Sənət yolu,
sənətkarlıq cizgiləri xatirələr süzgəcində
ikinci söhbət
Onun sənətini ikicə kəlmə ilə xarakterizə etməyi məndən xahiş etsəydilər, yəqin ki, çox düşünüb daşındıqdan sonra belə deyərdim: “canlı yaxma”. Canlı ona görə ki, bu sənətkarın tablolarında yerində olmayan, artıq düşən bircə yaxmaya belə təsadüf etməzsən. Onların hamısı yerli-yerindədir və hamısı da elə bil dil açıb adamla danışır.
Qrafikada ştrix, yaxud ləkə, heykəltəraşlıqda həcmli təmas duyumu nədirsə, dəzgah rəngkarlığında da yaxma odur. Yəni o, təmsil etdiyi təsviri sənət sahəsinin, indiki halda rəngkarlığın kətan üzərində bədii-texniki əsasını yaradır. Bu əsasın üzərində nələr dayanmır: emosiya, duyğu, lirika, tonallıq. Yaxma hətta məzmuna, tematikaya, janra, koloritə də birbaşa təsir edir.
Xalq rəssamı Böyükağa Mirzəzadənin sənət peşəkarlığının əsasında əlin tutduğu fırça ilə o fırçanın kətana yaxdığı rəng sıxımının bir-birini düzgün başa düşməsi dayanır. Yazının əvvəlində işlətdiyim “canlı” kəlməsini də elə bu düzgünlük yaradır. Böyükağa Mirzəzadə tablonu “daxildən” duyan sənətkarlardandır. Bir neçə korifey rəssamımızın yaradıcılığını xüsusilə qiymətləndirdiyim kimi, mən Böyükağa müəllimin də sənətini çox yüksək qiymətləndirirəm.
Elə müəllim sözünü də birmənalı işlətmirəm. Bu kəlmədə qocaman sənətkara, ziyalı insana hörmət hissi ilə yanaşı, onun müəllimlik işi də ifadə olunur. Axı bir çox rəssamlarımız kimi, professor Böyükağa Mirzəzadə də uzun illər təmsil etdiyim ali məktəbdə – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışmış və professor elmi adını da burada almışdır.
Bir kollektivdə işlədiyimiz illər ərzində mən Böyükağa Məşədi oğlu ilə çox təmasda olmuşam. Bu təmas həm rəsmi səviyyədə, tədris işləri ilə bağlı, həm də işdənkənar vaxtlarda, masa arxasında, səmimi söhbətlər, ünsiyyət vasitəsilə gerçəkləşib. Sənətinə və şəxsiyyətinə hörmət etdiyim bu istedadlı rəssamla bağlı mənim hafizəmdə çox unudulmaz xatirələr qərarlaşıb. Onların bir neçəsini oxucuların diqqətinə çatdırmaq istərdim.
Böyükağa müəllimlə mənim ilk tanışlığım çox maraqlı, qəribə oldu. Böyükağa müəllim əsl sənət fədaisi olsa da, ali təhsilini xeyli gec, təxminən 40 yaşlarında almışdı. Başı sənətə qarışdığından bu məsələyə vaxtında fikir verməmişdi.
Mərhum akademik Aslan Aslanov o zamankı İncəsənət İnstitutunun rektoru olarkən 1976-cı ildə məni instituta dərs deməyə dəvət etdi. O vaxt mən Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi katib vəzifəsində işləyirdim. Həm də yarım ştat institutda teatr tarixi üzrə mühazirə oxuyurdum. Mənə qiyabi teatrşünaslıq fakültəsində rus teatrı tarixindən dərs vermişdilər.
İlk dəfə auditoriyaya girəndə tələbələrlə
yanaşı iki yaşlı kişinin də (təxminən
atam yaşında) parta arxasında oturduğunu gördüm və
bir qədər təəccübləndim. Fikirləşdim
ki, yəqin dekanlıq mənə xəbər etmədən
açıq dərsimi təşkil edibdir və bu iki
yaşlı kişi də dekanlığın nümayəndəsi
kimi mühazirəmə qiymət verəcək. Mən
çalışırdım ki, mühazirəm onları tam
qane etsin. Nəhayət dərs bitdi. Üzümü auditoriyaya tutub
soruşdum ki, kimin mövzuya aid sualı var? Bu iki yaşlı
kişidən biri, eynəkli, arıq şəxs əlini
qaldırdı, sual verdi:
–Müəllim,
siz rus teatrında sentimentalizm ənənələrindən
danışdınız. Bəs Azərbaycan
teatrında sentimentalizm olubmu, olubsa nə üçün bu
barədə heç bir əbədiyyatda bir kəlmə də
yazılmayıb?
