SƏS
(Esse-kollaj)
Muğam işığında təksəsli,
çoxsəsli düşüncələr
(Əvvəli ötən şənbə
saylarımızda)
İSAQ KİŞİ
“Sən müğənnilər üçün müğənnisən” – dedi son görüşümüzdə İsaq müəllim mənə. Sonra əlavə etdi: “Oğlum mən həyatı ədəbiyyatdan yaxşı bilirəm. Çünki həyat adamıyam. Savaşda olmuşam, müxtəlif yerlərdə işləmişəm, kasıb ailədən çıxdığım üçün həyatın dibində yaşayanları da, orta firqəni də, qulluqçu deyilən zümrəni də, ziyalıları, xüsusilə yaradıcı ziyalıları yaxşı tanıyıram. Keyf əhlini də, dərd əhlini də yaxşı tanıyıram. Amma bütün bunlarla bərabər mən ədəbiyyat adamıyam. Çexovun “Qara rahib”ini, Dostoyevskinin “Netoçka Nezvonava”sını tərcümə edəndən sonra ikinci həyat – sənət həyatı mənim üçün önəmli olmuşdur. Yazıçılar da iki yerə ayrılır: xalq üçün yazanlar, yazıçılar üçün yazanlar, başqa sözlə şairlər və şairlərin şairi.
Məsələn, rus ədəbiyyatında Tütçev, Mandelştam şairlərin şairidir. Bizdə Müşfiqi şairlər şairi sayıram. Cavanlar arasında sənin də tanıdığın Vaqif Cəbrayılzadə də şairlər şairidir. Bu başqa bir şeydir. Mən sənin də müğənnilər müğənnisi olacağına əminəm. Sənin ifanda yeni məktəbin, sənət üçün sənətin cizgilərini görürəm. Bu böyük və ağır məsuliyyətdir. Hər xalın, hər bədahətin hesabı sorulacaq, arası kəsilməyən müzakirələr, fikir toqquşmaları olacaq. Bunlar olsun. Olmağı da yaxşıdır. Axmaz sular tez qoxuyar. Bu hərəkət, arayış, təzə-təzə düşüncələrə, yollara, ölçülərə, biçilərə aparacaq. Köhnə təslim olmayacaq, yeni özünə yol arayacaq.
Sütunlar həmişə vacibdir. Amma sütunların sökülməyi, dəyişməyi bu bir gerçəyin ifadəsidir. İnkar həmişə yeni deyil. Sənətdə adamlar deyil, sənətin örnəkləri mübarizə aparır. Bu meydan başqa meydandır. Allah sənə lazım olan hər şeyi verib. Vergin var, ruhun var, təmizliyin var, zəhməti sevirsən... Amma bunlar yetərli deyil. Missiyası olan bəndələr ayrı həyat yaşayır. Bu həyatın əzablarına qatlaşmaq, bəzən elə bu meydanda şəhid olmaq, onun taleyi olur. Sən Azərbaycan muğamlarını başdan-başa oxudun. Mütləq proqramın bitdi. İndi sən nisbi olan, sütunları yaralayan, dağıdan, yeni biçim, yeni üfiq sorağındasan. Nə qədər müvəffəq olacaqsan, deyə bilmərəm, onu Allah bilir. Sənin yalnız Azərbaycan muğamı ilə deyil, bütün dünya ifa sənəti ilə bağlı borcun var. Bu borc səni qoşa qanadlı mələk kimi, iki metrlik qara torpaq kimi gözləyir. Yolun açıq olsun. Allah kölgəsi üstündə olsun!”
Bu sözləri kəlmə-kəlmə xatırlayıram və anladığım, anlaya bilməkdə çətinlik çəkdiyim məqamları açmaq, dartışmaq istəyirəm. bəlkə də mən bir hörümçək həyat yaşayıram və nə toxuduğumu bilmirəm. Açılan çiçəyəm, bitən otam, axan suyam. Gecələr dərdini 14 gecəlik aya danışan təzəcə çiçəklənmiş güləbrişin ağacıyam. Günəşdən qızarmış qayayam, çöldə yovşan koluyam, gecələr müqəddəs ocaqda sürünə-sürünə Allaha duasını eləyən ilanam, gözü hələ açılmamış bülbül balasıyam, dünyayam, göylərəm, zərrəyəm, külləm və bütün bunları təsdiq edən səsəm.
