ORALARDA KİMLƏR VAR: AZƏR ABDULLA –2
Yazar dostum Azər Abdulla mənim suallarıma cavab verəndən sonra müsahibənin bir az çox alındığını təkrar-təkrar mənə dedi və təkrar-təkrar arzuladı ki,Allahı sevərsən Rəşad bəydən də ( baş redaktordan) xahiş elə mümkünsə onu necə var eləcə çap etsin, sənə də toxunmuşam, o yerlərə də dəymə.Əlavə elədi: mən bilən birinci dəfədi ki,belə uzun bir hekayət alınıb.
Mən də sevimli Rəşad Məcidin əfvinə sığınıb Azər dostumuzun və gözəl yazarımızın cavablarına müdaxilə etmədən (heç adətim də deyil) oxuculara təqdim edirəm.
–Bəyəm sənin umacağın yoxmu, heç kim də bilməsə, mən bilirəm, 1996-cı ildən bu yana bir yerə qol çəkib maaş almadan hər gün nizam- intizamla “Oğuz Eli ” qəzetinin redaksiyasına gedib hansı inam, hansı sevgiylə qəzetin “YAZIÇI” adında ayrıca buraxılışlarını hazırlayırsan, iyirmi ildən bəri məzuniyyətin, istirahətin nə olduğunu, müalicəyə gedə bilmədiyini, dərmanlar almağa imkanın olmadığını mənə demisən. İndi mənimlə niyə belə qeyri-səmimi danışırsan, sənin umacağın yoxdursa, niyə mənə giley-güzar edirdin?..
–Tofiq, söhbətimizdən ŞOU qoxusu gəlir. Fərdi təqaüd, ad almaq istəyən artistlərin, müğənnilərin danışığına bənzəyir. Suallarına bir şərtlə cavab verirəm, müsahibəni, yəni elədiyimiz söhbəti çap elətdirmə, arxivində qalsın, yaxşımı?
–Söhbətini elə, bu soranın işidi, baxarıq...
–Bunları sənə ikilikdə bir-birimizə ürəyimizi boşaldanda demişəm. Ona görə deməmişəm sən mənə maaş verəsən, sanatoriyaya göndərəsən, yaxud dərman pulu verəsən. Axı, sən dövlət, yaxud səlahiyyətli hökumət məmuru deyilsən. Söhbətimizin yönü dəyişdi, gəl mənim sonuncu nəşr olunmuş kitabımdan danışaq. Demək belə çıxır, adda-budda çap olunmuş kitabım barədə qəzetdə məlumatın getməsini də mənə çox görürsən...
–Yenə də başladın...Sualımı düzgün anlamadın...
–Yadındamı Tofiq, “Qobustan” incəsənət dərgisində işlədiyimiz vaxt işçilərdən biri, deyirdi siz pul üçün, qonarar üçün yazırsınız, sizin ədəbiyyata, yazıçılığa dəxliniz yoxdu, onu heç cürə inandıra bilmirdik ki, biz ədəbiyyat, söz xəstəsiyik. Maaş, qonorar olmasa da yazacağıq, sözə vurulmuş, sözə tutuşmuş bədbəxtlərik. Yadındamı, Füzulinin “Tutuşdu qəm oduna şad gördüyün könlüm” misrasını da dedim. Bu dünyada hərə bir şeyə- Məcnun Leyliyə, birisi şahmata, birisi futbola, boks oyununa, birisi bağbançılığa, nə bilim, arıçılığa, içkiyə, narkotikə, dini- ibadətə, siyasətə tutulan kimi, birisi də rəssamlığa, yazıçılığa, şairliyə, yəni sözə tutulur, bu adamların hamısı həyatın mənasını da sevib-vurulduğu sənətində görür. Beləcə bir gün ayılıb görür sonuncu dayanacağa çatıb. Mən yenə qayıdıram Füzulinin o misrasındakı “şad könülün birdən-birə qəm oduna tutuşması” fikrinə. Bax, o şad könül niyə qəmdən qaçıb uzaqlaşa bilmir...