Mən sualın bir qədər professionalcasına verilməsindən
əmin oldum ki, bu kişilər doğrudan da mütəxəssisdirlər. Cavab verdim ki,
Azərbaycan dramaturgiyasında sentimentalizm olub, lakin
bugünkü mühazirənin mövzusu olmadığı
üçün mən tənəffüs vaxtı sizinlə
görüşüb bu barədə ətraflı söhbət
edərəm. Tənəffüs zamanı
mən sinif nümayəndəsindən soruşdum ki, bu
kişilər teatrşünaslıq kafedrasının
işçiləridir? Sinif nümayəndəsi bildirdi
ki, sizə sual verən rəssam Böyükağa Mirzəzadə,
yanındakı kişi isə rəssam Davud
Kazımovdur. O zaman onlar əməkdar rəssam idilər,
sonradan hər ikisi xalq rəssamı oldu. Böyükağa
Mirzəzadə haqqında təbii ki, çox
eşitmişdim, sərgilərdə əsərlərinə
tamaşa etmişdim, amma həyatda heç görməmişdim.
Mən bir qədər təəccüblənsəm
də, Böyükağa Mirzəzadə ilə sentimentalizm
mövzusunda xeyli söhbət etdim. Azərbaycan
teatrındakı sentimentalizm meyllərini ona izah etdim. Beləcə bizim aramızda münasibətlər
yarandı. Ona dedim ki, Böyükağa müəllim, mən
sizin yaradıcılığınıza bələdəm. Siz gözəl tablolar müəllifi olmaqla
yanaşı, həm də teatr tamaşalarına bədii tərtibat
vermisiniz. Nə əcəb siz bu yaşda
yenidən təhsil almaq fikrinə
düşmüsünüz? Rəssamın
cavabı maraqlı oldu. O, dedi ki, oğlum, sən məni
tanımırsan, amma atanla mənim səmimi dostluq münasibətlərimiz
var. Mən özüm Əzim Əzimzadə adına
Rəssamlıq məktəbinin ilk məzunlarından
olmuşam və 20 ildən artıqdır ki, həmin məktəbdə
pedaqoji fəaliyyətlə məşğulam. Mənim
hazırladığım kadrlar sizin universitetdə artıq təcrübəli
müəllimlər, dosentlər olublar. Odur ki, mən də,
Davud da fikirləşdik ki, artıq təcrübəmizi ali təhsil alan tələbələrə də
öyrətmək lazımdır. Siz, Timuçin müəllim,
özünüz yaxşı bilirsiniz ki, ali
təhsili olmayan adama universitetdə dərs deməyə icazə
verilmir. Bu yaşda oxumağımın səbəbi
də ancaq budur.
Bəli, illər keçdi. Böyükağa müəllim də,
Davud müəllim də ali təhsillərini
başa vurdular və artıq mən rektor olduğum dövrdə
universitetimizdə pedaqoji fəaliyyətlə məşğul
olmağa başladılar. Hər iki görkəmli
sənətkar əvvəl dosent, sonra isə professor adı
aldılar.
Bir dəfə Böyükağa müəllim, kulturoloq
alim Adil Adilov (görkəmli sənətkarımız
Gülarə Əliyevanın həyat yoldaşı), rejissor Əşrəf
Quliyev və heykəltəraş Tokay Məmmədov yanıma
gəlmişdilər. Onlar möhkəm dost idilər. Adil müəllim
söhbət əsnasında yarızarafat, yarıciddi dedi ki,
Timuçin müəllim, sizin xəbəriniz varmı ki, əsl
Bakı cız-bızını Böyükağa kimi
bişirən yoxdur? Özü də emalatxanada.
