Beşim
Tıq-tıq xanım və Divlər
Özbəkistanda
ən çox Beşim adlı oğlan uşağından
ehtiyatlanırlar. Çünki bilirlər ki, o, ailənin
beşinci oğludur. Bilirlər ki, onun özündən
böyük daha dörd qardaşı var. Bilirlər ki,
Beşimlə zarafatın axırı pis qurtarar.
Beşim beş
barmağın birgəliyidir.
Beşim
türkcədir, “Xəmsə” – farsca, Penta – latınca.
Beşi
üfüqdən öncə: Mircavad, Tofiq, Əşrəf,
Rasim, Qorxmaz.
Beş rəssam:
rənglərdən rəngsizliyə doğru addımlayan
beş sufi qardaşı.
Beş sufinin
beş hekayəti beş bölümlü “Üfüqü
ötənlər” adlı bədii-sənədli filmin
süjet xəttidir: beş tale fərqli, beş tale oxşar.
Bunların hamısı azərbaycanlı olub, bakılı
olub, dərviş olub və dahi olub. Filmin xatirələr zənciri.
Aram kinotəhkiyə. Eşidilən musiqi parçalarında
görüntülərə hüzn, ağı qarışıb.
Mircavadla Tofiqin
damarlarında Mirhəşim kişinin qanı axırdı.
Rasim
xalaoğlusu Tofiqin qrafikada portretini çəkimişdi.
Qorxmaz Mircavadla
dostluq eləyirdi.
Təkcə Əşrəf
kimsəsiz dahi ömrü yaşayırdı.
Onların
beşi də sufi idi, rənglərin, dənizin, qumun dəlisi
idi, avanqard sənətin havalı yolçusu idi,
dünyanın div rəssamı idi, öz dövrünün dərvişi
idi və bir-birinin qardaşı idi.
Qızılı
qum üstündə ayaqyalın gəzmək cənnəti
dadmaq kimi bir şeydir. Rəsmilər yuxarıdan baxarlar dərvişlərə.
Bəyənməzlər, miskin görərlər onları. Sənətçinin
ruhunda dərvişlik yoxsa, demək, o, heç sənətçi
deyil. Ayaqyalın olmaq dərvişliyin əlamətidir,
azadlığın işarəsidir. Ayaqlar çəkmələrə
türməyə girən kimi girərlər.
Hara gedirsən,
ay xanım?
Qardaşların
arxasınca.
Niyə?
Özümə
dost axtarıram.
Axı onlar
ölüblər?
İzləri ki,
qalıb. İzlərini tutub gedəcəyəm. Bakıdan
Bakıma gedəcəyəm, üfüqdə qərq
olmağa gedəcəyəm.
Mənim
qardaşım Mirzə öz hekayələrinin birində
Bakı bağlarına ləngər vura-vura yollanan tünd
yaşıl elektrik qatarını iri meynəqurduya bənzətmişdi.
Bax, elə bu həmin
tünd-yaşıl elektrik qatarı Şamil Nəcəfzadənin
bədii-sənədli filmində 60-cı illərin
xronikasından yol alıb gedir üfüqə sarı
ssenarinin müəllifi Sara Oğuzla birgə. Bu, qatar mənə
tanışdır; vaqonlarda əyləşib növbəti
dayanacağı gözləyən adamları da mən
tanıyıram: biri “Tavaylıq”da düşəcək, o biri
– “Əncirlik”də. Hər dayanacağın da bir hekayəti
var Abşeronda.
MİF
(“Torpaqdan
qaynaqlanan təməl”)
“Üfüqü ötənlər”
filmində “Beşim”in birinci hekayəti məhz belə
adlandırılıb. Təməlin
qaynaqlanması nonsensdir. Bu ifadəyə bir məntiqsizlik pərçim.
Amma mən anlayıram Oğuz xatunu Saranın fikrini: Mircavad
möcüzəsinin, onun palitra ecazkarlığının səbəbini
eyhamlaşdırmağa çalışıb.
İnsan xtonik, yəni
torpaqdan yaranmış məxluqdur. Və bununla
barışmır: görür ki, atası var, anası var.
Qalır şübhələr içində. Hərçənd
mif söylədiyini artıq çoxdan söyləyib.
