Sehrli barmaqlarla... söhbət
Gitara ifaçısı Elman Namazoğlu ilə telefon söhbətimdə ondan müsahibə götürmək istədiyimi bildirdim.
Əvvəlcə tərəddüd etsə də, təkidimdən sonra razılaşdı.Və beləliklə, qərarlaşdığımız məkanda gitaranın usta ifaçısı, 2005-ci il üçün “Zirvə” mükafatı
laureatı Elman Namazoğlu
ilə görüşdük. Söhbətimizə pürrəngi
çay içə-içə başladıq...
Özü haqqında soruşdum...
– Bakının Qaraçuxur qəsəbəsində anadan olmuşam. Ailədə səkkiz nəfər idik. Atam, anam, dörd qardaş və iki bacım. Ailəmiz böyük olsa da, hər zaman yeməyə çörəyimiz olub. Yeməyə çörəyimiz olubsa, demək kasıb olmamışıq. Uşaq vaxtı çox dəcəl olmuşam. Dəcəl olmağıma baxmayaraq, tarı əlimə alıb çalmağa başlayanda özümü böyük kimi hiss edirdim. Mənə elə gəlirdi ki, (indinin özündə də mənə elə gəlir) tara hər adam əl vura bilməz. Demək, mən bu aləti əlimə alıb çalıramsa, artıq mən çox ciddi və məsuliyyətli olmalıyam. Beləcə mən tara yaxınlaşdıqca dəcəlliyimdən uzaqlaşdım. Beş il tar məktəbində oxudum. Tardan uzaqlaşıb gitara ifa etməyim isə dolanışıq ucbatından olub. İlk qazancımı 13 yaşımda olanda evə gətirmişəm. Hətta anam üstümə qışqırdı ki, bu pul səndə hardandır?! Mən çox sevincək “Bu mənim gitara ilə ilk qazancımdır”, – dedim.
On səkkiz yaşından isə professional sənətə gəlmişəm. El məclislərinə mütəmadi dəvət olunmağa başladım. Mənə elə gəlir ki, əsl sənətçi el məclislərində püxtələşir. Ailəliyəm. İki övlad atasıyam.
– Ustadınız olubmu?
– Gitara
ifaçısı Vilayəti özümə ustad sayıram.
Düzü, mən ondan
dərs almamışam. Amma onun sənətinin vurğunu
olmuşam. Həmişə onun kasetlərinə, lent
yazılarına qulaq asırdım və öyrənirdim.
İndinin özündə də bu belədir.
– Xarici ölkələrdə
qastrol səfərlərində olursunuz, auditoriya fərqi
varmı?
– Xarici ölkələrdə çox oluram. Bizim dinləyicilər sanki musiqimizdən doyublar. Amma əcnəbi dinləyicilər musiqimizə çox diqqətlə, canına, qanına, içinə hopdura-hopdura qulaq asırlar. Konsertdən sonra isə salonda qəribə bir canlanma olur. Ayaqüstə alqışlardan adam heyrətə gəlir. Bizdə isə mənzərə necədir – konsertin yarısından salon boşalmağa başlayır. Adama sual verərlər, bəyənmirdin, niyə gəlirdin? Ondansa heç gəlməsələr, daha abırlı olar.
– Sənətçilərin səhnə davranışına münasibətiniz... Səlahiyyətiniz olsaydı, efirdə nəyə qadağa qoyardınız?
– Efirə çıxmaq özü böyük bir mədəniyyət və məsuliyyətdir. Çünki sənə xalq baxır. Sənə baxanlara örnək olmalısan. Tamaşaçının könlünü, gözünü oxşamalısan. Necə ki, bizim korifey sənətkarlarımız Zeynəb Xanlarova, Elmira Rəhimova, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Rəşid Behbudov səhnə davranışıyla, səhnə mədəniyyətiylə tamaşaçının könlünü, gözünü oxşayırdı. Bu günün özündə də onların davranışı, səhnə mədəniyyəti, sənəti bizlərə örnək olmalıdır. Amma çox təəssüflər olsun ki, indi efirə çıxan əksər sənətçilərimizdə bunu görmürük. Bilmək olmur adam efirə çıxıb tamaşaçıya nə çatdırmaq istəyir?! Belələrinə qarşı tədbir görmək və nəyəsə sədd qoymaq mənim ixtiyarımda olmadığı üçün bu haqda heç nə deyə bilmirəm.
