Milli dəyərə
çevrilmiş adlar: vətən, millət və ədəbiyyat
sevdalısı Əli Yusifzadə
Filologiya elmləri doktoru,
professor Nazif Qəhrəmanlı Azərbaycanın görkəmli
ictimai-siyasi xadimlərindən biri, şair və publisist Əli
Yusif (Yusifzadə, 1900-1937) haqqında kitab yazıb. Kitabda Əli
Yusifin həyatı, yaradıcılığı, təhsili (Əli
Yusif Cümhuriyyətin xaricə ali təhsilə göndərdiyi
100 nəfərdən biri idi, uğurla təhsilini bitirib vətənə
qayıtmışdı), 20-ci illərdə
çalışmaları, rus işğalına qarşı
gizli mübarizəsi, sürgün həyatı haqqında,
dövri mətbuat və arxiv sənədləri barədə
geniş məlumat verilib. Kitabda Əli Yusifin şeirlərinin
və məqalələrinin mühüm qismi ərəb əlifbasından
transfoneliterasiyada ilk dəfə təqdim olunub. Bu
araşdırmada, Şuşadan çıxmış Yusifzadələr
nəsli, xüsusən Əli Yusifin atası, məşhur
müəllim, tərcüməçi və jurnalist Mirzə
Cəlal Yusifzadə, Əlinin qardaşı professor Alim
Yusifzadə haqqında da bilgi almaq mümkündür. Bu
maraqlı kitabdan parçaları oxucularımıza təqdim
edirik.
YUSİFZADƏLƏR NƏSLİ
Qarabağ
torpağının ən məşhur nəsllərindən
biri Yusifzadələr nəslidir. Bu soyla bağlı
araşdırma aparmış tədqiqatçı Ənvər
Çingizoğlunun fikrincə bu nəslin
başçısı və ilk məşhur şəxsiyyəti
Mirzə Ağa Yusif olmuşdur. O, İbrahim xanın sarayı
ilə bağlı olan alim və şair kimi şöhrətlənmiş,
Qarabağda və Şuşada sözü keçən şəxslərdən
sayılmışdır.
Mirzə Ağa Yusifin
oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun
oğlanları Mirzə Ələkbər və Mirzə Abbas
da görkəmli şair və alim olmuşlar. Bu nəslin
nümayəndələri haqqında məlumatlara Qarabağ təzkirəçi
alimlərindən M.A.Müctəhidzadənin və M.M.Nəvvabın
əsərlərində də rast gəlirik.
Mirzə Ağa Yusifin iki
oğlu, Hacı Mirzə Ələkbərin beş oğlu
olmuş, Mirzə Cəlalın iki oğlu, Alimin bir oğlu
olmuşdu. Yalnız Əli Yusif (əsil adı Ağaəli)
daimi həbslər üzündən evlənə bilməmiş,
buna görə də ona övlad nəsib olmamışdı.
Alim Yusifzadənin atası və
ailəsi haqqında xatirə tipli məlumatında deyilir ki,
ulu babası knyaz oğlu Yusif papaqçılıq etməsinə
baxmayaraq oğul və nəvələrinə savad öyrətməyi
tövsiyə edibmiş.
O, bu nəsildən iki
şaxənin Mirzə Ələkbər və onun
qardaşı Mirzə Abbasdan başlayan nəslin
ayrıldığını xüsusi vurğulayır. Mirzə
Abbasdan iki oğlu (Hacı Mirzə Əbdüləli və
Mirzə Bəşir), Mirzə Ələkbərdən isə
beş oğul (Cavad, Cəlal, Camal, Cabbar, Səttar) və iki
qız (Münəvvər və Sitarə) olmuşdur. Mirzə
Əbdüləlinin də həyat estafetini iki oğlu (Rəşid
və Abbasqulu) və iki qızı (Ziba və Zümrüd)
davam etdirmişdi.
Hacı Mirzə Ələkbərin
üç oğlu (Cəlal, Camal, Səttar) müəllimliklə
məşğul olmuşdur. Yalnız böyük oğul
Cavad babası Yusifin papaqçılıq sənətini davam
etdirmişdir. Məhəmməd ağa Müctəhidzadə
“Riyazül aşiqin” əsərində yazır ki, “Hacı
Mirzə Ələkbər zəmanəsinin bilikli alimlərindən
olub müəllimliklə məşğul idi” .
Yusifzadələr nəsli
ruhanilər nəsli, alimlər nəsli, şairlər nəsli
hesab olunur. Eyni zamanda bu nəslin nümayəndələri
xalqımızın ağır tale dövrlərində
xalqın xilası, düşmənlərə qarşı
mübarizəsi, istiqlal hərəkatında iştirak ediblər.
Məsələn, Mirzə Cəlal Yusifzadə Zaqafqaziya
seyminin işində (1918) Müsavat və demokratik bitərəflər
qrupunda təmsil olunmuş, həmin siyahıda 28-ci şəxs
olmuşdur.