Abşeron da elə
bir məkandır ki, bu məkanda tarix yox, mifoloji
ayaq-açıb yeriyir. Burada əsatiri tarixdən çox
sevirlər. Elektrik qatarının açılan
qapılarından çölə adlayan adam elə həmən
dəqiqə Abşeron miflərinə düşmək
şansı qazanır. Çünki əncir
ağacının budaqları arasında həmişə miflər
və divlər gizlənir.
Sara Nəzirova
isə bir zamanlar Azərbaycan sənətşünaslığının
Afroditası olub, indisə elektrik qatarına minib gəlib
Mircavadın bağ evinə. Yay istisi. Xəfif meh. Köhnə
perron.
Yüz cür
şlyapanı yüz cür boyunbağı ilə
uyğunlaşdırmaq elə hekayə yazmaq kimi bir şeydir.
Bakı kəndlərində Sara xanım Sezanın,
Deqanın, Renuarın tablolarından çıxmış avropalı
qadın kimi görünür.
Kimi gəzirsən,
ay xanım?
Mircavadı.
O ki
köçdü bu dünyadan?
Ruhu ilə
danışmaq istəyirəm.
Bağ evi.
Ağac. Sökük divarlar. Tüstü. Kimsə nəsə
yandırır. Bəlkə də rəssamın bəyənmədiyi
şəkillərdi odda alışan. Mircavadın özü.
Div kimi yeriyir torpağın üstündə. Şlyapalı
qadın ağacın altında dayanıb Mircavada baxır və
rəssam haqqında nələrisə deyir
tamaşaçılara.
Filmin rejissoru
kadrları assosasiyalardan, sitatlardan, xatirə qəlpələrindən
yığır. Xatirələr ilğımdır: biz həm
ordayıq, həm burda. Əlini uzatsan, çatarsan; dindirsən,
Mircavadla danışarsan. Amma yox: ortada şəffaf pəncərə
şüşələri var. Təkcə Sara xanıma icazə
verilib ki, onlara maksimal yaxınlıqda dayansın, baxsın,
mühakimə yürütsün, fikir bildirsin, amma müdaxilə
etməsin. Yasaqdır: ruhlar bunu sevməz.
Musiqi. Fotoşəkillər.
Tablolar. Sara xanımın təhkiyəsi. Yenidən tablolar.
Yenidən musiqi. Yenidən Sara xanımın təhkiyəsi.
Yenidən fotoşəkillər.
Rənglər və
musiqi bu filmin ruhunu, ovqatını tarixin fantasmoqoriyasına
çevirir.
Birdən
haradansa ağlıma gəlir ki, Mircavad div-meynəqurduya
oxşayıb həyatda. Federiko Fellinin potensial qəhrəmanlarından
birini mən görürəm onda. Onda gürcü rejissoru
Tengiz Abuladzenin personajlarından da nəsə var. Mircavadın
tablolarında boyalar elə qatı və qatışıqdır
ki... Divlərin toyunu və kefini rəsm edib bu Mircavad həmişə...
Bir istehza pərçimlənib onun tablolarına... Onun
tabllolarına Mircavadın özü pərçimlənib...
“Bu, Mircavaddır” ifadəsini “Bu, dahi divdir” və ya “Bu, dahi əcinədir”
kimi də anlamaq mümkün.
Hər halda
Mircavad tanrıya inanmırdı və onun rəsmlərində
tanrı gözə dəymir.
Sara xanım birdən
filmin məkanından adlayıb keçir Mircavadın
tanrısız tablolarına, divlərin yanına. Mif əlüstü
“Tıq-tıq xanım” nağılına dönür: kinotəhkiyə
bəsitləşir. Mircavad rəsmlərinin kəsilmiş rəngli
fraqmentləri kuklalaşır: cizgi filmi təəssüratı
güclənir.
Tıq-qıq
xanıma əcinələrdən nə dost!
Mircavad kətan
üzərində əcinələrin Şərq
karnavalını çəkirdi.
Danabaş kəndinin
danqabaş divləri camaatı gülə-gülə qorxudur.
Bəlkə bunlar elə Əzim Əzimzadənin və ya Mirzə
Cəlilin personajlarıdır, yaşayıb-yaşayıb
divləşiblər?!
