Sumqayıtın təhsil həyatı:
uğurlar da var, yeni vəzifələr də
Hazırda
Sumqayıt şəhərində 50 məktəb, 56 məktəbəqədər,
8 məktəbdənkənar tərbiyə müəssisəsi
fəaliyyət göstərir. Bu təhsil müəssisələrində
44 minə yaxın şagird təhsil alır, 8191 uşaq tərbiyə
olunur. Onların təhsili və tərbiyəsinin təşkili
ilə 6676 nəfər məşğul olur ki, onlardan da 5308 nəfəri
pedaqoji işçilərdir. Son illərdə ölkənin
digər bölgələrində olduğu kimi Sumqayıtda da
təhsil sahəsində bir sıra işlər
görülüb ki, bu da ümumən ölkədə
uğurla həyata keçirilən təhsil
islahatlarının tərkib hissəsidir. Şəhərdə
bu sahədə aparılan işlərin uğurunun əsası
ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil siyasəti
və bu yolu bu gün inamla davam etdirən prezident İlham Əliyevin
iradəsinin nəticəsidir. Heydər Əliyev Fondunun rəhbəri,
millət vəkili Mehriban Əliyevanın təhsilin problemlərinin
aradan qaldırılması ilə bağlı həyata
keçirdiyi çoxsaylı təhsil layihələri də
təhsilmizin inkişafının qarantına çevrilib.
Sumqayıt şəhər Təhsil
Şöbəsinin müdiri Vidadi Bağırov deyir ki, Təhsil
Nazirliyi ilə şəhər icra hakimiyyətinin birgə səmərəli
əməkdaşlığı, şəhər təhsilinə
olan xüsusi diqqət və qayğısıdır. Məhz
bu əməkdaşlıq, təhsilə həm yerli, həm də
respublika səviyyəsində olan qayğı və diqqət
şəhərdə aparılan təhsil islahatlarının
uğurla həyata keçirilməsinə zəmin
yaratmış, uğurların əsasını qoymuşdur:
“Son illərdə şəhərdə 4 yeni məktəb
binası tikilib istifadəyə verilib, 7 məktəb
üçün ümumilikdə 2200 yerlik əlavə tədris
korpusu tikilib, 5 məktəb və 2 bağça əsaslı
təmir olunub. Şəhəri ümumtəhsil məktəblərinə
3 mindən çox parta, yazı lövhəsi, müəllim
stol və stulu verilib, müasir fizika və kimya
laboratoriyalarının verilməsinə başlanılıb. Son
6-7 ildə şəhərin ümumtəhsil məktəblərinin
maddi-tədris bazası xeyli yaxşılaşdırılıb.
Müasir dövrdə təhsilin qarşısında
qoyduğu əsas tələblərdən biri də təlim-tərbiyə
prosesinə yeni təlim texnologiyalarının, xüsusilə
informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir. Bu sahədə
prezident İlham Əliyevin İKT-nın geniş tətbiqi sahəsində
ən böyük addımlarından biri kimi 2004-cü ildə
imzaladığı Dövlət Proqramını xüsusi
qeyd etmək olar. Bu proqrama əsasən şəhərin
ümumtəhsil məktəblərinə 1499 kompüter, 48
noutbuk, 49 proyektor, 1129 kompüter stolu, 428 stul, 111 printer verilib,
114 informatika kabineti yaradılıb. Şəhərin, demək
olar ki, bütün məktəblərinin sürətli
internetə çıxışı təmin edilib, 2 məktəbimiz
isə “Elektron məktəb” layihəsinə qoşulub. Təhsil
Şöbəsi tərəfindən bütün məktəb
direktorlarının, 50 nəfər təlim-tərbiyə
işləri üzrə direktor müavinlərinin, 44 nəfər
laborantın, 3 min nəfərə yaxın müəllimin
kompüterdən istifadədə peşəkarlıq səviyyələrinin
artırılması üçün kursdan keçmələri
təmin edilib”. V.Bağırovun sözlərinə görə,
şəhər təhsilində kompüter
texnologiyalarının populyarlaşdırlması, şagird və
müəllimlərin bu texnologiyaya yiyələnmələrini
stimullaşdırmaq, onlar arasında sağlam rəqabət
yaratmaq məqsədilə 2008-ci ildən ölkədə ilk
dəfə olaraq, “Gənc informatiklər” müsabiqəsi
keçirilməyə başlanıb. Ötən dərs ilində
bu müsabiqənin formatı daha da genişləndirilərək
Elm-Təhsil və İnformasiya Texnologiyaları Festivalına
çevrilib. Şəhərin və ölkənin 7 rayonundan
