Avrasiyaçılıq və azərbaycançılıq:
təmas nöqtələri və yaxınlaşma perspektivləri
Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Cəfərovun (Vəlixanlı) 2010-cu ilin noyabrında Ankarada, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən nəşr olunmuş “XV-XVII Yüzil Rus Edebiyatında Türklər” monoqrafiyası və “Avrasiyaçılıq ideyaları müasirlik prizmasında” məqalə və tərcümələr toplusu (Bakı, “Mütərcim” nəşriyyatı) avrasiyaçılıq tədqiqatları istiqamətində, o cümlədən azərbaycanşünaslıq problemlərinin Avrasiya tarixi-mədəni arealı müstəvisində nəzərdən keçirilməsi nöqteyi-nəzərindən maraq doğurduğundan müəllif tərəfindən “Avrasiyaçılıq ideyaları müasirlik prizmasında” kitabına yazılmış ön sözü oxucularımıza təqdim edirik.
Müasir avrasiyaçılıq və azərbaycançılığın (azərbaycanşünaslığın) problemlərinin eyni bir müstəvidə nəzərdən keçirilməsi, ümumiyyətlə, azərbaycançılıq ideyalarına belə böyük və geniş məsafədən yanaşma parodoksal görünə bilər. Birincisi, rus alimləri tərəfindən irəli sürülmüş bu elmi-nəzəri istiqamət ilk növbədə nəhəng Avrasiya dövləti olan Rusiyanın maraqlarına cavab verir, digər tərəfdənsə, məsələnin aktuallığı nə Azərbaycanda, nə də digər türk dövlətlərində qədərincə dərk edilmir. Lakin müzakirə edilən problemin geosiyasi, mədəni-tarixi, sosial-etnik və s. aspektləri mövzu ilə bağlı və onun ölkəmiz, xalqımız, mədəniyyətimizlə əlaqəli şəkildə diskussiyaya cəlb olunmasını aktuallaşdırır.
Azərbaycan oxucusunu klassik və müasir avrasiyaçılıq ideyaları ilə tanış etmək niyyəti güdən kitaba belə bir müqəddimənin verilməsi, yəqin ki, rəmzi məna kəsb edir. Bu, Azərbaycan deyilən tarixi-mədəni-etnik-siyasi mövcudluğun böyük Avrasiya arealında təsəvvür edilməsi, tariximizə, dil və ədəbiyyatımıza daha geniş kontekstdə işıq salınması imkanı yaratmaqla, yeni və məhsuldar bir elmi istiqamətin başlanğıcı ola bilər.
Birincisi, coğrafi region və tarixi-mədəni areal kimi Azərbaycan özünəməxsus Avrasiya modelinə malikdir. Ərazisi çöl zolağı deyilən Avrasiya tarixi-mədəni arealının başlanğıc ərazisinə daxil olmasa da, Azərbaycan hətta materikin, demək olar ki, bütün iqlim qurşaqlarını əhatə edir. İkincisi, Avrasiya materikində baş vermiş bütün böyük köçlər və yerdəyişmələr bu və ya digər səviyyədə tarixi vətənimizin sərhədlərini ağuşuna almış, Şərqdən Qərbə, Şimaldən Cənuba və əks istiqamətlərdə reallaşan kəşfiyyat ekspedisiyaları, karvan yolları məhz Azərbaycan ərazisindən keçib. Böyük Monqol imperatoru Çingizxanın sərkərdələri Subutay və Cebenin kəşfiyyat xarakterli