60 yox, sən 100-ü say Ağaverdi

 

Mən ixtisasca iqtisadçı olsam da, lap uşaqlıqdan şeirə, sözə və saza böyük sevgim olub. Yadımdadır ki, gündəlik şeir əzbərləmək “norma”m olardı, radiodan bir mügənninin ifasında eşitdiyim hər hansı musiqi nömrəsinin melodiyası və sözləri dəqiqliklə yaddaşıma həkk olunar, bu musiqini sonrakı ifaçıların dilindən qəbul etməzdim...

İllər ötdü və bax beləcə qaynadım, qarışdım poeziya-musiqi dünyasına.

Mən musiqinin bütün janrlarını sevirəm. Və elə buna görədir ki, Azərbaycanımızın paytaxtı – Beynəlxalq Muğam Mərkəzi statusunu qazanmış Bakı şəhərində, xüsusilə də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan, janrından asılı olmayaraq əksər konsert proqramlarına dəvətləri məmnuniyyətlə qəbul edirəm. Və elə bu konsertlər zamanı yaranan münbit şərait zamanı müxtəlif sənət adamları ilə tanışlıqlar da olur, məxsusi görüşlərçün xoş ünsiyyətlər də formalaşır...

Ağaverdi Paşayevlə belə konsertlərin hansında tanış olduğumuz yadımda deyil, məxsusi görüşlərimiz olmasa da, hər təsadüfi görüşümüz səmimilik və qarşılıqlı maraq doğuran mövzular çərçivəsində keçməklə, Ağaverdi müəllimin dirijorluq edəcəyi və ya onun oğlu, çox istedadlı gənc tarzənlərimizdən olan Sahib Paşazadənin solist qismində iştirakçısı olacağı konsertlərə dəvətlər də alıram...

Ağaverdi Paşayev əslən Bakının Bilğəh kəndindən olsa da, o Bakının adla deyilən “Sovetski” məhəlləsində ticarət adamı Ağəli Ağaverdi oğlunun və Zəhraxanım Soltanəli qızının evində dünyaya gələndə, bu çəlimsiz körpənin gələcəkdə hansı qabiliyyət sahibi olacağından, hansı sənətin qulpundan yapışacağından və hansı mənsəbi tutacağından heç kəs xəbər verə bilməzdi.

Adətən ticarətçi ailəsində doğulub boya-başa çatan uşaqların böyük bir qismi maddi-nemətlər bolluğundan və ailə başçılarının “sevgi”sindən “pöhrələnən” ərköyünlüyə aludə olurlar.

Amma Paşayevlər ailəsində hökmran olan daxili nizam-intizam və müəyyənləşdirilən düzgün və məqsədyönlü istiqamət nəticəsində ailədə tərbiyə alan üç uşaqdan ikisi ali təhsil, biri isə orta ixtisas məktəbinin diplomlarını Zəhraxanım ananın mücrüsünə “təhvil” verdilər.

Kiçik Ağaverdi(onu o zamanlar ata babasının şərəfinə Böyükağa deyə çağırırdılar) hələ orta məktəbdə oxuyan zaman(o, orta məktəbi fərqlənmə ilə bitirib) fizika və riyaziyyat fənləri üzrə keçirilən ümumrespublika olimpiadalarında iştirak edərək yüksək yerlər tutmaqla yanaşı, qaçış və güllə atıcılığı üzrə III dərəcəli idman ustası dərəcəsini də alıb, ədəbiyyata, xüsusən də poeziyaya böyük maraq göstərib, özünün dediyinə görə, hələ arabir şeir də yazıb.

Ağaverdi Paşayev Musiqi məktəbində tar ixtisası üzrə təhsil alanda da, Asəf Zeynallı adına Orta İxtisas Texnikumunda təhsilini davam etdirəndə də, tədris olunan dərs proqramlarını, verilən ev tapşırıqlarını mənimsəməkdə həmyaşıdlarından fərqlənir, hələ keçmədiyi musiqi parçalarını belə ifa etməklə müəllimlərini heyrətləndirirdi.

Ağaverdi Paşayev Azərbaycan Politexnik İnstitutunda(indiki Azərbaycan Texniki Universiteti) oxuya-oxuya, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına da daxil olur və hər iki ali təhsil müəssisəsində paralel şəkildə oxuya-oxuya, eyni zamanda mühəndis-texnoloq və xor dirijoru ixtisaslarına yiyələnir. Amma uşaqlıqdan maraq göstərdiyi musiqi sahəsinə üstünlük verir ki, bununla da o, əvvəlcə Musiqi məktəbində, sonradan isə Azərbaycan Dövlət Konservatoriyasında musiqi müəllimi kimi fəaliyyət göstərir.

O, hazırda Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasının müdiri – professor, Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsüdür.

27 oktyabr 2010-cu il tarixində Ağaverdi müəllim ömrünün 60, yaradıcı əmək fəaliyyətinin isə 35 ilinə yekun vurub.

Mən eşidəndə ki, şəxsiyyətinə və sənətinə dərin rəğbət bəslədiyim Ağaverdi Paşayevin yubiley tarixləri ilə əlaqədar kitab yazılır, sözün açığı bu kitabda mənim də təbrik dolu yazımın olmasını istədim.

