İlyas Əfəndiyevin həyat və yaradıcılıq yolu “Ləyaqət hücrəsi”ndə

  

Xalq yazıçısı, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən “Ləyaqət hücrəsi” sənədli televiziya filmi tanınmış mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə, ziyalılara təqdim olunub. “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirilən mərasimdə filmin ssenari müəllifi İlham Rəhimli Azərbaycan ədəbiyyatının və dramaturgiyasının inkişafında böyük xidmətləri olmuş yazıçının mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açıb.

Bildirilib ki, “Aztelefilm” yaradıcılıq birliyinin studiyasında istehsal edilmiş filmin quruluşçu rejissoru Tariyel Vəliyev, operatoru Mətləb Yaqubovdur.

Sonra film nümayiş etdirilib.

Filmdə qüdrətli nasirdramaturq, ömrünün 60 ilini yazıb-yaratmağa sərf etmiş İlyas Əfəndiyevin həyat və yaradıcılığı sənədlərin dili ilə tamaşaçılara təqdim olunur. “Kənddən məktublar”ın ədəbiyyat körpüsü”, “Teatrla İlyas Əfəndiyevin nağılı”, “Siz həmişə bizimləsiniz”, “Unuda bilmərik...”, “Məhv olmayan gündəliklər”, “Geriyə müdrik baxışlar”, “Dünya dünya içində”, “Babalıq kürsüsü” hissələrindən ibarət olan filmdə “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-nin arxiv materiallarından istifadə olunmuşdur. Filmin mətnini Laləzar Mustafayeva və Elşən Rüstəmov oxuyublar.

Bütövlükdə filmin bir-birindən maraqlı səhnələrindən doğan qayə budur ki, Azərbaycan ədəbiyyatını möhtəşəm bir qalaya bənzətsək, o qalanın ləyaqət hücrəsi İlyas Əfəndiyevə məxsus olacaq.

Filmin nümayişindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək deyib ki, bu cür filmlərin yaranması Azərbaycanın dövlət başçısının mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə diqqət və qayğısının təzahürüdür.

Ölməz sənətkar İ.Əfəndiyevin əsərlərinin müasirliyindən, müraciət etdiyi mövzuların əbədiliyindən danışan nazir qeyd etmişdir ki, bu əsərlər gələcək nəsillər üçün yaradıcılıq məkanı olacaq.

Filmin yaradıcı kollektivini uğurlu işlərinə görə təbrik edən Ə.Qarayev onu da demişdir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qarabağ torpağı düşmən tapdağından azad edilənədək hər il yeni mövsümü İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.

Professor Nizaməddin Şəmsizadə, Xalq artisti Amaliya Pənahova ədəbiyyata 1939-cu ildə “Kənddən məktublar” adlı hekayələr kitabı ilə gəlmiş, söz sənətinin bütün janrlarında qələmini ustalıqla sınamış yazıçının şəxsiyyəti və yaradıcılığı barədə danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Bildirmişlər ki, İlyas Əfəndiyev milli ədəbiyyatın, estetik fikrin inkişafında əvəzsiz xidmətləri olmuş istedadlı dramaturq kimi şöhrət qazanmışdır. Bununla belə, o, keçən əsrin ortalarından etibarən həm də kamil bir romançı kimi məşhurlaşmışdır. İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatında nəsrimizə canlı xarakterlər, əlvan, təravətli bədii təsvir vasitələri gətirən, dramaturgiyamızda yeni lirik-psixoloji üsluba vətəndaşlıq hüququ verən, nəhayət aktyor və rejissorların bütöv bir nəslinin yetişib-püxtələşdiyi “İlyas Əfəndiyev teatrı”nı bərqərar edən sənətkar kimi şərəfli bir yer tutur.

Görkəmli ədibin oğlu, Xalq yazıçısı Elçin Əfəndiyev diqqətə çatdırıb ki, əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev roman və pyeslərində hakim ideologiyanı heç vaxt tərənnüm etməmiş, yalnız ədəbiyyata və mədəniyyətə xidmət etmişdir. Buna görə də sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alan sənətkarın əsərləri milyonlarla Azərbaycan oxucusunun və tamaşaçısının məhəbbətini qazanmışdır.

Sonda E.Əfəndiyev “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-nin rəhbərliyinə, filmin yaradıcı kollektivinə və tədbirin iştirakçılarına Əfəndiyevlər ailəsi adından minnətdarlığını bildirib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 3 aprel.- S.7.