“Yaradıcılıq təşkilatları
və yaradıcı şəxslər haqqında” qanun layihəsi
yenidən gündəmə gətirilir
MİLLİ MƏCLİSİN (MM) MƏDƏNİYYƏT
KOMİTƏSİNİN SƏDRİ NİZAMİ CƏFƏROV:
“ÇALIŞACAĞIQ Kİ, “MƏDƏNİYYƏT
HAQQINDA” QANUN DƏRİNDƏN İŞLƏNMİŞ
ŞƏKİLDƏ MÜZAKİRƏ OLUNSUN”
– Nizami müəllim,
qarşıdan parlamentin növbəti yaz sessiyası gəlir.
Komitəniz bu sessiyaya konkret hansı qanun layihəsi və ya
layihələri ilə gedir?
– Mədəniyyət komitəsi
çalışacaq ki, ötən əsrin 90-cı illərinin
ortalarında qəbul olunan “Mədəniyyət haqqında”
qanun yeni redaksiyada, çox dərindən işlənmiş
bir şəkildə müzakirə olunsun. Ən azı komitəmizin
özünün müzakirəsindən keçsin.
Çünki bu qanunun yeniləşdirilməsinə, təkmilləşdirilməsinə
böyük ehtiyac var.
– Yaz sessiyasında
“Yaradıcılıq ittifaqları və yaradıcı şəxslər
haqqında” qanun layihəsi ilə bağlı müzakirələr
nəzərdə tutulmur? Elə ən azı komitəniz səviyyəsində...
– Biz bu qanun üzərində
də öz işimizi davam etdirəcəyik. Burada problem sadəcə,
maliyyə təminatı ilə bağlıdır. Biz bu məsələni
də müvafiq qurumlarla, ən əsası, Maliyyə
Nazirliyi ilə razılaşdırmalıyıq.
– Sözügedən qanun
layihəsinin ilkin variantında burada nəzərdə tutulan
müddəalların daha çox üç
yaradıcılıq təşkilatına –
Yazıçılar Birliyinə, Bəstəkarlar
İttifaqına və Rəssamlar İttifaqına şamil
olunacağı nəzərdə tutulurdu. Ancaq sonradan bu
sıraya bir neçə yaradıcılıq təşkilatlarının
adları da əlavə olundu. Odur ki, bilmək istərdik, əgər
bu qanun layihəsi yenidən müzakirələrə
çıxarılarsa, orada konkret olaraq hansı təşkilatlar
nəzərdə tutulacaq və ya nəzərdə tutula bilər?
– Biz bunu da gərək
çox yüksək səviyyədə həll edək.
Çünki bunun özü də çox ciddi bir məsələdir.
Həm də bir maliyyə məsələsidir. Bu gün bizim
xeyli tarixi olan, yəni, 70 illik, 50 illik tarixi olan
qurumlarımız var ki, bunlar mədəniyyətimizə
çox şeylər veriblər. Mənə elə gəlir
ki, məhz o qurumların aparatı, administrasiyası, yəni,
idarə sistemi maliyyələşdirilməlidir, necə ki,
maliyyələşdirilir. Bu da ümummilli liderimizin bizə
qoyub getdiyi o əmanətlərdən biridir. Elə ki, arada
bir balaca boşluq oldu, Yazıçılar Birliyinin, Bəstəkarlar
İttifaqının, Rəssamlar İttifaqının,
Kinematoqrafçılar İttifaqının, Teatr Xadimləri
İttifaqının nə vəziyyətə
düşdüyünün şahidi olduq. Hətta, bu qurumlar
dağılmaq ərəfəsindəydi. Düzdür, indi
belə bir fikirlər də var ki, bu qurumlar tam ictimai əsaslarla
olmalıdır və qeyri-hökumət təşkilatları
ilə əlaqədar qanun bunlara da şamil edilməlidir, amma
bizim ümummilli liderimizin qoyduğu ənənə tamamilə
əksini deyir ki, bunlar ayrıca, xüsusi
yanaşılmalı təşkilatlardır. Biz də bu
yöndə müvafiq qanunda elə nəzərdə
tutmalıyıq ki, yəni, məhz bu qurumlar maliyyələşdirilsin.
Doğrudur, biz bunu çox eşidirik və hətta, bir
sıra məqamlarda razılaşırıq ki, bu çox da
demokratik bir məsələ deyil, çünki sabah, birisi gün
yeni yaradıcı qurumların yaranması imkanı da var,
bununla belə hər halda, o tarix də, o məhsuldarlıq da
var, axı?! Bütün bunları nəzərə alaraq biz
ya birbaşa bu qurumların adlarını qanunda çəkməliyik,
yaxud da biz qanunu ümumi şəkildə verməliyik. Və
hansı qurum maliyyələşdirilə bilərsə, bu məsələ
icra hakimiyyətinin səlahiyyətinə buraxıla bilər.
– Komitənizin payız
sessiyası ilə bağlı iclasında millət vəkilləri
tərəfindən mərasimlərlə bağlı qanun
layihəsinin hazırlanması və müzakirələrə
təqdim olunması yönündə də fikirlər səslənmişdi.
Belə olan halda, bu məsələnin taleyi nə yerdədir?
– “Mərasimlər
haqqında” qanun layihəsi üzərində yəqin ki,
Sosial siyasət komitəsi ilə birlikdə işləyəcək,
əməkdaşlıq edəcəyik. Hər halda, belə
bir qanunun yaradılmasının ümumi prinsiplərini ən
azından hazırlayacağıq.