Təsadüfdən və ya bəlkə də zərurətdən Agaverdi müəllim mənə zəng edərək uşaqlıq dostu Mirməmməd Aslanovun ona həsr etdiyi və haqqında söz açdığım kitabda yer almasını istədiyi “Qoy ömrün boy alsın, həzin, ahəstə” adlı şeirini redaktə etməyi xahiş edərkən, sənət adamları ilə bir yerdə çəkdirdiyimiz kollektiv şəkili də bu kitaba daxil edəcəyini vurğuladı.

“Bəlkə mən də bir yazı yazım” təklifimi gözləyirmiş kimi, Ağaverdi müəllimin nurlu sifətinə bir məmnunluq hopdu.

Kitabın müəllifinin musiqi sənəti üzrə fəlsəfə doktoru, Azərbaycan Radiosunun Musiqi redaksiyasının redaktoru, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, “Qızıl Qələm” mükafatı laureatı, populyar mahnılar müəllifi Səadət Təhmirazqızının olduğunu eşidəndə, düzü bir az da ürkləndim və Səadət xanımım əlindən çıxacaq kitabın Ağaverdi müəllimin həyat və yaradıcılığını layiqincə özündə ehtiva edəcək bir kitab olacaına əminliyim bir qədər də artdı. Və elə həmin an bu yazını başladım.

Yuxarıda qeyd etdiyim kimi, Ağaverdi müəllimin dirijorluq etdiyi əksər konsert proqramlarının tamaşaçılarından biri də mənəm desəm, səmimiyyətimə yəqin inanarsınız. Ağaverdi müəllimin dirijor pultu arxasında bir az ciddi, bir az da mülayim davranışı, təkcə dirijor çubuğu(batuta) ilə deyil və həm də sifətinin cizgiləri ilə orkest üzvlərini bir komanda olaraq səfərbər etməsi, musiqi nömrəsi sona çatan zaman komandasını xoş bir təbəssümlə tamaşaçılara təqdim etməsi, tamaşaçı sevgisinin təzahürlərindən olan gurultulu alqışlar altında ona verilən çiçəklər böyük məhəbbətlə kollektivin qadın üzvlərinə hədiyyə etməsi bir kitablıq dastana bərabərdir.

Ağaverdi müəllim kollektivin və həm də dost-tanışın xeyir-şərinə yarayan adamdır və bütün bunlar onu tanıyanlar xüsusilə də əmək kollektivinin üzvləri tərəfindən layiqincə qiymətlədirilir.

Onun fədakar əməyi, musiqimizi ölkəmizdə və xaricdə layiqincə təmsil etməsi və bütövlükdə sənəti ilə Azərbaycan dövlətçiliyinə xidməti, ölkə rəhbərliyinin də diqqətindən kənarda qalmayıb. Və Ağaverdi müəllimin titulları dediklərimin bariz nümunəsidir.

60 il sənətkar ömrü üçün simvolik bir rəqəmdir desəm, yəqin ki, yanılmaram. Sənət adamının yaşı onun xərclədiyi illərlə yox, onun sənətdə qoyduğu dəsti-xətlə, iziylə ölçülür. Ağaverdi müəllim sənətdə iz sala bilibmi sualına, onun sənətdə yolu var desəm, yəqin ki, mənimlə razılaşmayan az adam tapılar. Məntiqi olaraq, Ağaverdi müəllimin “60”-ı, 90 da ola bilər, 100 də. Ancaq bu rəqəmlər onun sənət ömrünün ölçü vahidinə çevrilə bilərmi? Əlbəttə ki, yox! Sənət dünyasında əbədiyyəti qazanmaq sənətçinin öz əlindədirsə, Ağaverdi Paşayev artıq “60”ında bu əbədiyyətin içindədir...

Ağaverdi Paşayev layiqli övlad olmaqla yanaşı, həm də nümunəvi atadır. O, səhərlər işə həvəslə getdiyi kimi, axşamlar da evə tələsənlərdəndir.

Ağaverdi müəllimi öz evində tapmayanda, onu Bilgəhdə yerləşən bağında, Böyük Vətən Müharibəsi veteranı – 87 yaşlı atası Ağəli Ağaverdi oğlunun və 83 yaşlı anası Zəhrəxanım Soltan qızının xidmətində olduğuna əmin ola bilərsən. Nə xoşbəxt adamdır bu Ağaverdi müəllim!

Ağaverdi müəllim Aygün, Sahib, Günel və Məmməd adlı dörd övlad atası və dörd nəvə babasıdır. Adlarını sadaladıqlarımım hamısını tanımasam da, “Muğam müsabiqəsi – 2007”-dən tanıdığım, gənc olmasına baxmayaraq mahir tarzən, ümumrespublika və beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi və Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin konsertmeysteri Sahib Paşazadəni yaxından tanıyıram və Sahibin şəxsində Ağaverdi müəllimin digər övladlarının da layiqli Azərbaycan vətəndaşları olduqlarına tam əminəm.

Ağaverdi müəllimə bu təntənəli günlərdə nə arzulaya bilərəm?

Dəyərli dostum Ağaverdi Ağəli oğlu!

Mövlanə Cəlaləddin Rumi demişkən: – “Olduğun kimi görün, göründüyün kimi ol!”. Mənim qənaətimə görə Siz elə belə də varsınız, deməli sizinlə bağlı arzular da olsa-olsa rəmzi xarakter daşıyır.

 

 

Fəxrəddin MEYDANLI

 

525-ci qəzet.- 2011.- 25 yanvar.- S.7.