marşrutunu, rus tacirləri Afanasi Nikitin və Fedot Kotovun səyyahət yollarını, makedoniyalı İsgəndərin və Teymurləngin “böyük imperatorluq” yaratmaq niyyətlərini, hətta Hitlerin “Barbarossa” planını yada salmaq kifayətdir. Azərbaycan Avrasiya məkanında mövcud olmuş imperiyaların və sivilizasiyaların kəsişmə nöqtəsində yerləşib. Böyük Bizans imperiyasının, Xəzər xaqanlığının və Ərəb xilafətinin torpaqlarının bir-birinə qovuşduğu coğrafi-tarixi yerlər məhz tarixi Azərbaycan ərazilərinə təsadüf edirdi. Üçüncüsü, Avrasiya və Azərbaycanın kulturoloji aspektdə müqayisəli tədqiqi elmi axtarışlar üçün yeni üfüqlər açır. Orta əsrlər ədəbi abidələrinin: Azərbaycan oğuzlarının “Kitabi-Dədə Qorqud” dastanlarının, şərqi slavyan eposu “İqor polku hekayəti”nin, german tayfalarına məxsus “Nibelunqlar nəğməsi”nin, fransız abidəsi “Roland haqqında nəğmə”nin və s. müqayisəli şəkildə araşdırılması onlar arasında ideya-mövzu, tipoloji oxşarlığı üzə çıxarmaqla, orta əsrlərdə Avrasiya xalqlarının tarixi-mədəni yaxınlığını, oxşar təfəkkür tərzini, əxlaq normalarını və qəhrəmanlıq, cəngavərlik şərəfi ilə bağlı dəyərləri üzə çıxarır. Görən, Azərbaycan məhəbbət və qəhrəmanlıq dastanlarının Avrasiya arealında yayılmış folklor nümunələri ilə müqayisəsi nə qədər oxşarlıqlar ortaya çıxara bilər? “Aşıq Qərib” dastanı süjetinin Türküstan tarixi-mədəni kontekstindəki saysız-hesabsız versiyalarla yanaşı Alyoşa Popoviçlə bağlı şərqi slavyanlara məxsus bılina ilə mövzu və struktur yaxınlığı da bu qəbildən olan misaldır.
Bu fikirləri söyləməkdə məqsədimiz klassik avrasiyaçılığın və neoavrasiyaçılığın çatışmayan cəhətlərinə, eləcə də məsələnin kulturoloji aspektinin kölgədə qalmasına diqqəti yönəltməkdən və gələcək tədqiqatlarda, xüsusən də Azərbaycan alimlərinin araşdırmalarında, türkoloji, türk-slavyan əlaqələri istiqamətində aparılan elmi axtarışlarda bu cəhətin nəzərə alınmasının vacibliyni vurğulamaqdır. Çünki müasir şəraitdə Avrasiya tarixi-mədəni arealının mövcudluğunun adekvat dərki, bu qədim və orta əsrlərə aid tarixi mənzərənin obyektiv rekonstruksiyası yalnız bu cür reallaşa bilər. Həqiqət naminə deyək ki, istər rəsmi, istərsə də qeyri-rəsmi (yəni akademik elmi institutlar tərəfindən hamılıqla qəbul olunmayan) elmi araşdırmalar bu istiqamətdə axtarışlar aparmaq üçün yetərincə məlumat bazası yaradıb. Rus və digər ölkələrin türkoloq alimləri ilə yanaşı, L.N.Qumilyovun və O.O.Süleymenovun, eləcə də M.Acinin xüsusi xidmətləri qeyd olunmalıdır. Azərbaycan türkoloqlarının da bəzi müşahidələri nəzərə alınmalıdır.