– Özünüz də efirdə az görünürsünüz...
– Dəvət edirlər, amma çox vaxt getmirəm. Yayınıram, efirdə bəyənmədiyim şeylər var. Xırdalamaq istəməzdim. Nə demək istədiyimi onsuz da bilirsiniz.
– Sənətdən uzaqlaşmaq istədiyiniz anlar necə, olubmu?
– Elə anlarım olub. Amma görürəm ki, Allah bu sənəti mənə verdiyi üçün mənim ixtiyarım yoxdur ki, ondan uzaqlaşım. Allahın verdiyini inkar etmək olmaz. O sənindir, vəssalam.
– Kədərli və çətin anlarda gitarada hansı musiqini ifa edirsiniz?
– Kədərli anlarda heç bir musiqini ifa edə bilmirəm. Musiqini ifa edəndə insanın ürəyi, qəlbi rahat olmalıdır ki, o musiqini dinləyiciyə, tamaşaçıya istədiyi kimi çatdıra bilsin.
– Elə bir musiqi varmı ki, Elman Namazoğlu onu heç kəsin yanında ifa etməyib?
– Var, elə bir musiqi var ki, onu heç kəsin yanında ifa edə bilmirəm. Bu tək mənə və Allahıma aid bir ifadır. Mənim həyatımda elə bir adam da yoxdur ki, o ifanı onun yanında səsləndirim.
– Gitara ifaçısı olmasaydın, hansı sənəti seçərdin?
– Sənətimə görə peşman deyiləm. Hər dəfə mizrab simlərə toxunanda, səslər məni sehrli bir dünyaya aparır və mən bu dünyada özümü xoşbəxt sayıram. Bir də bu həyata gəlmiş olsaydım, yenə də musiqiçi olardım.
– Həyatda ən çox nədən qorxursunuz və nəyə nifrət edirsiniz?
– Yalana, böhtana nifrət edirəm. Allahı çox sevdiyimə görə, Allahdan çox qorxuram. Bir də çox sevdiyim insanları itirməkdən qorxuram. Elə bir səhv hərəkət etmək istəməzdim ki, o insanları itirim. Sonrakı peşmançılıq fayda vermir axı.
– Bugünkü həyatı hansı rəngdə görürsünüz?
– Dünyanı elə bir rəngdə görürəm ki, o rəngin adını dilimə gətirib deyə bilmirəm. Onu ancaq görmək lazımdır. Amma bircə bunu deyə bilərəm ki, çox təəssüf, aydın deyil, əksinə çox tünd və qarışıq bir rəngdədir.
– Boş vaxtlarda məşğuliyyətiniz nə olur?
– Ovçarka deyilən cins
it saxlayıram. Boş vaxtım olanda ovçarkamla gəzintiyə
çıxıram və bu gəzintidən böyük
zövq alıram.
– Tək qalmaqla aranız necədir?
– Tək qalmağı
çox sevirəm və özüm-özümə hesabat
verməyi xoşlayıram. Özümə çox
suallarım olur və çalışıram ki, bu suallara
cavab tapım. Təklikdən qaçmaq lazım deyil. Təklik
adama çox çətin suallara cavab tapmaqda kömək
edir.
Birdən Elman Namazoğlu
saata baxıb, otaqdakı telvizora yaxınlaşır və
sevincək bir tərzdə “İndi tələbəm Humayla
bağlı veriliş gedəcək” – deyir.
Ekranda Humay, həmişəki
kimi, sinəsində tarı ilə görsənir və ətrafa
həzin musiqi sədaları yayılır... Heç tələbə
də ustadından geri qalmır. Biz isə söhbətimizi
yerinə düşən musiqi sədaları altında davam
etdiririk...
– Elman Namazoğlu bu gün
layiqincə tanınmır, məncə, layiq olduğu yerdə
deyil, nə ilə bağlı ola bilər bu?