–Füzulinin bu misrasını düzgün yozduğuna əminsənmi?
–Bəlkə başqa cür də açmaq, yozmaq olar, ancaq bu dəyqə mənə belə sərfəlidi. Biz SÖZƏ vurulmuş-tutulmuş adamlarıq. Uğurmu qazanmışıq, məğlubmu olmuşuq bu, başqa söhbətdir. Sözün qısası, o qalın kitabımın (634 səh.) işıq üzü görməsi xəbərini qəzetdə verməklə bəzi qohum, dost, tanışlarıma, lap elə bir vaxt “Qobustan” jurnalında birgə çalışdığımız o iş yoldaşımıza bildirmək istəmişəm ki, mən ədəbiyyata, sözə sədaqətli olaraq qalmaqdayam.
–Bu bir az da özümə haqq qazandırmaq kimi bir şey olur : sən bilən Azərbaycan ədəbiyyatında publisist kimi qalmaq şansı nədən bu qədər kasaddır.Yəni publisistika dərin ədəbiyyat sayılmır, bizim ədəbi leksikonda. Halbuki nələr yoxdu bu ədəbi janrda?
–Publisist yazıyla bağlı sənin bu narahatlığını müxtəlif vaxtlarda istər mənimlə, istərsə də başqa həmkarlarınla elədiyin söhbətlərin dönə-dönə şahidi olmuşam. Yanılmıramsa, bu da ordan gəlir ki, sənin yaradıcılığında aparıcı qol publisist yazılar olub. Etiraf etmək gərək, yetmişinci illərdə sən bu janrda yadda qalan, Azərbaycan mühitində çoxlarına təsir edən, dəyərli şeylər yazmısan. Səndən öyrənənlər, sənin kimi yazmağa cəhd edənlər olub. Yenə deyirəm, yanılmıramsa, o illər sən publisist yazarlar arasında ulduz kimi parlayırdın. Həmin dövrdə sən “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Kommunist” qəzetlərində çalışsaydın, gün-güzaranın daha yaxşı ola bilərdi, ancaq “Qobustan” jurnalında işıq üzü görmüş yazılarını heç bir yerdə çap etdirə bilməzdin. O da yadımdadır, altmışıncı illər bir şair kimi də sən ədəbi mühitin diqqət mərkəzindəydin. Ancaq necə oldusa, sənin publisist yaradıcılığın şairliyini yedi. Sənin həyatının, yaradıcılığının bu məqamı 60 illiyinlə bağlı “Azərbaycan” jurnalında çap elətdirdiyim portret oçerkimdə daha geniş əks olunub. Yeri gəlmişkən, təvazökarlıqdan uzaq olsa da, inamla deyirəm, bir vaxtlar səndən öyrənsəm, yazılarına gizli-gizli qibtə etsəm də, sənə həsr etdiyim həmin yazımı sənin ən güclü publisist yazından səviyyəli, üstün sayıram. Belə deməyimə incimirsən Tofiq?
–Yox canım, qətiyyən incimirəm...
–Ancaq bir məsələni
də boynuma alım ki, yazının gözəl
alınmasının bir səbəbi təkcə yazarın səriştəsi
ilə deyil, həm də haqqında bəhs edilən şəxsin
standartlara sığışmayan-maraqlı xüsusiyyətləri
ilə də bağlıdır.Narahatlıqla deyirsən bizim ədəbi
aləmdə (sən leksikonda deyirsən) publisist yazılar (sən
publisistika deyirsən) dərin ədəbiyyat sayılmır,
halbuki nələr yoxdu bu ədəbi janrda.Bəy, məncə
təkcə Azərbaycan ədəbi mühitində deyil,
dünya da bunu təsdiqləyir. Heminquey, Kamyu, Markez, Jan-Mari Qüstav, Orxan Pamuk və
Dostayevskinin də publisist yazıları olub. Ancaq onlar
şedevr sayılan bədii nəsr əsərləri ilə
qəlbləri fəth ediblər. Mən belə deyərdim,
gücü, enerjisi, dərinliyi, gözəlliyi, genişliyi,
şirinliyi, bu dəqiqə yadıma sala bilmədiyim bir
çox xüsusiyyətləri özündə birləşdirən,
ehtiva edən bədii əsərlə publisist yazıları
eyni lojada əyləşdirmək, eyni biznes klas uçaqa
mindirmək, yaxud, bir rinqdə yarışa buraxmaq absurd məsələdi.
