsinin radikal şəkildə gündəliyə gətirilməsinə də toxunub. Qeyd edib ki, belə vəziyyət Azərbaycan cəmiyyətin əsaslarını sarsıtmağa hesablanmış siyasətdir: “Hicab təkcə dini deyil, eyni zamanda ciddi sosial-psixoloji hadisədir. Hicab məsələsi bütün ailə həyatını və cəmiyyətin mümkün qədər çox sahəsini əhatə edən məsələdir. Hicabın xarici, cismani mahiyyəti olduğu kimi, daxili mahiyyəti də var. O baxımdan, sovet dövrünü yaşamış Azərbaycanda hicab məsələsini radikal şəkildə gündəliyə gətirmək Azərbaycan cəmiyyətin əsaslarını sarsıtmaq deməkdir. Məktəbli qızlarının hicabından ötrü “dava edən” xanımların böyük əksəriyyəti sovet dövründə hicabsız gəziblər. Namus kontekstindən onların yaşadığı həyatın iki hissəyə (hicabsız, hicablı-namussuz, namuslu) bölünməsi nə dərəcədə məntiqə uyğundur?”. Politoloq gənc ailələrin əksəriyyətinin valideynləri ilə birlikdə, üçotoqlı, kiçik həcmli mənzillərdə yaşamaq məcburiyyətində olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, mənzil və sosial iqtisadi problemlər baxımından Tehran Bakıdan heç də yaxşı vəziyyətdə deyil: “Gənc ailələrin əksəriyyəti valideynləri ilə birlikdə, üçotoqlı, 50-70 kvadratmetr mənzildə yaşamaq məcburiyyətindədir. Yaşlıların köhnə tərbiyənin təsiri altında olduğunu, ailə üzvlərinin işə gedib-gəlmə qrafikinin müxtəlifliyini, Bakıdakı mənzillərin su təchizatındakı problemlərini nəzərə alsaq, ibadət qaydalarına əməl edən gənclərimizin qısa müddət ərzində ailədə gərginlik mənbəyinə çevriləcəyini düşünmək olar. Ailədə gəlinin təzə gəldiyi vaxtla, onun 10-15 il sonrakı statusu tamam fərqlidir. Gəlin 15-20 il sonra evin tam sahibəsi olur və əksər qaydaları, o cümlədən evində ibadət qaydalarını da özü müəyyənləşdirir. Digər tərəfdən mənzil və sosial iqtisadi problemlər baxımından Tehran Bakıdan heç də yaxşı vəziyyətdə deyil. Bu məsələdə ümumilikdə İranla Azərbaycanın vəziyyəti bərabərdir: İranda evli gənclərin bir milyon mənzilə ehtiyacı kəskindir. Ehtiyac olan mənzillərin sayı müxtəlif hesablamalara görə, 4-5 milyondur. İranda və Azərbaycanda gənclərin belə psixoloji vəziyyəti din xadimlərinə bələddir. İranda din xadimləri çox gözəl bilirlər ki, gənclər ailə həyatı qurduqdan az sonra evdə sakitlik və ibadət seçimi qarşısında qalırlar. Nəticədə, ən azı, müəyyən dövr üçün ibadətdən imtina etməli olurlar. Hər halda din xadimlərimiz bilir ki, namaz və oruc hicaba nisbətən daha vacib əmrdir”.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 22 yanvar.- S.10.