Sara xanım dəniz
sahilinin qayalararası qızılı qumsallığında
dayanıb deyirdi ki, Mircavad dəlicəsinə günəşi
sevirdi. Amma onun tablolarında günəş azdır: rənglərin
şuxluğu, oynaqlığı hegemon qara üzərindədir.
Divlər qaranlıq sakini sayılmazmı?
İnsan azad
yaşamayanda içi div kimi bədheybət olur. Amma, bir
şey də var ki, yalnız divlər öz dövrünə
meydan oxuya bilər və elə öz divliyindən də
ölər... Mircavad kimi... bir qatarın vaqonunda... rahat, sakit. Çünki
bütün cinlərini çıxarmışdı
içindən və sonra rəngləyib rəsmlərindən
“asmışdı”.
KÜLƏK
(“Qardaşımdan yaxşısı yox
idi”)
Sara xanım əyləşib
üzü kameraya... Elektrik qatarı silkələnə-silkələnə
“qaçır” Bakı bağlarına tərəf. Vaqon pəncərəsinə
rəssam Tofiq Cavadovun, – Mircavadın qardaşının, –
çəkdiyi tablolar proyeksiya olunur: “başı şələ
papaqlı” əlvan ağaclar havalanıb rəqs eləyir
sanki.
Atası Mirhəşim onların
arxasıyca deyərmiş ki, mənim oğlanlarım fərsiz
çıxdı.
Azərbaycanda pulu, vəzifəsi
olmayanlara həmişə fərsiz kimi baxıblar.
Amma Mircavad da, Tofiq də dahi idilər.
Elektrik qatarı silkələnə-silkələnə
“qaçır” Bakı bağlarına tərəf.
Dahi Qaranın musiqisi də ağacları
bir-bir valsa dəvət edir vaqon pəncərəsində.
Yenə o bağın həyəti: divarlar
əhəngli, qapı bağlı, pəncərə kipənib.
Tofiq, ay, Tofiq!
Hənirti gəlmir. Səssizlikdir. Kimlərsə
hərdən kabus kimi görünür gözlərə və
itir.
Ağaclar da inciyib susublar elə bil.
Maraq qoymur Sara xanımı rahat
dayanmağa: qapı döyülür, pəncərə itələnir.
Bir kimsə yox: ancaq pıçıltılar eşidilir evin
içində və uzaq-uzaq uzaqlarda. Mircavadla Tofiq haradasa cuna
pərdə arxasında işləyirlər:
qırıq-qırıq replikalar çatır qulağa.
Tofiq, bax, mənnən deməkdi, əgər
texnologiyanı pozsan, bir az keçəndən sonra rənglərin
hamısı qopalanıb töküləcək.
Pozmaram, bu hələ eksperimentdir.
Kuduları da bir az iri elə.
Kətan bir az iri olsaydı, eləyərdim.
Xəzriyə açılan pəncərə
həmişə balaca olur: Sara xanım da Xəzri əsən
tərəfdən gəlib açmaq istəyir pəncərəni.
Əsl Bakı bağlarının hamısı belədir: dərviş
xanəgahı kimi, məscid kimi; boş, sərin, xudmani.
Qəribədir, Tofiqin mənzərələrinə
baxanda sanki hava təmizlənir, nəfəs almaq
rahatlaşır.
O zaman ki, rəssam dəyişir, onun
“havalı” dünyasına dəmir-beton konstruksiyaların,
yumru neft çənlərinin poeziyası, sənaye
romantikası ayaq açıb daxil olur, rejissor bizi Bakı
bağlarından ayırıb yük maşınının
banında Sara Oğuzla birgə Neft daşlarına doğru
aparır.
Dəmir-beton konstruksiyalar havanı “həbs
elədi”, istehsalat estetikası kuduları, şamamaları “əzdi”.
İnsan məskən salır.
Mən Tofiq Cavadovun rəsmlərində
Tahir Salahovu tanıyıram. Tofiqin fəhlələri adi
adamlardır, qorxuları, təəccübləri,
emosiyaları var üzlərində. Tahirin fəhlələrisə
qəhrəmanlardır, dəniz fatehləridir, üstinsanlardır.
Küləyi sevməyən bakılı
heç bakılı deyil.