Mirzə Cəlal Yusifzadə xalqımızın bir çox görkəmli övladları ilə tanış idi, onlarla şəxsi və yaradıcı əlaqə saxlayırdı. 1920-ci ilin payızında N.Nərimanov Şuşaya gələrkən o, Mirzə Cəlalla görüşmüş, onunla söhbət etmişdi. Alim Yusifzadə öz xatirəsində yazır: “Güman etmək olar ki, Nəriman Nərimanovla aparılmış söhbətdə xalqın savadlanması və maarif məsələlərinin həlli mühüm yer tutmuşdur. Təsadüfi deyildir ki, həmin görüşdən sonra Mirzə Cəlal Qarabulaq (Qaryagin, indi Füzuli şəhəri) qəsəbəsinə, müəllim hazırlığı kurslarında işləməyə dəvət edilmişdir”.
Yusifzadələr xalqın taleyüklü günlərində həmişə irəli çıxmış, fədakarlığa və qəhrəmanlığa həmişə hazır olmuşlar.
Mirzə Cəlalın qardaşı Mirzə Cəmal Yusifzadə ondan iki yaş kiçik olub, Qaryagində “Difai” təşkilatının fəaliyyətində mühüm rol oynamışdır. Əli Yusifzadə Azərbaycanda Paris siyasi elmlər məktəbini qurtaran iki şəxsdən biri idi. O, 1918-ci ildə Şuşa Milli Komitəsinin rəhbərlərindən biri olmuş, türk qoşunlarının Qarabağa çağrılması üçün danışıqlar aparmış, Azərbaycanda ADR hökumətinin yaranmasında fərqlənmiş, Sovet dövründə gizli Müsavat partiyasının fəaliyyətinin istiqamətləndirmişdi.
Yusifzadələr nəslinin ən faciəli fiquru da odur – Əli Cəlal oğlu Yusifzadə (ədəbi imzası Əli Yusif, Əli Yusif Rai). Bu görkəmli insanın həyatı və fəaliyyəti yetərincə öyrənilmə-mişdir. Əli Yusif Azərbaycan tarixinin kifayət qədər təkrarsız, unikal, orijinal və parlaq şəxsiyyətlərindən biridir. O, Yusifzadələr nəslinin hələlik ilk və son əqidə və vicdan şəhididir. Əli Yusif XX əsrin ilk ali diplomatik təhsil almış bir siyasət adamıdır.
Onun qardaşı Alim Yusifzadə ona bənzəmədi. O başqa yolla getdi. Qardaşının tam əksinə olaraq o, NKVD, DTK işçisi oldu, müharibədə iştirak etdi, sovet kəşfiyyatının bacarıqlı nümayəndələrindən oldu, təhsil və elm sahəsində çalışdı, alim adını elmdə də təsdiqlədi. Doğrudur, o, Ali Pedaqoji İnstitutu bitirdikdən sonra bir müddət Salyanda müəllim işləmişdir.
Alim Mirzə Cəlal oğlu Yusifzadə 1917-ci ilin fevralında doğulmuşdu. Əli Yusif həbs olunarkən onun 8 yaşı vardı (protokolda da Ə.Yusifzadənin kiçik yaşlı qardaş və bacısı olduğu qeyd edilmişdi). 1938-ci ildə hərbi işə keçmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. O, uzun müddət XDİK (NKVD), DTK orqanlarında xidmət etmiş, İranda, Mancuriyada, Çində və Avropada məsul tapşırıqları yerinə yetirmişdir. Təhlükəsizlik orqanlarında, xüsusən DTK-da məsul işçi, şöbə rəisi olmuşdur. Mirzə Cəlalın ilk həyat yoldaşı Leyla xanım öldüyü zaman uşaqları azyaşlı idilər və o, Əbdüləli əmisinin qızı Ziba xanımla evlənmiş, Ziba xanım uşaqlara həqiqi mənada analıq etmişdir. Ziba xanım 1940-cı ildə vəfat etmiş, Alim müəllimin yazdığına görə köhnə qəbiristanda əri Mirzə Cəlalın yanında dəfn olunmuş, lakin müharibə dövründə qəbirlər dağıdılaraq itirilmişdi.
A.Yusifzadə qeyd edir ki, atası Mirzə Cəlalın ilk nikahdan bir oğlu (Əli Yusifzadə, 1898-1937) və iki qızı (Səhba, 1896-1923; Şəhla, 1900-1959) olmuşdur. Ə.Yusifzadənin doğum tarixindəki fərq diqqəti cəlb edir. Çünki həm istintaq sənədlərində, həm də Cümhuriyyət Ensiklopediyasında (s. 2, Bakı, 2005, səh. 358-359) Əlinin doğum tarixi 1 yanvar 1900-cü il göstərilmişdir. Tədqiqatçılardan A.Çingiz, A.Bayramoğlu, A.Ülvü də bu tarixi 1900 kimi qeyd etmişlər. Ə.Yusifzadənin dəqiq ölüm tarixi (1937) yalnız Ənvər Çingiz oğlunun “Soy” dərgisindəki məqaləsində və Alim Yusifzadənin xatirəsində düzgün qeyd edilmişdir. Tədqiqatçıların bir çoxu Əli Yusifzadənin ölüm tarixini dəqiq bilmədiyindən onu göstərə bilməmiş, Cümhuriyyət Ensiklopediyasında məqalə müəllifi 1926-cı ili göstərmiş, çoxları (elə yazıçı O.Volkov da!) onun Solovkidə aclıqlar zamanı və sürgündə öldüyünü ehtimal etmişlər. Halbuki istintaq işində onun qətlinin dəqiq tarixi vardır – 18 avqust 1937, Daşkənd.
