ONLAR VƏ MƏMLƏKƏTİMİZ
Türkiyə Cümhuriyyəti Liberal
Partiyasının Başqanı BESİM TİBUK
Çox hörmətli baş redaktorumuz İradə
xanım Tuncayın yazı manerasında və redaktorluq fəaliyyətində
maarifçilik deyilən ab-havanın üstün bir cəhət
olduğu çap etdirdiyi yazılarda və qəzetin əsas
istiqamətində açıq-aydın görünməkdədi.
Və indiki məqamda təbii ki, maarifçilik bir az bir-təhər
səslənsə də, təbliğatın bir çox sahələrində
bunu təkrar-təkrar eşitməkdəyik. Yeni nəslin
maarifçilik həyatı bizləri son dərəcə
narahat etməkdədir. Kimsə kimsəni savadsız hesab eləmir,
amma qələm sahiblərinin bir üstünlüyü var
ki, onlar adətən elə insanlarla görüşürlər
ki, sıradan insanların o adamlarla görüşməyə
imkanı olmur və bu baxımdan mənim yeni
başladığım yazı dizisində, seriyasında bir
vaxtlar Türkiyədə yaşadığım illərdə
görüşdüyüm insanların ÖZLƏRİ və
MƏMLƏKƏTİMİZ barədə fikirləri maraq
doğurmaya bilməz. Təbii ki, bu yazılara bir ara versəm
də, yeni ildən həmin yazıların sırasını
davam etdirmək niyyətindəyəm. Onlar Kimlərdir və
bizim Məmləkətimiz haqqında nə fikirləşirlər
və nə düşünürlər. Və ya nə
düşünüblər? Tarix üçün çox
maraqlı bir məqam olan bu Tanışlıq və
Tanışlar yeni nəsil üçün daha çox maraq
doğura bilər fikrindəyik. Beləliklə, indiki qəzetçiliyimizin
dili ilə desək, yeni proyektimiz olan ONLAR VƏ MƏMLƏKƏTİMİZ
sizlərə təqdim olunur.
"Bu bölgənin ən güclü dövləti
Türkiyədir.
Amerika Türkiyəni dinləməyə məcburdur.
Türkiyə ilə işbirliyi eləmədən
Amerika heç bir şey qazana bilməz. Nə Ortadoğuda bir şey
qazanar, nə Balkanlarda bir şey eləyə bilər.
***
Məsələ
silahlarda deyil. Qorxudaraq, təsir eləyərək zorlayaraq
heç bir şey qazanılmaz. Əsas odur ki, işlər
siyasi yolla çözülsün. Bir kəz daha söyləyirəm:
Bizim XARİCİ
SİYASƏTİMİZDƏ Azərbaycan önəmli bir yer
tutur və başlıca məsələdir".
***
"Liberal Partiya əsəbi pozuqların partiyasıdır.
Bugünkü ortam hər
tərəfdən bizim əsəblərimizi korlamasaydı biz
bu Partiyanı qurmazdıq".
***
"Liberallıq
demokrasi bir ortamda, demokrasi bir hüquq ortamında və təbirində
gerçəkləşə bilər.
Başqanlıq sistemi
müstəqil hüququn da təminatıdır".
***
"Demokratik hüquq dövləti demək, hüquq sisteminin bir müəssisə olaraq
çalışması deməkdir".
***
"Çağdaş
uyqarlıq hər şeydən əvvəl hüquq və məhkəmə
uyqarlığıdır. Hüquq yoxsa insanlıq da, insan
azadlığı da, haqq və müstəqillik də
yoxdur".
Bu sözlər
Türkiyə Cümhuriyyəti Liberal Partiyasının
Başkanı Besim Tibukun müxtəlif zamanlarda çap olunan
kitablarından götürülmüşdür.
Partiyasının proqramı kimi oxucuların diqqətinə
verilən bu kitablardakı fikirlər isti bir ağılın
və başarılı bir iş adamının,
yenilikçi bir politikaçının, siyasətçinin
düşüncələridir. Bu sözlərdən mənə
görə ən ürəyə yaxını və
anlamlısı: "Bizim partiya əsəbi pozuq olanların
patiyasıdır" kəlmələridir.
Bu həqiqət ki,
insanlıq, bəlkə də ən əsəbi
çağını yaşayır. Dünya düzəni
pozulmuş və bu pozulma Yeni Dünya Düzənin
sahmanlı bir düzən olmasının da
qabağını almışdır deyə bilərik.
Danışdığımız
saatlarda kitabındakı bir çox fikirlərini
isbatlamağa çalışan hörmətli Besim Tibuk təbiətən
ağırbaşlı bir insandır. Oturuşunu, duruşunu
bilən və Türkiyənin politik gündəmində həmişə
ortalarda görünən bir siyasətçidir.
Və fikirləri də
bir az qəribədir bəzilərinə görə...
