Sənət yolu, sənətkarlıq cizgiləri xatirələr
süzgəcində
Onun
sənət dünyası başdan-başa rənglər
üzərində qurulmuşdu. Bu böyük rəssamın
tablolarına nəfəs verən elə nəfəs kimi
ilıq-isti rənglər idi. Əgər Səttar Bəhlulzadəni
Azərbaycan təbiətinin ən rəngarəng mənzərəçisi
adlandırırıqsa, Mikayıl Abdullayevi də Azərbaycan
məişətinin, portret, tematika janrlarının ən rəngarəng
təmsilçilərindən biri hesab edə bilərik. Bu
böyük rəssamın rənglər dünyası sanki
musiqi kimi axıb onun tablolarını seyr edən insanın
hafizəsinə həkk olur.
Mikayıl
Abdullayev həm də böyük bir pedaqoq kimi ad
qazanmışdı. Bəzən elə olur ki, istedadlı sənətkar
öz təcrübəsini, vərdişlərini tələbələrinə
verməkdə çətinlik çəkir. Bu da ondan irəli
gəlir ki, həmin böyük sənətkar pedaqoji səriştəyə
malik deyil, özü istedadlı sənətkar olsa belə.
Lakin Mikayıl müəllim həm istedadlı rəssam, həm
də böyük pedaqoq idi. Mülayim rəftarlı
Mikayıl müəllimin xətrini tələbələri də,
həmkarları da çox istəyirdilər. Fərəhli
haldır ki, bu böyük sənətkarın pedaqoji fəaliyyətinin
40 ili bizim ali məktəbimizlə bağlı olmuşdur.
Unudulmaz
insan Mikayıl Abdullayev haqqında yaddaş aləmimin dolanbac
eniş-yoxuşlarında çox xatirələr qərarlaşıb.
Bunlardan bəzilərini oxucularla bölüşmək istərdim.
Mikayıl
müəllim bir insan kimi çox qayğıkeş, həssas
qəlbli, həm də çox narahat bir şəxsiyyət
idi. Mənim bu unudulmaz sənətkarla bağlı bir
çox xatirələrim vardır.
Rektor
kimi fəaliyyətə başlamağımın ilk
çağları idi. Mikayıl müəllimlə tədris
prosesi ilə bağlı bəzən təmasda olurduq. O, tez-tez
mənim kabinetimə də gəlir, bəzən məndən
dövlət telefonu ilə danışmaq üçün
imkan yaratmağımı xahiş edirdi. Yaşına, sənətinə,
istedadına hörmət etdiyimdən dövlət telefonu ilə
danışmasına imkan yaradırdım.
İlk dəfə o, bu barədə mənə müraciət edəndə mən elə güman etdim ki, hansısa dövlət məmurundan özünün şəxsi xahişini edəcək. Lakin danışıq zamanı gördüm ki, Mikayıl müəllim gənc bir rəssama yaradıcılıq emalatxanası verilməsini xahiş edir. Bundan sonra o, dəfələrlə mənim yanıma gələr, dövlət telefonu ilə istər sənətkarlarımızın, ayrı-ayrı sənət xadimlərimizin, istərsə də ona müraciət edən adi insanların bu və ya digər problemlərinin obyektiv həll olunmasını xahiş edərdi.
Bir dəfə mən ona zarafatla dedim ki, ay Mikayıl müəllim, bu qədər ki, onun-bunun xahişini edirsən, bir dəfə də barı özün üçün bir şey xahiş elə. Onun cavabı çox maraqlı oldu. Dedi ki, oğlum (mən yaşca ondan xeyli kiçik idim, o, atamın yaxın dostu idi), təbii ki, problemsiz insan olmur. Amma mən problemlərimi özüm həll edirəm. Və mən xalqımdan çox razıyam ki, mənə layiq olduğum qiyməti verir, hörmətimi saxlayır. Odur ki, mənim özüm üçün nəsə xahiş etməyə ehtiyacım yoxdur.
