İtirilən dəyərlərin həsrətindən yoğrulan misralar

 

ŞAİRƏ ESMİRA MƏHİQIZININ POEZİYASI DİDƏRGİN RUHLARA, YAĞI ƏLİNDƏ QALMIŞ YURD YERLƏRİMİZƏ ÜNVANLANAN ODLU AĞI KİMİ SƏSLƏNİR

 

Sözün ən yaxşı mənasında sözün yansın söz yiyəsi, dilin yansın dil yiyəsi. Qarşımda Esmira Məhiqızının yenicə çapdan çıxmış “Bir xışma xəyal” kitabı var. Vərəqlədikcə elə bil isti bir təndir başında oturmuşam. Sözlər, misralar məni qarsıb yandırır. Bəzən də az qalır ki, ürəyim köksündən qopub ağzımdan düşsün. Bax, bundan qorxuram. Ömrümün çox ilini ürəklə yaşadım, heç bir şey edə bilmədim, indən sonra ürəksiz yaşayıb nə edə bilərəm... Misralar bəzən adamı qəfil vurulmuş tərs sillə kimi tutur.

Esmira xanımın “Bir xışma xəyal” kitabı üç hissədən ibarətdir. Birinci hissə “Ağdama gedən yol” adlanır. Adam istər-istəməz bu xanımın içində olan Vətən sevgisinə qibtə edir. Bir mahnıda oxunur ki, “Atadan, anadan yar şirin olar”. Esmira Məhiqızının şeirlərin oxuyandan sonra oxucu bu qənaətə gəlir ki, atadan da, anadan da, baladan da, candan da Vətən, yurd, el-oba şirin olurmuş. Müəllif bunu misralarının gücü ilə oxucunun beyninə yeridir.

 

Üzüm ayağının altına, Vətən!

Onsuz da yanında üzüqarayam.

Yağının əlində öldü o bədən,

Yağı da baxmadı gözüqarayam.

 

Sən də mən gündəsən, mən də sən gündə,

Burnumdan gəlsə də çörək, yeyirəm.

Küllüyün içində mən başıküllü

Hər gün ölə-ölə ürək yeyirəm.

 

Vətən dərdinə, doğma yurd-yuva həsrətinə heç bir ağıçı belə ağlaya bilməz ki, sən itirilmiş torpaqlarımızda belə ürəkdən ağı deyirsən mənim bacım. “Burnumdan gəlsə də çörək, yeyirəm”. Bircə bu misranla sən bütün məcburi köçkün və qaçqınların taleyini, gündəlik həyat tərzini olduğu kimi ifadə etmisən. Bu gün Bakıda da, məskunlaşdıqları başqa yerlərdə də məcburi köçkünlər toy da edirlər, qız ərə verirlər. Oğul evləndirirlər, qol götürüb toylarda oynayırlar da. Amma onların gözünün içinə baxın. Onların hamısının gözündə bir kədər, həsrət var. Bax, bu, doğma yurd həsrətidir. Vaqif Bayatlı Odərin bir misrası var: “Qəriblərə daş atmayın, onlar atılan daşlara dillənməzlər”. Günü-güzəranı xoş olar, amma qərib heç vaxt xoşbəxt ola bilməz. Çünki onun göbəyi kəsilib, atılan yerə getməyə haqqı yoxdur. Gümanı olsa da, vaxtı bilsinlər.

Siz heç hüzr yerində ehsan yeyənlərin sifətinə fikir vermisinizmi? Heç kəs ürəkdən yeyə bilmir. Hamı elə, xala-xatirin qalmasın, dümələnir. Fikir vermisinizmi, çörək orda tez-tez paylanır, tez də yığışdırılır. Elə bil hamı çörəkdən utanır.

İşğal olunmuş yerlərdə çox müqəddəs, əziz, əvəzolunmaz varidatımız qaldı. Bunlardan ən önəmlisi əzizlərimizin qəbirləri, bir də məscidlərimizin qoşa minarələridir. Ağdamda ən müqəddəs andımız bu olub: “O qoşa minarə haqqı”. O haqqımız, and yerimiz qalıb ermənilərin əlində. Esmira xanım da qoşa minarə kimi qoşa əllərini açıb göylərə “Qoşa minarə” şeirində deyir:

 

Qoşa minarəsi, Qoşa Daş kimi

Uçulan şəhərin içinnən baxır.

