Elçinin yaradıcılığına yüksək qiymət

 

Xalq yazıçısı Elçin Türkiyə universitetinin fəxri doktoru seçilmişdir

 

İstanbul Kultur Universiteti Türkiyənin böyük və nüfuzlu tədris kompleks-mərkəzlərindən biridir. Burada humanitar sahələrlə bərabər, elmin digər sahələri də tədris edilir. İndiyə kimi Kultur Universiteti minlərlə bakalavr, magistr, doktor yetişdirmişdir. Qardaş ölkənin bir sıra görkəmli elm xadimləri, tanınmış pedaqoqlar bu universitetdə dərs deyirlər.

Eyni zamanda dünyanın müxtəlif ölkələrindən bir sıra böyük elm və mədəniyyət xadimləri də bu tədris ocağının fəxri doktorları seçilmişlər.

Bu il yanvar ayının 6-da Kultur Universiteti Böyük Senatının (Elmi Şurasının) gizli səsvermə yolu ilə qəbul etdiyi qərara əsasən xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin də universitetinin fəxri doktoru adına layiq görülmüşdür.

Yanvarın 12 –dən etibarən bu münasibətlə Universitetdə silsilə tədbirlər keçirilməyə başlamış, xalq yazıçısı universitetin professor-müəllim heyəti ilə görüşmüş, texniki təchizat və tədris sistemi ilə tanış olmuşdur.

Yanvarın 13-də universitetin əsas binasında professor-müəllim heyətinin və tələbələrin, eləcə də mətbuat nümayəndələrinin iştirakı ilə böyük elmi-ədəbi konfrans keçirildi.

Konfransı giriş sözü ilə Türk Dili və Ədəbiyyatı Bölüm Başqanı, professor Ömür Ceylan açdı. O, Elçin yaradıcılığının bədii-estetik və ictimai-fəlsəfi xüsusiyyətlərindən danışaraq dedi:

“Türk dünyasının böyük yazarı Elçinin yaradıcılığı yalnız qardaş Azərbaycanda və ümumiyyətlə, yalnız türk dünyasında deyil, çağdaş dünya ədəbiyyatında layiqli yer tutur. Elçinin romanları, hekayələri, pyesləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuş, nəşr edilmiş, teatr səhnələrində göstərilmişdir. Onun ssenariləri əsasında səkkiz bədii film çəkilmişdir. Elçin türk dünyasının böyük yazarı olmaqla yanaşı, həm də böyük ədəbiyyatşünas alim və tənqidçidir. Onun monoqrafiyaları və yüzlərlə məqalələri elmi-nəzəri təhlilin dərinliyi, bəhs olunan mövzunun genişliyi və əhatəliyi baxımından bizim üçün də bir nümunədir. Bədii təfəkkür ilə elmi təfəkkürün vəhdəti baxımından Elçin yaradıcılığı müstəsna əhəmiyyət daşıyır. Həm bədii yaradıcılığı, həm də elmi-tənqidi yaradıcılığı paralel olaraq eyni yüksək səviyyədə inkişaf etdirmək ədəbiyyatda nadir hadisədir. Təsadüfi deyil ki, Elçin bu gün Türkiyədə ən çox nəşr olunan, oxunan və sevilən qələm sahiblərindən biridir. İndiyə qədər Türkiiyədə Elçinin 20-yə qədər kitabı basılmış, pyesləri Ankara, İstanbul, Konya, Ərzurum kimi şəhərlərin böyük teatrlarında tamaşaya qoyulmuşdur. Hazırda Türkiyədə Elçinin məşhur “Mahmud və Məryəm” romanı əsasında bədii film çəkilir. Bu roman Türkiyədə müxtəlif nəşriyyatlar tərəfindən 5 dəfə nəşr olunmuşdur. Onun “Ölüm hökmü”, “Ağ dəvə” romanları, hekayələri, ədəbi-fəlsəfi esselərdən ibarət kitabları bizim müəllimlərimizin də, tələbələrimizin də sevə-sevə və öyrənə-öyrənə oxuduqları əsərlərdir. Elçinin yaradıcılığı yalnız bizim universitetdə deyil, ölkəmizin başqa universitetlərində də öyrənilməkdə və tədqiq edilməkdədir. Ərzurum Atatürk universitetində Elçinin yaradıcılığı əsasında doktorluq dissertasiyası müdafiə edilmişdir. Hazırda İzmirdəki Ege universitetində də Elçinin əsərlərinin təhlilinə həsr edilmiş doktorluq dissertasiyası yazılır.”

Sonra söz Elçinə verildi. Xalq yazıçısı çıxış edərək, müasir dünya ədəbiyyatı qarşısındakı problemlərdən bəhs etdi, müəllim və tələbələrin çoxsaylı suallarına cavab verdi.