Odur ki, Tofiq küləyi çəkdi,
küləyi qarşılaşdırdı dəmir-beton
konstruksiyaların estetikası ilə, fırçası ilə
küləyi “sındırdı”, çovğuna
düşmüş qadın əllərilə küləyin
üzünə cırmaq atdı.
Sara xanım ağaca ilişmiş kəlayağını
götürmək üçün dartınır. Kəlayağı
çərpələngə dönüb. Külək aman
vermir. Əsir, hikkə ilə vıyıldayır.
Mircavad bu tabloya baxıb demişdi ki, Tofiq
rekviyem çəkib.
Elə elə də oldu.
Külək onu aparırdı. Daha
heç kim nə onu saxlaya bilərdi, nə də küləyi.
Tofiq Moskvadan evinə qayıdarkən
çaşıb iki vaqonun arasına adlayacaq və öləcək...
Bir qədər bundan öncə isə
dostları ilə çəmənlikdə əylənirdi,
ailəsilə birlikdə foto çəkdirirdi.
Yenə qatar. Tofiq çəmənlikdə
uzanıb. Qapılarsa bir-birinə dəyib örtülür.
Bayaqkı “başı şələ papaqlı” əlvan
ağacların yerinə qara pərdə. Gedirik üzü
küləyə doğru...
Qardaşımdan yaxşısı yox idi:
bunu kim kimin haqqında demişdi. Bilinmir. Amma mən heç
bilmək də istəmirəm.
Hardan baxırsan, bax, onsuz da külək həmişə
üfüqdən qabaqdadır.
DƏNİZ
“Qaranlıqdan qopan
çığırtı”
Əşrəf Murad beşim içində
ən müəmmalı adamdır.
Bu o rəssamdır ki, tablosunu “diri-diri”
divara hörüblər.
Ona “dəli” deyirdilər.
Cavanlığında isə Əşrəf “italyan
neorelizmi”ni öz fakturasında Bakıya gətirmiş kinoqəhrəmanı
xatırladırdı. Təpədən dırnağa kimi
ziyalı idi: yorulmadan işləyirdi.
Zaman keçdi, şaman oldu: rəsm
çəkməyi bir ayin bildi özünə.
Şəhərdəyik. Bakının
italyansayağı həyəti. Evlər bir-birinin
böyründə. Zivələr. Paltarlar. Küncdə
uşaq velosipedi. Əşrəf Muradın ömür
gerçəklərini öyrənmək üçün təşrif
buyurub bura Sara xanım.
Sevgi-illyuziya: kübarlıq əlamətləri.
Sovet dönəminin maddi sıxıntıları.
İnsan gəncliyini qara rənglə kətana
yaxıb öldürür. Rəng xarakiri vasitəsi kimi. Ayin
və qurban ideyası. Sağ ikən ölmək.
Ölüykən diri qalmaq.
Əşrəf Murad Azərbaycan rəssamlığında
Frans Kafka kimi birisidir.
Kinotəhkiyə fikirlər
arasındakı üçnöqtələr üzərində
qurulub... elə mənim məqaləm kimi... hər şey
aydındır: ancaq sirr də heç açılmır, elə
sirr olaraq qalır, yəni aydınlığa paralel və
müstəqil şəkildə mövcud olur. Yəni ki,
filmin atmosferində bir dahilik kabusu dolaşır.
Hərdən Sara xanım kadrın
içində gerçəkdən qəhərlənir: az
qalır ağlasın. Ona görə ki,
tamaşaçılar üçün xatirələrdən
o yana özüm üçün xatirələr
başlayır.
Sara Oğuzun gözəlliyi də
60-cı illərin bir Bakı əfsanəsidir.
Şamil Nəcəfzadə reallıq və
sənət marşrutu üzrə götürdüyü
kursdan bir an belə yayınmır, kinotəhkiyənin
üslubunu pozmur. Onun filmində kamera iştirakçı –
müşahidəçi – təhkiyəçi
funksiyalarını sərbəst şəkildə dəyişib
birindən o birisinə keçə bilir. Nazim Abbasın
kamerası elə bil kənardan kiminsə yuxusuna boylanır,
gördüyündən kədərlənir və qəmdə
batmamaq üçün gözünü yuxudan ayırıb
tabloların rənglərinə baxır.