Klassik avrasiyaçıların postulat və fərziyyələrindəki çatışmamazlıqlara keçək. Əsas Avrasiya mədəniyyətləri (mədəniyyət tipləri) sırasında türk mədəniyyəti xatırlanmır, hərçənd Trubeskoy və Saviski Avrasiya mədəni kontekstinin formalaşmasında türk-tatar mədəniyyətinin xüsusi rolunu öz əsərlərində dönə-dönə vurğulayırlar. Biz, ilk növbədə, Trubeskoyun “Rus mədəniyyətində Turan elementləri” və Saviskinin “Rus tarixinin Avrasiya konsepsiyası” məqalələrini nəzərdə tuturuq ki, onlar da tərəfimizdən şərh və tərcümə olunaraq, kitaba daxil edilmişdir. İngilis tarixçisi Arnold Toynbi XX yüzilliyədək gəlib çatmış dünya sivilizasiyalarını sadalayır, lakin türk mədəniyyətini bu siyahıya daxil etmir (Toynbi A. Postijenie İstorii, M., Proqress, 2001, s. 40). Təəssüf ki, belə stereotiplərə hətta Azərbaycan müəlliflərinin əsərlərində də rast gəlinir. Məsələn, Əhməd bəy Ağaoğlu öna məxsus “Üç mədəniyyət” kitabında dünya mədəniyyətləri və sivilizasiyaları siyahıda türk mədəniyyətini qeyd etmir (Ağaoğlu Ə. Üç mədəniyyət, Bakı: Mütərcim, 2006). Avrasiyaçıların tərtib etdikləri xəritələrdə Azərbaycan Türküstan arealına qatılmır, Türkiyə isə, ümumiyyətlə, Avrasiya arealında yoxdur. Sadə bir məntiqə söykənərək, nəzərə alsaq ki, Ural və Altay arxasından başlanan, Avrasiyanın səhra və çöl zolaqlarını ağuşuna alan hücum, köç və yerdəyişmələr göstərilən punktlarsız ötüşməyib və bu torpaqlarda türk xalqlarının oturuşması ilə nəticələnib, onda avrasiyaçıların əldə etdikləri bəzi nəticə və arqumentlər təəccüb doğurur.
Avrasiya konsepsiyasının bütün areala, o cümlədən Türküstan, Monqolustan, Türkiyə və Azərbaycanın tarixi ərazilərinə aid olunmasına əsas əngəl törədən cəhət Qərb (roman-german) mədəniyyətinin Avrasiya mədəniyyətlərindən üstünlüyü ideyasının təsbitidir. Qərbçilik meyillərinin hətta bəzi slavyanofil və avrasiyaçı alimlərin, eyni zamanda Azərbaycan maarifçilərinin əsərlərində üstünlük qazanması o səbəbdən narazılıq doğurur ki, bu, regionun qədim sivilizasiya və mədəniyyətlərini kölgədə qoyur. Professor Cavad Heyətin “Qərb mədəniyyətinin inkişafına islam mədəniyyətinin təsiri” məqaləsi göstərilən tədqiqatlarda yol verilən metodiki səhvlərə cavab kimi qiymətləndirilə bilər (Cavad Heyət. İslam mədəniyyətinin Qərb mədəniyyətinin inkişafına təsiri // 525-ci qəzet, 2010, 19 mart). Burada elmi cəhətdən əsaslandırılmış belə bir fikir irəli sürülür ki, çiçəklənməkdə olan çağdaş Qərb mədəniyyəti öz köklərini Roma və Bizans yox, islam və türk mədəniyyətlərindən götürür. Güney Azərbaycanın məşhur mədəniyyət xadiminin bəzi arqumentləri ilə razılaşsaq da, bu cür birtərəfli yanaşmanı və antik mədəniyyətlərin rolunu əsla inkar edə bilmərik. Fikrimizcə, belə bir yanaşma eynən qərbçilərin mövqeyini təkrarlamış olardı. Müasirimizin fikrinə rəğmən, Əhməd bəy Ağaoğlu 1927-ci ildə Türkiyədə nəşr edilmiş “Üç mədəniyyət” kitabında əks fikri təsdiqləyirdi, yəni islam və brahman (hind) mədəniyyətlərinin Qərb mədəniyyətini təqlid etməkdə olduğunu söyləyirdi. Bu cür yanaşma XX yüzilliyin ilk otuz ilində mövcud olan reallıqlardan doğurdu. “İndi bu mədəniyyətlərin qarşılıqlı durumlarına sözümüzü gətirərkən, bunlardan birisinin, yəni Qərb mədəniyyətinin və digər ikisinin də, yəni İslam və Budda-Brəhmən mədəniyyətlərinin məğlub durumda olduğunu görürük... İstər müsəlmanlar və istərsə sarı irq çevrəsi əlbisələrindən və evlərinin