Sabah bazar günüdür. Gəlmişik
sizi də dəvət edək. Mən məmnuniyyətlə
dəvəti qəbul elədim və səhəri gün onun
emalatxanasında gözəl bir süfrə
açıldı. Böyükağa
müəllim böyük həvəslə əsl Bakı
cız-bızı bişirdi. Mən
cız-bızdan yeyərkən bir daha əmin oldum ki,
Böyükağa müəllim gözəl rəssam olmaqla
yanaşı, həm də gözəl qurmandır. Biz oturub maraqlı söhbətlər edirdik. Mən də hərdənbir
Böyükağanın təzə işlərinə nəzər
salırdım. Bunlardan bir şəhər
mənzərəsi diqqətimi daha artıq cəlb edirdi.
Deyəsən Adil müəllim bunu hiss etmişdi. Biz gedərkən Böyükağa müəllimə
cız-bıza görə təşəkkürümüzü
bildirdik. Böyükağa müəllim gözəl bir
mənzərə işini mənə hədiyyə verərək
zarafatla dedi ki, bunlara vermişəm, qoy bu iş də sənə
məndən xatirə qalsın. Arxasını
yazıb şəkli mənə uzatdı. Mən şəkli çox razılıqla qəbul
etdim. Birdən Adil müəllim dedi ki,
Böyükağa, bilirsən nə var? Mən
bayaqdan fikir verirəm, deyəsən Timuçin müəllimin
divardan asdığın şəhər mənzərəsindən
çox xoşu gəlib. Bəlkə
şəkilləri dəyişdirəsən?
Böyükağa
müəllim özünü itirmədən dedi:
–Bu şəkli
mən də çox sevirəm. Lakin bir halda ki,
Timuçin müəllimin belə gözəl zövqü
var, bu şəkli də ona bağışladım.
Hamı gülüşdü. Mən də bu
böyük sənətkarın mənə
bağışladığı iki tablonu götürüb evə
gəldim. Bu gün də onun mənə hədiyyə
etdiyi bütün tablolar mənim üçün doğma və
əzizdir.
Qeyd edim ki, Böyükağa Mirzəzadə həssas
duyumlu, yaradıcılıqda geniş maraq dairəsinə
malik sənətkarlardan idi. Tematika, mənzərə,
portret, natürmort janrları onun
yaradıcılığında əsas yer tutur. Realist rəngkarlıq sənətinin ən incə
texniki vasitələrinə məharətlə yiyələnən
sənətkar olduqca canlı, dolğun, emosional bədii
obrazlar ustası kimi ad çıxarmışdır. Onun işlədiyi çoxsaylı portretlər ifadəli
üz cizgiləri, effektli kolorit seçimi, kompozisiyanı, surəti
daha da qabarıq nəzərə çarpdıran “dərin”
kölgə-işıq oyunu ilə yadda qalır. “Dirijor
Niyazi” (1951), “Akademik Məmməd Arif” (1970), “Aşıq Ələsgər”
(1972), “Rejissor Şəmsi Bədəlbəyli” (1975),
“Xalçaçı rəssam Lətif Kərimov” (1978) və
digər işlər Böyükağa Mirzəzadənin ən
yaxşı portretlərindəndir. “Stüardessa”, “Müğənni
qadın”, “Aspirant qız” kimi emosional portretlərdə
Böyükağa Mirzəzadə qadın gözəlliyini,
qadın məlahətini əlvan, şux, kətan üzərinə
yüksək zövqlə, peşəkarlıqla vurulmuş rəng
yaxmaları vasitəsilə açıb göstərmişdir.
Böyükağa müəllimlə bağlı
oxucuların diqqətinə çatdırmaq istədiyim ikinci
xatirəm elə portret janrı ilə əlaqədardır. Sözsüz
ki, Böyükağa Mirzəzadə portret janrını
yüksək səviyyədə mənimsəmiş ustad sənətkar
idi ki, bu da yuxarıda sadalananlardan aydın olur. Bir dəfə o, atam İlyas Əfəndiyevin
obrazını yaratmaq fikrinə düşdü.
İlyas Əfəndiyev hərəkətə, fəaliyyətə
meylli olduğundan rəssam qarşısında uzun müddət
hərəkətsiz oturub qalmağa hövsələsi
çatmırdı. Onun bu hövsələsizliyi
Böyükağa müəllimin qarşısında elə
ilk oturuşda üzə çıxdı. Evə gedəndə
atam mənə dedi:
–Mənim
onun qarşısında beləcə lal-dinməz oturub
qalmağa nə səbrim var, nə də macalım. Onunla danış, qoy portretimi mənsiz bir təhər
çəkib başa çatdırsın.