600 nəfərin qatıldığı Festival ictimaiyyət tərəfindən
böyük maraqla qarşılanıb: “Sumqayıtda icra
başçısı Vaqif Əliyevin təşəbbüsü
və dəstəyi ilə yaradılan İnformasiya
Texnologiyaları Akademiyası fəaliyyət göstərir. Akademiya
şəhər təhsilində İKT-nin tətbiqi ilə
bağlı aparılan işlərin bir növ mərkəzinə,
müəllimlərin hazırlıq, treninq, təcrübə
mübadiləsi məkanına çevrilib. İKT sahəsində
məktəbdənkənar tərbiyə işlərinin
davamı olaraq ötən il Akademiyada şəhərin 9 məktəbindən
olan, kompüter bilikləri və bacarıqları ilə
xüsusi fərqlənən 50 nəfər VI-XI siniflərdə
təhsil alan şagird üçün İKT düşərgəsi
təşkil edilib. Düşərgə müddətində
şagirdlər 3 qrup üzrə müxtəlif kompüter
proqramlarını öyrənməklə yanaşı,
onların müxtəlif yerlərə ekskursiyaları da təşkil
olunub”. V.Bağırov bildirib ki, sevindirici haldır ki, son
zamanlar dərsliklərin həm məzmunu, həm də
poliqrafik baxımından keyfiyyəti inkişaf etmiş
ölkələrin dərsliklərindən geri qalmır. Bu
islahat yalnız dərsliklərin verilməsi ilə
yekunlaşmır, eyni zamanda məktəb kitabxanalarının
fondunun zənginləşdirilməsinə xüsusi diqqət
yetirilir: “Təkcə onu demək kifayətdir ki, 2010-2011-ci dərs
ili üçün şəhər ümumtəhsil məktəblərinə
Təhsil Nazirliyi tərəfindən 117 adda 150 mindən
çox kitab verilib. Hesab edirəm ki, dərslik siyasəti təhsilin
məzmunun islahatında, məktəblilərin müasir
standartlara uyğun bilik, bacarıq və vərdişlərə
yiyələnməsində, demokratik düşüncəli vətəndaşlar
kimi yetişməsində mühüm və əvəzsiz rol
oynayacaq”. V.Bağırovun dediyinə görə, şəhərdə
şagirdlərin məktəbdənkənar tərbiyəsinin,
asudə vaxtlarının təşkili istiqamətində
aparılan işlərin önündə “Yay düşərgələri”nin
təşkili gəlir. Şagirdlərin asudə
vaxtının təşkili ilə bağlı yay tətili
günlərində məktəblərdə düşərgələrin
təşkili öz orijinallaığı ilə seçilən,
heç yerdə olmayan müsbət təcrübə hesab
edilə bilər. Şəhər İcra Hakimiyyətinin
başçısının təşəbbüsü və
dəstəyi ilə, şəhər Təhsil Şöbəsinin
Gənclər və İdman Baş İdarəsi ilə birgə
2003-cü ildən şəhərin 6 məktəbində yay
düşərgələri təşkil olunmağa
başlanıb. Sonradan onun coğrafiyası genişləndirilərək
bütün məktəbləri əhatə edib. Hazırda hər
il 150 nəfər yaxın tərbiyəçinin rəhbərliyi
ilə 2300-dən çox məktəbli günün bir hissəsində
bu düşərgələrə cəlb edilir, 1 dəfə
yüngül yeməklə təmin olunur. Düşərgələrdə
işin məqsədyönlü təşkilinə nail olmaq
üçün metodik vəsait hazırlanır. Bu vəsaitdə
həm nümunəvi iş rejimi, həm oyunlar, həm tədbirlər
və hər bir tədbirə verilən tələblər
öz əksini tapır. 2009-cu ildən başlayaraq isə,
şagirdlərimizin düşərgədəki istirahətlərini
daha da yaddaqalan və maraqlı etmək məqsədilə
xüsusi hazırlanmış qrafik əsasında hər
düşərgənin bir gününün Quba rayonun Ərməki
kəndi yaxınlığında yerləşən
“Qırmızı qərənfil” istirahət mərkəzində
keçirmələri təşkil olunub: “Ötən dərs
ilində Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzi və Şahmat-dama məktəbi
müasir üslubda əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verilib. Eyni zamanda 1 nömrəli Uşaq
Gənclər İdman Məktəbində aparılan irihəcmli
işlər dərs ili ərzində davam etdirilib və bu məktəb
də çox müasir üslubda yenidənqurmadan sonra ölkədə
analoqu olmayan bir kompleksə çevriləcək və
yaxın vaxtlarda istifadəyə veriləcək.
