Qarağacın kolgəsində
Kainatı çözmək
Uzun illərdir Azərbaycan ədəbiyatındakı gəlişmələri və ədəbi prosesi bir qədər kənardan izləyirəm. Son 4-5 il ərzində isə həm bəzi yazıçı və şairlərin əsərlərini Anadolu türkcəsinə uygunlaşdırdım, həm də ədəbi proseslə bağlı bəzi müzakirələrə qatıldım, intervülərim yayımlandı.
Həm o intervülərdə, həm də dostlarla görüşdüyüm zaman ən çox soruşulan şey, nədən bu əsərləri seçdiyim və yayımladığımla bağlıydı. Özəlliklə Kamal Abdullanın romanları haqqında çox şey soruşuldu. Əslində mən yalnız “Sehrbazlar Dərəsi” romanı üzərində işləmişdim. (“Yarımçıq Əlyazma”nı isə daha öncə Türkiyənin önəmli folklorçularından professor Ali Duymaz çevirmişdi). Məncə bu maraq daha çox “Yarımçıq Əlyazma” romanıyla başlayan polemika ortamından doğmuşdu və sadəcə bu romanı deyil, Kamal Abdullanın başqa əsərlərini də mübahisə obyektinə çevirmişdi. Mübahisə edilən məqamlar yalnız əsərlərin bədii sturukturuyla bağlı olmayıb, çox zaman ədəbiyyatdan kənar kriteryaları əsas almaqdaydı. Burada bu məsələlərə ətraflı toxunmaq niyətində dəyiləm. Bu bir qədər başqa mövzudur. Yalnız onu demək istəyrəm, Kamal Abdullanın romanları yenidir, illərdir Azərbaycan oxucusuna roman adına yedirilən əsərlərdən fərqli olaraq gerçəkdən romandır. Buna görə də roman olaraq dəyərləndirmək, incələmək və təhlil etmək gərəkdir.
Öncə bir məsələni qeyd etməliyəm ki, bu romanların hər biri haqqında bir çox yazılar yazılmış və əlbəttə, yenə yazılacaqdır. Mənim diqqətimi çəkən ən önəmli cəhət isə K. Abdullanın qələmindən çıxan romanların bir bütöv oluşdurması və bütövlüyü təmin edən strukturlardır.
“Yarımçıq
Əlyazma””dan sonra “Sehrbazlar Dərəsi” gəldi. Burada durum bir az daha
asandı. Çünkü romanın adı oxucuyu bəlli
ölçüdə yönləndirməktəydi; bu
adın altında hər cür “gəribə”, “əcaib” və
“sirli” dünyalar ola bilərdi, mümkündü. Yəni
“Yarımçıq Əlyazma” romanının
oxucularını gözləyən əngəllər və
anlam ziddiyyətləri, bu romanda ən başdan “elan”
edilmiş” və beləliklə “legitimlik”
qazanmışdı. Dolayısıyla mətndaxili struktur hər
nə qədər qarmaşıq və dərinlikli olsa da, mətn
xaricindəki kültür sferasıyla hər hansı bir
ziddiyyət yoxdu. Bu durum əsərin qavranılmasını
asanlaşdırmaqla bərabər, “Yarımçıq Əlyazma”nın
bənzər strukturunu yenidən aktuallaşdırdı və
beləliklə “Kamal Abdulla mətni” (və dünyası)
qabarıq biçimdə ortaya çıxmağa
başladı.
“Sehrbazlar Dərəsi”nin məntiqinə
görə, gündəlik yaşayış ilə əzəli
və əbədi ruhsal yaşayış arasında ani
müdaxilələr yaşana bilir. Romanda ruhlar
dünyasına müdaxilə təşəbbüsü və
bunun gerçəkləşmə seçənəklərindən
biri anladılır. Müxtəlif zaman şəridləri
içində yaşanmış və yaşanacaq olan olaylar
ilə bu şəridlər arasındakı adiləşmiş
keçidlər mətnin bir az sirli, bir az qorxunc
künc-bucaqlarında gözlənilmədən dəyişən
modellər əmələ gətirir. Roman bir bütün
olaraq ta başlanğıcdan sona qədər dünyanın
ZAMAN boyutunu düzənləməyə
çalışır.
Bu romanlardan “Sehrbazlar Dərəsi””nin
mənim üçün başqa bir anlamı da var; vaxtilə
“Avrupa Yakası”” nəşriyatının sifarişiylə
onu Anadolu Türkcəsinə uygunlaşdırdım.