Ancaq buna baxmayaraq bəzən Mikayıl müəllimin də problemləri olurdu. Təxminən 87-88-ci illər olardı. Mikayıl müəllim yenə də yanıma gəldi. Məlum oldu ki, o, bir əsərinin həqiqi qiymətini bilmədən onu cəmi 500 ABŞ dollarına satıb. Sonradan xəbər tutub ki, Londondakı auksionda həmin əsəri 80 min funt-sterlinqə satıblar. Mikayıl müəllim bu barədə mətbuatdan və qərb radiolarından (o illərdə bir çoxları xəlvəti belə radiostansiyaları dinləyirdi) xəbər tutmuşdu. Mənim də yanıma gəlməkdə məqsədi o idi ki, onu aldadanlardan həmin pulun heç olmazsa bir hissəsini ala bilsin. Mən isə öz növbəmdə o zamankı müəllif hüquqları idarəsinə zəng vurdum. Lakin mənə bildirdilər ki, əgər müəllif könüllü olaraq alqı-satqı əməliyyatı edibsə və əsərinin müəyyən qiymətə satılmasına razılıq veribsə, artıq heç nəyi dəyişmək mümkün deyil.
Mikayıl müəllim hərtərəfli intellektual səviyyəyə malik bir insan idi. O, ədəbiyyatı çox sevir və bu barədə maraqlı söhbətlər edərdi. Hər dəfə mənimlə söhbətində Hüseyn Cavid haqqında (o, mənim “Hüseyn Cavidin ideyalar aləmi” kitabımı oxumuşdu) uzun-uzadı danışardı və bəzən də polemikaya da girişərdi. Onun Füzuli, Məhəmməd Hadi, Sabir, Səməd Mənsur haqqında, böyük türk şairi Tofiq Fikrət haqqında çox maraqlı fikirləri var idi. Yaşının çoxluğuna baxmayaraq gözəl hafizəsi vardı. Səməd Mənsurdan, Tofiq Fikrətdən əzbər misralar söyləyirdi. Yəqin ki, rəssamın yaradıcılığındakı əlvanlıq, poetiklik şeirə, poeziyaya olan sevgisindən irəli gəlirdi.
Mikayıl Abdullayev Azərbaycan rəngkarlığında tematik janra romantik əhvali–ruhiyyə gətirmiş ilk rəssamlardan biridir. Bu romantik əhvali-ruhiyyə rəssamın əksər tablolarında özünü göstərir. “Sevinc”, “Səadət quranlar”, “Anaların gəncliyi” kimi tablolarda tematik romantizm və liriklik çox qüvvətli şəkildə təzahür edir. Yaradıcılıq dəst-xətti 40-cı illərdən etibarən formalaşmağa başlamış Mikayıl Abdullayev müasir Azərbaycan incəsənətinin müxtəlif inkişaf mərhələlərində yaddaqalan əsərlər işləmişdir. Yaradıcılığının erkən dövrünün nümunələri olan “Axşam” (1947), “Mingəçevir işıqları” (1948), “Səadət quranlar” (1951) kimi kompozisiyalarda Mikayıl Abdullayev lirik-dramatik tematikadan başlamış monumental ifadə tərzinə qədər geniş yaradıcılıq diapazonuna malik bir rəssam kimi diqqəti cəlb edir. Elə sonralar da, 60-80-cı illərdə Mikayıl Abdullayev öz tablolarında istər sənət, istərsə də zəhmət adamlarının obrazını fırçaya alarkən kompozisiyanı daxili bir lirika üzərində qurmağa çalışırdı və buna nail olurdu. “Abşeronda” (1964), “Çəltikçi qızlar” (1970) kimi tablolarında, eləcə də Səməd Vurğunun (1959) və başqalarının portretlərində lirik-emosional əhvali-ruhiyyə çox güclüdür.