döşənməsi kimi həyatın maddi təcəllilərindən başlayaraq ədəbiyyat və musiqi mənəvi tərəflərin ən munis köşələrinə qədər Avropa modellərini təqlid etməkdədirlər... Yaponiya Avropa mədəniyyəti yolunu tutmaq üçün içində nə qədər sarsıntılar keçirdi. Çin ilə Osmanlı dövlətinə gəlincə, eyni işin görülməsi bu məmləkətlərin bünövrəsini belə sarsıtdı” (Ağaoğlu Ə. Üç mədəniyyət,s. 28-29). Ə.Ağaoğlu olduqca obyektiv təhlilini aşağıdakı sözlərlə gücləndirir: “Sel kimi axıb gələn və qarşısında öz türündən əngəllər görməyən Avropa mədəniyyəti hər şeyi sürükləyib götürür. Bu halda tək çarə yenə o mədəniyyətə isinişmək, onu almaqdır” (Ağaoğlu Ə. Üç mədəniyyət, s.30). Əhməd Ağaoğlunun dəyərli müşahidə və nəticələri, əslində, bugünkü Azərbaycan üçün belə olduqca maraqlı görünür. Onun fikirlərində F.M.Dostoyevskinin və L.N.Qumilyovun mülahizələri ilə səsləşən məqamlar var ki, bunlara da toxunmağa çalışacağıq. Ə.Ağaoğlunun insanları şəhərləri buraxıb təbiətə və kəndlərə – təbii hala qayıtmağa səsləyən Russo və Tolstoya müraciəti də səciyyəvi xarakter daşıyır. Bu isə Azərbaycan mütəfəkkirinin Qərb mədəniyyətinin heç də birmənalı olaraq millətinə və xalqına xeyir gətirəcəyinə tam əmin olmadığını ifadə edirdi.
M.F.Axundzadədən üzü bəri XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində bir çox ədəbiyyat xadimləri qərbçilik ideyalarının tərəfdarı olsalar da, nə M.F.Axundzadə, nə N.B.Vəzirov, nə N.Nərimanov, nə də A.Ağaoğlunun özü orta əsrlər Azərbaycan intibahının əhəmiyyətini danmırdılar. Axı M.F.Axundzadənin Məhəmməd Fizuli kimi söz ustasını bəyənməməsi Şərq və Azərbaycan İntibahının inkarı yox, zövq məsələsi idi.
İslam və hind mədəniyyətlərinin Qərb mədəniyyətindən geri qalması fikrinə gəlincə, bu, qoyulan suala birmənalı cavabı olmayan çoxəsrlik qarşıdurmadır. Qərb, yoxsa Şərq mədəniyyətinin birinciliyini müəyyənləşdirmək cəhdi “Yumurta, yoxsa toyuq birinci əmələ gəlib?” sualına cavab axtarmaq kimi bir şeydir. Elə bu yerdə Rusiya və Avropanı bir-biri ilə müqayisə edən slavyanofillərə və qərbçilərə F.M.Dostoyevskinin cavabını xatırlamaq yerinə düşərdi: “Burada hər iki tərəf böyük bir səhvə yol vermişlər; bu da ilk növbədə ondan ibarətdir ki, ovaxtkı qərbçilərin hamısı Rusiyanı Avropa ilə səhv salırdılar, tam ciddiyyətlə onu Avropa kimi qəbul etmişdilər və Avropanı, oradakı qayda-qanunu inkar edərkən düşünürdülər ki, bu inkarı elə Rusiyaya da tətbiq etmək məqbuldur, lakin Rusiya heç də Avropa deyildi, o, Avropa mundiri geymişdi, bu mundirin altında isə tam başqa bir varlıq mövcud idi. Slavyanofillər onun Avropa yox, tam başqa bir dünya olduğunu nəzərdən keçirməyə dəvət edirdilər və onu birbaşa söyləməkdən çəkinmirdilər ki, qərbçilər bir-birinə bənzəməyən və ölçüləri üst-üstə düşməyən iki şeyi müqayisəyə gətirirlər. Onların gəldiyi qənaət Avropa üçün yararlı olsa da, Rusiyaya heç cür aid oluna bilməz, belə ki, onların Avropada görmək istədikləri artıq çoxdandır ki, Rusiyada mövcuddur, bu, ən azı onun rüşeymində və potensialında vardır, hətta onun qayəsini təşkil edir: bu isə inqilabi yox, ümumbəşəri yeniləşmə ideyası formasında özünü büruzə verməlidir, yəni Allah həqiqətinə, İsanın göstərdiyi yola yetişmək. Bu isə nə vaxtsa yer üzündə bərqərar olacaq və olduğu kimi də pravoslavlıqda qorunub saxlanılacaq” (Dostoevskiy F.M. Dnevnik pisatelə: İzbrannıe straniüı, Moskva: Sovremennik, 1989, c. 557).
