Mədəniyyət və Turizm
Nazirliyinin 5 illik əməyi nümayiş etdirildi
Ötən gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar sərgi gerçəkləşib. Sərgidə Nazirliyin 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitablar nümayiş etdirilib. Təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahələrini əhatə edib. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli 5 il ərzində bu sahədə görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. Azərbaycanda son illər nəşr olunan kitabların müxtəlif beynəlxalq kitab sərgilərində, yarmarkalarda nümayiş etdirildiyini diqqətə çatdırıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də beş il ərzində nəşriyyat sahəsində görülən işlər haqqında fikirlərini bildirib: “Bu dövr ərzində 150 adda kitab geniş tirajlarla işıq üzü görüb. Təkcə Azərbaycan yox, rus, ingilis, ərəb dillərində də nəşr olunan kitablar, mədəniyyəti, incəsənəti, tarixi, Qarabağ, Xocalını soyqırımını əks etdirib. Eyni zamanda görkəmli siyasət, elm, mədəniyyət xadimləri haqqında nəşrlər də oxucuların böyük marağına səbəb olub”. Əbülfəs Qarayev latın qrafikası ilə çap olunan kitabların ölkənin bütün kitabxanalarına pulsuz paylandığını deyib. Onu da vurğulayıb ki, 32 min kitab dünyanın müxtəlif ölkələrinin kitabxanalarına və ölkənin ucqar bölgələrinə göndərilib: “Nəinki başqa ölkələrdə, hətta qardaş Türkiyədə də Azərbaycan müəlliflərinin kitabları çox az sayda idi. Amma Milli Kitabxananın imzaladığı müqavilələrə əsasən, Türkiyə, Avstriya, Almaniya, Amerika və digər ölkələrə göndərilib. Bununla yanaşı, 100 adda nəşr məhsulu minlərlə tirajlarla beynəlxalq turizm sərgilərində, yarmarkalarda iştirakçılara paylanıb. Bu rəqəmlər göstərir ki, 5 il nəşriyyat sahəsindəki əməyimiz boşa getməyib”. Nazir onu da əlavə edib ki, 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan olunması ilə əlaqədar keçirilən İslam Kitab Sərgisi bu il də keçiriləcək. Bu sərginin iki ildən bir keçirilməsi nəzərdə tutulub. Nazir “Yeniləşən mədəniyyət, yeniləşən məkan” layihəsi çərçivəsində təmir olunan teatr binaları və mədəniyyət ocaqları haqqında da danışıb. Sərgidə çıxış edən sənətşünas Ziyadxan Əliyev rəflərdə sərgilənən nəfis tərtibatlı kitabların Mədəniyyət və Turizm Nazirliyinin 5 illik əməyinin məhsulu olduğunu, nazirliklə sıx əməkdaşlıq nəticəsində 5 il ərzində özünün dörd kitabının işıq üzü gördüyünü bildirib. Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 2006-ci ildən bu günə kimi neçə-neçə səmərəli layihəyə imza atan nazirliyə bundan sonra da uğurlar, yeni nailiyyətlər arzulayıb. Milli Kitabxananın direktoru Kərim Tahirov da mövzu ilə bağlı fikirlərini bölüşüb. Tədbir boyu 5 il ərzində nəşr olunan kitablar haqqında slayd-şou nümayiş etdirilib. Sərgidə 3 dildə buraxılan “Mədəniyyət” kataloqunun 4-cü sayı və “Bizim nəşrlər” kataloqu da təqdim olunub.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 29 yanvar.- S.11.