– Nizami müəllim, uzun illərdən
bəri ətrafında çeşidli müzakirələr
gedən və artıq Milli Elmlər Akademiyasının
Xüsusi Komissiyası tərəfindən təsdiq olunan
soyadlarla bağlı məsələnin həlli istiqamətində
hansı addımların atılması nəzərdə
tutulur, gözlənilir?
– Doğrudan da, soyadlarla
bağlı məsələ bizim cəmiyyətdə
çox böyük miqyas alıb. Biz onu da müzakirə edəcəyik.
Bu məsələ müvafiq icra orqanlarında baxılır,
onlarla məsələhətləşmələr
aparılır, aparacağıq və hər halda belə
düşünürəm ki, bütün məqamlarda adlar –
soyadlar üzrə xüsusi bir qanunun yaradılmasına
böyük bir ehtiyac var. Çünki bu məsələ
çox yaxşı olardı ki, yüksək səviyyədə
həll olunsun, yəni, cəmiyyətə prezidentin sərəncamı
ilə təqdim edilsin. Amma bundan sonra da müəyyən
detallar var ki, onların necə hüquqi təfsir olunması,
mütləq ayrıca, özü də geniş bir qanunla
mümkün ola bilər.
– Siz tez-tez adlar və
soyadlarla bağlı məsələnin Ailə Məcəlləsində
bir – iki maddə şəklində əksini tapa biləcəyinin
də istisna edilmədiyini dilə gətirirsiniz. Ancaq “ Adlar və
soyadlar haqqında” qanun layihəsi hazırlayan millət vəkili
Rafael Hüseynov bunun əleyhinə çıxaraq, bu yöndə
mütləq ayrıca bir qanunun qəbul olunmasının
vacibliyini söyləyib. Ona görə bu məsələ
konkret hansı formada, yəni, Ailə Məcəlləsində,
yoxsa, ayrıca qanun şəklində
çözümünü tapa bilər? Bunlardan daha çox
hansı ehtimalolunandır?
– Hər halda, bu məsələ
həm Ailə Məcəlləsində əks olunmalı, həm
də detalları ilə bağlı ayrıca bir qanun
olmalıdır ki, bu qanunu da biz yenə parlamentin müxtəlif
komitələrinin iştirakı ilə bir yerdə
hazırlamalıyıq. Həm Sosial siyasət, həm də
İnsan hüquqları, həm də Mədəniyyət
komitəsi birlikdə bu yöndə ayrıca bir qanun layihəsi
hazırlayıb, ortaya qoymalıdır. Bu həm də bir ad,
dil məsələsidir. Ona görə bir neçə komitənin
iştirakı ilə, ancaq əsas yükü Mədəniyyət
Komitəsi öz üzərinə götürməklə, bu
məsələ həll edilməlidir.
– Bu qanunun qəbulundan sonra
adlar və soyadların dəyişdirilməsində, milliləşdirilməsində
məcburilik, yoxsa könüllülük prinsipi əsas
götürüləcək? Eyni zamanda, burada məcburilik kimlərə,
könüllülük kimlərə şamil olunacaq?
– Bu məsələdə məcburilik
yeni doğulan uşaqlara aid olunacaq. Eyni zamanda, yaşlı nəsil
də, daha doğrusu, əvvəlki nəsil də əlbəttə,
bu hüququndan istifadə edə bilər.
– Bəs, Azərbaycanda yaşayan
azsaylı xalqlar – rusdillilər nəzərdə tutulmur – ləzgilər,
talışlar, avarlar, tatlar və sair, onlarla bağlı məsələ
necə olacaq?
– Burada məsələ belə qoyulur ki, kim özünü azərbaycanlı hesab edirsə – bizdə azsaylı xalqların çoxu əslində Azərbaycan xalqının içindədir, yəni, türk mənşəli azərbaycanlılarla qaynayıb-qarışıblar və mütləq əksəriyyət özünü azərbaycanlı hesab edir – öz soyadlarını dəyişdirməlidir. Amma təbii ki, burada da müəyyən istisna nəzərdə tutmaq lazımdır. Əgər birdən kimsə düşünsə ki, o ləzgidir, talışdır və yaxud kürddür, tatdır və onun öz xalqının milli soyad sonluğu, forması var, o zaman təbii ki, ondan istifadə edəcək.
– Milli Elmlər Akademiyasının Xüsusi Komissiyasının təsdiq etdiyi qaydalarda soyadlarla bağlı ən müxtəlif formalar nəzərdə tutulur. Siz, bir komitə sədri, Nizami Cəfərov olaraq onlardan daha çox hansının seçilməsini məqbul hesab edirsiniz?
– Bu günə olan vəziyyət belədir ki, hazırda Azərbaycanda soyadların 80 faizi “ov”, “yev”dir, 10 faizə qədəri “lı”, “li”, “lu”, “lü”dür, 10 faizə qədəri isə “zadə”dir. Bu, artıq bizim cəmiyyətimizin bu məsələyə münasibətdə mövqeyidir. Mən bilirəm ki, rəsmi olaraq o formanı çox az adam daşısa da, amma, bizdə şəkilçisiz soyad forması, xüsusilə, yaradıcı ziyalılarımız arasında daha geniş yayılıb. Məsələn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Araz, Rəsul Rza, Məmməd Rahim və sair və ilaxır. Yəni, mən hər halda daha çox şəkilçisiz soyad formasının perspektivdə olacağına inanıram və əgər mən də soyad formamı dəyişsəm, yəqin ki, bu şəkilçisiz formadan istifadə edəcəyəm.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 26 yanvar.- S.4.