Əli Yusifzadənin 1898-ci il təvəllüd tarixinə gəlincə bu nəsə bir anlaşılmazlıqla bağlıdır. Onu doğum tarixini dəyişməyə nə vadar edirdi? Lakin istintaq mənbələrinin bir neçəsində onun doğum tarixi 1890-cı il kimi göstərilmiş, qeyd edilmişdir ki, onun 36 yaşı vardır (!). Çox ehtimal ki, onun doğum tarixi 1900-cü ilin əvvəlinə düşür. (Əksər sənədlərdə də belədir).
Calal Alim oğlu Yusifzadə 29 noyabr 1950-ci ildə Bakıda doğulmuşdu. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft Akademiyası) Kimya-texnologiya fakültəsini bitirmiş, Azərbaycan SSR Nazirlər Soveti yanında Kimya və Dağ-mədən sənayesində işlərin təhlükəsizliyi üzrə Dövlət Komitəsində sahə mühəndisi işləmiş, 1982-ci ildən Yeni Bakı Neftayırma zavodunda (hazır-da H.Əliyev adına NZ) baş mühəndisin təbiətin mühafizəsi üzrə müavini kimi çalışmışdı. C.Yusifzadə 1990-cı ildən Dövlət Neft Şirkətində böyük mühəndis kimi ömrünün sonunadək işləmişdi. O, 2008-ci ilin noyabrın 16-da Bakıda 58 yaşında vəfat etmişdir.
Onun (oğul və qız) iki övladı vardır. Atasının neftçi ixtisasını davam etdirən oğlu kiçik Alim BP şirkətində, qızı Afaq isə tikinti şirkətlərindən birində çalışır.
Alim müəllimin qızları da atası kimi elm yolu ilə getmiş, elmi nailiyyətlərə və nəticələrə nail olmuşlar.
Aida Alim qızı Yusifzadə (doğulub 16 dekabr 1947) 1970-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirmiş, ordinatura və aspiranturanı Moskvada tamamlamış, 1979-cu ildə orada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun dissertasiyası yoluxucu xəstəliklərə həsr olunmuşdu və müdafiəsi çox böyük uğurla keçdiyindən Moskvadakı İkinci Tibb İnstitutunda saxlanmış və hazırda orada yoluxucu xəstəliklər kafedrasında çalışır. Ailəlidir və bir qızı var.
Alina da neft sahəsi üzrə mütəxəssisdir, elmlər namizədi, dosentdir. Azərbaycan Neft Akademiyasında dərs deyir.
Calal müəllimlə telefonla bir neçə dəfə söhbətləşmiş, bu nəsllə bağlı ətraflı söhbət etməyi planlaşdırmışdıq. Təəssüf ki, o xəstələndi və biz bu görüşü hey təxirə salmalı olduq. O, isə qəflətən rəhmətə getdi.
Alina xanımla Azərbaycan Neft Akademiyasının işlədiyi kafedrada görüşdük. O, ailələri, atası haqqında öz kövrək duyğularını gizlətmədi. “Atam ağır xəstə olsa da bunu büruzə vermir, xəstəliyini hiss etdirmək istəmirdi. 2001-ci il fevralın 20-də onun 84 yaşını ailəvi qeyd etdik. Mən hər gün 2-3 dəfə ona baş çəkir, döşəkağısını, balışının üzünü dəyişirdim. Martın 23-də onun vəziyyətinin ağır olduğunu görüb işə getmədim. Həmin gün o mələfələri dəyişməyə razı olmadı. Onun ölümü həmin axşam mənim gözlərim önündə oldu. O yalnız bizə onun üçün “Yasin” oxumağı tapşırdı”.
Alina Alim qızı Yusifzadə 14 iyun 1944-cı ildə Bakıda doğulmuşdur. Şəhərdəki 23 saylı məktəbi gümüş medalla bitirmiş və ADNA-nın Kimya-texnologiya fakültəsinə daxil olmuş, onu müvəffəqiyyətlə tamamlamış, 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ilin fevralından həmin institutda dərs deyir, “Neftin, qazın kimyası və emalı” kafedrasının dosentidir. 85 elmi əsəri vardır. Əsərləri təkcə Azərbaycanda deyil, Moskva, Sankt-Peterburq, habelə Almaniya mətbuatında çap olunmuşdur. Alina xanımın hazırladığı elmi kadrlar və aspirantlar sırasında Yəmən, Banqladeş, Hindistan və Mavritaniyadan olan mütəxəssislər də vardır.
Yusifzadələr
nəslinin nümayəndələri arasında Qori
seminariyasının məzunu, Moskva və Leninqrad Univer-sitetlərində
təhsil almış, çoxlu xarici dilləri bilən
ziyalı insanlar olmuşdur. Təkcə Mirzə Cəlalın
deyil, onun qardaş və bacılarının
övladlarının əksəriyyəti ali təhsil
almış, elm və təhsil sahəsində
çalışmışlar və
çalışırlar.
BİR YETİMİN LİSANINDAN
XX əsrin əvvəli Azərbaycan ictimai, fəlsəfi və bədii fikrində görkəmli şəxsiyyətlərin, bədii istedadların, siyasi xadimlərin çox sayda meydana çıxması ilə əlamətdardır. Universal yaradıcılıq ampluasına malik Cəfər Cabbarlı, Əli Yusif, Ümmgülsüm, Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Məmmədzadə və b. istedadlı gənclərin meydana çıxması, həm bədii söz meydanında, həm də siyasət sahəsində fəal özünütəsdiqi ilə müəyyənləşir.
