Tariximizi, taleyimizi yazan sənətkar

 

NƏRİMAN HƏSƏNZADƏNİN PUBLİSİSTİK YAZILARINDA QARABAĞ MÖVZUSUNA BAXIŞ             

 

Nəriman Həsənzadənin şeirləri kimi, publisistik yazıları da emosiyadan, qərəzdən uzaqdır. Oxucunun ürəyincə olan bu yazılar zamanın ruhuna doğmadır. XX əsrin sonuncu onilliyində mövcud ictimai fikri ustalıqla, ürək yanğısı ilə qələmə alan şairin özünün də mənəvi ağrılar, iztirablar içində çırpındığını görürük.

Beynəlxalq erməni mafiyasının və onun havadarlarının növbəti dəfə xalqımıza qarşı törətdikləri vəhşiliklər yenidən siyasi mühitimizdə burulğanlar yaratdı. Bu təlatümlər həm də azərbaycan şairinin, yazıçısının ədəbi taleyi, alın yazısı idi. Özü də belə anlarda coşub-daşan, həm də çaşqınlıq içində ələnən xalqın siyasilərlə yanaşı, vətənin qələm əhlinə, ziyalılarına üz tutması çoxları kimi, Nəriman Həsənzadəni də düşündürməyə bilməzdi. Bütün bunlar isə onun yaradıcılığına ciddi təsir göstərir. Elmi, ədəbi-tənqidi məqalələrində, publisistik yazılarında, müsahibələrində ziyalılarımıza sual verirdi:

“Tariximizi saxta yazanlar və bizim hamımızı aldadanlar tarixə və millətə nə cavab verəcəklər? Azərbaycan torpağı üstə necə gəzəcək, şəhidlər xiyabanına necə gedəcəklər, göz yaşı axıdan ana-bacılarla bir sırada necə dayanacaqlar?”

Nəriman Həsənzadə bu keşməkeşli günlərdə sakit dayanmadı, qələminə sarıldı, adamlarımızda narahatlıq doğuran məsələlərdən danışdı. Rus imperiyasının ikiüzlü siyasətini pislədi. Xalqımızın arasında milli ədavət hissi yaratmaq istəyənlərin xislətindən yazdı. Mənəviyyatımızı tərəziyə qoyanlara həm deputat kürsüsündən, həm də dolğun, tutarlı yazıları ilə öz sözünü dedi: “Bizim ifrat beynəlmiləlçiyimiz bəzən ikrah hissi doğurur. İndi soyqırımına məruz qalan nənələrimiz, ata-babalarımız ermənilərlə mehriban olmağı, qonşuluğumuzu unutmamağı tövsiyə edirdilər. Ermənilər o qonşuları və o adamları vəhşicəsinə qırdılar ki, onlar ermənilərə əliaçıq, dilişirin idilər, mehriban idilər, süfrələrində çörək vermişdilər, rəhmdil idilər. Görünür, bu ermənilər vəhşilərin döşündən süd əmiblər...”

Sözün qədrini bilən şair və publisist Nəriman Həsənzadə qələmini əlinə alarkən yazılarına zorla nəyisə pərçim etməyib. Həmişə tarixi mənbələrə söykənib. Ona görə də bu yazılardakı mövzu bitkinliyi həmişə ön planda olub. Nəticədə, şeirlərində olduğu kimi publisistikasında da öz istedadı , təsəvvürü, anlayışı və hissləri dairəsində formalaşır.

Nəriman Həsənzadə yazır ki, ömründə bircə dəfə də bütöv sevinməmişəm, sevincim həmişə yarımçıq olub. Bütün bunların kökündə isə doğma torpağımıza el-obamıza, böyük vətənimizə bəslənən saf, vicdanlı övlad məhəbbəti durur. Onun həssas oxucu qəlbinə yol tapan hər bir yazısı ürəkdən gəlir.

Rus imperiya ordusu Bakıda qanlı 20 yanvar hadisəsini törətdiyi zaman Nəriman Həsənzadə yaradıcılıq ezamiyyətində idi. Sənətkar bu xəbərdən böyük sarsıntı keçirsə də, məkrli erməni mafiyasının, onun havadarlarının iç üzünü açmaq, həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq üçün Parisdəki müxtəlif mətbuat səhifələrində öz yazıları ilə çıxış edir. Parisin ən böyük “Qalimar” nəşriyyatının baş redaktoru məşhur yazıçı Roje Qrinye və “Humanite limanş”ın müxbiri ilə söhbətlərində və müsahibələrində Azərbaycan xalqının öz torpağında qətl edilməsini, didərgin salınmasını deyir, eləcə də, Moskva televiziyaları, bu yöndə olan dünya mətbuatının Azərbaycan hadisələrini erməni eksterimistlərinin istədiyi kimi verməsi ilə dünya ictimai fikrini çaşdırdığını bildirirdi. Nəriman Həsənzadə bu müsahibələrində qorxmadan, çəkinmədən Azərbaycanın SSRİ-dən ayrılması məsələsini qoyurdu. Fransız jurnalisti Ryer Blanşe ondan Bakıdakı hadisələr barədə aldığı müsahibəni jurnallarının növbəti nömrəsində çap etdirdikdən sonra həqiqətlər erməni mafiyasını çox qəzəbləndirir. Nəticədə Nəriman müəllim təhlükəsizliyini təmin etmək üçün, dostlarının məsləhəti və təkidi ilə iki gecə Paris mehmanxanasına gəlmir: “Görkəmli rus şairi Aleksey Markovla televiziya verilişlərinə bərabər baxırdıq. Bakıda tankları göstərirdilər, bir anlıq bizə elə gəldi ki, Azərbaycan SSR-in ərazisinə yad, işğalçı qoşunlar doldular. Tankların lülələri dinc əhalinin üstə tuşlandı, avtomatlardan alov saçırdı, sonra ölənlərin qeyri-dəqiq sayını dedilər. Aşağı düşüb tərcüməçidən soruşdum, gəlib uşaq kimi hönkürüb ağladım. Markov bərk dilxor olmuşdu, mənə təsəlli verirdi. Mənəvi əzab çəkdiyini görürdüm”.