Qaranlıq dənizin dərinliyində
yaşayır. Rəsmlərində Əşfər bu əzəli
qaranlığı dənizin üzünə
çıxarırdı və dəniz olurdu qara, qapqara. Sonra
o, səmanı da qaraya tuturdu və bu qaranın
sonsuzluğundan ağ çimərlik paltarında bir
qadını sezirdi.
Onun qadınları nərdivana
oxşayır. Nərdivan taxtası kimidir burada
qadınların ayaqları. Qaranlıqdan çıxan nərdivan-qadınlar.
Daha düz olar desəm, qara rəngin doşabından
çıxan nərdivan-qadınlar.
Neftlə doşabın rəngi eyni,
qatılığı eyni. Sanki o, qaranı doşabla çəkirdi
kətan üstündə. Deyirdilər ki, Əşrəfin
palitrasının mayası bəhməzdən yoğrulub. Rəssamın
qırmızısı da doşab kimi idi.
Sara xanım Murtuza Muxtarov küçəsindəki
binanın zirzəmisi qarşısında Əşrəf
Muradın islis zamanı necə döyüldüyündən
bizi məlumatlandırır. Lakin nədənsə demir onun nə
səbəbə zirzəmiyə atıldığını.
Bəlkə dissident olub Əşrəf Murad? Bəlkə
narkoman? Bəlkə ayıb bir iş görüb?
Əşrəfi döyürlər 37-də
Müşfiqi, Abbas Mirzəni, Mümtaz Soltanı
döydükləri kimi. Səssizlikdə döyürlər,
səssizlikdə incidirlər. Oğrular, dələduzlar,
cibgirlər belə yanır rəssamın halına.
Ancaq Sara Oğuz barmaq boyda
kağızı da o vaxt yerdən götürmür:
götürmür və aparıb xəbəri Əşrəfin
qohumlarına çatdırmır. Əvəzində sənətşünas
olur və xatirələr yazır.
Nədən qorxmuşdu qızcığaz
Sara? Və ya kimdən qorxmuşdu? Əşrəf Muradla
ünsiyyətdə olmaq təhlükəli
sayılırdımı? Bu sualları, təəssüf ki,
cavablamadı sənədli filmin personajı sənətşünas
Sara Oğuz. Nəyi gizlətdi o, bizdən? Və niyə gizlətdi?
Sonra tənhalıq. Fobiyalar. Zahid həyatı.
Kimlərsə ola-ola kimsəsizlik. Şamil Nəcəfzadənin
rejissurasında onun emalatxanası yeraltı dünya kimi
göründü mənə. Qaranlıqda və bəlkə
də dənizin dibində yaşayırdı Əşrəf
Murad: o, hətta hərdən ölmədiyini bilmək
üçün çüyün istilik batareyalarını
taqqıldadırdı. Mümkün ki, o “zirzəminin xofu” rəssamın
psixolojisinə hopub orada böyümüşdü, xəstəliyə,
sindroma çevrilmişdi.
Ətrafı “dəli” sayırdı Əşrəfi.
Gerçəklik Əşrəf üçün çoxdan
qurtarmışdı: bir sənəti qalmışdı, bir rəngləri
qalmışdı, bir də bədəndə gəzdirdiyi
ruhu.
Bu o rəssamdır ki, tablosunu “diri-diri”
divara hörüblər. Onda təəccüblüdür ki, Əşrəf
Muradın çığırtısı həmişə
qaranlıqdan gəlir?!
QUM
“Əbədiyyətə
sıçrayış”
O özünü əsli, kökü,
şəcərəsi qumdan olan hesab eləyirdi və
özünə “bakılı” demirdi, “qumlu” deyirdi. Əgər
belə düşünürdüsə, demək, qum adamı
idi. Əgər qum adamı idisə, demək,
nağılçı idi. Di gəl ki,
nağıllarını sözlə yox, rənglərlə
danışırdı.
Əvvəl “Yer”i çəkir. Guya ki
realist rənkkarlıqdır. Amma o, tablodan görünür
ki, burada bir Salvador Dali “şifrələnib”. Triptixin ikincisi “Səma”dır:
buludlar bir-birinə ilanlar sarılan kimi sarılıb əjdəhalaşır.