Bir çox
digər rəssamlarımız kimi,
Mikayıl Abdullayevin
yaradıcılığında da xarici ölkələrdə olarkən
aldığı təəsüratlar mühüm
yer tutur. Rəssamın “Hindistan seriyası”ndan olan tabloları daha maraqlı və emosionaldır. İtaliya, Polşa,
Macarıstan və digər ölkələrdə
olarkən aldığı
səfər təəsüratlarının
təsiri altında yaratdığı rəsmlər
də rəngarəngliyi,
maraqlı kompozisiya quruluşu ilə diqqətimizi cəlb edir.
Zənnimcə onun Hindistan seriyası daha təsirlidir. Bu seriyada
o, isti rəngləri məharətlə işlədib.
Mikayıl Abdullayevin rəng
duyumu təkcə doğma Azərbaycanın
yox, həm də bütün Şərqin isti, əlvan rənglər dünyasını əhatə
edirdi. Hələ
ötən əsrin
70-ci illərində onun
Moskvada keçirilən
sərgisində Hindistan
səfiri demişdi: “Bilirsinizmi, Hindistanı çox rəssamlar gəzib, çox rəssamlar çəkib.
Lakin onların heç biri bu torpağın
şux rənglərini
bütün dolğunluğu
ilə verə bilməyib. Mikayıl Abdullayev mənim
gördüyüm ilk rəssamdır
ki, Hindistanın, Şərqin kolorit dünyasını belə
dürüst əks etdirməyə müvəffəq
olmuşdur”.
Qeyd edim ki, Mikayıl
Abdullayev keçmiş
sovet məkanında Hindistanın ali
dövlət mükafatı
olan Cavahirləl Nehru mükafatı laureatı olmuş ilk rəssamdır.
Bu mükafatı ona Hindistanın o zamankı rəhbəri İndira Qandi şəxsən təqdim
etmişdi. Onun Mikayıl
Abdullayevin əlini sıxarkən çəkilmiş
fotoşəkil rəssamın
bəzi sənət albomlarında öz əksini tapmışdır.
Mikayıl müəllimlə mənim
birgə işlədiyimiz
illər ərzində
münasibətlərimiz hər
zaman səmimiliyi ilə seçilmişdir. Aramızdakı böyük yaş fərqinə baxmayaraq söhbətimiz tuturdu.
Mikayıl müəllim məni
öz emalatxanasına
da dəvət edərdi. Ümumiyyətlə, mən yaradıcı
şəxsiyyətlərlə təmasda olmağı, onların yaradıcılıq
dünyasına, təxəyyül
aləminə sirayət
etməyi çox sevirəm. Rəssam emalatxanası heç
də sərgi deyil. Sərgidə bir soyuqluq, rəsmilik var, insan müəyyən hüdudlar, davranış
tərzi gözləməyə
məcburdur. Emalatxanada isə
elə deyil. Burada münasibətlər daha isti, daha sərbəstdir,
rəsmiyyət öz
yerini səmimiyyətə
verir. Sərgidə olarkən rəssamın
yaradıcılığına zahirən, emalatxanasına
gəldikdə isə
daxilən bələd
olursan. Rəssamın sənət duyumunu
daha aşkar, daha dolğun görüb hiss edirsən.
Əlbəttə, mən
sənətkarların yaradıcılıq
aləmini öyrənməyə
can atırdım. Ona görə
də fürsət düşdükcə dəvətləri
qəbul edir, rəssamların emalatxanalarına
gəlir, onlarla sənət söhbətləri,
polemikalar aparırdım.
Bu, sənətkarın yaradıcılıq psixologiyasının
daha dərindən öyrənilməsi üçün
vacib idi.
Mən Mikayıl Abdullayevin də emalatxanasında çox olmuşam. Mikayıl müəllim çox gözəl həmsöhbət idi, məclis aparmağı, maraqlı söhbətlər edərək diqqət cəmləməyi yaxşı bacarırdı. Onun çox baməzə söhbətləri olurdu, yaxşı lətifələr bilirdi.