Nəriman Həsənzadənin XX əsrin son onilliyində qələmə aldığı publisistik yazıları istiqlal və azadlıq ideyalarının formalaşmasında mühüm rol oynamışdı. Onun həmin illərdə yazdığı “Paris dəftəri”, “ATƏM-in Budapeşt Assambleyasında çıxış”, “Şəhidlərimiz, şahidlərimiz”, “Gül var, Xocalıdan sonra açılmaz”, “Qazax-Ağstafa səngəri” və başqa yazılarında xalqımızın azadlıq ruhu tərənnüm edilir, mübarizəmizə, iradəmizə qarşı çıxanlar pislənir, ifşa olunur. Bu yazıları birləşdirən ümumi cəhət isə azadlıq, müstəqillik amalına köklənmişdir. Ən əsası odur ki, zülmə, haqsızlığa, nankorluğa qarşı ünvanlanan bu yazılar çox nikbin əhval-ruhiyyədə qələmə alınıb”.

“Mənim “Paris dəftəri”m “Azərbaycan yarası”na çevrildi. Zaman bizim hər birimizdən daha təmkinli, daha ağıllı olmağı tələb edir. Daha səhv etməyə ixtiyarımız yoxdur, hər birimizə təsəlli verməyə sözümüz də yoxdur. Şəhidlər Xiyabanı bizi yetkinliyə çağırır”.

Nəriman Həsənzadə nə qədər şairanə və mülayim təbiətli olsa da, düşmənə qarşı nifrətini gizlədə bilmir. Onun hər bir yazısı Vətən torpağına qarışan igidlərimizin xatirəsi önündə içilmiş anddı. O bu anda sadiq qalır. Həyatın gerçəkliyini yaxşı başa düşür. Həyəcan doğuran problemlərə üz tutur. Əsl gerçəklikdən yazdığı üçün, yazdıqları real və inandırıcı olur. Nəriman Həsənzadə müstəqil Azərbaycanda müstəqil yaşamaq istəyən vətən oğullarından, yeni tariximizin yeni səhifələrini torpağa yazanlardan, öz taleyini özləri həll edən igidlərimizdən yazırdı. Bu yazılarda xalqımızın keçirdiyi əzablı günlərinin qəmli, kədərli anları ilə yanaşı, real gerçəklikləri də tarixin yaddaşına yazıb.

1990-cı illər Nəriman Həsənzadənin həyatının çox önəmli illəri idi. O özünü unudaraq ömrünün bu qiymətli anlarını oxucularına həsr edir. Çünki onda vətəndaşlıq məsuliyyəti var. Torpağını, xalqını, mədəniyyətini, dilini tanıyı, bilir. Nəriman Həsənzadənin şair, publisist təbiətində narazılıq, kədər hissləri duyulsa da, dəyişən dünyamızın gərginliklərini analiz edir, düşünüb-daşınıb nəticə çıxarmağı bacarır. Yazılarında nikbinlik, mübarizlik də elə bunlardan irəli gəlir: “Mən inanıram ki, bu ağrıları unudan bir günümüz olacaq, yenə yaylaqlarımıza qoyun sürüləri, aran köçü qalxacaq, dağ kəndlərimizin sərin bulaqlarından ovcumuzu doldurub içəcəyik, meşələr qoynunda ürək dolusu dərindən nəfəs alıb gəzəcəyik. Tariximiz sabaha işıqlı gözlə baxmağı tövsiyə edir”.

Beləliklə, cəsarətlə deyə bilərik ki, şair-publisist Nəriman Həsənzadə yazıb-yaratdığı bütün dövrlərdə olduğu kimi, XX əsrin sonuncu onilliyində, Azərbaycanımızın başı üstünü qara buludlar alarkən də, hadisələrə vaxtında öz münasibətini bildirib, bu yolda haqq səsini ucaldaraq ardıcıl mübarizə aparıb.

 

 

Natiq QUBADOĞLU

 

525-ci qəzet.- 2011.- 25 yanvar.- S.6.