Məni bu mehriban insanla
türk yazarı Hayati Əsilyazıçı tanış
etdi. Amma, əvvəllər də mən onun adını
çox eşitmişdim və onun fikirləriylə
tanış idim. Heç şübhəsiz böyük bir
dövlətin siyasətçisinin azadlığını
yenicə qazanan bir dövlətin siyasətiylə
maraqlanması diqqətə layiq bir şeydir.
Mən onunla Taksimdəki
ofisində görüşdüm. Bizimlə söhbətdə
Hayati Əsilyazıçı bəy də iştirak edirdi.
Əslində məni
Besim Tibukun Azərbaycan haqqında və Azərbaycan
politikası haqqında fikirləri maraqlandırırdı.
Besim Tibuk Azərbaycan üçün həqiqətən
içdən yanan bir siyasətçidir. Bir partiya
Başkanıdır. Sonradan biləcəyəm ki, ata tərəfdən
əslən azəri türküdür və atası Fizulidəndir.
Bu məlumatı mən çox sonralar Besim Tibuk haqqında
internetdəki saytından
ala bildim.
Besim Tibukla
danışdığımız bütün məsələlərdə
əsas söhbət Azərbaycandakı didərginlər
haqqında oldu.
Və arada bir siyasət
məsələlərinə də toxundu...
AZƏRBAYCAN HAQQINDA ƏSASƏN
BUNLARI SÖYLƏDİ:
"Biz əsasən
ekonomik məsələlərdə Azərbaycan nümayəndələriylə
görüşmək istəyirik.
Azərbaycan ekonomik
olaraq necə ayağa qalxa bilər? Türkiyə ilə sərhəd
olmamalı.
Türkiyə ilə Azərbaycanı
Gömrük Birliyi kimi bir ortamda ilişki qurmalı.
Bəzi şeylər sərbəstcə
aparılıb gətirilməli, bəziləri hələlik
olmaz. Azərbaycan zəngin bir ölkədir.
Bu, yalnız petrol deyil.
Xalqınız çalışqandır. Buna görə
də Liberal politikalar
işlərsə Azərbaycan
İsveçrə kimi
bir yer olar.
İndi bizim
başlıca niyyətimiz Azərbaycana getmək və məsələləri
yerində görməkdi. Və əlimizdən gəldiyi qədər
də yardım eləmək fikrindəyik. Biz Azərbaycanı
yaxşı tanıyırıq. Və Azərbaycanı bir
parçamız hesab eləyirik. Bu gerçək bir şey.
Azərbaycan bizə yalnız çoğrafi baxımdan
yaxın deyil, din, mədəniyyət və başqa sahələrdə
də bizim birimizdir və bu mühimdir məncə. İki dəfə
getdim Azərbaycana. Amma partiyamız qurulandan sonra bir Parti
Başkanı olaraq getməmişəm ora. 1989-cu ildə oldum
Azərbaycanda. Nə yazıq ki, müstəqillik qazanandan
sonra bir türlü vaxt tapa bilmirəm ora getməyə. Bu
açıq bir məsələdir: bizim bugünkü siyasətimiz
Qafqazlarda çox yetərsizdir. Bu politika çox passivdir.
Halbuki Azərbaycan olsun, başqa Qafqaz dövlətləri
olsun, onlar bizim çox yaxınımızdır. Madəm
müstəqil oldular, bizə daha yaxın olmaları gərəkir.
Bu Rusiya hardan çıxır? Bunu başa düşmək gərəkdir
ki, Rusiyanın əsgəri güc
deyilən bir gücü yox. Yalnız bir Atom santralı var.
Qalanı boş söhbətdir. Türkiyə əsas əsgəri
qüvvədir: Mən bunu açıq söyləyirəm.
Ermənistanın bu gün Azərbaycanda elədikləri son dərəcə
ayıb bir şeydir. Türkiyə zamanında bir ültimatum
versəydi, Ermənistan qılını belə tərpədə
bilməzdi. Amma yenə də gec deyil".
- Hələ də gec
deyil deyirsiniz. Nə mənada deyirsiniz bunu?
- Mənası-munası
yoxdur. Türkiyənin stratejik önəmi azalmamış
ki... Biz yenə də aktiv bir xarici siyasət izləsək
Qafqazlarda həm hüzuru təmin edərik, həm də
haqsızlığın qarşısını alarıq. Bu
haqsızlığı aradan çıxarmaq bizim xarici
politikamızın bir hissəsidir. Bizim bir Partiya olaraq Orta
Doğu politikamız var, Balkanlar haqqında xüsusi fikirlərimiz
və politikamız var, amma bütün bunlardan qabaq biz Azərbaycanı
düşünürük. Səbəbi budur:
Azərbaycanda haqsız
bir işğal var və bu işğalı eləyən də
bizim qonşumuzdur. Biz onların da bildiyi kimi, əsgəri
güc olaraq bu bölgədə ən güclü dövlətik.