Mən
bunu rəssama dedim. Bəlkə də bir
başqası bunun öhdəsindən gələ bilməzdi.
Lakin Böyükağa Mirzəzadə korifey sənətkar
idi. Onda qüvvətli göz hafizəsi,
göz qavraması vardı. Təsəvvür
edin ki, İlyas Əfəndiyevi cəmi bircə dəfə
naturadan işləməklə atamın portretini bütün
dolğunluğu və həyatiliyi ilə əks etdirməyə
müvəffəq oldu, təkcə zahiri bənzərlik deyil,
həm də əsl obraz yaratdı.
Bir rəssam kimi Böyükağa Mirzəzadənin
maraq dairəsi geniş idi. Rəssamın tematik əsərlərində
kənd həyatı (“Pambıq yığımı”; 1951,
“Bizim Lənkəranda”; 1964), neftçilərin fədakar əməyi
(“Xəzər neftçiləri”; 1971), bir çox başqa
mövzular əks olunur. Rəssamın mənzərə
və natürmortları da işıqlı koloriti, sərbəst
rəng yaxmaları ilə diqqəti cəlb edir. “Neft çənləri” (1953), “Qız qalası”
(1965), “Abşeron” (1971) kimi yaddaqalan mənzərələrində
rəssam doğulub boya-başa çatdığı
doğma torpağı vəsf etmişdir.
Xatırlayaq ki, istedadlı sənətkarımız həm
də gözəl vedutalar – şəhər mənzərələrinin
müəllifidir. Əlbəttə, istər say, istərsə də
gözəllik, kamillik etibarilə Bakı mənzərələri
onun yaradıcılığında daha üstündür.
Doğma Bakımızı həm bir rəssam, həm də vətəndaş
kimi sevən istedadlı sənətkar həyatının
müxtəlif dövrlərində Bakı görüntülərinin
təsvirlərini işləmiş, şəhərin mərkəzini
(“Monolit binası”), ətraf qəsəbələri (“Keşlə
yolu”), gecə və gündüz mənzərələrini kətan
üzərində əks etdirmişdir.
Əlbəttə, Böyükağa müəllimin
gözəl təbiət mənzərələri də var.
O, dəniz mənzərələrinin də mahir
ustasıdır. Onun çəkdiyi elə mükəmməl
dəniz görüntüləri var ki, burada göy rəngə,
demək olar ki, təsadüf olunmur. Rəssam
dənizi və onun üzəringəki göyü işlərkən
sarı, qızılı, narıncı rənglərə
üstünlük verir. Lakin Xəzər dənizini,
onun coşqu ilə ləpələnməsini olduqca
inandırıcı əks etdirir. Ancaq
düşünürəm ki, rəssamın Bakı mənzərələri
Xəzər mənzərələrindən daha
üstündür, təbiət mənzərələrindən
də üstündür. Həm də bəzi
şəhər mənzərələrində Bakı və
Xəzər birlikdə yer alır.
Mən Böyükağa müəllimin
emalatxanasında çox olmuşam. Onu da deyim ki,
Böyükağa müəllimin emalatxanasında tez-tez
dost-tanış toplaşar, maraqlı fikirlər səslənərdi.
Yaradıcı insanlar sənət barədə
düşüncələrini söylərdilər.
Professor Böyükağa Məşədi oğlu Mirzəzadə
universitetimizdə akademik rəssamlıq təhsilinin
bünövrəsini qoyan ustad pedaqoqlardan biri olmuşdur. Universitetdə
bu gün də onunla bağlı xatirələr, söhbətlər
dolaşır. Rəssamın zəngin
yaradıcılıq təcrübəsi ilə səsləşən
pedaqoji fəaliyyəti bir çox istedadlı gənclərimizin
sənətkar kimi yetişməsi üçün
mühüm amil idi. Böyükağa Mirzəzadənin
yetirmələri olan keçmiş tələbələrimiz
indi incəsənətimizi təkcə Azərbaycanda deyil,
onun hüdudlarından çox-çox uzaqlarda layiqincə təmsil
edirlər. Mən unudulmaz Böyükağa müəllimin
xatirəsini daim əziz tutur və bu böyük sənətkarın
təmsil etdiyimiz ali məktəbdə
işləməsini qürurla xatırlayıram.
Timuçin Əfəndiyev
525-ci qəzet.-
2012.- 4 aprel.- S.7.