“Yurdun adındakı canların” düşündürdükləri

 

Yeni 2011 ilini qarşıladıqdan sonra Rusiya uzun bir tətil havasına girmişdi. Bundan istifadə edərək, yazı masamın üstündə məni gözləyən kitabları oxuyaraq istirahət etməyə qərar verdim. Amma olmadı. Bu on gün daxili bir gərginlik içində keçdi. Bunun da əsl səbəbkarı Rafael Hüseynov və onun Rəfibəylilər nəslinin acı taleyinə həsr etdiyi “Yurdun adındaki can” kitabı oldu. Rafaelin bu əsəri nəinki istirahətimı, hətta yuxumu da pozdu. Çünki bu kitab insanı dünyanın ən ağır işi olan düşüməyə məcbur edir. XX yüzildə vətənin, xalqın, bütün varlığımızla sevdiyimiz yurdun və onun “canlarının” başına gələnləri – fəlakətləri, qəddarlıqları, satqınlıqları və bütün bunlara qarşı dirənən insanları bir daha gözünün önündən keçirdikdən sonra gəl düşünmə.

Bəli, biz düşünməyə məcburuq. Əgər millət olaraq səhvlərimizi təkrarlamaq istəmiriksə, gələcəyə ümidlə baxmaq istəyiriksə, tariximizi, heç deyilsə yaxın tariximizi hər yönüylə və dərinləməsinə bilməli və bu tarixi öz həyatları və qanlarıyla yazan nəsilləri, onların fərdlərini yaxından tanımalıyıq. Və ən vacibi, bu tarixdən dərs almağı öyrənməlıyik. Rafael Hüseynovun ürək ağrısıyla yazdığı bu sözlərə qatılmamaq mümkün deyil: “Xudadat bəyin həlakına dair qovluqda erməniliklə bağlı yazıların hamısı bugünkü Qarabağ dərdimizlə qoşa alma kimi oxşardır... Biz 70 il sonra eyniylə təkrarlanan acı dərsdən ibrət götürməmişik. Dərsdən ibrət almırlarsa, o, neçə dəfə təkrarlanmalıdır? Neçə dəfə?” Deyin görək, biz, bir millət olaraq bəzi həqiqətləri anlamaq üçün necə dəfə səhvimizi təkrarlamalıyıq?

Bizim milli-fəlsəfi düşüncəmizdə belə bir kateqoriya vardır – “Kişilik”. Qeyrətin, dürüstlüyün, mərdliyin, doğruluğun sinonimi olan bu yığcam deyimlə xalqımız soydaşlarının fəalliyyətinə öz münasibətini bildirmişdir. “Filankəs kişi adamdır” deyildiyində, o adamı uzun – uzadı xarakterizə etməyə ehtiyaç qalmır, başa düşürük ki, söz mərd, prinsipial, dürüst, xeyirxah, qeyrətli, milli insandan gedir. Heç təsadüfü deyil ki, Rafael bəy kitabın Ələkbər bəyə həsr olunmuş bölümünün başlığını “Kişi adam” qoyub. Gəncədə erməni oyunlarının mahiyyətini böyük bir siyasi xadim kimi çözən, yeri gələndə bir sərkərdə kimi onları sılahlı dəstələrlə məğlubiyyətə uğradan, bir maarifpərvər kimi Gəncədə teatr təşkil edən, gənçləri oxutmağa göndərən, kasıbın, çətinliyə düşənin əlindən tutan əlbəttə “Kişi Adamdır”. Özü də böyük hərflə!

Bir gəncəli kimi böyüklərimdən Ələkbər bəy Rəfibəyli haqqında çox şey eşitmişdim. Ancaq onun nağıllaşmış həyatını yox, gerçək həyatını, savaşını, Gəncəyə necə atalıq ettiyini Rafayel bəyin bu qiymətli kitabından öyrəndim. Kişi adamın necə olduğunu əyani şəkildə görmək istəyirsinizsə Rafael Hüseynovun bu kitabını və xüsusilə Ələkbər bəy Rəfibəyliyə ayrılmış hissəsini diqqətlə oxumanızı tövsiyə edərdim.

Yazıqlar olsun ki, sovet dönəmindən üzü bu yana, xalqın verdiyi bu yüksək ünvanı daşıyan insanlarımızın sayı azalmaqdadır. Hələ pulun, var-dövlətin əsas meyar olduğu, mənəvi dəyərlərin iflas etdiyi bir dönəmdə “kişi” olmaq hər adama nəsib olmur.

Rəhmətlik Hüseyn Bayqara deyirdi ki, “sovet tarixçiləri azəri xalqının qəhrəman oğullarının adlarının unudulması üçün əllərindən gələni edirdilər. Bu səbəbdən Azərbaycanda Ələkbər bəy kimi yüzlərlə igidin adları “adsız” şəhidlər siyahısına qarışmış və yox olmuşdu”.

