“Elektron təhsil”
layihəsinin təqdimatı
olub
Təhsil Nazirliyində
“Elektron təhsil” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış
edən təhsil naziri Misir Mərdanov
ölkədə təhsil
sisteminin informasiya-kommunikasiya
texnologiyaları ilə
təminatı məsələlərinə
xüsusi diqqət yetirildiyini bildirib. Nazir “2008-2012-ci illərdə
Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində
20 orta təhsil müəssisəsinin “Elektron
məktəb” pilot layihəsinə
qoşulduğunu, yaxın
müddətdə isə
daha 30 tədris ocağında bu yeniliyin tətbiq olunacağını nəzərə
çatdırıb. Təhsil
nazirinin dediyinə görə, layihənin əsas məqsədi təhsilin inkişafı,
müasirləşdirilməsi, məktəbin idarəedilməsi
prosesində və tədrisdə informasiya texnologiyalarının geniş
istifadəsinin təmin
olunmasıdır. Layihənin
tətbiqi məktəbdə
çevik idarəetməyə,
valideyn-məktəb əlaqələrinin
möhkəmlənməsinə, şagirdlərin dərsə
davamiyyətinə nəzarət,
məktəblərarası elektron əlaqələrin
genişlənməsinə, şagirdlərin nailiyyətləri
barədə məlumatlandırmaya
zəmin yaradır. “Elektron məktəb” layihəsi çərçivəsində
məktəblərə İKT avadanlığı verilib,
lokal şəbəkə
yaradılıb, proqram
təminatı məsələləri
həll edilib, müəllimlərin İKT bacarıqlarına
yiyələnməsi sahəsində
tədbirlər həyata
keçirilib: “Təhsilin
tam informasiyalaşdırılması üçün məktəblər
Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması
İdarəsində yerləşən
təhsil şəbəkəsinə
qoşularaq yüksək
sürətli fibrooptik
kabelli internetə qoşulub”. M.Mərdanov vurğulayıb ki, layihə tətbiq olunan təhsil müəssisələrində məktəbin idarəedilməsi
daha şəffaf olur. Həm məktəb, həm də məktəbdənkənar
tədris resursları
müəllimlərə və
şagirdlərə açıq
olur, onlar xüsusi multimedia tədris
məzmununa yönəldilmiş
rəqəmsal materiallardan,
tədris planına müvafiq onlayn kitabxanalardan istifadə edə bilirlər. Məktəbin bütün
müəllimləri sinif
otağında əlavə
resurs kimi hazırlanan proqram təminatı alətlərindən
istifadə etmək imkanı əldə edir, dərslər daha səmərəli planlaşdırılır, yaradıcı
müəllimlər tədris
resurslarını təkmilləşdirə,
yaxud yeni resurslar yarada bilirlər. Bununla yanaşı müəllimlər
İKT-dən testləşdirmə
və nailiyyətlərin
qiymətləndirilməsi prosesində
istifadə edə bilir, şagirdlər isə özlərini qiymətləndirmək imkanı
əldə edir. Təhsil naziri bildirir ki, layihə
çərçivəsində şagirdlərin fəaliyyətlərinə
nəzarəti təşkil
etmək üçün
təhsil müəssisəsinin
saytındakı Elektron
gündəlik sistemində
hər bir şagirdin valideyninə məlum parolu olan ayrıca bölmə yaradılıb.
Bu bölmədə şagirdin
məktəbə gəlib-getməsi,
dərsdə iştirak
edib-etməməsi, hər
fənn üzrə aldığı qiymətlər,
onun dərs cədvəli, müəllimləri
və bu kimi digər məlumatlar öz əksini tapır. Bu məlumatlar real vaxt rejimində daim yeniləşdirilir. Övladlarının
nailiyyətləri haqqında
məlumat almaq üçün valideynin məktəbə, valideyn iclasına getməyə imkanı olmadıqda kifayətdir ki, o məktəbin saytını
açsın və bütün lazımi informasiyanı alsın. Qiymətlər yerləşdirilərkən
həmin informasiyanı
valideynin elektron poçtuna və ya SMS şəklində mobil telefonuna da göndərmək olar: “Proqram imkan yaradır ki, valideynlər uşaqlarının elektron
gündəliklərinə məktəb saytı vasitəsilə istənilən
zaman baxa bilir, məktəb forumunda cari məsələləri müzakirə
edə bilir”.
Təhsil sistemində
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinə görə
Azərbaycanın MDB məkanında
öncül yerlərdən
birini tutduğunu qeyd edən “Ultra” şirkətinin prezidenti Tahir Mirkişili “Elektron Təhsil” layihəsi haqqında məlumat verib. Artıq ölkə üzrə 1000 məktəbdə
elektron dərslərdən
istifadə imkanının
olduğunu vurğulayan
T.Mirkişili Təhsil
Nazirliyinin Təhsilin idarəolunmasının məlumat
sistemləri (TİMS) şöbəsinin
məlumatları əsasında
4500 məktəbin şagird
və müəllim kontingenti barədə məlumatların Data Mərkəzə
daxil edildiyini söyləyib.
“Elektron təhsil” layihəsinin həyata keçirilməsi
istiqamətində görülən
işləri nəzərə
çatdıran “Ultra” şirkətinin
şöbə müdiri
Sərxan Məmmədov
layihənin üstün
cəhətlərini sadalayıb.
“Elektron təhsil” layihəsinin Təhsil Portalı (www.edu.az), “Elektron məktəb” İdarəetmə Proqramı
(ASM), Elektron Dərsləri
İdarəetmə Proqramı
(AeL), Elektron Dərslər (SCORM standartları)
və Milli Təhsil Məlumat Bazasını (NED) özündə
birləşdirdiyinə diqqət
çəkən S.Məmmədov
layihənin məktəb
idarəetməsi, qiymətləndirmə,
tədrisin səviyyəsinin
yüksəldilməsi, valideyn-məktəb
münasibətləri, təhsil
sahəsinə dair müxtəlif statistik göstəricilərin vahid
bazada toplanması baxımından əhəmiyyətli
olduğunu qeyd edib.
Sonda iştirakçıları
maraqlandıran suallar cavablandırılıb, “Elektron
təhsil” layihəsinin
gözlənilən nəticələri
verməsi üçün
həyata keçiriləcək
tədbirlər müzakirə
olunub.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 27 yanvar.- S.2.