Şair, publisist, istiqlal mücahidi olan Əli Yusif Mirzə Cəlal oğlu Yusifzadə (1900-1937) bu dövrün yaradıb formalaşdığı ən istedadlı gənclərdən biri idi. O, 11 yaşında yaradıcılığa başlamış, 18 yaşında Ənvər Paşa ilə danışıqlar apararaq onu Şuşaya dəvət etmiş, Parisdə təhsil almış, Solovkidə müsavat aclıqlarının təşkilatçısı olmuşdur.
Əli Yusif haqqında şair kimi daha çox bəhs olunmuşdur. Tədqiqatçı Abbas Çingiz, araşdırıcılardan İslam Ağayev, Aybəniz Əliyeva, Şamil Vəliyev, Alxan Bayramoğlu, Əflatun Saraclı, Almaz Ülvi, Maral Hüseynova və b. onun tərcümeyi halının bəzi məqamlarından və şair kimi məziyyətlərindən bəhs etmişlər. Əli Yusif haqqında 2004-cü ildə Bakıda buraxılmış Cümhuriyyət ensiklopediyasında da ensiklopedik soraq məlumatı vardır. Təəccüblüdür ki, həmin ensiklopediyada bütün göstəriciləri Əli (Ağaəli) Yusifzadə ilə uyğun gələn başqa bir Ağaəli Yusifzadə (Ağəli Mirzə Cəlal oğlu Yusifzadə, doğulub 1900, Şuşa) haqqında məlumat verilmişdir ki, guya o, 1920-ci ildə ali təhsil almaq üçün Fransaya göndərilmişdir. Fərq yalnız bundan ibarətdir ki, ikinci Ağaəli ali təhsilini texnika sahəsində almaq üçün Mulxuz Politexnik məktəbinə göndərilmişdir (Cümhuriyyət Ensiklopediyası, c. 2, səh. 443). Lakin qeyd etməliyik ki, ikinci ensiklopedik məqalə səhv ucbatından getmişdir. Ola bilsin ki, Əli Yusifzadənin ali təhsil alması üçün əvvəlcə texniki ali məktəblərdən biri nəzərdə tutulmuş, sonra yer olmadığından və ya Əli Yusifin öz istəyi ilə bu təhsil müəssisəsi Paris siyasi məktəbi ilə əvəz edilmişdir.
Bəzi müəlliflər, xüsusən Abbas Çingiz Əli Yusifin yaradıcılığa 1915-ci ildə “Qurtuluş” jurnalında şeirlə başladığını qeyd edirlər. Halbuki Əli Yusifzadənin ilk şeir, hekayə və tərcüməsi 1911-ci ildə “İşıq” jurnalında çap edilmişdir.
O, yaradıcılığa tərcümə ilə başlamışdır. İlk qələm təcrübəsi Krılovdan poetik tərcümə etdiyi “İki kotan” şeiridir. “İşığ”ın 1911-ci il 3-cü sayında (səhifə 8) çap olunmuş bu tərcümənin müəllifi oxuculara belə təqdim olunurdu: “On bir sinnidə realni məktəbin ikinci sinfində təhsilə məşğul olan bir şagirdin Krılovdan mənzun tərcüməsidir”.
Məlumdur ki, Krılovdan ilk tərcümələr hələ XIX əsrdə edilmişdir. Bu tərcümələr ilk dəfə A.Bakıxanov, daha sonra Həsənəlixan Qaradağı və A.Şaiq tərəfindən edilmişdir. XX əsrin əvvəlində edilən ilk tərcümələrdən biri Əli Yusifzadənin tərcüməsidir. Bu tərcümə 11 yaşında uşaq tərəfindən edildiyinə baxmayaraq orijinala yaxınlığı və dilinin səlisliyi ilə diqqəti cəlb edir. (“İki kotan” təmsili Əli Yusifdən iki il sonra 1913-cü ildə Mürşüd Balaqardaş tərəfindən tərcümə və çap edilmişdi).
“İşıq”
məcmuəsində Əli Yusifin orijinal əsərləri də
çap edilmişdir. “İşıq” jurnalında şairin
“Balıq və pişik” təmsili də çap olunmuşdur
(“İşıq”, 1911, ¹15, səh. 7). Əsərdə
nağıl olunur ki, bir gün balıq da pişik kimi
siçan ovuna getmək istəyir və bu məqsədlə
məstan pişiyə müraciət edir. Hər ikisi öz
igidliklərindən bəhs edir, pişik onu siçan tutmaq
üçün zirzəmiyə aparır. Onlar ambara girən
kimi – balığın başına bir daş
düşüb onu yaralayır, pişik isə bir
siçanı pusub onu tutub yeyir. Əsərdən
çıxan nəticəni şeir aşağıdakı məna
ilə bildirir:
Hər kəs bilmədigi işə yapışır
Görmədigi
bəlalarla tapışır.
“Balığ və pişik”
təmsili 11 yaşlı uşaq şairin
yaradıcılıq məhsulu olsa da o, əsərin mərkəzinə
ibrətamiz bir ideya (balığın pişik yerişi ilə
yerimək istəməsi) qoya bilmiş, münaqişəni həll
edə bilmişdir.