Mikayıl Abdullayev evdən daha çox ya dərs dediyi Rəssamlıq fakültəsində, ya da emalatxanasında olurdu. Bu, onun yaradıcılıq mühiti ilə bağlılığından irəli gəlirdi; rəssam hər zaman bu mühitə can atır, onun qoynunda rahatlıq, bəzən isə hətta təskinlik tapırdı. Yaradıcılıq emalatxanası Mikayıl müəllimə əslində elə evi əvəz edirdi. Qonaqlarını da çox vaxt emalatxanaya dəvət edərdi. Mən Mikayıl Abdullayevin tablolarını albomlar, kitablar, sərgilərlə yanaşı, onun öz emalatxanasında da çox görmüşəm.
Mikayıl Abdullayevin emalatxanasında rəssam aləminin hər dəfə yeni-yeni duyğularının ifadəsini görərdim. Bu duyğular rəssamın mənə avtoqraf qoyaraq bağışladığı tablolarda da əks olunmuşdur.
Mikayıl Abdullayevin rəngkarlıq lirikası poeziya üzərində köklənib. Təsadüfi deyil ki, bu rəssam daxilən poeziyaya hər zaman böyük ehtiyac hiss edib. Şair qəlbli Mikayıl Abdullayev milli poeziya tariximizdə ən böyük məhəbbət yanğısı olan Füzuli “Leyli və Məcnun”unu rəssamlıqda ən mükəmməl ifadə vasitələri ilə təcəssüm etdirmişdir. Onun “Leyli və Məcnun”a çəkdiyi qrafik və rəngkarlıq illüstrasiyaları Füzuli məhəbbətinin və kədərinin rəngkarlıq təcəssümündə qərarlaşan, lirik duyğularla dolu əksi idi. Qəlbən şair olan rəssam klassik şairlərimizdən Füzulinin, Nizaminin, Səməd Vurğunun və başqalarının hikməti rəng fəlsəfəsi üzərində köklənən obrazlarını yaradıb.
Mikayıl Abdullayevin romantik rəng çalarları ilə Füzulinin ölməz məhəbbət lirikası arasında maraqlı paralellər sezmək mümkündür. Mikayıl Abdullayevin bir çox tablolarında saf, işıqlı məhəbbəti parlaq kolorit vasitəsilə ifadə edən bədii vasitələrə və obrazlara rast gəlinir. Xarakterik haldır ki, rəssamın məhəbbət anlayışı daha geniş olub həm də Vətən, ana sevgisini ifadə edir. “Səadət quranlar” tablosundakı gənclik hisslərindən qaynaqlanan romantik duyğular “Sevinc” tablosunda həmişəyaşar, əzəmətli ana məhəbbətinə qovuşur. “Sevinc” tablosunda gənc ananın körpəsinə olan şəfqəti bir qədər aralıda görünən, parlaq günəş şüaları ilə işıqlanmış yamyaşıl çəmən ilə uğurlu bədii harmonikliyə malikdir. Nəhayət, rəssamın “Anaların gəncliyi” tablosunda bu nikbin romantizm əhvali-ruhiyyəsi özünün ən obrazlı təzahür formasına qədəm qoyur. Bu əsərlərin hər biri üçün zəngin, rənglərin dili ilə ifadə edilmiş dərin məzmunlu poetiklik səciyyəvidir. Əlbəttə, rəssamın bu nailiyyətinin əsasında onun poeziyaya olan sevgisi, gözəl poetik nümunələrimizin kamil bilicisi olması faktı dayanır.
İncə ruhlu, poetik duyumlu sadə, mehriban, səmimi, yaradıcı insan, rəngləri dilləndirməyi bacaran rəssam, çalışqan, təcrüdəli pedaqoq, sənət müəllimi – Mikayıl müəllim çoxlarının, o cümlədən mənim xatirimdə məhz belə qalmışdır.
Timuçin Əfəndiyev
525-ci qəzet.- 2012.- 3 aprel.- S.7.