Dolayısıyla mətnlə daha yaxından tanış ola
bildim. Məncə “Sehrbazlar Dərəsi”” bütünlükdə
bir ovsun/büyü mətni olaraq qəbul edilə bilər.
Hadisələr dərədə (yer altında), karvan
yollarında, şəhərdə cərəyan etsə də,
yer və yeraltı dünya semantikası romanın anlam
qatlarına hakim olmak bir yana, az-çox önəmli bir təsir
belə göstərə bilməmişdir. Əksinə
başlıca semantik xətlər yerdən yuxarıda – təpə
və ya dağ başında, uçurumun üstündə
formalaşır. Hətta Cəllad Məmmədqulu ilə Pərnisənin
eşqinin simvolu belə adi məkan deyil, həyətdən
ikinci mərtəbənin pəncərəsinə
çıxılan nərdivandır. O nərdivan Pərnisənin
“ağlının başından
çıxdığını”, eşqin havasıyla
“yuxarıya” doğru uçduğunu” maddiləşdirən
ilginc bir keçid vasitəsidir. Pərnisə aşiq
olduğu adamı görə bilmək üçün daim
yuxarı baxmağa məcbur olduğu kimi, Məmmədqulunun
otağına da qapıdan deyil pəncərədən girir.
Bu eşqin sonu da dağda bir uçurumun başında
yaşanır. Məmmədqulu burada Pərnisəni
uçurumdan atsa da Pərnisənin cəsədi gözlənilənin
əksinə aşağıya düşüb bütün
fani insanlar kimi torpağa qarışmır: “Gozəl Pərnisə
göz-görə yox olmuşdu. Bir an əvvəl bəlkə
də əllərinin ustundə idi, amma indi əlləri
boş idi, iki yalın qılınc kimi acılıb
tuşlanıb göy uzunə, ulduzları hədələmirmi,
hədələyir. Yox olmuşdu, ucub gətmişdi gozəl
Pərnisə, səsini də, cınqırını da
cıxarmamışdı, nə dil tökub
yalvarmışdı, nə qarğamışdı, nə də
umu-kusu eləmişdi. Eləcənə yox olmuşdu. Bəs
o zaman hara yox olmuşdu bu Allahın zavallı bəndəsi?!
Niyə, nə ucun Məmmədqulunun bomboş əlləri
goyə acıla qalıb, nə zaman uzatdı ulduzlara əllərini?!”
Sehrbazlar Dərəsi də
karvan yolunun kənarındaki Görükməz Təpənin ətəyindən
başlamasına baxmayaraq, sanki bir “dərə” deyil; torpaqdan
qopmuş, ətrafdakı maddi dünyadan ayrılmış,
bir növ göydən asılıymış kimi bir təsir
buraxır. Əslində “görükməz təpə” anlayışı,
bu təpənin başına çıxan adamlar
göründüyü halda onların gəldiyi yolun
görünməməsi, Sehrbazlar Dərəsinin ətrafdakı
maddi dünyadan ayrılmasını və bir “paralel dünya”
olaraq yaşamasını təmin etməkdədir. (Bu “paralel
dünya” anlayışı “Unutmağa Kimsə Yox”
romanında daha önəmli yer tutur və əsərin
semantik çərçivəsini müəyyənləşdirir).
Romanda istər məcazi, istərsə
də hərfi mənada yerdən (maddi dünyadan) qopmuş
bir dünya yaradılıb və bu dünyada bütün
olaylar, personajlar, məkanlar (və zaman) durmadan dəyişən,
çevrilən, eyni zamanda bir neçə üz/kimlik
nümayiş etdirən (həm “olan” həm “olmayan”, həm
gerçək həm xəyali) bir özəllik ortaya qoyur.
Buna paralel olaraq dil (sadəcə
ifadə tərzı deyil, ümumi dil quruluşu) də
alışdıqlaırımızın dışında bir
məcazilik, polisemantizm və minimalizm (yarımçıq
ifadələr, eyhamlar, sətıraltı mənalar və b.)
sərgiləməkdədir. Cümlələrin
başlangıcı əslındə başlangıç
deyil, daha öncə anladılmış olan bir hadisənin
davamı və ya hadisədəki bir ayrıntının
izahı kimi şəkilləndirilir... Və uzandıqça
uzanır. Bu uzun cümlələrin sonuna doğru semantik
budaqlanma prosesi intensivləşir. Bu budaqlanma (alternativ
yozumların çoxalması) cümlənin və sintaktik
bütövün əslındə bitməməsini, semantik
sahənin sadəcə “öncəkiləri” deyil,
sonrakıları da “yozuma açık” hala gətirərək,
sehr (yazara görə “sirr”) semantikasının
yoğunlaşmasını təmin edir.