Olduqca canlı və mehribanlıq şəraitində keçən konfransın sonunda universitetin rektoru, professor Dursun Koçer Elçinə təşəkkür edərək, bu konfransın həm professor-müəllim heyətinin, həm də tələbələrin universitetlə bağlı həyatlarında unudulmaz bir hadisəyə çevrildiyini dedi.

Konfransdan sonra Elçinin türk dilində nəşr olunmuş kitablarının imzalanma mərasimi başladı. Türk oxucuları növbəyə düzülərək Elçinin kitablarına avtoqraf yazdırdılar.

Daha sonra Fəxri Doktor diplomunun təqdimetmə mərasimi keçirildi. Mərasimdə digər İstanbul universitetlərindən gəlmiş professorlar, tanınmış elm və mədəniyyət xadimləri, qardaş ölkənin görkəmli yazıçıları, dövlət xadimləri, o cümlədən Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Meral Akşener, diplomatik korpus nümayəndələri, Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov və başqaları iştirak edirdi.

Mərasimdə Ədəbiyyat fakültəsinin dekanı, professor Atilla Özalpan Elçinin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. O, Elçini müasir türk dünyasının böyük yazıçısı kimi dəyərləndirdi, eyni zamanda ədibin elmi və ictimai fəaliyyətini ətraflı işıqlandırdı, Elçinin Azərbaycan ilə Türkiyə arasında ədəbi, elmi və mədəni əlaqələrin inkişafındakı mühüm rolundan danışdı.

Bundan sonra universitetin rektoru professor Dursun Koçer xitabət kürsüsünə qalxdı. O dedi: “Mən böyük yazarımız Elçinə “xocam” deyə müraciət etməkdən şərəf duyuram. Xocamızın bizim universitetin Onursal (Fəxri) doktoru seçilməsini hər birimiz kimi mən də yüksək qiymətləndirir və bundan şərəf duyuram.”

Dursun Koçer universitet Elmi Şurasının qərarını oxudu:

“Türk dilinin iyirminci yüzildə uluslararası bir sənət dili dəyərini qazanmasında önəmli pay sahibi olan professor, doktor Elçinə (Elçin Əfəndiyevə) İstanbul Kultur Universiteti Senatının 6 yanvar 2011-ci il tarixi ilə Fəxri Doktor adı verilmişdir.”

Elçin səhnəyə dəvət edildi və Dursun Koçer zala toplaşanların hərarətli alqışları altında Fəxri Doktor diplomunu ona təqdim etdi.

Söz xalq yazıçısı Elçinə verildi. O, yüksək ada layiq görüldüyünə görə Elmi Şuraya, universitetin rektorluğuna təşəkkürünü bildirərək dedi: “Mən bu fəxri adı yalnız öz yaradıcılığıma yox, bütün Azərbaycan ədəbiyyatına, ədəbi tənqidinə, ədəbiyyatşünaslığına verilən yüksək qiymət və göstərilən hörmət kimi qəbul edirəm.”

Daha sonra Elçin mürəkkəb müasir dövrdə ədəbiyyatın missiyası, oxucu və ədəbiyyat problemi haqqında danışdı, Azərbaycan ədəbiyyatının tarixi icmalını verərək, milli-mənəvi dəyərlərin bəşəri dəyərlərin yaranmasındakı rolundan və bu baxımdan çağdaş türkdilli ədəbiyyatın qarşısında duran vəzifələrdən bəhs etdi. O, elmi, ədəbi və mədəni sahələrdə, ümumiyyətlə, bütün sahələrdə Azərbaycan-Türkiyə əlaqələrinin durmadan inkişaf etdirilməsinin dünya siyasətindəki ikili standartlar müqabilində böyük əhəmiyyət daşıdığını söylədi.

Elçinin çıxışı auditoriya tərəfindən dəfələrlə alqışlarla qarşılandı.

Təqdimetmə mərasimi bitdikdən sonra Önder Öztunalı Salonunda görkəmli türk sənətçisi Ece Demirçi Frans Listin, Cemal Reşit Reyin, Niyazinin və Adil Bəbirovun fortepiano üçün əsərlərini ifa etdi.

Ən sonda isə Kultur Universiteti Teatrının ifasında xalq yazıçısı İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesinin tamaşası göstərildi. Tamaşaya qardaş ölkənin tanınmış rejissoru Zəfər Kayaokay quruluş vemişdi.

Tamaşa böyük uğurla keçdi.

Qeyd etmək lazımdır ki, xalq yazıçısı Elçin ilk dəfə deyil ki, Türkiyə universitetinin fəxri doktoru seçilir. O, 2003-cü ildə Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Yedditəpə Universitetinin də fəxri doktoru seçilmiş, 2004-cü ildə isə Memar Sinan və Fateh Universitetlərinin fəxri diplom ilə təltif edilmişdir.

 

 

Könül VƏLİBƏYLİ,

İstanbul

 

525-ci qəzet.- 2011.- 29 yanvar.- S.15.