–Romanla, povestlə
publisistikanı ayıran başlıca şərtlər
hansılardır. Ədəbi camidə indi hansı daha
qabarıq və üstündür?
–Sualının birinci hissəsini
inandığın ədəbiyyatşünaslara versəydin,
deyək ki, Əsəd Cahangirdən, yaxud Cavanşir
Yusıflidən daha düzgün cavab alardın.
Sualının ikinci hissəsində indiki, hal-hazırkı ədəbi
prosesdən söhbət gedirsə, istər ədəbi
prosesi, istərsə də qəzetlərdə gedən
publisist yazıları ardıcıl izləyə bilmədiyimə
görə təəssüf, sorğunun bu hissəsini də
cavablandıra bilməyəcəm.
–Azər, mən bildiyim qədəri
gəncilik illərindən sənin arxivində hər ikimizin
də sevdiyimiz gözəl yazıçı İlya Erenburqun
imzası-aftoqrafıyla İLLƏR, İNSANLAR TALELƏR
adlı altı cildlik kitabı var. Düşünürəm:
bəlkə bu gözəl kitabın da sənə təsiri
olub publisistikaya meyl etməkdə?
–İnciməsəydin,
yaddaşına azca düzəliş vermək istərdim. O
vaxtlar Erenburqun altı yox, doqquz cildliyi nəşr olunurdu.
“Dalğa” kitab mağazasında onun tam nəşrini almaq
üçün abunəçiydim. Müftə olsun deyə
(yaradıcılığına dərindən bələd
olmasam da) tərifnamə məzmunlu geniş məktub yazıb
son beş cildini göndərməsini Erenburqdan xahiş etdim.
Məktubumu rus dilinə çevirmək üçün rəhmətlik
Tanrıqulu Əliyevə göstərəndə –Bu boyda məktubunu
oxuyandı?- deyib Tanqo məktubumu yığcam şəklə
saldı. Bir müddətdən sonra poçtdan
aldığım bağlamanı açanda Erenburqun
imzasıyla beşinci cildində olan “BURYA” (BORAN)
romanını gördüm, ancaq romanı, sonra da şeirlərini
oxuyanda kitabı aldığım günü
yaşadığım sevinci duymadım.“İllər, insanlar,
talelər” onun ən güclü əsəridi. Erenburq
publisist yazar kimi təkcə rus ədəbiyyatında deyil, bəlkə
lap dünya ədəbiyyatında görünən,
sayılan sənətçilərdəndir. Tofiq, bu məqamda
yenə boynuma alıram, sənin dilindən “İllər,
insanlar, talelər” əsərinin adını dönə-dönə
eşidəndən sonra onu oxumağa başladım. Sənin
kimi o əsərdən sözsüz, mən də bəhrələndim.
–Azər, Boris Pasternakın
iki misrasını mən həmişə xatırlayıram :
Çeviridə belədi ki, mən az iş görmədim bu
vətən üçün, gərək unutmasın bu vətən
məni. Necə bilirsən, bu Vətənlə sənin
bağlılığın nə qədərdi, bu vətəndən
bir umacağın vardımı? Amma, Allahı sevərsən,
açıq söylə. Demirəm ki səmimi ol, amma təmiz
düşüncəylə söylə.
