Azərbaycan kitabxanaları:milli
informasiya seqmenti inkişaf etdirilir
Müsahibimiz
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru,
filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
– Aybəniz
xanım, ölkə prezidenti tərəfindən 2007-ci ildə
təsdiq olunmuş “Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında” sərəncam
və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı” ötən illər ərzində kitabxanalarımızın
fəaliyyətinə necə təsir edib? Ümumiyyətlə,
yekunlaşmaq üzrə olan proqrama əsasən hansı
işlər görülür?
– Son illərdə
Azərbaycan kitabxanaları yeni inkişaf mərhələsinə
qədəm qoyublar. Sözügedən sərəncam və
Dövlət Proqramı ölkə kitabxanalarının
müasirləşdirilməsi üçün real imkanlar
yaradıb. Bütün kitabxanalarımızın, o cümlədən,
AMEA Mərkəzi Elmi Kitabxanasının fəaliyyətində
yeni istiqamətlər formalaşıb, kitabxanamızda son bir
ildə elmi-tədqiqat işlərimizin planına əsasən
“Kitabxanaşünaslığın nəzəri və təcrübi
məsələlərinin elmi təşkili” və
“Biblioqrafiyaşünaslıq: elmin biblioqrafik informasiya təminatı”
adlı problemlər üzrə işlər aparılıb, 9
elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu üzrə
39 işin müvafiq mərhələləri yerinə
yetirilib.
Bildiyiniz
kimi, 28 noyabr 2011-ci il tarixdə Prezident cənab İlham Əliyev
Mərkəzi Elmi Kitabxana üçün yeni binanın təməlqoyma
mərasimində iştirak edib və kitabxanamızın
inkişafı ilə bağlı öz tövsiyələrini
verib. Bu tarixi hadisə, bir daha sübut edir ki,
kitabxanalarımızın tərəqqisi, dünya informasiya məkanına
inteqrasiyası, dövlətin diqqət və qayğı ilə
yanaşdığı məsələlərdəndir.
2013-cü ilədək ölkəmizdə bir çox
kitabxanaların ənənəvi prosesləri tam
avtomatlaşdıracağı, elektron kataloq yaradacağı,
milli elektron kitabxana yaratmaq üçün irihəcmli
informasiya massivləri hazırlayacağı gözlənilir.
Çünki 2008-ci ildən etibarən kitabxanalarımız
bu istiqamətdə ciddi işlər görür, ən son
texnologiyalarla təmin olunurlar. Son 4 ildə
kitabxanalarımızın elektron informasiya resursları xeyli
artıb, oxuculara xidmət işinin səviyyəsi yeni
informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sayəsində
əhəmiyyətli dərəcədə yüksəlib. Bu
isə bizə onu deməyə əsas verir ki, sərəncamdan
irəli gələn bir çox məsələlər
artıq həll olunub və bu istiqamətdə işlər
davam etdirilir.
Mərkəzi
Elmi Kitabxana klassik kitabxana işinin təkcə ənənəvi
prinsiplərini yerinə yetirməklə kifayətlənmir.
Kitabxanamız 2003-cü ildən elmi müəssisə statusu
daşıdığından elmi tədqiqat fəaliyyətini
daim inkişaf etdirir. Məsələn, 2011-ci ildə
kitabxanamız Prezident cənab İlham Əliyevin fərman və
sərəncamlarını, müvafiq Dövlət
proqramlarını, AMEA-nın qərar və sərəncamlarını
və digər elmi tələbləri, standartları əldə
rəhbər tuturaq bir sıra elmi tədqiqat işləri
aparıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına
əsasən kitabxanamızda akademiklər Ziya Bünyadovun 90,
Mirzə İbrahimovun və Abbas Zamanovun, eləcə də
görkəmli jurnalist Nəsir İmanquliyevin 100 illik yubileylərinə
həsr olunmuş ənənəvi və virtual sərgilər
təşkil olunub. Bununla yanaşı həmin akademiklərimizin
həyat və yaradıcılığını əks etdirən
şəxsi biblioqrafik göstəricilər nəşrə
hazırlanıb. Ədiblərimiz Mirzə Fətəli
Axundzadənin və Mirzə Ələkbər Sabirin
qarşıdan gələn yubileyləri ilə bağlı sərgilərin
təşkilinə hazırlıq işləri
görülüb. Həmiçinin,
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və
kitabşünaslıq üzrə elmi-tədqiqat işlərinin
I Ümumrespublika müsabiqəsi, “Müstəqillik illərində
Azərbaycan Milli Elmlər Akademiyasının elmi nailiyyətləri”
mövzusunda sərgi keçirilib, “Müstəqillik illərində
Azərbaycan Milli Elmlər Akademiyasının elmi nəşrləri”
adlı annotasiyalı biblioqrafik göstərici və müəllifi
olduğumuz “Müstəqillik illərində Azərbaycan Milli
Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının
elmi nailiyyətləri” adlı elmi məqalə
hazırlanıb. “Turizm ili” ilə əlaqədar “Azərbaycanda
turizm” adlı elektron məlumat bazası yaradılıb və
kitabxanamızın veb kataloqunda ölkəmizlə, turizm sahəsilə
bağlı materialların sayı artırılıb.
“Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının icrası ilə bağlı isə “Azərbaycan
dövlətçiliyinin banisi Heydər Əliyev”
mövzusunda 2012-ci ildə keçiriləcək
ümumrespublika sərgisinin plan-prospekti hazırlanıb.
– “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər
Planına azərbaycanşünaslığın inkişaf
etdirilməsi üçün bir sıra işlər daxil
edilib. Bu istiqamətdə nə kimi fəaliyyətləriniz
var?
– Biz, azərbaycanşünaslığı
inkişaf etdirmək məqsədi ilə
fondlarımızı ölkəşünaslığa və
diyarşünaslığa dair materiallarla daim zənginləşdiririk.
Təkcə ötən il Azərbaycanın tarixinə,
iqtisadiyyatına, elminə, mədəniyyətinə, ədəbiyyatına
və s. aid 3492 nüsxə ədəbiyyat əldə
etmişik. Ölkəşünaslığa (azərbaycanşünaslığa)
dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli
Kitabxanasında, Kazan, Tbilisi şəhər və digər
milli kitabxanalarda saxlanılan ədəbiyyatın (o cümlədən
dövri mətbuatın) müəyyənləşdirilməsi
və onların çatışmayan nüsxələrinin Azərbaycan
Respublikasına gətirilməsi məqsədi ilə adıçəkilən
kitabxanalardan 80-ə yaxın ədəbiyyatı geri ala
bilmişik. Bu həmin kitablardır ki, hələ XIX əsrin
əvvəllərində ölkəmizdən
çıxarılaraq xarici kitabxanaların fondlarına yerləşdirilib.
Şübhəsiz ki, biz gələcəkdə də bu fəaliyyətimizi
davam etdirəcəyik. Çünki keçmişimizin, mədəniyyətimizin,
tariximizin ayrı-ayrı səhifələrini özündə
cəmləyən bu qiymətli əsərlərin yenidən
Vətənə qaytarılması bizim gələcək nəsillər
qarşısında ən ümdə vəzifələrimizdən
biridir.
Bunun
davamı kimi qeyd edim ki, məsələn, son bir ildə biz
xüsusi əhəmiyyətli çap sənədlərini,
nadir kitabları, diyarşünaslığa aid nəşrləri
qoruyub saxlamaq və nəsillərdən-nəsillərə
ötürmək məqsədi ilə 1610 nüsxə belə
sənəd vahidini elektronlaşdırıb elmi məlumat
bazamıza yerləşdirmişik. “Azərbaycanşünaslıq”
elektron informasiya mərkəzinin yaradılması işi davam
edib və həmin bazaya 1756 yeni sənəd əlavə
olunub. Kitabxananın fondları əsasında “Azərbaycanın
kitab abidələri” adlı elektron məlumat bazasına isə
419 adda kitab daxil edilib.
Azərbaycanın
kitab mədəniyyətinin qorunması və dünyada təbliği
üçün “Azərbaycan folkloru və kitab mədəniyyəti”
adlı monoqrafiya və “Azərbaycan folkloru. Biblioqrafik göstərici”
adlı kitablarımız işıq üzü görüb.
Kitabxanamızdakı nadir nəşrlərin qorunması
üçün müstəsna əhəmiyyətə malik
“Bərpa və Konservasiya Mərkəzi”nin yaradılması ilə
bağlı layihə Elm Fonduna təqdim edilib.
– Aybəniz
xanım, son dövrlərdə tez-tez belə bir fikir səslənir
ki, kitabxanalar yeni informasiya vasitələrinin, İnternetin
kölgəsində qalıblar. Doğrudanmı, informasiya cəmiyyətinin
yenilikləri kitabxanaların ikinci plana keçməsinə səbəb
olub?