İnanırıq ki, bu məktəblər şagirdlərimizin
məktəbdənkənar asudə vaxtlarının səmərəli
keçirilməsində və mənəvi tərbiyəsində
mühüm rol oynayacaq”. V.Bağırov qeyd edib ki, təhsil
islahatlarının ən böyük uğurlarından biri
yeni qiymətləndirmə mexanizmlərinin tətbiqidir. Əsas
və orta təhsil kursu üzrə buraxılış
imtahanlarının Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
surətdə aparılması bu sahədə olan formalizm və
subyektivliyi aradan qaldırılmasında, tədrisin keyfiyyətinin
yaxşılaşdırılmasına ciddi təsir göstərib,
orta məktəbin nüfuzunu artırıb: “Şəhər
pedaqoji ictimaiyyəti ilk gündən mərkəzləşdirilmiş
buraxılış imtahanlarının tətbiqini müsbət
qarşılayıb. Çünki bu imtahanlar həm şagird
və valideynlərin, həm də müəllimlərin məsuliyyətini
artırıb, onları bu mühüm tədbirə ciddi
hazırlaşmağa sövq edib. Hər il nazirlik tərəfindən
keçirilən mərkəzləşdirilmiş sınaq və
buraxılış imtahanlarına daha yaxşı
hazırlaşmaq məqsədilə Təhsil Şöbəsində
xüsusi tərbirlər hazırlanıb həyata
keçirilir. İlk növbədə Təhsil Nazirliyi tərəfindən
keçiriləcək sınaq imtahanlarından əvvəl Təhsil
Şöbəsi tərəfindən 9 və 11-ci siniflərdə
təhsil alan şagirdlər üçün ümumşəhər
monitorinqləri keçirilir. Monitorinqlərin nəticələri
həm Təhsil Şöbəsi, həm də məktəblərdə
ciddi müzakirə edilir, zəif nəticə göstərmiş
şagirdlər və onalarla aparılacaq işlər müəyyənləşdirilir,
valideyin və müəllimlərin məsuliyyəti
artırılır. Görülən tədbirlərin nəticəsi
olaraq, Təhsil Nazirliyi tərəfindən keçirilən mərkəzləşdirilmiş
buraxılış imtahanlarında şəhər ümumtəhsil
məktəblərinin şagirdləri hər il uğurla
iştirak edirlər. Belə ki, buraxılış
imtahanlarında iştirak edən məzunlarımızın ən
azı 95-96 faizi bütün fənlərdən müsəbət
qiymət alaraq, imtahandan müvəffəq olurlar. Yeri gəlmişkən
son illərdə şəhər üzrə ali məktəblərə
tələbə qəbulunun nəticələrində
müşahidə olunan artım dinamikası da məhz mərkəzləşdirilmiş
buraxılış imtahanlarının başladığı
2006-cı ilə təsadüf edir. 2006-2007-ci tədris ilindən
şəhərdə XI siniflərdə orta təhsil kursu
üzrə buraxılış imtahanın mərkəzləşmiş
şəkildə aparılması ilə əlaqədar Təhsil
Nazirliyi tərəfindən keçirilən monitoriqnlər,
eləcə də bu məqsədlə şəhər Təhsil
Şöbəsi tərəfindən aparılan tədbirlər
həm şagirdlərin imtahana daha ciddi
hazırlanşmasına, həm müəllimlərin məsuliyyətinin
artırılmasına gətirib
çıxarmışdır. Hesab edirəm ki, monitorinqlər
IX və XI siniflərlə məhdudlaşmamalı, digər
sinifləri də əhatə etməlidir ki, bu da şagirdlərin
inkişaf dinamikasının müşahidə edilməsi, məktəbdə
aparılan proseslərin diqqətlə izlənilməsində
