Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondu jurnalistlərin ümidlərini
doğruldur
APARICI KİV RƏHBƏRLƏRI
KİVDF-NIN 3 ILLIK FƏALIYYƏTINI MƏTBUATIN INKIŞAFI
BAXIMINDAN MÜSBƏT DƏYƏRLƏNDIRIRLƏR
Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılmasından 3 il ötür. Dövlət
başçısı İlham Əliyevin 3 aprel 2009-cu il
tarixli sərəncamı ilə belə bir mühüm
dövlət qurumunun yaradılması dövlət
orqanları ilə kütləvi informasiya vasitələri arasında
səmərəli əməkdaşlıq münasibətlərinin
inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin
iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının
artırılması, vətəndaş cəmiyyəti
quruculuğunda medianın rolunun gücləndirilməsi məqsədindən
irəli gəlib.
Fond ölkədə fikir
plüralizminin, söz və məlumat
azadlığının inkişaf etdirilməsi, kütləvi
informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi,
jurnalistlərin sosial müdafiəsinin səmərəli təşkili
sahəsində həyata keçirilən dövlət siyasətinə
müvafiq olaraq öz fəaliyyətini “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət Dəstəyi Konsepsiyası”na
uyğun qurmuş, bu mühüm sənəddən irəli gələn
vəzifələri uğurla reallaşdırıb. Cəmi 3
il müddətində kütləvi informasiya vasitələrinin
fəaliyyətinin təkmilləşdirilməsi,
redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi
və səmərəli fəaliyyətinə zəruri şəraitin
yaradılması, jurnalist peşəkarlığının
yüksəldilməsi, habelə KİV-lərin dövlət
və cəmiyyət üçün əhəmiyyətli
problemlərin həllinə cəlb edilməsi məqsədilə
redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə
dəstəyi göstərilmişdir.
Movqe.az saytı Fondun 3 illik fəaliyyəti
ilə bağlı ölkənin aparıcı kütləvi
informasiya vasitələrinin və mətbuat qurumlarının
rəhbərlərindən münasibət öyrənib.
Aslan ASLANOV,
AzərTAC-ın
baş direktoru
– Memarı və qurucusu ulu öndər
Heydər Əliyev olan müstəqil Azərbaycan
Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyatın bütün sahələrində
qazandığı böyük uğurlar, ölkəmizin
dünya birliyində nüfuzu, irimiqyaslı möhtəşəm
layihələrin təşəbbüskarı olması Azərbaycan
haqqında həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasını, ölkəmizin informasiya məkanında
layiqincə təmsil olunmasını ön plana çəkir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradılması günün tələblərinə
cavab verən mühüm addım, ölkəmizdə
KİV-lərə göstərilən qayğının təzahürüdür.
Yarandığı vaxtdan bu günə qədər
Fond qarşısına qoyulan əsas məqsəd və vəzifələri,
o cümlədən Azərbaycanda vətəndaş cəmiyyəti
quruculuğu prosesində fikir söz və məlumat
azadlığını inkişaf etdirmək, kütləvi
informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək,
redaksiyalara yardım etmək, informasiya sektorunda yeni
informasiya-kommunikasiya texnologiyalarının tətbiqini
stimullaşdırmaq, cəmiyyət və kütləvi
informasiya vasitələri arasında səmərəli əməkdaşlığı
gücləndirmək, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artmasına şərait yaratmaq,
sosial müdafiəni gücləndirmək, dövlət və
cəmiyyət üçün prioritet təşkil edən məsələlərin
həllində kütləvi informasiya vasitələrinin
potensialından səmərəli istifadə etmək vəzifələrini
layiqincə yerinə yetirmiş, ölkəmizin informasiya məkanında,
jurnalist birliyində nüfuz qazana bilib.
Fondun həyata keçirdiyi mühüm
layihələr, çoxsaylı tədbirlər, müxtəlif
təşkilat və qurumlarda media rəhbərləri ilə
mütəmadi görüşlər, aktual mövzularda
müsabiqələr kütləvi informasiya vasitələri
ilə bağlı qarşıya çıxan problemlərin
həll olunmasına xidmət edib, Azərbaycan
jurnalistikasının inkişafına böyük fayda verib.