Ehey-y-y-y....
Eşi-dir-sən-mi?
KƏPƏNƏK
Bu yaxınlarda meşə vəhşiləri
haqqında bir sənədli filmə baxırdım. Nəhəng
fillər, meşə hökmdarı aslanlar, zəhərli
ilanlar, hiyləbaz tülkülər, güzəştsiz
canavarların... mübhəm, qəribə və olduqca şəffaf,
aydın həyatına heyran olmuşdum. Güc
hökmdarlığında, filin, aslanın, ilanın...
yanında qayğısız, qorxusuz-hürküsüz
uçuşan alabəzək kəpənəklər bu
meşənin ən azad canlıları idi. Şirin burnunun
ucundan, filin xortumunun üstündən, ilanın
başının ucundan meyxoş-meyxoş uçan kəpənəklər
nədənsə mənə tarixin zülmətlərində
süzülə-süzülə, süzə-süzə gələn
muğamları xatırlatdı.
Kəpənək
gücünün azadlıq, gözəllik olduğunu
anladım.
Muğamların da bu
azadlığın, gözəlliyin ifadəsi olmasına
olduqca sevindim.
lll
İçimə sinib
özüm-özümü ovlamaq istəyirəm.
Özümü yox edib özümdən yenidən doğulmaq
istəyirəm. Bu həyatı yenidən yaşamaq istəyirəm.
Ağrısız, dəhşətsiz bir həyatı
yaşamaq istəyirəm. İstəyirəm hamı kimi
yeyim, içim, kef eləyib, saatlarca gəzim, günlük
işlərdən başqa heç bir dərdim, qayğım
olmasın... Bütün bunları düşünürəm
və düşünə-düşünə özümə
yazığım gəlir. Sonra istəyirəm ki,
yaralarımı bağlayım. Özümü sevim, diz
çöküb məni olduğum kimi yaradan Allaha dua edim,
yalvarım, yaxarım.
Sənət
üçün doğulanlardan xoşbəxt kim ola bilər
ki? Oxumaq üçün dünyaya gəlmişəm,
özümü, özümünküləri, oxumalıyam.
Son nəfəsimə kimi səsin içində olmalıyam və
səsin bağrında da ölməliyəm...
XALÇA DİLİ
Bəlkə də
dünyanın dili yoxdur, ona dili insan verir. Dünyanı insan
danışdırır. Tütəyə, saza, neyə,
lll
Xalça səsin şəklidir.
Səsdən söz yaranır. Sözün şəkli
damğadır, hərfdir, əlifbadır. Səsi,
sözü Allah yaradıb, damğanı, yazını, əlifbanı
– insan.
Naxışları, rəngləri,
ornamentləri səsə çevirsən, eşidəcəyin
aləmin adı muğamdır. Muğamın içindəki
miniatürü görməyən qəflətdədir.
Dünyanın bütün
böyük şairləri sözlərini, misralarını səsə
hesablayıblar. Homer dənizin səsini, ərəb şairləri
gecələrin sərinliyində səhrada
ağır-ağır irəliləyən dəvə
karvanını, qum üzərindəki aram dolu ayaq səsini,
türk ustadları at yürüşünü,
akınları, farsın sözünü yaradanlar şirin nərəsini,
gözəlin ahını... sözə çevirənlərdir...
Səsdən baxanda
dünyadakı bütün şeirlər doğmadır, birtəməllidir,
universal qanunauyğunluq içindədir. Yeni səsdən
baxanda Mevlanə da, Şekspir də, Füzuli də, Yunis
İmrə də, Puşkin də, Rustaveli də,
Müşfiq də... bir-birinə doğmadır, bir
bütün, bir ruh, bir candır.
lll
Gözlədi, gözlədi
yaz gəlmədi, özü getdi yaza
Bülbül
üşüdü gəldi,
Dərdə tuşudu gəldi.
Bülbül gül
havasına
Hələ qış idi gəldi...