mühüm rol oynayar. Belə çətin işin öhdəsindən
gəlmək üçün bəlkə də zonalar üzrə
müxtəlif qurumlar təşkil edilməlidir. 2010-cu ildə
ali məktəblərə sənəd vermiş məzunlarımızın
41,5 faizi ali məktəblərə qəbul olub tələbə
adını qazanıb”. V.Bağırov qeyd edib ki, şəhər
məzunlarının ali məktəblərə qəbulu təkcə
kəmiyyət deyil, həm də keyfiyyət göstəricilərinə
görə respublikada öndə gedir. Belə ki, ötən
il şəhər məzunlarının 109 nəfəri 600-dən
çox bal toplayıb. Onlardan 7 nəfəri Prezident Təqaüdünə
layiq görülüb. Məzunların qəbul
imtahanlarında topladıqları orta bal göstəricisinin də
son illərdə artım dinamikası müşahidə
olunur. Belə ki, orta bal göstəricisi 2003-cü ildə
şəhər üzrə 208-dən 2010-cu ildə 258-ə qədər
yüksəlib. Təhsil Şöbəsi şəhər təhsilin
vəziyyətinin öyrənilməsi, mövcud
çatışmazlıq və nöqsanların aşkara
çıxarılması, müvafiq qərarların qəbul
edilməsi, məktəb və müəllimlərinin
reytinqinin müəyyənləşdirilməsi
üçün 1999-cu ildən etibarən ümumşəhər
monitorinqlərini keçirir. Bir neçə ildir ki,
ardıcıl və davamlı olaraq həyata keçirilən
bu monitorinqlərin istər təşkili, istərsə də
nəticələrin təhlili sahəsində xeyli uğur əldə
edilib. Artıq bu gün tam əminliklə demək olar ki, təhsilin
müxtəlif pillələri üzrə monitorinq – test
sınaq imtahanlarının keçirilməsi və onun nəticələrinə
əsasən məktəblərin fəaliyyətinə və
müəllim əməyinə qiymət verilməsi həm
pedaqoji işçilər, həm valideynlər, həm də
şəhərin geniş ictimaiyyəti tərəfindən zəruri
və lazımi bir tədbir kimi qəbul olunub. Danılmaz həqiqətdir
ki, şagirdlərin bilik keyfiyyəti birbaşa müəllimlərin
faliyyətindən onların dərsə münasibətindən
asılıdır: “Bununla bağlı müəllimlərinin
ümumşəhər monitorinqinin keçirilməsi zərurəti
ortaya çıxıb. Keçirilən monitorinqin nəticələrinin
təhlili müəllim hazırlığı sahəsində
müəyyən problemlərin mövcudluğu ilə
yanaşı, eyni zamanda məktəb rəhbərləri tərəfindən
müəllimlərin işə qəbulu zamanı subyektivliyə
yol verildiyi və heç də hər zaman ən layiqli
olanın seçilmədiyini aşkara çıxarıb. Məhz
bununla bağlı müəllimlərin işə qəbulu
ilə əlaqədar 2008-ci ildən yeni qaydaların qəbulu
çox lazımlı və vaxtında atılan bir addım
kimi dəyərləndirirəm. Hesab edirəm ki, müəllimlərin
müsabiqə yolu ilə Təhsil Nazirliyi tərəfindən
vəzifəyə seçilməsi daha layiqli, daha savadlı
müəllimlərin məktəbə gəlməsi ilə
yanaşı, müəllim sıxlığının aradan
qaldırılmasına, onların dərs yükünün
normallaşmasına və bilavasitə əmək
haqlarının artmasına mühüm kömək edən
faktora çevriləcək. 2007-ci ildə şəhər
üzrə ümumilikdə 85 müəllim işə qəbul
olunmuşdusa, 2008-ci ildə 13 nəfər işə