Eyni fikri asanlıqla islam və türk dünyasına, o cümlədən Azərbaycana aid etmək olar ki, bu da öz təsdiqini Cavad Heyətin göstərilən məqaləsində tapıb. Bu yerdə pravoslav xristian və islam dinlərinin tarixi missiyasını yada salmaq, Avrasiya dəyərlərinin qorunmasında onların rolunu eyniləşdirmək yerinə düşərdi. “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsində Əli bəy Hüseynzadə türk xalqları və etnoslarının yenilməz sərkərdələr Çingizxan və Teymurləngin başçılığı altında Avrasiyada qazandıqları tarixi qələbələrə nəzər salaraq, avrasiyaçılıq ideyalarının öz başlanğıcını məhz birinci Böyük Monqol xanının zamanından götürdüyünü əsaslandırmağa çağırırdı. Göründüyü kimi, istər siyasi, istərsə də elmi nöqteyi-nəzərdən avrasiyaçılıq ideyasının təsdiqi islam-türk amilini nəzərə almadan mümkünsüzdür. XIX əsrin sonu – XX əsrin birinci otuzilliyinin ədəbiyyatını izləyərkən Azərbaycan mədəni-ictimai fikrinin qərbçiliyə əsl münasibətinin şahidi oluruq. Ə.Ağaoğlu və Ə.Hüseynzadənin əsərləri nümunəsində agah olduq ki, bu münasibət birmənalı deyilmiş. Lakin əsas məsələ ondadır ki, qərbçilik, turançılıq və türkçülük ideyalarının gözəl bilicisi, “Əsrimizin Siyavuşu” əsərinin müəllifi Məmməd Əmin Rəsulzadə bu meyllərə söykənərək, azərbaycançılıq ideyasını irəli sürdü və Azərbaycanı Şərqin (İran və Turanın) əsl varisi adlandırdı.
“Azərbaycanşünaslığa giriş” kitabının müəllifi Nizami Cəfərovun o fikri ilə razıyıq ki, azərbaycanşünaslıq türkologiyanın ayrılmaz hissəsidir və onu iranşünaslıqdan, qafqazşünaslıqdan, semitologiyadan ayrı şəkildə öyrənmək qeyri-mümkündür. Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətini ümumitürk kontekstindən kənarda tədqiq edərkən, “bir qayda olaraq, ciddi səhvlərə yol verirlər. Məsələn, böyük Nizaminin yaradıcılığı ilə uzun müddət yalnız iranşünaslığın məşğul olması bunu göstərdi. Şairin yaradıcılığının qədim (ümum-)türk mənbələri bütünlüklə diqqətdən kənarda qaldığından onun təbliğ etdiyi fəlsəfi-estetik ideyaların tarixi kökləri indiyə qədər müəyyənləşdirilməyib. Qədim türk eposu, tanrıçılıq dünyagörüşü, Əl-Fərabi ət-Türkinin fəlsəfi görüşləri barədə aydın təsəvvürə malik olmayan bir iranşünas üçün Nizaminin poetikası, demək olar ki, anlaşılmazdır” (Cəfərov N. Azərbaycanşünaslığa giriş, Bakı, Azərbaycanda Atatürk Mərkəzi, 2002, 602, s. 9). N.Cəfərovun o fikri ilə də razıyıq ki, “müasir dünya ilə əlaqələrin yaranıb inkişaf etdiyi bir dövrdə azərbaycanşünaslığın iqtisadi, sosioloji və politoloji