– Mən
bu fikirlə razı deyiləm. Çünki təkcə AMEA
Mərkəzi Elmi Kitabxanasının daim mütailə edən,
kitabxana ilə bilavasitə təmas quran 50 minə yaxın
oxucusu, 3 milyona yaxın ədəbiyyat fondu var. Məlumat
üçün bildirim ki, son ildə kitabxanamızın
fonduna 17 209 nüsxə yeni ədəbiyyat daxil olub. İl ərzində
38 188 oxucu 705 974 dəfə kitabxanamızın fondlarına
müraciət edib. Məsələn, 2011-ci ilin göstəricilərinə
görə, Mərkəzi Elmi Kitabxana və AMEA Elmi tədqiqat
müəssisələrinin kitabxana şəbəkəsi
üzrə oxucuların ümumi sayı 52678 nəfər,
davamiyyət 778 424, kitab verilişi 949 124 nüsxə ədəbiyyat
olub. Fondların ümumi həcmi 3 468 650 nüsxəyə
çatıb. Belə olan halda biz necə deyə bilərik
ki, kitaba, kitabxanaya maraq azalıb? Sadəcə olaraq
İnternet elə bir vasitəyə çevrilib ki, ondan istifadə
etməklə informasiya əlyetərliyinin zaman və məkana
görə fərqlənməsi problemi aradan qalxıb. Əlbəttə
ki, biz də bu məqamı nəzərə alaraq fəaliyyətimizi
informasiya cəmiyyətinin tələblərinə müvafiq
qururuq. Saytımız vasitəsilə oxucular günün istənilən
vaxtı, istənilən məkandan veb kataloqumuza daxil ola,
elektron kitablarımızdan istifadə edə bilirlər. Bu il
biz daha 20000 ədəbiyyatın elektron kataloqunu hazırlayaraq
İnternet üzərindən oxucularımızın
ixtiyarına vermişik. Bizim elektron məlumat
bazalarımız isə 10000-dən artıq elektron kitabı,
sənədi özündə cəmləyib. Bütün
bunlar həm kitabxana daxilində, həm də İnternet
üzərindən oxucularımıza yüksək səviyyədə
xidmət etməyə imkan verir. Oxucularımız onlara
İnternet vasitəsilə təqdim etdiyimiz 8 elektron məlumat
bazası üzrə informasiya axtara bilirlər. Bundan başqa,
Ulu öndər Heydər Əliyevin unikal dövlət və mədəni
quruculuq təcrübəsinin, intellektual və mənəvi
irsinin respublikanın və dünyanın rəqəmsal irs
fondlarına daxil edilməsi ilə bağlı
kitabxanamızın fondları əsasında “Heydər Əliyev
və Azərbaycan dövlətçiliyi” elektron məlumat
bazasına 478 adda yeni material əlavə edərək onlayn
şəkildə oxucu auditoriyasına təqdim etmişik.
Bütün
bu prosesləri həyata keçirmək üçün
istifadə etdiyimiz “İRBİS-64” adlı
Avtomatlaşdırılmış Kitabxana-İnformasiya
Sistemini də daim yeniləyir və inkişaf etdiririk.
Çalışırıq ki, sözügedən sistemi AMEA
şəbəkə kitabxanalarında elektron kataloqun
yaradılması məqsədi ilə istifadə edək və
nəticədə korporativ elektron kataloqun yaradılmasına
nail olaq. Məsələn, ötən il AMEA-nın Geologiya
institutunda proqram təminatını yenilədik,
İqtisadiyyat və Fizika institutlarında elektron kataloqun yaradılmasının
monitorinqini həyata keçirdik. Nəticələr göstərir
ki, tezliklə kitabxanamız AMEA şəbəkə
kitabxanaları ilə birlikdə korporativ elektron kataloqun
istismara verilməsinə nail olacaq.
– Söhbətimizin əvvəlində qeyd etdiniz ki, kitabxanaşünaslığın və biblioqrafiyaşünaslığın nəzəri və təcrübi məsələlərinin elmi təşkili fəaliyyətinizin özəyini təşkil edir. Bəs apardığınız tədqiqatların nəticələrini hansı formada ictimailəşdirirsiniz?