Və burada bizim gücümüzün
ağırlığı ola bilir. Məsələn: Bosnada
biz bir o qədər də iş görə bilmirik. Bosna bizə
uzaqdır. Çoğrafi və lojistik olaraq uzaqdır.
Qafqazlarda olan hər hansı problem bizim problemimizdir demək
olar ki... Bizim eləhimizədir. Barış olsa müthiş
bir ticarət olar, inkişaf olar. Hər kəs bir iş
görər. Buna görə də Qafqazların bütün
problemləriylə maraqlanmağımız vacibdir. Mən bu
Çeçenistan məsələsini Avropalılarla
danışdım. Onlar Rusların iç işləridir deyə
tutdurub gedirlər. Ora bir slavyan dövləti deyil. Biz buna
qarşıyıq.
Bir ara söhbətimiz dəyişir.
Besim Tibuk həqiqətən Qafqazlar məsələsində əsəbi
danışır və bir az yumşalmaq üçün mən
onun öz partisi haqqında soruşuram...
"Türkiyədə bu qədər partiya var. Biz nədən bu Partiyanı qurduq? Bizim otuz
illik bir praktikamız var, yoğrulmuş bir düşüncəmiz var. Artıq
bir nöqtəyə gəlmişik. Bir sintezləşmiş
və sonuca bağlanmış bir mənzuməmiz var. Görüşlərimiz
var. Mənə bağlı
yüz dostum vardı o zaman Demokratik Partiya zamanında. Bu adamlarla
iki-üç il idi ki,
bir yerdəydik, fikirlərimizi götür-qoy
edir, fikirlərimizi söyləyirdik. Oturduk, düşündük
uzun bir düşünmədən sonra
bir partiya qurmağı məqsədə
uyğun bildik. Beləcə
daha çox fayda verəcəyimizə
inandıq. Türkiyədə onsuz da istədiyin
qədər partiya varsa, yeni bir
partiya qurmanın nə mənası vardı düşünülə
bilər? Amma təəssüflər
olsun ki, bizim fikirlərimizə və bizim düşüncələrimizə
uyğun heç bir partiya yox
idi. Yəni bizi eşidəcək
və bizim fikirlərimizi bir yerlərə çatdıracaq
və ya haqlı qılacaq bir partiya yox
idi. Hamısı dövlətin tərəfində
olan partiyalardır bunlar".
Besim Tibuk sözlərinə davam edir...
BESİM TİBUK KİMDİR
Besim Tibuk 1945-ci ildə Fındıklı qəzası
Araklı köyündə anadan olub. Atası Yunus Heydər
oğlu, Azərbaycanın Fizuli rayonundan, əski SSCB-nin
tanınmış insanlarından olmuşdur. İbtidai məktəbi
Murgüldə bitirən Tibuk, orta təhsilini müxtəlif səbəblər
üzündən Qars, Artvin və Rizədə başa
vurmuşdur. 1962-1963 AFS bursu ilə ABD-nə getdi. Orada liseden məzun
oldu. Sonra Ankara siyasi Elmlər fakültəsində oxudu.
Oranın diplomatiya bölümünü 1968-ci ildə bitirdi.
1964-67 arası Dövlət Statistika İnsititutunda çalışdı. 1971-ci ildə
İşlətmə İqtisadi İnstitutu ali işlətməçilik
ixtisasını qazandı.
14 yaşında çalışmaya başladı.
1964-cı ildə Tərcüman-Rəhbər
olaraq turizm sektoruna girdi. Sonra səyahət agentlikləri
müdürlüklərində çalışdı.
1974-cü ildə Tərcüman Rəhbərləri birləşdirərək
Net Holdinqin binövrəsi olan Net Turizmi qurdu. Net Qrupunu
böyüdərək qısa zamanda turizm sektorunun ən
böyük quruluşlarından biri halına gətirdi. Tibuk
1980-ci ildən sonra düşdüyü maliyyə krizi
üzündən əlindəki Netbankı sataraq
özünü qurtardı. Ticarət həyatına
Merit İnternasional oteller
zənciriylə və
Net Holdinqlə davam edir.
Siyasi həyata Demokrat Partidə atıldı. DP-nin İstanbul Başkanı oldu. Bu vəzifəsindən ayrılan Besim Tibuk 26 iyun 1994-cü ildə Liberal Partiyanı qurdu. Partiya bir az sonra Liberal Demokrat Partiyası adını aldı. Abdi İpekçi Barış
və Dostluq ödülü sahibi olan Besim Tibuk
evli və dörd uşaq atasıdır.
Əməkli olduğunda,
təsərrüfatla məşğul
olacağını söyləyir.
(Davam edəcək)
Tofiq Abdin
Ədalət.- 2011.- 29 yanvar.- S. 15.