–Əzizim Tofiq bəy, bu sualı gərək sən mənə verməyəydin. Aralarında pərdə olan iki doğma adamın bəzən sözü çəp gələndə onlardan biri qeyzlənərək –Mənim ağzımı aşdırma ha!..-deyir. Mənim yaşayış durumumun bəzi məqamlarını bir az öncə özün dedin. Bu yaşımdakı işim, gün-güzaranım elə gənclik dövründə “Qobustan” dərgisində işlədiyimiz vaxtlardakı yaşam tərzinə bənzəyir. Ayda, bəzən üç-dörd ayda hazırladığım “Oğuz eli” qəzetinin “Yazıçı” adda çap olunmuş ayrıca buraxılış sayını torbada sallada-sallada (çəkisi bəzən on, bəzənsə iyirmi kiloqram olur) mətbəədən redaksiyaya, oradansa iki marşrut dəyişməklə Yazıçılar Birliyinə aparıram. Əli torbalı qapıdan çıxanda nəşriyyatın qarşısında yan-yana düzülmüş “Cip, Prado, BMV, Mersedesdən tutmuş sovetdən qalma sınıq-salxaq Moskviçə qədər bir-birinin yanında sıx dayanmış maşınların arasından güclə, özü də utanıb sıxılmadan keçirəm. Elə bildin həftədə, bəzənsə ayda bir dəfə çap elədikləri qəzetlərinin səhifələrini hakim dairənin şəkilləri, yaltaqlıq iyi verən yazılarla dolduran o maşın yiyələrinə paxıllığım tutur. Yox Tofiq, o binəvalar, ayı kababına nəfsi düşən, həyətlərində timsah, hovuzlarında delfinlər saxlayan, Dubayda, Antalyada villaları olanların yanında kimlərdi ki... Birdən elə bilərsən sonda vurğuladığım harınlara həsəd aparıram. Vallahi, billahi yox. Yaşadığım taleyi Allahmı verib mənə, özümmü seçmişəm, bilmirəm. Sənin sualına dəxli olmasa da bir ayrıntı çıxacam. Səkkizmi, doqquzmu yaşımda ev uşağıydım. Eşitdim, kənd uşaqları hər kəs olanından (yumurta, pendir, lavaş, limonad) götürərək yığışıb kənddən azca aralıda “Dəhnə” deyilən yerdə kef eləməyə gedirlər. Məndən altı-yeddi yaş böyük olan qonşu oğlana etibar edib o kefə getməyimə evimizdə razılaşdılar. Gün batanacan uşaqların cürbəcür oyunlarına maraqla baxdım. Şər qarışanda nəhəng bir tonqal çatıldı. Uşaqlar tonqaldan azca aralı dövrələmə oturub gətirdikləri azuqəni və elə ordaca iri tavada bişirilən qayqanağı ortalığa qoydular. Neçə-neçə əllər birdən hərisliklə tavaya uzandı. O illər camaatımız yoxsulluq içində yaşayırdı. Uşaqların içində aylarla, bəlkə də illərlə qayqanaq üzü görməyənlər varıydı. Qayqanağın bir andaca qurtaracağını görən yan-yana oturmuş üç qolu zorbalı oğlan (onlardan biri qonşumuz idi) qayqanağı adambaşına bərabər bölmək adıyla tavanı qabaqlarına çəkdilər. Qayqanağın az qala yarıdan çoxunu o üç nəfərə, qalanını qırıq-qırıq onmu, on ikimi uşaq arasında bölüşdürəndə ehtirazlar başlandı- limonad şüşələri sındı, alminium qablar göydə fırlandı, yanmaqda olan kösövlər ətrafa tulazlandı, dartışma, süpürləşmə, didişmə, söyüşmə... Yanıb sönən tonqalın işığında o üç yaşlı oğlanın əllərini qaba uzadıb kəsdikləri qayqanaq parçalarını pələsənk ağızlarına aparmaları indi də gözümün qabağındadı. Mən qonşumun böyründə oturmuşdum, o məni tələsdirərək –Ye, ye- deyirdi. Tofiq, inanırsan, o qayqanaqdan götürdüyüm bircə loxma boğazımda ilişib qaldı. Ədalətsiz bölgüyə görə.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 29 yanvar.-
S.23.