– Bu işdə kütləvi informasiya vasitələri, mətbuat daim bizə dəstək olur. Saytımız vasitəsilə də əldə etdiyimiz elmi nəticələri, yenilikləri oxucularımızla bölüşürük. Amma əsas informasiya yükünü nəşr etdiyimiz kitablara yönəldirik. Misal üçün deyim ki, son bir ildə kitabxanamız 19 elmi kitab nəşr edib. Əməkdaşlarımızdan professor A. Xələfovun “Kitabxana və cəmiyyət”, professor G. Əliyevanın “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal”, “Azərbaycan füzulişünaslığının qaynaqları” (3 cilddə), müəllifi olduğum “Milli-mənəvi dəyərlər: yaradanlar və yaşadanlar” adlı kitablar çapdan çıxıb. “Kitabxana-informasiya fəaliyyəti. Terminlər və təyinlər” məlumat kitabı, Mərkəzi Elmi Kitabxananın “Elmi əsərlər”inin 12-ci buraxılışı, “Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyasının elmi nəşrləri”, “Azərbaycan folkloru: biblioqrafik göstərici”, “Azərbaycanda müdafiə olunmuş dissertasiyaların biblioqrafik göstəricisi. İctimai və humanitar elmlər (1920-2007)” adlı elmi kitablar da nəşr etdiklərimiz sırasındadırlar. “Azərbaycanın elm və mədəniyyət xadimləri seriyası”ndan şəxsi biblioqrafik göstəricilərin də nəşrini davam etdiririk. Bir neçə ay əvvəl akademiklər Arif Paşayevin, Arif Mehdiyevin, müxbir üzvlər Namiq Əliyevin, Maqsud Qurbanovun, Zöhhak Abbasovun həyat və fəaliyyətini əks etdirən biblioqrafik göstəriciləri çapdan buraxmışıq. Akademiklər Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov və Nailə Vəlixanlının, müxbir üzv Abbas Zamanovun şəxsi biblioqrafik göstəriciləri isə bu günlərdə işıq üzü görəcək. Hazırda “Azərbaycan dünya mətbuatında (2005-2010)” biblioqrafik göstəricisinin 5-ci buraxılışını və “Azərbaycanın repressiya olunmuş alimləri” biblioqrafik göstəricisini nəşrə hazırlayırıq.
– Bir az da kitabxananızın son uğurlarından bəhs etmək istərdim. Bir neçə gün öncə Mərkəzi Elmi Kitabxana Avropa Şurasının yanında Avropa Elmi Kitabxanalar Assosiasiyasının tamhüquqlu üzvü seçilib. Bu münasibətlə Sizi və bütün kollektivinizi təbrik edirəm. Bu üzvlük kitabxananın fəaliyyətində nə kimi dəyişikliklərə səbəb olacaq?
– Təbrik üçün Sizə çox minnətdaram. Mərkəzi Elmi Kitabxana bu mötəbər quruma üzv olan ilk Azərbaycan kitabxanasıdır. Bu, təkcə kitabxana ictimaiyyətinin deyil, bütünlükdə elmimizin uğurudur. Çünki Avropa Elmi Kitabxanalar Assosiasiyasının üzvlüyü elmimizin Avropada təbliği, milli kitabiyyatımızın, mədəniyyət və tariximizin beynəlxalq səviyyədə tanıdılmasına təkan verəcək. Bu üzvlük bizə həm də Avropanın kitabxana həyatında daha fəal iştirak etməyə, elektron kataloqumuzu, elektron kitabxanamızı dünyanın digər kitabxanalarının oxucularına da təqdim etməyə şərait yaradacaq. Bununla yanaşı biz ötən il “Elektron kitabxanalar və Yeni informasiya texnologiyalarının yaradıcıları və istifadəçiləri Beynəlxalq Assosiasiyası”nın da üzv seçilmişik. Fəaliyyətimiz ölkəmizdə də layiqincə qiymətləndirilir. Məsələn, II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka görə kitabxanamız keçən il Diplomla təltif olundu, müəllifi olduğumuz “Azərbaycan folkloru və kitab mədəniyyəti” adlı monoqrafiya Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının Kiyev şəhərində keçirdiyi D.S.Lixaçev mükafatı uğrunda müsabiqənin nəticələrinə əsasən “Milli Kitab mədəniyyəti kontekstində Azərbaycan folklor kitabının öyrənilməsinə bəxş etdiyi qiymətli xəzinəyə görə” Diplomuna layiq görüldü, kitabxanamızın “Heydər Əliyev irsinin təbliği” şöbəsi Qafqaz Universitetinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı ilə keçirilən “Heydər Əliyev və müstəqil Azərbaycanın 20 illik sosial-iqtisadi inkişafı” mövzusunda müsabiqədə elmi məqalə ilə iştirak etdi, şöbənin müdiri professor Gülşən Əliyeva Heydər Əliyev irsinin təbliği və Müstəqil Azərbaycan dövlətinin 20 illik yubileyi ilə bağlı 4 mükafatla təltif olundu. Çalışacağıq ki, Azərbaycan elminin təbliği istiqamətində, kitabxana işinin müasirləşdirilməsi sahəsində göstərdiyimiz fəaliyyətləri bundan sonra da layiqincə davam etdirək.
GÜNEL
525-ci qəzet.- 2012.- 3 aprel.- S.4.