Üçüncü tabloda isə metro təsviridir:
yeraltı dünyanın qapısı və tuneli. Təsadüf?
Yox. Sıçrayışa
hazırlıq!!!
Rasim Babayevdə də sufi təfəkkürü
vardı: İçəri Şəhərdənmi gəlirdi
bu, yoxsa Bakı bağlarından?
Bakı bağlarında introvert bir gözəllik
mövcud. Bu gözəlliyi hamı görə bilməz,
hamı duya bilməz. Bakı bağları da gözəlliyini
hamıya göstərməz. Bu, gizli gözəllikdir, məxfi
gözəllikdir. Xəzri elə əsir ki, meynə
yarpağı titrəyə-titrəyə qumun üzərinə
naxışlar salır. Adi sarı qum isə gündə
beş dəfə sənə əhvalını danışa
bilir, əgər ovcunla onun qəlbinə toxunursansa. Samovarsa
bir də görürsən ki, günorta vaxtı
“qaçıb” əncir ağacının altında
tövşüyə-tövşüyə kölgələnir.
Mən onun “Çayçı Məmməd”
əsərini çox bəyənirəm. Gərək samovara
aşiq olasan ki, onu kətan üzərində divləşdirəsən.
Gərək çayçı Məmmədi gətirib
poeziyanın zirvəsinə qoyasan ki, o, tabloda öz jonqlyor
ustalığını göstərsin, folklor personajına
çevrilsin.
Filmdə nədənsə
“Çayçı Məmməd”i unutmuşdular. Məncə,
bu, Rasim Babayevin ən isti, ən səmimi, ən orijinal
işlərindəın biridir. Orada “Molla Nəsrəddin” də
var, azərbaycansayağı çayxana dərvişliyi də.
O da divləri çəkirdi Mircavad kimi.
Yaman zarafatcıl idi Rasimin divləri: elə hey dişlərini
ağardırdılar. Tələbəlik çağlarında
bəyənmirdim onun rəsmlərini. Sonra sənətşünas
Hicran Babayeva ilə tanış oldum. Biləndə Rasimin
yaxın qohumudur, soruşdum ki, o, niyə belə çəkir?
Dedi ki, özünə çatmaq üçün, “insan”
adlandırılan bir varlığı anlamaq
üçün.
Rəssamın qrafikası heyrətamizdir:
neftayırma zavodunun boruları ona böyük qara tarantul
qismində görünüb. “Ölülər şəhəri”
yumru bir Şərq ölkəsində qəbirlər
kaleydoskopu kimi zühur eləyib. Dəvələri səhra
küləyi elə bil ki qayalardan yonub düzəldib. Rasimin
qrafikası zamanın, tarixin qurtardığı məqamdan
başlayır. Bəlkə də... insan olmayan yerdən
başlayır bu qrafika...
Ağ qarada “əriyir”, qara da – ağda.
Onun rəsmləri haylı-küylüdür, qrafikası –
lal, səssiz, mediativ.
Dünyanı qarışdıran
insanlardır, daha divlər yox. İnsanın
qarışdırdığı dünyada divlər büsat
qurar, toy-bayram eləyər.
Divlər rəssamın oyuncaqları idi və
Rasim bu oyuncaqları yamanca sevirdi, özü qədər
sevirdi və özünü gah div kimi çəkirdi, gah divlərlə
birgə çəkirdi.
Son avtoportretində isə o, sanki orta
çağların qoca sufisidir. Sarı aurası vardı həmən
bu avtoportetin. Rəsmdə Loğmana da oxşayırdı
Rasim. Hərçənd loğman ona artıq heç nə
ilə kömək eləyə bilməzdi. Rəssam indi də
ölümünə hazırlaşırdı.
Axırıncı dəfə emalatxanasından
çıxanda molbertini üzü qapıya çevirib
getmişdi... qayıtmamaq üçün...
ÇAY
“Mümkün
olmayan axtarış”
“Su ki sərgərdan gəzər,
başında vardır bir həva,
Qaliba, bir gülruxun sərvi-xuramanın
sevər”.