Yuxusu nə vaxtdır ərşə çəkilib,

Qaralan şəhərin küncündən baxır.

 

Kim əzan verəcək o minarədən,

Kim namaz qılacaq minbərdə indi.

Kim salam verəcək ona hər yerdən,

Kim salam alacaq hər yerdən indi.

 

O qoşa minarə qoşa əl kimi

Qaldırsın bu dərdi Allaha sarı.

Allah götürməsin biz götürəni,

Evini kafirdən qurtarsın barı.

 

Esmira Məhiqızının şeirlərini oxuduqca mən bir daha yəqinləşdirdim ki, analarımız, bacılarımız bu torpağa, bu yurda, doğma el-obaya daha bağlı imiş. Elə onların doğma evə, ocağa, balalarını da, bağlılığı, sevgisi ordan gəlir. Bu xalqın yaxşı ki, xanım-xatın anaları, qeyrətli, namuslu qadınları var. Bu xalqın bir millət kimi yaşamasında da onların çox böyük əməyi var. Bəlkə də peyğəmbərimiz Həzrəti Məhəmməd (s) ona görə deyib ki, cənnət ananın ayaqları altındadır. Şərq qadını daha çox Vətəninə bağlıdır. Eşq olsun Şərqin böyük Azərbaycan analarına, türk xanımlarına.

Esmira xanımın “Bir xışma xəyal” kitabını seçilib yığılmış bütün şeirlərdə məna da, deyim də, ifadə tərzi də biri-birindən gözəldir. Onların bir-birindən ayırıb seçmək mümkün deyil. Amma elə şeirlər var ki, onların üstündən sükutla keçmək mümkün deyil. Oxuyanda adamın iliyinə işləyir. Belə şeirlərdən biri də “Göy satan nənə” şeiridir. Bu şeirdə şairə şeir yazmır, sanki rəssam tablo çəkir. Qışın şaxtasından, buzunda bir nənə bir neçə dəstə göyü qoyub qabağına satır ki, Vətən yolunda şəhid olmuş oğlanlarının balası acından ölməsin.

 

Niyə ki, bir oğlum Şuşada itib,

Biri də Ağdamda döyüşüb ölüb.

Ay Allah, ağlım da başımnan itir,

Göylərə baxıram, dəliyə dönür.

 

Nənənin əlində göy pərən-pərən

İndi ürəyimdən dəyən güllədi.

Vətən uğrunda oğullar verən

Vətən yollarında gör nə gündədir?

 

İnanırsan ki, sabah Vətən göylərini qara buludlar olsa, o qarı göyərti satıb böyütdüyü nəvələrini də oğlanları kimi Vətəni qorumağa göndərəcək. Amma qarnı piy bağlamış, ona baxıb hırıldayan gədələr yenə də müharibəyə getməyəcək. Çünki qarının nəvələri halal çörəklə böyüyür, qarnı piy bağlamışların uşaqları haram çörəklə.

Esmira xanım, bağışlayın ki, söz, ifadə tapıb sizin şeirinizin əsl mahiyyətini aça bilmirəm. Sən şeiri o qədər ürəkdən gələn yanğı ilə yazmısan ki, söz şeirin yanında, yanıb kül olur. Söz demək olmur sözünün üstünə.

Ağdama beş yol gedirdi. On yeddi ildən çoxdur ki, bu yolları gedib-gələn yoxdur deyə ot, ələf, tikan basıb. Bəlkə də o yollar yol xəritəsindən də silinib gedib. Təkcə o yollar o yollarda nə vaxtsa gedənlərin yaddaş xəritəsində qalıb. Görün, Esmira xanım “Ağdama gedən yol” şeirində necə gözəl təsvir edir. Şeiri oxuduqca sanki o yolları bir də gedirsən.

 

Ağdama gedən yol, dərdə gedən yol,

Kimi apararsan, yolçuları kim?

Mənim ən sevdiyim səmtə gedən yol

Kiriyib durmusan, bir danış, bir din...

 

Dinlənib, tuşlanıb bu sərhəd boyu.

Biz ki, ovlanırıq, ovçu deyilik.

Ağdama gedən yol, ay Vətən yolu,

Heyif ki, biz sənə yolçu deyilik.