Bu gün üçilliyini qeyd edən Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna, qurumun icraçı direktoru Vüqar Səfərliyə
Azərbaycanımızın inkişafı və
çiçəklənməsi naminə gördüyü
şərəfli işdə, kütləvi informasiya vasitələrinin
və bütövlükdə müasir informasiya cəmiyyətinin
söykəndiyi əsas dəyər və məqsədlər
olan fikir, söz ,sərbəst düşüncə və məlumat
azadlığının dəstəklənməsində yeni
uğurlar arzulayıram.
Əflatun
AMAŞOV,
Azərbaycan Mətbuat
Şurasının sədri, Fondun Müşahidə Şurasının
üzvü:
– Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətdə
olduğu üç il ərzində təkcə media ilə
bağlı dövlət qurumu kimi yox, ümumilikdə media
cameəsinin tərkib hissəsi kimi özünü
doğrultmağı bacardı. Jurnalistlər Fonda
yaratdıqları təşkilat gözü ilə
yanaşdılar. Təbii ki, medianın mahiyyətindən irəli
gələrək baxışlar da fərqli oldu. Qurumu
qınayanlara da, fəaliyyətini təqdir edənlərə
də rast gəlindi. Böyük hesabla hər iki tərəfi
birləşdirən ümumi cəhət isə səsləndirdikləri
iradların, nöqsanların, irəli sürdükləri təkliflərin
KİVDF-nin daha sistemli, ardıcıl və səmərəli
fəaliyyətinə kömək göstərmək niyyəti
üzərində qurulması idi. Təsadüfi deyil ki, indi də
Fondla bağlı fikirlər doğma münasibətdən
qaynaqlanan istək və arzuların ifadəsi kimi meydana
çıxır. Neçə ki, bu arzular var, qurum
yaşayacaq, özünün mütərəqqi
missiyasını davam etdirəcək.
Ötən 3 ildə KİVDF-nin bir
neçə mərhələni özündə birləşdirən,
əslində gedilməsi uzun müddət tələb edən
məsafəni çox böyük sürətlə
keçdiyini söyləmək mümkündür. Əvvəla,
qurum bəzilərinin düşüncələrində
canlandırdıqları və ara-sıra dillərinə də
gətirdikləri media ilə bağlı dövlət
orqanının mümkünsüzlüyü təsəvvürünün
yanlışlığını isbatladı. İkincisi, Fond
sırf müstəqil xətt yeridərək müxtəlif
qütblərə bölünmüş media vasitələri
arasında hər hansı ayrı-seçkiliyə yol vermədi.
Reallaşdırdığı tədbirlər Azərbaycanın
qələm sahiblərinin monalit komandasının
formalaşmasında çox ciddi rol oynadı. Bu gün
KİVDF-nin fərdi jurnalist yazıları müsabiqəsi, eləcə
də ayrı-ayrı kütləvi informasiya vasitələrinin
layihələrini maliyyələşdirməsi ənənəsi
jurnalist ictimaiyyətinin cəmiyyət üzvlərini
düşündürən məsələlərə vahid,
kompleks münasibət nümayişi baxımdan önəmlidir.
Bütün bunlar isə Azərbaycan dövlətinin, şəxsən
Prezident cənab İlham Əliyevin təkcə mediaya
qayğısının bariz nümunəsi deyil, eyni zamanda
ölkəmizdə hüquqi, vətəndaş cəmiyyəti
quruculuğuna böyük töhfəsidir.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin
baş redaktoru:
– Azərbaycan dövləti ölkədə
azad, demokratik mətbuatın inkişafının təminatçısı
olduğunu tarixi əhəmiyyətli addımlar atmaqla dəfələrlə
sübuta yetirib. Müstəqil medianın dövlət tərəfindən
dəstəklənməsi konsepsiyasına uyğun olaraq, 3 il əvvəl
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması milli mətbuatımızın
maliyyə və peşəkarlıq problemlərinin aradan
qaldırılmasına layiqli töhfə olub.
İlk gündən qarşısında
duran vəzifələrin həllinə inam və təşəbbüskarlıqla
girişmiş Fond qısa müddətdə özünü
azad mətbuatın dostu və himayəçisi kimi
tanıdıb. Ümummilli maraqları üstün tutan, ciddi
oxucu auditoriyası olan populyar dövri nəşrlər Fondun
maliyyə yardımı ilə cəmiyyətin azad, maneəsiz
informasiya tələbatının ödənilməsinə
töhfələrini artırıblar. İldə bir neçə
dəfə keçirilən jurnalist yazıları müsabiqələri
getdikcə daha çox qələm sahibini fəal
yaradıcılığa cəlb edir, onların şəxsi
büdcələrinə əlavə gəlir
qazandırır. Belə müsabiqələrdə qəzetimizin
əməkdaşları da daim qaliblər sırasında
olurlar. Fondun ölkəmizdə jurnalist peşəkarlığını
yüksəltmək, media-dövlət və media-xalq
arasında əlaqələrin ahəngdarlaşdırılması
istiqamətində həyata keçirdiyi tədbirlər də
cəmiyyətdə rəğbətlə
qarşılanır.