aspektlərinin diqqəti daha çox cəlb etməsi ənənəvi problemlərin unudulması hesabına deyil. Azərbaycanşünaslığın bir elm kimi tədqiqat hüdudları genişlənir, problemləri daha çox sosial praktikanın tələblərinə uyğunlaşır, təhlil metodları inkişaf edib zənginləşir. Və nəticə etibarilə, ənənəvi problemlərə baxışın texnologiyası da təkmilləşir”. (Cəfərov N. Azərbaycanşünaslığa giriş, s.9) Bu nəticələrə istinad etməkdə niyyətimiz budur ki, tədqiqat dairəsini genişləndirək və azərbaycanşünaslığı həm də avrasiyaçılıq kontekstində öyrənək. Axı Nizami Gəncəvinin yaradıcılığını, onun ideya və qəhrəmanlar aləmini dar çərçivədə araşdırmaq mümkünsüzdür. Dahi mütəfəkkirin etnik və toponomik rəngarəngliyi ilə seçilən poetik dünyasını ümumavrasiya kontekstində dərk etmək cəhdi daha maraqlı görünür. “Yazılı ədəbiyyata, XII əsrin böyük Azərbaycan şairi N.Gəncəvinin məşhur poemalarına müraciət etsək (“Yeddi gözəl”, “İsgəndərnamə”), burada milli mədəniyyətlərin özünəməxsusluğunu təsdiqləyən motivlərlə və xalqların vahid idarəçilik sistemi altında birləşdirilməsi ideyaları ilə (“ədalətli hökümdar idealı”) rastlaşarıq”, – deyə prof. Kamal Abdullayev yazır .
Əlbəttə, biz heç də azərbaycanşünaslığın türkologiya və avrasiyaçılıqla mexaniki qovuşmasının tərəfdarı deyilik. Azərbaycanşünaslıq olduqca perspektivli və çoxplanlı elmdir. Nəzəri məsələlərlə yanaşı praktik yönümlü sahələr diqqət çəkir. Heç kəsə sirr deyil ki, azərbaycanlıların böyük qismi xaricdə yaşayır. Onların böyük sayda yaşadığı ölkələrdə orta məktəb səviyyəsində etnokultur komponentli təhsilin təşkili önəmli məsələdir. 2004-cü ildə Moskvadakı 157 saylı Azərbaycan etnomədəni komponentli ümumtəhsil məktəbinin tədris proqramları və dərs vəsaitləri, tədrisin strukturu ilə tanışlıq bu işin heç də milli maraqlarımız baxımından lazımi səviyyədə qurulmadığını göstərmişdi. Azərbaycan dili, ədəbiyyatı, tarix və mədəniyyətini mənimsəmək istəyən xaricdəki soydaşlarımız üçün vahid təhsil standartları, proqram, dərslik və digər tədris-məlumat vəsaitləri hazırlanmalı, ali məktəblərimizin “Azərbaycanşünaslıq” ixtisasının elmi-nəzəri, metodiki və texniki bazası, beynəlxalq əlaqələri gücləndirilməlidir. Lakin azərbaycanşünaslıq elmi təkcə azərbaycançılıq və türk birliyi ideologiyaları ilə qidalanmamalıdır. Azərbaycanşünaslığın türkologiya və ya avrasiyaçılıqla qovuşması perspektivini elm içində elm, dünya içində başqa bir dünya, üfüqi xətlər və diaqonallar üzrə virtual birləşmə kimi dərk edirik.
