Kamal Abdullanın Görükməz
teatrı
Mətbuatda xəbər
verildiyi kimi bu günlərdə AYB-nin Natəvan adına
klubunda görkəmli yazıçı Kamal Abdullanın
Rusiyanın “Zlatoust” nəşriyyatında nəfis tərtibatla
işıq üzü görmüş “Dolina kudesnikov”
(“Sehrbazlar dərəsi”) romanının təqdimat mərasimi
keçirildi. AYB-nin sədri Anarın sədrliyi ilə
keçirilən müzakirələrdə Azərbaycanın
bir sıra görkəmli ədəbiyyat və mədəniyyət
xadimləri ilə birgə nüfuzlu “Zlatoust” nəşriyyatının
qurucusu Stanislav Qolubev və nəriyyatın baş direktoru Anna
Qolubeva da iştirak edirdilər. Təqdimat mərasiminə
qiyabi olaraq “Sehrbazlar dərəsi”ni rus və türk dillərinə
çevirmiş yazıçı-tərcüməçi
Lyudmila Lavrova və tanınmış filoloq-ədəbiyyatşünas
Arif Acaloğlu da qatılmışdılar. Oxucularımızı
“Sehrbazlar dərəsi”nin sözügedən dillərə tərcüməçilərinin
roman haqqında mülahizələri ilə tanış
edirik.
İnkardan
başlayacağam. Bir çoxları sətri tərcümədən
çevirməyə etinasız münasibət bəsləyirlər.
Yəni, əsərin yazıldığı dli bilmirsənsə,
onun bədii məziyyətlərini tərcümədə necə
verə bilərsən? Baxmayaraq ki, sətri tərcümədən
gözəl çevirmələrin sayı kifayət qədərdir,
təsəvvür edin, uzun müddət mən də buna
inanmışam.
Bir təsadüf hər şeyi dəyişdirdi.
Mən Anar haqqında olan “Tanış naməlum” kitabı üzərində işləyərkən Vaqif İbrahimoğlu ilə “Yuğ” teatrında görüşmüşdüm və bu insan öz fikirlərinin orijinallığı, son dərəcə geniş mütaliəsi, teatr sənətinə və mədəniyyətə özəl münasibətilə sözün əsl mənasında məni heyrətə salmışdı. Üstəlik, demək olar, bizim ruhən çox yaxın adamlar olduğumuz üzə çıxdı, bir çox məsələlərdə dəyərləndirmələrimiz tamamilə üst-üstə düşürdü. Hətta zarafatyana məni teatrda işə götürməyini xahiş etdim. Stanislavskinin məlum ifadəsini – “teatr asılqandan başlayır” – yadımıza salsaq, heç olmasa qarderobçu qismində... Tezliklə, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının gələcək redaktoru kimi, mənə bu kitabı rus dilinə tərcümə edən Vaqif İbrahimoğlu ilə yaradıcı işgüzar münasibətlərdə olmaq nəsib oldu. Tərcüməyə yeganə dürüst yanaşmanın yolunu mənə o göstərdi.
Vaqif İbrahimoğlu doğma Azərbaycan dilindən başqa rus dilini də mükəmməl bilir. İlk baxışdan, bütün mürəkkəbliyinə və çoxplanlılığına baxmayaraq, “Yarımçıq əlyazma” üzərində işləyərkən onun nə problemləri ola bilərdi ki? Ancaq gözlənilmədən ondan bir məktub aldım. Bu məktubda o, sadəcə romanın mətnini, sözlərini və müəyyən çalarlarını deyil, bütövlükdə daxili gedişlərini, intonasiyasını, uslubi təfərrüatlarını rus dilində canlandırmaqla bağlı öz tərəddüdlərini dilə gətirir, tərcüməyə baxışını Xlebnikovdan gətirdiyi sitatla şəkilləndirirdi. Bununla o, tərcümə olunan əsərin rus dilində ideal obrazını ifadə edir, buna nail olmağın zəruriliyini vurğulayırdı. Nəticədə o, bu işi yüksək səviyyədə yerinə yetirdi.
Ona görə də, müəllif mənə “Sehrbazlar dərəsi”ni rus dilinə çevirməyi təklif etdikdə, o dəqiqə Vaqif İbrahimoğlunun məktubundan tərcüməçi rolunun mahiyyətinə işıq salan sətirləri xatırladım. Bu görünməyən, eşidilməyən, bəlkə hətta pərdəarxası roldur, ancaq bir mədəniyyət hadisəsini başqa bir mədəniyyət kontekstinə köçürmək, ona nəfəs vermək, canlandırmaq məhz onun hökmündədir. Və burada əsas məsələ heç də orijinalın dilini bilmək (baxmayaraq ki, bu çox vacibdir) deyil, hekayətin ruhunu, enerji məcralarını hiss etməkdir. Bunsuz, şair Nikolay Qumilyov demişkən, yalnız “ölü sözlər” doğula bilər.
Deməliyəm ki, bu işdə mənə maksimum adekvat sətri tərcumə etmək yükünü öz boynuna götürmüş müəllif Kamal Abdullanın özü kömək edir, səbrlə bütün “qaranlıq” məsələlərə aydınlıq gətirirdi. Mən isə günbəgün hələ ki, dəqiq anşıra bilmədiyim mətni diqqətlə oxuyur, onun musiqisini dinləyə bilmək üçün açar axtatırdım. Bir oxucu kimi mənim üçün “Sehrbazlar dərəsi”nin süjeti, obrazları, təhkiyənin intriqaları çoz cəzbedici idi, tədricən romanın gizlin fəlsəfəsinə vaqif olurdum, ancaq bir-birini əvəzləyən maraqlı, son dərəcə çəkici epizodlar rus dilində dağınıq fraqmentlərə çevrilir və heç cür bütöv şəklə düşmürdü...