“Anaların təfavütü” hekayəsi (“İşıq”, 1911, ¹26, 27 avqust, səh. 6) folklor süjeti mövzusundadır. Əsər sırf ağız ədəbiyyatı ilə yazılı ədəbiyyatın fərqini aydınlaşdırmaq məqsədi daşıyır. Burada müəllifin dilindən qoca nənənin nağılları, dərvişin (dərvişlərin) nağılları və kitabdan öyrənilən nağıllar fərqləndirilir. Əsərin məzmunundan aydın olur ki, o tərcümeyi-hal xarakterlidir. Hər gün qoca nənəsi ona Falay dayının qara divi öldürməsini, ağ divin qarnını yırtmasını, dəyirman daşından əmud qayırmasını söyləyir. İkinci gün başqa nağıllar danışır. Qəhrəman ikinci halda dərviş nağıllarına aludə olur və bu, onun atasını narahat edir. Atası onu məktəbə qoyur. Oğlan oxuyub yazmaq öyrənəndən sonra qiraət kitabından müxtəlif əhvalat və hekayələri öyrənməyə başlayır.
Bu kitabda dörd yaş yarımlıq Əhmədə nənəsinin söylədiyi nağıl da öz əksini tapır. Artıq burada nənəsi Əhmədə divlərdən deyil, həzrəti Adəmdən, Sultan Məhəmmədin İstanbulu almasından, Amerikanın kəşf olunmasından söz açır. Əgər əvvəlki nənə öz nağıllarını öz ata-anasından eşitdikləri əsasında qururdusa bu dəfə nənə (yəni Əhmədin nənəsi – N.Q.) öz nağıllarını kitabdan oxunanlar əsasında qurur. Beləliklə, ibrətamizlik, miflərdən reallığa doğru inkişaf bu əsərdə izlənilmiş əsas meyllərdəndir.
Şuşa realni məktəbinin ikinci sinif şagirdinin “İşıq”la əməkdaşlığı faydalı oldu. O şeir və hekayədə, publisistik janrlarda da öz gücünü və məharətini sınadı.
1913-cü ilin
fevralında “Məktəb” jurnalında Əlinin daha bir
şeiri çap olundu. “Vətənim” adlı bir şeir on
üç yaşlı bir uşağın artıq
böyüklərlə bir cərgədə
addımladığını göstərirdi. O, bu şeiri
ilə əsas mövzulardan birini tapdı, doğma vətənin
aşiqi oldu. Burada o, vətənini möhtərəm validəyə
(yəni anaya) bənzədir və yazırdı:
Vətənim, valideyi-möhtərəməm,
Səni bir ləhzə fəramuş edəməm.
Unutarsa vətənim bir kəs əgər,
Həqq
yanında o böyük cirm eylər.
1905-1909-cu illər
arasında A.Şaiqin, A.Səhhətin Vətən haqqında
yazdıqları şeirlərin Əlinin vətən
düşüncəsinə güclü təsiri olub.
1915-ci ildə “Qurtuluş” jurnalı özünün 2-ci nömrəsində “Qürub çağı bir yetimin məhkumluğu” mövzusunda istər şeir, istərsə də nəsr əsərinin yazılması üçün müsabiqənin açıldığını bildirir və deyirdi: “Qürub çağı bir yetimin məhkuməsini istər şeirə, istərsə nəsrə təsvir edə biləcək şəxs idarəmiz tərəfindən bir yıllıq abunəmizlə Sabirin “Hophopnamə”sini alacaq”.
Jurnalın məlumatlarından aydın olar ki, həmin müsabiqədə C.Cabbarlı, Ümmgülsüm, Əli Yusifzadə mükafatlara layiq görülmüşlər. Əli Yusifin “Qüruba qarşı bir yetimin lisanından” şeirində real fonla yanaşı romantik hisslərin çulğaşdığı süjetli lirikanın konkret nümunəsi yaradılmışdır.
“Qüruba
qarşı bir yetimin lisanından” – anasını erkən
itirən azyaşlı uşaqla anası arasında son
mükaliməni əks etdirir. Ana ilə oğulun vidalaşma
prosesini batan günəşin qürubu müşaiyət
edir. Dərin hissiyyatla yazılmış şeirdə ana
qaralan günəşlə müqayisə olunmaqla bərabər,
uşağın ruhu sınıq və bərbaddır.
Çünki anası onu tərk edib əbədilik gedir.
Bu günəş kim qararıbdur batacaq
Andırır ah mənim validəmi.
Qara torpaqda onun tək yatacaq.
Fəqət olmaz bu onun tək
ədəmi
Yenə gün şövqilə
artıq gediyor
Bizə bir sübh səfa vəd
ediyor...
Andırır ah o birəng
ziya
Annəmin son kəlamətini...
Ah, yavrum, səni artıq
atıram,
Bax günəş tək
qararıb da batıram.
Səni öz bəxtinə
bax tərk edirəm,
Gəl, yüzündən
öpüm ki, mən gedirəm.
Ə.Yusifin şeiri
“Qurtuluş” jurnalının 1915-ci il 4-cü nömrəsində
çap edilmişdir. Şeirin ardı 5-ci nömrədə
çap olunmalı imiş, lakin məcmuənin növbəti
nömrəsi çıxmadığından şeir
bütünlüklə çap olunmamışdır.