O bülbül kimi mən də
gül həsrətlisiyəm. Payız uzanır, qış da
bitmir ki, bitmir. Daha səbrim tükəndi yaza getməsəm
ölərəm, bağrım çatlar. Qoy məni şaxta
vursun, boran vursun, don vursun. Yar yolunda, gül yolunda ölmək
də bir savabdır. Əslində məni
düşündürən ölmək deyil, gülə
yetişmək, onun qarşısında diz çöküb
“Mənsuriyyə” dilində onsuz yaşaya bilməyəcəyimi,
onunla bu fani dünyada var ola biləcəyimi zikr etməkdir.
Bunun adı fənafillahdır
– Allahda yox olub getməkdir... Uzaq ellərdən gülün
qoxusu gəlir, Allahım...
YALNIZLIĞIN SƏSİ
Dünyada hər şey
öz yaradanına bənzəyir. Təbii ki, yaradılan da
yaradanın övladıdır.
Bu iç-içə
bağlılıq, muğam sənəti üçün də
doğrudur. Azərbaycan xalqı öz yaratdığı
muğamlara bənzədiyi kimi muğamlarımız da
onları yaradan xalqın bənzəridir. Bizim
gücümüz də, gücsüzlüyümüz də,
gözəlliyimiz də, çirkinliyimiz də, həssasiyyətimiz
də, duymazlığımız da, mücadiləmiz də,
ağlayıb sızlamağımız da muğamlarda rəsm
olunub. İnsanın xisləti, temperamenti, xarakteri təbiətin
mövsümləri kimidir – baharıyla, yayıyla,
payızıyla, qışıyla. Və hər xislətin –
mövsümün öz səsi var. Muğamın şöbələri,
keçidləri, bəmi, zili bu mövsümlərin zaman və
zəmindəki addımlarıdır.
lll
Bir dəfə məni baletə
dəvət etmişdilər. Gənc idim, bir az baletlə mənim
aramda məsafə var idi, bir az da kompleks. Bir az keçəndən
sonra orkestrin ehtişamı içində
çılğın, titrək səslər eşitdim.
İnsan səsi olmayan səhnədən eşqin,
ayrılığın, təmasın ifadəsi olan hərəkətlər,
plastika, xoreoqrafik təfərrüat və sürət mənim
beynimdə adekvat səs biçiminə çevrilmiş və
mən o hərəkət dilini səs dilinə tərcümə
etmişdim. Xatırladım ki, akvariumda səssiz-səmirsiz
üzüşən rəngarəng balıqlar da məndə
eyni hissi, təəssüratı oyatmışdı: mən
balıqların səslərini,
pıçıltılarını,
hayqırışlarını duymuşdum.
Kökü bir qaynaqdan gələn
sənətin, özünüifadənin, ünsiyyət zənginliyinin
ortaq ritual təməl keçidləri təbii həssaslığın,
dalmağın, qapılmağın bu keçid
qapılarını insanın üzünə açması
doğaldır.
ƏZAN
Muğam ifasında
müşayiət başlı-başına böyük bir məsələdir.
Musiqi alətləri ifaçı üçün o qədər
önəmlidir ki, hətta ifaçı ilə müşayiəti
ayırmaq belə olduqca çətindir.
...Bir dəfə filarmoniyada
bir gecəyə dəvətliydim. Bir az xəstəhal idim və
mənə də söz vermək istəyəndə xəstə
olduğumu söyləyib üzr istədim. Az keçəndən
sonra yavaş-yavaş qalxıb çıxışa yönəldim
ki, evə gedim. Elə qapıdan çıxırdım ki,
gözüm asqıda bir qavala sataşdı. Kimsə
qoymuşdu ki, çıxanda götürsün. Eləmədim
tənbəllik içimdəki marağın fitvası ilə
qavalı əlimə aldım və vurdum. Bir də
gördüm ki, səhnədəyəm və oxuyuram. Vəcd
məni nə zaman səhnəyə çıxarıb, nə
oxumuşam, necə oxumuşam – xatırlamıram.
Xatırladığım qavala ilk təmasımdır.
Amma bir də müşayiətsiz
ifa da var ki, onun ən bariz örnəyi əzandır, Quran
qiraəti, ümumən İslam musiqisinin önəmli bir hissəsi
müşayiət istəməz.
Açığını
deyim ki, bəzən mən də müşayiətsiz oxumaq
istəyirəm. Öz səsimdən başqa hər şey mənə
mane olur. Allaha təkcə, təkbaşına imtahan vermək
istəyirəm.