Bundan əlavə, biz neoavrasiyaçılığın Turan qanadına toxunmaq istərdik ki, bunun da əsas təmsilçisi Qazaxstan prezidenti N.Nazarbayevdir. O isə öz mülahizələrində ilk növbədə məşhur qazax şairi, publisisti və tədqiqatçısı Oljas Süleymenovun “Az və Ya” kitabından, digər elmi, elmi-publisistik əsərlərindən çıxış edir. Həmyerlimiz, istedadlı tədqiqatçı Fərhad Əliyev özünün rusca yazılmış “Avrasiyaçılıq. Geosiyasi diskurs” kitabında qeyd edir ki, Qazaxstan keçmiş SSRİ-nin türk xalqlarını avrasiyaçılıq, yəni Turan neoavrasiyaçılığı qanadı altında birləşdirməyə qadir olan ölkə hesab edilməkdədir. Buradaca S.Serikbayın belə bir fikrinə istinad edilir ki, “Qazaxstan və Rusiyada avrasiyaçılıq məsələsi eyni problemə iki tərəfdən yanaşma kimi anlaşılır. Bu yanaşmanın mahiyyətini isə uzunmüddətli qeyri-bərabər birgəyaşayışda aramaq lazımdır”. Azərbaycanlı avrasiyaçı-alimin qazax aliminin məhz bu fikrinə istinad etməsi heç də təsadüfi deyil. Rusiya-Avrasiya təbii-coğrafi və tarixi-mədəni arealı əsrlər boyu burada yaşamış digər xalqların tarixi keçmişi və maraqları nəzərə alınmadan öyrənilə bilməz. Əks halda bu tarixi-mədəni arealda çoxtərəfli iqtisadi inteqrasiyaya, mədəni-məlumat mübadiləsinə və arzu edilməkdə olan vahid humanitar məkanın yaradılmasına doğru ciddi addımlar atmaq olmaz. Nə qədər qəribə səslənsə də, tanınmış publisist Murad Acinin son kitablarından birində söylədiyi aşağıdakı fikirdə hansısa məntiq axtarmaq gərəkdir. O, Qazaxstanın dövlət başçısına belə bir təkliflə müraciət edir ki, dövlətin adını dəyişdirsin və “Dəşti-Qıpçaq” adlandırsın. Burada tarixi həqiqətin bərpası cəhdi ilə üzləşirik. Bu fikri belə interpretasiya etmək istərdik. Əgər VII-IX əsrlərdə şərqi slavyanların məskunlaşdıqları torpaqlar qıpçaqların nəzarəti və himayəsi altında idisə, onda IX əsrin ortalarınadək şərqi slavyanların tayfa şəklində yaşaması və dövlətçiliyə malik olmamaları fikri nə qədər obyektivdir. Digər tərəfdən, Kiyev Rus dövlətinin hər iki siyasi-ticari mərkəzini – Kiyev və Novqorodu mühafizə edən alayları qaraqalpaqlar və qıpçaqlar təşkil edirdilərsə, M.Acinin paradoksal görünə biləcək təklifini qəribçiliyə salmaq olarmı?
Aleksandr Duqinin neoavrasiyaçılıq ideyalarında hansısa siyasi təhlükə görənlərin fikirlərinə nə demək olar? A.Duqinin təbirincə, “rus xalqının sarsılmaz tarixi birlik kimi mövcudluğu imperiya quruculuğusuz, qitə yaratmadan təsəvvür edilməzdir. Ruslar xalq olaraq yalnız Yeni İmperiya hüdudlarında mövcud olacaqlar. Yeni imperiya Avrasiya və böyük qitə imperiyası, perspektivdə isə Dünya imperiyası olmalıdır” fikri o cəhətdən təhlükəlidir ki, ondan hələ 16-cı yüzillikdə kilsə dairələrində formalaşmış “Moskva – üçüncü Romadır” siyasi nəzəriyyəsinin iyi gəlir. Təbii ki, bu sayıqlamalar Rusiyanın parçalanmasına səbəb ola bilər. Avrasiya dövləti olaraq Rusiyanın qurtuluşu və mövcudluğu ideyasını dahi avrasiyaçı L.N.Qumilyov aşağıdakı kimi izah edir: “Sirr olaraq Sizə söyləyim ki, Rusiya dövləti qurtulmuş olacaqsa, yalnız Avrasiya dövləti kimi və avrsiyaçılıq ideyaları sayəsində qurtulacaq”. A.Duqindən fərqli olaraq L.N.Qumilyov öz mülahizələrində Avrasiyanın etnogenez və etnomədəni tarixinə, Qədim Rus və Böyük Çölün uzunəsrlik əlaqələrinə və birgəyaşayışına aid tədqiqatlarına söykənirdi. Əhali resursları cəhətdən çətinlik çəkən geniş Rusiyanın bu gün öz sərhədlərini klassik Avrasiya arealı çərçivəsindən kənarda olan Çin və Yaponiyanın üzünə səxavətlə açması və burada hər hansı bir təhlükə görməməsinə müasir iqtisadi-siyasi maraqlar baxımından normal yanaşırıq. Eyni yanaşma, özü də dəfələrlə üstün səviyyədə tarixi Avrasiya arealına da şamil edilməli və qorunmalıdır. Rusiya-Avrasiyanın gələcək taleyi baxımından bu variant daha məqbul hesab olunmalıdır.