Əli Yusifin şeiri demək
olar ki, tərcümeyi-hal xarakterlidir. Məlumdur ki, o beş
yaşında olarkən anası Leyla xanım vəfat
etmiş, atası yenidən, bu dəfə Ziba xanımla evlənməli
olmuşdur. Lakin anasının erkən ölümü onu
uzun müddət sarsıtmış, onu ana haqqında
düşüncələrə qərq etmişdi.
“Qurtuluş” jurnalından
alınan mükafat Əli Yusifin ilk və son mükafatı
oldu. Doğrudur, Azərbaycan Xalq Cümhuriyyəti illərində
Əli Yusif öz həmkarları C.Cabbarlı və
Ümmgülsümlə birgə mətbuatda şeir və məqalələrlə
çıxış etmişdir. O həmin adamlarla, eləcə
də Seyid Hüseynlə birgə “Yaşıl qələm” cəmiyyətinin,
daha sonra “Ədəbiyyat cəmiyyəti”nin işində fəallıq
göstərmişdi.
“Qüruba qarşı bir
yetimin lisanından” şeirində Əli Yusif ilk dəfə
olaraq Rai, yəni çoban imzasını işlətmişdir.
Məlumdur ki, Əli Yusifin 1918-1920-ci illərdə
yazılmış bəzi seirləri də Əli Yusif Rai
imzası ilə çap olunmuşdur (“Getmə”, “Qonaqlara” və
s.).
Doğrudur, çarizmin
çökməsi ilə başlanan siyasi hadisələr gənc
Əli Yusifin də düşüncəsinə yeni ovqat, yeni
qayğılar gətirdi. O milli hərəkata qoşuldu və
Azərbaycan xalqının milli-azadlıq hərəkatında
iştirak etdi. Azərbaycanın görkəmli istiqlal xadimlərini,
xüsusən Məmməd Əmin Rəsulzadəni, Nəsib
bəy Yusifbəylini, Əhməd Cavadı, Mirzə Bala Məmmədzadəni,
Cəfər Cabbarlını, Dadaş Həsənovu və
başqalarını yaxından tanıdı. 1917-ci il onun həyatında,
təzəcə orta təhsili tamamlamış bir gəncin həyatında
böyük bir iz buraxdı. İkinci dünya müharibəsinin
sonunda Türkiyədən Qafqaza gələn qaçqınlar
çoxaldı. Bu zaman xüsusən Qars, Ərdəhan
qaçqınlarına köməklə əlaqədar xeyriyyə
cəmiyyətləri təşkil edildi. Bu qəbilli cəmiyyətlərin
təşkilində Bakı milyonçuları və Azərbaycan
ziyalıları fəal iştirak etdilər. 1917-ci ildə həmin
xeyriyyə cəmiyyətlərinin xətti ilə “Qardaş
köməyi” adlı bir məcmuə də buraxıldı.
Bu məcmuədə şeir, hekayə, məqalə müəllifləri
sırasında Ə.Cavad, Ş.Əfəndizadə,
S.Hüseyn, M.Ə.Rəsulzadə, Əli Yusif Rai və
başqaları var idi. Bu kitabda “Qonaqlara” adlı şeirlə
çıxış edən Əli Yusif Rai Qoca Qafqazdan “mərhəmət
qucağın açmağı”, bu dəfəki qonaqların
əvvəlkilərdən fərqləndiyini, çoxusunun
yaralı, qanlı, çabalayan qadınlar, uşaqlar və
qocalar olduğunu göstərir. Cavanlar, dəliqanlılar
şəhid olmuş, əlsiz-ayaqsızlar isə çətinlik
qarşısında qalıb vətəni tərk etmişlər.
Bu qonaqlar taleyin didərgin saldığı, “bəlaların
çulğaladığı” yerlərdən gələn
qonaqlardır.
Qoca, cocuq, qadın,
yaralı, ölən
Allah, allah, bu ki, bir diri mədfən!
Nerdən gəlirsən, ey
allah qonağı?
Səni yaralamış
düşmən yarağı.
Ey qoca türk, nə gəzirsən
bu dağı?!
Kimdən qaçıb, kimə
olmuşsan yağı.
Yarın günəş
doğar dağlar dalından
Hər şey gülər,
oyanar, olur şadiman.
Əli xeyriyyəçilik,
xeyirxahlıq ruhunu sonralar müsavatçı dostları,
müsavatın liderləri ölkədən dərbədər
düşəndən sonra da davam etdirmişdi. O, istintaqa
verdiyi ifadələrdə də bunu etiraf etmiş və
demişdi ki, bu iş üçün xüsusi komissiya
yaradıblar, həbsdə olan müsavatçıların ailələrinə
kömək ediblər.
SON SÖZ ƏVƏZİ
Solovkiyə sürgün olunan
insanların (Əli Yusifzadə ilə eyni vaxtda – red.) taleyi
necə oldu?
Onların bir qismi elə
Solovkidə şaxtaya, soyuğa, düşərgə rejminin
ağırlığına dözməyərək həlak
oldular.