İfanın fasilələri
musiqi ilə dolmadığı üçün dəhşətli
bir duyğu yaradır.
Əzan cəmi 5-6 cümlədir
və yalnız səs ifası var.
Amma mən dünyada əzan
qədər duyumal, təsirli, müqəddəs musiqi
tanımıram.
Müşayiətin rolunu, əhəmiyyətini
kimsə inkar edə bilməz.
Müşayiətsiz musiqinin
öz yeri, məqamı və missiyası var.
Məsələn, rəhmətlik
Hacıbaba müəllim müşayiətsiz gözəl
oxuyardı.
Qədir Rüstəmova Əhsən
Dadaşov müşayiəti misilsizdir. Amma Qədirin
müşayiətsiz ifasını eşidənlər o zövqü
başqa heç nədən, heç bir yerdən ala bilməz.
lll
Kainatın harmoniyası və
təbiətin titrəşimi mənim ilk səs müəllimim
olub. Səs olan, səsə çevrilən hər şeyi
dinləməyə, başa düşməyə
başladıqdan sonra dünyada hər şey dəyişdi. Təbiətə
qovuşdum və mən özüm də səs oldum, səsin
bir parçası oldum. Söz olmazdan əvvəl səs var
idi. Sözün qurtardığı yerdə yenidən səs
başlayırsa biz səslə doğuluruq, səslə məhəbbəti
tapırıq, səslə dünyaya əlvida deyirik, səslə
Allaha qovuşuruq.
Bəlkə Bethovenin
qulaqları dünyaya qapatıb, bağlayıb
özünü dinləməsə idi, dünyada 9-cu simfoniya
da olmayacaqdı.
Üzeyir bəyin
Şuşadan yığıb bağrında gizlətdiyi o
möcüzə dolu səslər olmasaydı “Leyli və Məcnun”
da olmazdı.
Səs haqqında
düşünmək xoşbəxtlik olduğu qədər də
bədbəxtlikdir. Mən bədbəxtliyi seçdim.
Çünki mənim bu dünyada axtardıqlarımın
hamısı orada idi.
lll
Səsim də mənim
övladımdır. Mən bu övladın əzabını-əziyyətini
çəkməyə məhkumam.
O məni dərdləndirir,
sevindirir, ağladır, güldürür.
Səsimin
doğulmağı, böyütməyi, özünü təsdiq
etməyi günbəgün yadımdadır.
Səs elə mənim
yaddaşımdır. O yaddaşdan bir kərpiç, bir
övlad qopsa hər şey bitəcək və dünyaya
zülmət çökəcək.
lll
Kainata qovuşduğum anda,
özümü Allahın haləsində olduğumu bilən
məqamda bir də ayılıb görürəm ki,
hökmdar deyilən bir cahilin ovcundayam. Və dəqiq hiss edirəm
ki, o mənə həşərat kimi baxır. İstədiyi
zaman ovcunu sıxıb məni xurd-xəşil edə bilməsi
ona sonsuz zövq verir. Mənim çəlimsiz
varlığım ona gülməli gəlir. Göyərçinin
uçmağına nifrət edən koramal kimi anlaya bilmirlər
ki, axı göyərçin niyə uça bilir. Və bunu
anlamırlar ki, onlar heç vaxt uça bilməyəcəklər.
Barmaqsız və soyuq əllərində
göyərçinin ala gözlərinə baxa-baxa onu divara
çırpmaq istəyirlər və çırpırlar.
İstəyəndə göyərçinin ağappaq
üzünə tüpürə bilirlər və tüpürürlər.
Dərk etmədikləri,
anlamadıqları göyərçin taleyin qəhqəhəsi
kimi hökmdarın üzünə çırpılır və
onun yoxluğunu, heçnəliyini təsdiq edir.
Səsin dünyası
içində bir toz belə olmayan bu varlığın
işıqsız, nursuz sifəti məni qorxutduğu qədər
də iyrəndirir.
Günlük güc,
keçici qüdrət, öləri dəbdəbə əbədi
həyatın, gözəlliyin yanında nəkarədir ki...
(Ardı gələn şənbə sayımızda)
KAMİL VƏLİ
525-ci qəzet.- 2011.- 29 yanvar.-
S.22.