Elmi-nəzəri sahə kimi avrasiyaçılığın Azərbaycanda inkişaf perspektivləri və istiqamətləri prof. K.M.Abdullayevin “Azərbaycanda avrasiyaçılıq: inkişaf problemləri və perspektivləri” adlı geniş məqaləsində aydın müəyyənləşdirilib. Biz müəllifin o fikri ilə razıyıq ki, Avrasiya məkanı ilə iqtisadi və mədəni inteqrasiya Azərbaycan üçün ən əlverişli variantdır. Bakı Slavyan Universitetində (BSU) avrasiyaçılıq istiqamətində sistemli və düşünülmüş tədqiqatların aparılması fikri də danılmaz həqiqəti əks etdirir. Azərbaycan xalqının ümummilli lideri, Avrasiya məkanında və bütün dünyada gedən inteqrasiya proseslərinin gözəl bilicisi Heydər Əliyevin ideyası əsasında yaradılmış bu ali məktəbdə təkcə slavyan və türk xalqlarının tarixi və ədəbi-mədəni əlaqələrinin deyil, həm də Avrasiya arealını Qərblə birləşdirən tarixi, mədəni, ədəbi, dil və din, insani münasibətlərin öyrənilməsinə və gündəmdə saxlanılmasına ciddi önəm verilir. O faktı qeyd etməyə dəyər ki, BSU nəzdindəki “Slavyan-türk əlaqələri” elmi-tədqiqat laboratoriyasının məhsuldar fəaliyyəti nəticəsində “Şərq-Qərb” adlı unikal elmi məcmuə hazırlanmış və nəşr edib. Digər mühüm addım ənənəvi “Müqayisəli ədəbiyyatlar” Beynəlxalq elmi konfransının keçirilməsidir ki, həm burada, həm də “Şərq-Qərb” elmi məcmuəsində müasir tarixşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik, şərqşünaslıq məsələləri ilə yanaşı, eyni zamanda klassik və çağdaş avrasiyaçılığın problemləri araşdırılır.
Bizə elə gəlir ki, bugünkü Azərbaycan vətəndaşı özünün “qabaqcıl Avropaya, yoxsa geridə qalmış Asiyaya” aid olduğunu müəyyən etmək seçimi arasında qalmayıb. Necə ki, Qurban Səidin geniş oxucu auditoriyası qazanmış “Əli və Nino” romanının qəhrəmanı qarşısına bu cür sual qoyur. Avrasiyaçılıq ideyalarının, Avrasiya kontekstində qloballaşmanın gündəmə gətirilməsi, eyni zamanda qərbçilik, slavyanofil, türk və islam meyllərinin ortaya çıxarılması azərbaycançılıq və azərbaycanşünaslıq istiqamətlərində daha ciddi və sistemli araşdırmalar aparmağa əlavə meydan açır. Milli ideologiyamızın inkişaf perspektivlərini burada görürük.
Telman CƏFƏROV
525-ci qəzet.- 2011.- 29 yanvar.-
S.26-27.