 

Xatirindəmi Esmira bacım, yay gələndə o yollarla yaylağa qalxan qoyun sürüləri. O sürülərin böyründəki çoban itləri. Arxada və qabaqda boz, qırmızı, ağ atların üstündə igid oğlanlar olardı, yorğa gedən atların üstündə xanım-xatın nənələr, qız-gəlinlər. Bəlkə də bu gün yol kənarında göyərti satan qarı o qız-gəlinlərin biridir? Bəlkə də hər gün gördüyümüz bir əlini Vətən yolunda itirib, bir əli ilə dilənən keçmiş döyüşçüdür o at üstündə gördüyümüz igid? Hanı bəs o yerə-göyə sığmayan o oğullar, yaradanın özünə də naz eyləyən o gözəllər, yel qanadlı atlar? Bəlkə də o oğullar o atlara minib gediblər. Naz eyləyən o gözəllər də naz eyləməyə oğul qalmadığı üçün daha naz eyləmirlər. Bax o sürünün içində gördüyümüz it hesab etmədiyimiz erməni bu gün Ağdamda açılış edir. İstədiyi yeri söküb dağıdır. Esmira Məhiqızının “Qara baxtlı qız – Qarabağlı qız” şeirini bir köynək tər tökmədən oxumaq mümkün deyil. Özü də xəcalət təri. 26 fevral 1992-ci il. Həmən tarix Azərbaycan xalqının yaddaşına vurulmuş bir xəcalət möhürüdür. Həmin gecə namusunu götürüb qaçan bir neçə qız-gəlin ermənilərə əsir düşdü. Bəzi başına papaq qoyub, çiynində silah gəzdirən kişilərimiz o namussuzluğu yedisə də, bir çox qız-gəlin namusunu götürüb özünü qayadan atdı. Amma çox təəssüf ki, bu gün də taleyi bəlli olmayan bir çox qız-gəlinimiz erməni əsirliyindədir. Bu, millətin çox ağır dərdidir.

 

O gecə qarın da rəngi qırmızı,

Gəlin otağına dönüb meşə də.

Əlinə bir yad əl dəyməyən qızın

Öncə təmizliyi ölüb meşədə

 

Esmira xanımın bütün şeirlərinin baş qəhrəmanı Vətən torpağı, onun həsrəti, öz doğma yurd-yuvasından didərgin düşmüş insanların dərdidir. Şairə qaçqın və məcburi köçkünlərin kədərini ümumi bir bəşər kədərinə çevirməyi bacarır. Onun şeirlərində poetika və fəlsəfi fikirlər vəhdət təşkil edir. Sənin sevincin, kədərin mənim sevincim və kədərimdir, bizim sevinc və kədərimiz isə bəşəriyyətidir. “Yanıq Kərəmi”yə bu günə kimi yüzlərlə şeir yazılıb. Kərəmin nakam məhəbbəti vəsf edilib. Esmira xanım Kərəmin kavur qızı Əlinin dərdindən od tutub yanmasını qəbul etmir. Onu qınayır ki, ev qızları evlərdə qarıyıb qala-qala çox nahaq yerə kişinin qızının dərdindən düzlərə düşüb. Ziyadxan oğlu, məmləkəti bir qızın güdazına verib başsız qoyub getdin, özün yanıb külə döndün, məmləkət də yiyəsiz qalıb xarabazarlığa çevrildi. Kərəm xasiyyətdə olanlar da sonradan Kərəm yolu tutdu, gavur qızları ilə evləndi. Qarıyıb evlərdə qalan qızlarımızın ahı tutdu onları.

 

Harda qarımışdı elin qızları,

Kərəm də sevməyə bir qız tapmadı,

Yandı bir keşişin qızından ötrü,

Elin bir qızını gözü tutmadı...

 

Səni bu dünyaya Xan gətirdilər,

Səni Xan görmədi ananla atan.

Hər “Yanıq Kərəmi” dilləndirəndə

Belə yanıqlıqdan utanıram mən.

 

Esmira Məhiqızı, sənin şeirlərini oxuyarkən həyəcanlanmamaq mümkün deyil. Hər misran bir ox olub hədəfin düz onluğuna sancılır. Bir qardaş kimi, ata kimi əyilib qələm tutan əllərindən öpürəm sənin. Yaz, Esmira xanım, Qarabağ dərdimizi, həsrətimizi sönməyə qoyma!

 

 

Surxay ƏLİBƏYLİ

 

525-ci qəzet.- 2011.- 25 yanvar.- S.6.