Novruz bayramı Almaniyada

 

“AŞIQ ŞƏMŞİR” MƏDƏNİYYƏT OCAĞI İCTİMAİ BİRLİYİ MAİNZ ŞƏHƏRİNDƏ BAYRAM TƏDBİRİ KEÇİRİB 

 

Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olub. Onlardan bəziləri xalqa yad müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulub, yaddaşlardan silinib. Yalnız o bayramlar əsrlərin sınağından keçib ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur. Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri də Novruz bayramıdır. Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın rəmzi kimi əziz tutub. Bu bayram ölkəmizdə də dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilir. Ölkə rəhbərliyinin diqqət və qayğısı, Heydər Əliyev Fondunun ardıcıl cəhdləri sayəsində Novruz bayramı indi beynəlxalq status qazanıb, YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Milli adət-ənənələrimizin, bayramlarımızın yaşadılması və gənc nəslə aşılanması istiqamətində fəaliyyət göstərən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bu dəfə Novruz bayramını Almaniyada yaşayan, təhsil alan, işləyən həmvətənlərimizlə, xarici qonaqlar və alman xalqının nümayəndələrilə birgə qeyd edib. Bu il martın 24-də Almaniyanın Mainz şəhərində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Novruz Bayramı Almaniyada” adlı tədbiri gerçəkləşib. Tədbirə Almaniyada yaşayan şimallı-cənublu bir çox soydaşımızla bərabər, xarici qonaqlar da dəvət edilib. Azərbaycandan tədbirə dəvət alan Aşıq Ədalət Dəlidağlı saz havaları ilə mərasim iştirakçılarına xoş dəqiqələr yaşadıb. Tədbirdə çıxış edənlər Novruz bayramının tarixi əhəmiyyətindən və onun Azərbaycan adət-ənənələrinin ayrılmaz bir parçası olmasından söz açıblar. Dövlətimizin müstəqillik qazanmasından sonra, xüsusən ümummilli lider Heydər Əliyevin qayğısı, təşəbbüsü nəticəsində Novruz bayramının geniş, təntənəli qeyd olunduğu diqqətə çatdırılıb, hazırda Prezident İlham Əliyevin də bu bayramın layiqincə qeyd edilməsinə, əsl xalq təntənəsinə çevrilməsinə diqqət göstərdiyi vurğulanıb. “Aşıq Şəmşir” Mədəniyyət Ocağının Almaniyadakı nümayəndəsi, bu ölkədə təhsil alan Vasif Hüseynov qonaqlara son illər ölkəmizdə aparılan quruculuq işləri, ictimai-siyasi sabitlik, hərtərəfli inkişaf barədə məlumat verib, tədbir boyu bu mövzuda videokadrlar göstərilib, çap materialları paylanıb, iştirakçılara milli dəyərlərimizi özündə əks etdirən hədiyyələr təqdim olunub. Tədbirdə qonaqlar milli mətbəximizin ləziz təamlarından, Novruzun yaraşığı olan şirniyyatlardan dadaraq, məmnunluqlarını ifadə ediblər.

 

 

R.HACIYEV

 

525-ci qəzet.- 2012.- 4 aprel.- S.7.