götürülüb”. V.Bağırov deyir ki, ümumtəhsilin
məqsəd və vəzifələrinin məzmununu, pedoqoji
prosesin və qiymətləndirmə sisteminin ümumi prinsiplərini
əhatə edən “Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (milli Kurikulum)” ilə bağlı bir sıra məqsədyönlü
işlər görülüb. Valideynlər, ictimaiyyətin
nümayəndələri, pedoqoji kollektivlər arasında
maarifləndirmə işinin aparılıb, müəllimlərin
kurikulumla təlimə hazırlığı ilə
bağlı təlimlər təşkil olunub, qabaqcıl
müəllimlərin açıq dərsləri
keçirilib. Hazırda məktəb direktorları, təlim-
tərbiyə işləri üzrə direktor müavinləri,
məktəb psixoloqları üçün kurikulumla
bağlı təlimlərin keçirilməsinə
başlanılıb. V.Bağırovun söylədiyinə
görə, 1998- ci ildən Təhsil Şöbəsinin
orqanı olan “Sumqayıt təhsili- sabah” qəzeti və “Xəbərlər”
bülleteni nəşr olunur. Bunlar Təhsil Şöbəsi
ilə təlim- tərbiyə müəssisələri
arasında mövcud olan informasiya boşluğunu aradan
qaldırmaqla bərabər, qabaqcıl təcrübənin, təlim-
tərbiyə ilə bağlı yeniliklərin, təlimatların
pedoqoji kollektivlərə çatdırılmasına imkan
yaradır. Qəzet təhsil işçilərinin
tribunasına çevrilib, geniş oxucu auditoriyası
qazanıb. Təhsil şöbəsinin internet səhifəsi
də fəaliyyət göstərir. Təhsil müəssisələri
rəhbərlərinə informasiyanın mesajlar vasitəsilə
ötürülməsi həyata keçirilir. Müşahidələr
göstərir ki, məktəblərdə və digər təhsil
müəssisələrində mühüm sahələrdə
az iş aparılmasının və ya onun effektinin az
olmasının əsas səbəbi yerlərdə bu işi
görmək həvəsinin olmaması ilə, əksər
hallarda isə bu işlərin necə görülməsi
üçün bilgilərin, metodiki göstərişlərin,
konkret nümunələrin və mexanizmlərin aydın
olmaması ilə bağlıdır. Odur ki, Təhsil
Şöbəsində ilk növbədə metodiki köməkliklərin
göstərilməsinə, konkret nümunə
hazırlanmasına başlandı: “Ötən illərin təcrübəsi
göstərir ki, elə Təhsil Şöbələrinin də
əsas vəzifələrindən biri və bəlkə də,
başlıcası budur. Bu vəsaitlərdən “Məktəbin
illik iş planı”, “Sinif rəhbərinin gündəliyi”,
“Metodbirləşmənin iş jurnalı” və sair vəsaitlər
nəinki şəhərin, eləcə də ölkənin
digər bölgələrində pedaqoji ictimaiyyətin rəğbətini
qazanıb. Görülən işlərin nəticəsidir
ki, Təhsil Nazirliyinin səyyar kollegiyası təhsil naziri
Misir Mərdanovun sədrliyi ilə burada keçirilib,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin iş
təcrübəsi dinlənilərək, ölkədə
yayılması qərara alınıb. Əlbəttə,
bütün bunlar bizi arxayınlaşdırmamalı, əksinə
ölkədə aparılan təhsil islahatının
uğurla həyata keçirilməsində səylərimizin
artırılmasına xidmət etməlidir”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 29 yanvar.- S.10.