– Sizin dediyiniz o layiqli yerdə
olmağa sənətçi can atmamalıdır. Sənətçi
sənətilə məşğul olmalı və sənətilə
xalqına xidmət etməlidir. Bu işə diqqətli
yanaşan insanlar isə öz işlərilə məşğul
olub, yaxşını pisdən seçməli və
onları layiq olduğu yerə qaldırmalıdırlar. Sənətə
qiymət verən bilən, sənəti dəyərləndirən
insanlar, yəqin ki, mənim sənətimi də dəyərləndirəcəklər.
Mən buna inanıram. Çünki həqiqi sənət,
gec-tez, layiq olduğu yerdə olmalıdır.
– Deyirlər, kişi
ağlamaz. Siz bu fikirlə
razılaşırsınızmı?
– Yox, razılaşmıram.
Kişi də Allahın yaratdığı bir insandır.
Ağlamaq da insana xas olan xüsusiyyətlərdən biridi.
Ürəyində, qəlbində Allah sevgisi, dini, imanı
olan hər bir insan ağlaya bilər. Ağlaya bilmək
özü də bir insanlıqdır, ağlayıb ürəyi
boşalda bilmək isə böyük işdir.
– Dostlarınız kimlərdir?
– Ən yaxın dostlarım
gitaram və ailəmdir. Çünki onlar heç bir vəziyyətdə
məni tək buraxmırlar və məni başa
düşürlər. Səni hərtərəfli başa
düşən, dəstəkləyən və hər məqamda
yanında olan varsa, deməli, dostun odur.
– Bugünkü toylar sizi qane
edirmi ?
– Yox. Elə məclislər
olub ki, oradan əsəbiləşib çıxmışam.
İnsanların bir-birilə etdikləri rəftar və hərəkətlər
gülməli olduğu qədər də
acınacaqlıdır. Kaş hər bir insan özünə
və öz hərəkətlərinə qıraqdan
baxıb, qiymət verməyi bacaraydı. Bir də məclislərdə
rəqs etməyə “Yanıq Kərəmi” havasını və
“Qarabağ“ mahnısını sifariş verəndə
acığım tutur. Qarabağ torpaqları işğal
altında olduğu halda bu mahnıyla necə rəqs etmək
olar?! “Yanıq Kərəmi” də Əsli və Kərəmin
faciəsindən yaranmış bir saz havası olduğu
üçün bu havada insanların qol götürüb
oynamalarını qəbul eləyə bilmirəm. Elə
insanlar da var ki, muğamatla rəqs edir... Musiqiyə belə
yanaşmanı görəndə vallah adam çaşıb
qalır, söz tapmırsan deməyə.
– Sizcə, indiki gənclər
niyə estrada janrına və daha yüngül musiqilərə
meyllidirlər?
– Dərin musiqiyə qulaq
asmaq üçün insan dərin düşücə tərzinə
malik olmalıdır. Mənə elə gəlir ki, hər bir
gənc dərindən düşünə bilirsə, o, dərin
musiqiyə də hökmən qulaq asacaq. Bu düşüncə,
bu maraq da ailədən başlanmalıdır.
Yaşadığı ailədə musiqinin hansı janrına
önəm verirlərsə, o ailədə yaşayan gəncdə
də hökmən o janra həvəs olacaq. Gənclərimizə
musiqimizin gözəlliyini aşılamalıyıq. Bu bizdən
– böyüklərdən asılıdır. İndiki gənclər
böyük Üzeyir bəyin “Sənsiz” romansına və bu
cür başqa əsərlərə qulaq assalar, yaxşı
olardı. Çünki belə əsərlər adamı dərindən
düşünməyə vadar edir.
– Övladlarınızdan
yolunuzu davam etdirən varmı?
– Oğlum Elnur tar çalır. Amma hələ mənim yanımda yox. “Mən hələ buna hazır deyiləm”, – deyir. Tar musiqi alətləri içərisində çox ürəyəyatan, qəlbi oxşayan olması ilə seçilir. Mənim aləmimdə, oğlum o həddə qədər təkmilləşməlidir ki, mizrabı tarın simlərinə toxunduranda dinləyici dərhal bu ifanın ürəkdən gəldiyini hiss etsin. Bunu bacarsa, mən onun sənətdə qalmağına mane olmayacağam. Yox, əgər bacarmasa, bir ata kimi onu bu gözəl sənəti xələl gətirməyə qoymayacağam...
Anfisa ZİNYƏDDİN
525-ci qəzet.- 2011.- 28 yanvar.- S.7.