Bəziləri aclıq
aksiyaları zamanı canını tapşırdı. Qori
seminariyasının məzunu, müəllim Əlövsər
Nəcəfov və hərbçi İbrahim Axundzadə
aclıq zamanı, hərbçi Xasay Kərimzadə, həkim
Cahangir Ağayev xəstəlikdən ölmüşlər.
Bir qismi vətənə
qayıtdı. 1933-də Bakıya qayıdan alovlu mübariz Rəhim
bəy Vəkilov təqib və
gözümçıxdılara dözmə-yərək
özünü öldürdü. O guya evdə məktub
qoyaraq özünü Kürə atıbmış... Bəlkə
bu heç intihar deyil, zorakı qətl aktı idi...
1937-ci ildə
qayıtmış insanların böyük qismi yenidən
repressiya olundular, çoxu ən ağır cəzaya –
güllələnməyə məhkum edildilər. Onların
on nəfəri 1937-ci il iyulun 28-də güllələndi. Bəziləri
sürgündən sürgünə göndərildi: Əbdülrəhman
Dai, Əli Yusif, Nəsrulla İsrafilzadə kimi.
Əli Yusifi (Yusifzadəni)
ölüm Daşkənddə haqladı.
İlk sürgün
insanlarından biri, hələ tələbə ikən
Solovkinin dadını bilmiş Qurban Musayev (Musazadə) 1982-ci
ildə Bakıda vəfat etdi.
Sürgün olunmuş ilk
dram aktyoru İbrahim Azəri (Atakişiyev) 1969-ci ildə
Bakıda dünyasını dəyişib.
1927-ci ildə sürgünə
göndərilmiş, 1937-ci ildə yenidən 10 il
sürgünə göndərilən şair və vətənpərvər
Müin Niyazi 1967-ci ildə Bakıda vəfat edib.
Rus yazıçısı
Oleq Volkovun böyük məhəbbətlə söz
açdığı Qarabağdan olan müəllim Mahmud Məmmədov
1930-cu illərdə Azərbaycana qayıtmış,
sonrakı taleyi məlum deyil.
(Mədinə Qiyasbəyli
özünün istintaq işində Mahmud müəllimlə
1933-də Bakıda
görüşdüyünü söyləyir).
Əli Yusifzadənin taleyi qəribə
oldu. O, 1927-ci ildə də gizli mübarizə dostları
Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov,
Mir Bağır Seyidrzayevlə birlikdə güllələnə
bilərdi. Belə ki, yerli GPU 14 nəfərə güllələnmə
tələb etmişdi: onların içərisində Əli
Yusifzadə də vardı...
O Solovki aclıqlarında, dəhşətli
soyuqlardan və işgəncələrdən ölmədi;
Sovet represiya maşınının keçirdiyi növbəti
“təmizləmə” əməliyyatının qurbanı oldu.
Yeri gəlmişkən Oleq
Volkov 1996-cı ildə Moskvada 96 yaşında vəfat edib.
Solovki məhbusları içərisində ən çox
yaşamışı odur. Qəribədir ki, Əli Yusifzadə
də O.Volkov kimi 1900-ci ilin yanvarında anadan olub, amma ondan az
qala üç dəfə az yaşayıb.
Akademik Dmitri Lixaçov 2
oktyabr 1999-cu ildə Sankt-Peterburqda 93 yaşında vəfat
edib.
İnquş hərbçisi
və yazıçısı Sozerko Malsaqov 1976-cı ildə
Londonda vəfat edib.
Solovkiyə səfərindən
cəmi 7 il sonra, 1936-cı ildə böyük proletar ədibi
adlandırdıqları Maksim Qorki Moskvada vəfat etdi. Elə
o vaxt onun zəhərlənməsi haqqında xəbərlər
yayılmışdı.
Solovki həbs düşərgəsi
1939-cu ildə M.Qorkinin qudası L.P.Beriyanın SSRİ Təhlükəsizlik
Komissarı olduğu vaxtda ləğv olunub.
Bəs cəza verənlərin
aqibəti necə oldu? 1929-cu ilin fevralında Azərbaycan
BSİ rəisinin müavini S.İ.Qorobçenko, Şərq
şöbəsinin gizli əkskəşfiyyat bölməsinin
müdiri A.M.Nazarov, Şərq şöbəsinin müdiri
K.S.Jukov, həmin şöbənin əməliyyat müvəkkili
Moroz həbs edildilər. Müsavatçılara və
ittihadçılara qarşı xüsusi qəddarlıq
göstərmiş bu adamların qudurğanlığı o dərəcəyə
çatmışdı ki, restoranların birində
yaxşı yeyib-içəndən sonra elə orada istirahət
edən bir qrup vətəndaşla dava salmış, onları
birbaşa QPU-nun zindanına aparmışdılar. Bu bir yana
dursun, Qorobçenko onlardan biri Rəhim Sultanovu elə oradaca
güllələmişdi. Zərərçəkənlər
də Moskvayacan getmiş, bu azğınların
özbaşınalığından şikayət etmişdilər.
Nəticədə onların hər biri layiqli cəzasını
aldı və müxtəlif müddətlərə
sürgün olundu. Bunlar o şəxslərdir ki, Azərbaycan
ziyalılarına zülm edir, onları dəstə-dəstə
Solovkiyə göndərirdilər. “Su çanağı suda
sınar” deyiblər. Xatırladaq ki, cəza verənlərin əksəriyyətinin
dörd sinif təhsili vardı, amma sürgünə göndərilənlərin
çoxu ali təhsilli, savadlı və ziyalı insanlar idi.