Doğrudur, sovet idelogiyası bütün qüvvəsiylə tariximizi saxtalaşdırmış, Azərbaycan Demoratik Cumhuriyyətinin anılmasına belə qadağa qoymuş, böyük tarixi şəxsiyyətlərimizin adlarını unutdurmağa çalışmış, ancaq Hüseyn Bayqaranın dediyi kimi bunlarin heç birini yox edə bilməmişdir. Tam əksinə, xalq tarixini yaddaşına həkk etmişdir. Bir yazımda dediyimi bir daha təkrar etmək istəyirəm. Hacıməlikli Dursun nənəm uzun qış aylarında övladlarını, nəvələrini başına yığaraq 1918-1921-ci il hadisələrindən, atasının və iki əmisinin məhləmizdə rus əsgərləri və ermənilər tərəfindən necə qüllələndiklərindən, Gəncə üsyanından sonra necə Topalasanlıya qaçdıqlarından, yolda ermənilərin onların faytonuna atəş etdiklərindən və bacısının vurulduğundan danışardı. Dəfələrcə eşitdiklərimizi unutmaq mümkün deyildi. Şəhər Kirovabad olduqdan sonra gəncəlilərin çoxu inadla Gəncə deyirdi. Bir dəfə mən Kirovabad sözünü işlətdiyimdə rəhmətlik Mahmud dayım hirsli-hirsli “Kəs səsini, bura Gəncədir, Gəncə də qalacaqdır” demışdi.

Bu gün Rafael bəy, Cəmil Həsənli və onlar kimi ciddi, yorulmaz alimlərimizin əsərləri sayəsində qapalı materialların ortaya çıxmasıyla tariximizə daha yaxından bələdik. Bu səbəbdən Rafael bəyin bir fikirləriylə də razıyam: “Zaman suları bulana-bulana axıb keçib, dövrlər, nəsillər dəyişib. Abidə (Ələkbər bəyə- T.M) hələ ki yoxdur”. Doğrudan da, niyə indiyə kimi “El atası” Ələkbər bəy Rəfibəylinin çox sevdiyi, uğrunda hər şeyini fəda verdiyi Gəncədə heykəli yoxdur? Müstəqilliyimizin necə və nəyin bahasına əldə edildiyinin, milli dəyərlərimizin necə qorunduğunun, şuurlu mübarizənin nə olduğunun simvoluna çevriləcək bu heykəlin, toplumumuzun, xüsusilə də gənclərimizin vətənsevərlik ruhunda yetişməsində önəmli rol oynayacağı şübhəsizdir.

Rafael Hüseynov, tipik bir bolşevik olan Əliheydər Qarayevin 17 yaşlı Nigar Rəfibəyli və ailəsinə yönəlik “danos” mahiyyətli çirkin “ Madam, madmozel və cənab Rəfibəyovlar” məgaləsini və Ə.Qarayevə züy tutan, Nigarı qəddarcasına yerdən yerə vuran“gənç, istedadlı bolşevik şairlərin” – günəşi şimalda axtaran Süleyman Rüstəm və Cəfər Xəndan kimi “söz hoqqalarını” ələşdirdikdən sonra , ciddi fəlsəfi, etik məsələlərə də toxunur. O, bizi yüzillərlə insanların həll etməyə çalışdığı “xeyirxahlıq –bədxahlıq”, “ mənəviyatlıq –mənəviyatsızlıq” kimi problemlər üzərində düşünməyə dəvət edir. Bu arada yazar, hamıyabəlli mətləbləri dərin fəlsəfi kəşfi tək “xırdalamağından” ehtiyatla danışır. Amma əbəs yerə. Onun bəhs etdiyi “mətləblər” – dürüstlük, sədaqət, xalqına, millətinə, müstəqilliyinə bağlılıq, milli çıxarı şəxsi çıxardan üstün tutmaq kimi mənəvi-etik dəyərlər hamıya bəlli olsaydı, onda nə üçün bu qədər alçaqlıqlar, satqınlıqlar, milli mənafeyimizi pula-paraya satmalar, “bolşeviklərdən çox bolşevik olmalar” , “kraldan çox kralçı olmalar”ın kökü kəsilmir? Demək ki, milli mənəvi-etik dəyərləri qoruya və topluma aşılaya bilmək üçün, özünü ziyalı sayanlar insanı insanlıqdan çıxaran keyfiyətləri ifşa etməli, qorxmadan, çəkinmədən gerçəyi, həqiqətləri dilə gətirməlidirlər.

Rafael Hüseynov, İstiqlalın dadını bütün varlığı ilə hiss edən, ona canla-başla xidmət edən və bolşeviklərin gətlə yetirdikləri Xudadat bəy Rəfibəylinin, onun övladları –Rəşid, Kamil və Nigar Rəfibəylilərin, bütün Rəfibəyli nəslinin həyat hekayələri, əslində canlı XX əsr Azərbaycan tarixidir. Keşməkeşli, əzablı, çıxışlı-yoxuşlu, gələcəyə inamını itirməyən, mübariz Azərbaycanın tarıxi!

Bizim çox sevdiyim bir gözəl sozümüz var – yaxşı bir iş görəndə “əlin-qolun var olsun” deyirik. Mən də Rafael bəyə, bu düşündürən kitabına görə “əlin-qolun və qələmin var olsun deyirəm.

 

 

Tofiq MƏLİKLİ

 

525-ci qəzet.- 2011.- 25 yanvar.- S.7.