Romanda bir çox bilinməyən
(məchul, sirr) bir araya gətirilib; hər bir sirr (bilinməyən,
məchul element) başqa bir sirr (bilinməyən, məchul
element) ilə açıqlanacaqmış kimi qurgulanıb.
Bir-birini izləyən bu sirli elementlərin hər biri həm
qismən (yalnız qismən) öncəki elementi
açıklayır, həm də bir sonrakı sirr için
zəmin hazırlayır.
Ağ Dərviş ilə
müridlərinin hekayəsi... Məmmədqulu ilə Pərnisənin
sevgisi... Bunların ikisi də
Karvanbaşı-Sehrbaz-Ruh-Padşah bağlarını və
bu üç adam arasında yaşanan (“yaşanmalı olan”)
hadisənin gizli mənalarını açıqlığa
qovuşdurmaq üçün anladılsa da, əslində
yeni sirlərə qapı açaraq kaniat sirrinin başqa
yönlərinə işarət edir.
Özəlliklə “Sehrbazlar
Dərəsi” və “Unutmağa Kimsə Yox”” romanlarında bir
olayı açıqlamaya çalışarkən hər
hansı bir izah, bir yozum verilmir, bunun yerinə başqa bir olay
və ya rəvayət anladılır. Yəni bir olay başqa
bir olayı açıqlamaq funksiyasını yerinə
yetirir. Bunların müstəqil dəyəri olsa da, yalnız
bir arada, bir-biriylə əlaqə şəraitində (bir
sistem olaraq) müəyyən bir anlam ifadə edirlər və
nəticədə yəni bir mətn ortaya çıxır. Və
bu mətn mifdir... Yəni Romandır.
lll
Mifologiyalarda bu özəlliyi
ortaya çıxaran və ya mifologiyaları bu model əsasında
yozmağa çalışan K.L.Stross bunu “brikolaj””
adlandırır. Latın Amerikası mifologiyalarını
araşdırarkən gəldiği nəticəyə görə
bir mif başqasının, o da bir başqasının və
s. açıqlamasıdır və bunlar birlikdə
mifologiyanı yaradır.
Bu brikolaj texnikası
romanın sərhədləriylə məhdudlaşmır,
üç roman arasında da bənzər bir bağ var. Bu
romanlardan hər biri özündən öncəkini anlamaq və
açıqlamaq üçün yeni açarlar verir.
Bunu bəlkə bir daha
aydın şəkildə görə bilmək
üçün “Unutmağa Kimsə Yox” romanına bir az daha
yaxından baxmaq lazımdır.
Paralel dünyalar və fərqli
olayların fərqli zaman dilimlərində (hətta eyni zaman
içində) bir arada gerçəkləşə bilmək
imkanları bu romanda bir qayda halına gəlib.
J. Delezin
maraqlı bir bənzətməsinə görə “ədəbiyyat
xarici dildə danışır”. Hər yazıçı
öz ana dilinin içində (daha doğrusu onun sərhədlərində)
yeni bir dil yaradır və onu yazıçı edən
yaratdığı bu dildir. Kamal Abdullanın romanları, o
cümlədən, “Sehrbazlar dərəsi” anlamla
anlaşılmazlığın təhlükəli sərhədlərində
cəsur bir səyahət və yəni dil
yaradıcılığının günümüzdə
nadirən görünən uğurlu örnəyidir.
lll
Yazının başlığı mətn içində heç açıqlanmadı. Buna ehtiyac hiss etmədim, anlaşılacağını düşündüm. Çünkü Kamal Abdullanın mətnləri aralıqsız olaraq mətin toxumasını çözüb yenidən toxumaq/hörmək cəhdi olaraq da dəyərləndirilə bilər. Məsələn, son romanda da F. Q. aldandığını anlayır, yəni Möhtəşəm Ahəngin bir sirrini öz şəxsi həyatı miqyasında çözə bilir. Bütün bu çalışmaları Qarağacın kölgəsində gərçəkləşdirir. Yəni başdan sona qədər bir yazının çözüm işiylə bağlı olan və hətta öz-özünü çözməyə çalışan bir roman və romanla çözülməyə çalışılan dünya düzəni – Möhtəşəm Ahəng... Hər şey – duyumlar da, çözümlər də – Qarağacın ətrafında yaşanır, orada başlayır və orada bitir.
Arif Acaloğlu
(Türkiyə)
525-ci qəzet.- 2011.- 29
yanvar.- S.25