Bütövlük – tonallığından, dramatikliyndən, komikliyindən və ya epikliyindən asılı olmayaraq təkcə bir not, bir replika birdən-birə sənə bütün romanın konturlarını bəlli edir, onun atmosferinə düşürsən və artıq sözləri axtarmaq, irdələmək, səfə düzmək lazım gəlmir. Sözlərin özləri gəlib səni arxasınca aparır, solğun, artıq olanları kənarlaşdırır, sanki əlindən bərk-bərk yapışıb, “özündən nəsə yazmağa” əl yeri qoymurlar. Bilirəm ki, xeyli sayda redaktorlar və tərcüməçilər bunun tilsiminə düşmüşlər...
Doğrudur, burada ilkin material
böyük əhəmiyyət kəsb edir. Kamal Abdullanın
mətnləri öz daxili dolğunluğuna görə nə
qədər dərin və həcmlidirsə, bir o qədər
də təmkinli və leksik baxımdan asketikdir. “Sehrbazlar dərəsi””nin
müəllifinin bədii üslubuna “Şərq rəngarəngliyi””,
“dilin təsvirliliyi”” adlanan keyfiyyətlər tamamilə
yaddır və mən burada bunu heç də neqativ planda
xatırlatmıram. Bəzən bu “rəngarənglik”” tamamilə
orqanik olur və bu təkcə şərq
yazıçılarına yox, həm də rus və qərb
yazıçılarına xas keyfiyyətdir. Aleksandr Kuprin mənim
sevdiyim Buninə ürəkdən belə deyirdi: “Sənin əyani
təsvirlərindən başım gicəllənir”. Bu, təbii
ki, Buninin istedadını zərrə qədər də olsun
şübhə altına almır, əksinə “Təkbətək””in
və “Qırmızı bilərzik””in
yaradıcısının qısqanc şövqünə dəlalət
edir.
Deyəsən, mövzudan yayındıq, qayıdaq “Sehrbazlar dərəsi””nə...
Mənim üçün bütövün qurulmasına sehrbazın Çərxi-Fələk ölkəsi haqqında hekayəti təkan oldu. Bu ölkədə hara gedirsən-get, sonda həmişə “öz çevrənə” qayıdırsan. Və səni başlanğıc nöqtədən paradoksal şəkildə uzaqlaşdıran bu “əbədi qayıdış””, dairəvi hərəkət motivi mənim üçün romanın ritmik planda süjet xətlərini təşkil edən başlanğıc oldu. Cadu və Karvanbaşının öz cəllad atasının ruhu ilə söhbəti ilə bağlı son dərəcə təsirli səhnənin – hekayətin kuliminasiya nöqtəsi və ondan sonra gələn bütün səhnələr – Karvanbaşının, onun arvadının və sadiq qulunun ölümü, sehrbazın qaçıb aradan çıxması, uşağın möcüzəli şəkildə xilası, bu fani dünyanı gözəgörünməz edən güclü qar yağışı, sakinləri ilə birgə Dərənin özü – əlçatmaz sirlərə toxunmaq istəyən, bununla belə, Nitsşenin sözləri ilə desək, “insani, həddən artıq insani” hisslərə tutulan insan haqqında hekayəti varlığın yalnız yeni dairəsinə keçirmişdir...
Bütün deyilənləri obrazlı şəkildə ümumiləşdirsək, bir tərcüməçi kimi mənə “Sehrbazlar dərəsi”nin mətnini rus dilində yaratmaq üçün əvvəlcə onu öz təsəvvürümdə canlandırmalı, hansısa görükməz teatr məkanında “oynamalı”, elə etməliydim ki, bu səhnələrdəki səslər və rənglər digər nitqin toxumasına keçsin və nəsrin harmonik ahəngində səslənsin. Buna nail ola bilmişəmmi? Qoy buna oxucu qərar versin. Amma “Nezavisimaya qazeta”nın kitab əlavəsində yer alan roman haqqında resenziya məni sevindirdi. Özü istedadlı yazıçı olan resenziya müəllifi kitabı və onun müəllifinin məramını yüksək qiymətləndirərək, hekayətin bütöv xarakterini ifadə edən ritmik hərəkəti tutmuş və qeyd etmiş, bunu karvanın mətndə əksini tapan ahəngli hərəkəti ilə əlaqələndirmişdi... Mən yalnız tənqidçinin heç də təsadüfən yaranmamış bu hissini daha da geniş ifadə etmək istəyirəm: sanki havada süzən karvanın ahəngli yerişi Kamal Abdullanın əsərində öz atasının qatillərini tapmaq istəyi ilə bağlı Karvanbaşının ürəyində mütəmadi olaraq baş qaldıran hisslərlə, sehrbazların Görükməz Təpənin ətrafında dövrə vurmasıyla, hər şeyin və hər kəsin, özündə əbədiyyəti sığışdırmış, kosmik ana bərabər yer zamanında mövcud olan ölülərin və dirilərin öz çevrəsinə dönməsi ilə çulğaşır...
Lyudmila Lavrova
(Rusiya)
525-ci qəzet.- 2011.- 29 yanvar.- S.24.