Cəza verənlərin
siyahısında böyük və məsul vəzifə
tutanların da aqibəti diqqəti çəkir. 1920-ci ildən
ÇK-QPU-ya rəhbərlik edənlərdən biri,
1924-cü ildən bu cəza orqanının sədr
müavini, 1934-1936-cı illərdə isə SSRİ Xalq
Daxili İşlər komissarı Henrix Yaqoda çox cinayətlər
törətmişdi. ÜK(b)MK Siyasi Bürosunun 31 mart 1937-ci
il tarixli 45 saylı qərarında Yaqoda dövlət əleyhinə
və s. cinayətlərdə ittiham edilir və deyilirdi ki,
“Siyasi Büro onun partiyadan və MK-dan
çıxarılımasını zəruru hesab edir. Partiya
üzvlərinin nəzərinə çatdırılırdı
ki Yaqodanın bir gün belə azadlıqda qalması təhlükəli
olduğundan onun dərhal həbsi haqqında sərəncam
verilsin”. Lakin Siyasi Büronun daha 2 qərarından sonra Yaqoda
1937-ci il aprelin 3-də həbs edildi və 1 il sonra güllələndi.
Onun işinin davamçısı olan Nikolay Yejovun da
komissarlıq müddəti uzun sürmədi (1936-1938). O əvvəlcə
SSRİ Su Nəqliyyatı naziri vəzifəsinə göndərildi,
1939-cu ildə həbs edildi və 1 il sonra güllələndi.
Cənubi Qafqazda kütləvi cəza tədbirlərinin təşkilində
və icrasında böyük rol oynamış, 1938-1945-ci illərdə
SSRİ Xalq Daxili İşlər Komissarlığına
başçılıq etmiş Lavrenti Beriya da Stalinə
çox yaxın bir adam kimi tanınırdı. Lakin Stalinin
ölümündən sonra o da öz payını aldı,
1953-cü il dekabrın 23-də SSRİ Ali Məhkəməsinin
Hərbi kollegiyasının marşal İ.S.Konevin sədrliyi
ilə keçən iclası ona ölüm hökmü kəsdi
və hökm dərhal icra olundu.
Layiqli cəza alanlar
sırasında bir nəfər də var: bu adam daşnak, amma
1919-cu ildən bolşevik partiyasına soxulmuş Apresyan
Derenik Zaxaroviçdir (1899-1939). 1927-1938-ci illərdə təhlükəsizlik
sistemində xidmət etmiş həmin şəxs 1937-1938-ci
illər arasında Özbəkistan SSR Xalq Daxili İşlər
Komissarı olmuşdur. Şübhəsiz Ə.Yusifzadənin
qətl edilməsində bu “çekistin” müstəsna əməyi
vardır. Qəribədir ki, bir il sonra özü də həbs
edilib, güllələnən bu daşnak indiyəcən bəraət
almayıb.
Görkəmli şair,
publisist, istiqlalçı və mücadiləçi olan Əli
Yusifzadənin həyatı, yaradıcılığı
böyük qəhrəmanlıq örnəyi, şücaət
örnəyidir. O qüdrətli bir idealist, yorulmaz milliyyətçi,
milli özgürlüyün, idealın, müstəqillik
ideyalarının yorulmaz və yenilməz
daşıyıcısı idi.
Onun vətənçi,
yurdçu, istiqlalçı fikir çırağı 1937-də
bir sovet gülləsi ilə söndü. O, Nəsib bəy
Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy
Ağayev, Firudin bəy Köçərli, Xudadad Rəfibəyli
və başqa bir çoxları düşmən gülləsinə
tuş gələn milli ziyalı və siyasətçilər
nəslinin ən güclü və ləyaqətli varislərindən
biri idi. O, Əhməd Cavad, Cəfər Cabbarlı, Əmin
Abid (Gültəkin), Ummgülsüm, Almas İldırım
kimi istiqlal ədibləri arasında da öz guşəsi olan
ədəbi şəxsiyyətdir.
Əli Yusifin alovlu şairləri
və məqalələri onun işıqlı taleyindən,
qiymətli yaradıcı irsindən əbədi xatirədir.
Bu şeir və məqalələr dərsliklərə
salınmalı, milli istiqlalın nizamnamə və təlimatnaməsi
kimi öyrənilməlidir.
Bu qəhrəman öz əməlləri
ilə sovet rejiminə qarşı möhtəşəm
mübarizəsi ilə sübut etdi ki, onun şeir və məqalələrində
qələmə aldığı fikir, əqidə və mətləblər
boş və mənasız söz yığını deyil,
mili məfkurədir, siyasi əqidədir, həyat-məmat
prinsipidir.
Əli Şuşada orta,
Parisdə ali təhsil aldı. Avropada qala bilərdi, amma
qalmadı. “Mən o solğun çiçəkdən
ayrılmam” – dedi. Bununla öz seçimini etdi.
Əli Yusif bizim unudulmuş
qəhrəmanlarımızdandır. Onun simasında
keçmişdən kül deyil, od almışıq.
Nazif QƏHRƏMANLI
525-ci qəzet.- 2011.- 27 yanvar.- S.6.