Füzuli deyir ki, suyun avara-avara, veyil-veyil,
hərlənib-fırlanıb dəli-dəli axması onun
“havalı” olduğuna dəlalət edər. Səbəbi bu
ki, sevdiyi var: axıb-axıb onun ayaqlarında rahatlıq
tapacaq.
Çay axırsa, deməli, sərvi-xuramanın
axtarır.
Mənim məqaləmin janrı bilinmir.
Sufi yazısıdır çünki.
37-də “çay” pəncəsini atıb
atasız-anasız bir cocuğu “mindirdi” çiyninə: və
bu uşaq üzüb sənət sahilinə çıxanda
düşündü ki, axı, mən kiməm? Atamın,
anamın qəbri harada?
Filosoflar özünə
ünvanlanmış suallardan doğulur.
Qorxmaz Əfəndiyevi həyat təsviri sənətin
sufisinə çevirmişdi. Kazemir Maleviçin “Qara
kvadrat”ı bütün mənaları şübhələr
altında saxladığından çözülmür.
“Zero” qrupunun nümayəndələri əşyaları məişətin
simvolları kimi “dilləndirib” konseptual sənət
yaradırdılar. Bu, ədabazlıq deyildi, dünyaya, hər
cür sistemlərə qarşı filosof qiyamı idi.
Materiya rəngdir, antimateriya – rəngsizlik.
Rəng aldada bilir, rəngsizlik yox. Rəngsizliyə
çatanlar sufi olurlar.
Qəribədir, işıqda bütün
rənglər var: amma işığın özü rəngsizdir.
Qorxmaz Əfəndiyev də elə bil ki işıqla çəkmək
istəyirdi tablolarını. Ona görə kubizmə
yaxınlaşırdı. Axı, işıq nəyə
düşdüsə onu “sındırır”, “bölür”,
“parçalayır”. İşıqda bütün nəsnələr
“çiliklənib” hissələrə ayrılır və bu
zaman formaların həqiqəti görünür.
Sara xanım “urbanist konseptual rəssam” ifadəsini
işlədir Qorxmaz Əfəndiyev üçün.
Uyqarlığın və inkişafın tulantıları
içində “eşələnən” kasıb sufi. Avanqard
onun xilasıdır. Çünki avanqard həmişə axirətə
hamıdan daha yaxındır.
Qorxmaz Mircavadın dostu olub. Mən daha nələrisə
öyrənmək istəyirdim bu haqda. Bir rəssam digərinin
sənətinə necə baxıb, onu necə qiymətləndirib?
Rəssamlar, adətən, bir-birilərinə qarşı
çox sərt və amansız da ola bilirlər.
Şamil Nəcəfzadənin bədii-sənədli
filmi kinorekviyemdir: bu beş nəfər rəssamdan heç
birinin qədri-qiyməti olmayıb zamanında. Film
bütövdür: səni darıxdırmır, yormur,
çünki səninlə aktiv ünsiyyət yaradır. Ona
görə də qüsurlara çox elə də fikir vermirsən.
Fikir vermirsən ki, Sara xanımdan “çoxdur”, “lap
çoxdur” kadrlarda və ona hərdən çətindir. Hərçənd
filmin poetikası, üslubu bu qüsurları da keçərli
eləyir.
Axı, Sara xanım öz Div
dostlarını axtarır... tıq.. tıq... tıq...
Axı, o, danışır bu xatirələri... tıq..
tıq... tıq...
O axtarış ki, mümkün deyil, deməli,
əsl axtarışdır, əbədi axtarışdır.
Film duyğusaldır, ovqatlardan
hörgülənib, asancana refleksiya olunur, fikir intensivliyini
şərtləndirir: çünki “Beşim”in enerjisindən
güc alır. Gəlin, bundan sonrasına üfüqü
ötmüş bu rəssamları “Beşim” qrupu
adlandıraq, onları “Beşim” qrupu kimi tanıyaq.
Şamil Nəcəfzadə və Sara
Oğuz, şəxsən mənim üçün, “Beşim”
qrupunu “kəşf etdilər”: bu, Mircavad, Tofiq, Əşrəf,
Rasim, Qorxmaz birgəliyidir, avanqardçı Azərbaycan rəssamlarını
modern sufi qardaşlığıdır.
Aydın TALIBZADƏ
525-ci qəzet.-
2012.- 3 aprel.- S.6.