Vüqar RƏHİMZADƏ,
“İki sahil” qəzetinin
baş redaktoru, Fondun Müşahidə Şurasının sədr
müavini:
– “Azərbaycan Respublikasında Kütləvi
İnformasiya Vasitələrinin inkişafına dövlət
dəstəyi Konsepsiyası”na uyğun olaraq ölkə
Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı
ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradıldı. 22 may 2009-cu il tarixli sərəncama
əsasən isə Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
İcraçı direktoru, eyni zamanda Müşahidə
Şurasının üzvləri təyin edildi. Dövlət
Dəstəyi Fondunun yaradılmasının əsas məqsədi
azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki
bazasını möhkəmləndirmək, jurnalistlərin
sosial vəziyyətinin yaxşılaşdırılmasına
xidmət göstərməkdir.
Fəaliyyətə başlamasından cəmi
3 il keçməsinə baxmayaraq Fond tərəfindən həyata
keçirilən tədbirlər tək mətbuat
işçiləri deyil, ictimaiyyətin bütün təbəqələri
tərəfindən yüksək qiymətləndirilir, təqdir
olunur. Fondun, Mətbuat Şurasının müxtəlif
nazirliklərlə birlikdə günümüzün aktual sahələrinə,
reallığını əks etdirən ayrı-ayrı
mövzulara aid fərdi yazı müsabiqələrinin təşkili,
qaliblərin pul və diplomlarla mükafatlandırılması
müstəqil mətbuatın inkişafına, jurnalist peşəkarlığının
artırılmasına, yaradıcı mühitin
inkişafına yönəlmiş ən mütərəqqi
addımlardır. Fond eyni zamanda müxtəlif mövzular
üzrə layihə müsabiqələri keçirir. İstər
layihə, istərsə də fərdi yazı müsabiqələrinin
əsas məqsədi jurnalistlərin peşəkarlığının
artırılması və sosial vəziyyətinin
yaxşılaşdırılmasıdır.
Bir əsas məqamı da qeyd edək ki,
milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində
dövlət başçısı İlham Əliyevin mətbuat
tarixində ilk dəfə olaraq jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri haqqında sərəncamı
bu sahənin əməkdaşları tərəfindən daha
böyük sevinclə qarşılandı. Sərəncamda
da Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu,
daim dövlətin diqqət və qayğısı ilə əhatə
olunması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı ardıcıl tədbirlərin həyata keçiriməsi
xüsusi qeyd edilir. Sənədə əsasən mətbuat
işçilərinin mənzil şəraitinin
yaxşılaşdırılması və onlar
üçün yaşayış evlərinin tikilməsi məqsədilə
2010-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb.
Sözsüz ki, bu, böyük diqqət və
qayğıdır. Hazırda nəzərdə tutulan binada
inşaat işləri davam etdirilir. Hər bir sahədə
yüksək nəticələrin əldə olunması, ilk
növbədə, işçilərin sosial vəziyyətindən,
onlara göstərilən diqqət və qayğıdan
asılıdır. Prezident İlham Əliyevin jurnalistlərin
sosial müdafiəsinin gücləndirilməsinə xidmət
edəcək bu sərəncamı mətbuat işçilərini
daha səylə çalışmağa, üzərlərinə
düşən məsuliyyəti lazımi səviyyədə
yerinə yetirmələrinə, azad, sağlam rəqabətin
güclənməsinə geniş imkanlar yaradacaq.
Hikmət
BABAOĞLU,
“Yeni Azərbaycan”
qəzetinin baş redaktoru:
– 3 il öncə Azərbaycan
Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması müstəqil Azərbaycan mətbuatının
inkişafı tarixində olduqca əhəmiyyətli bir hadisə
idi. Azərbaycanda siyasi yönümündən və
mövqeyindən, mövzu rəngarəngliyindən, fikir
müxtəlifliyindən və müxalifliyindən
asılı olmayaraq, bütün qəzetlərə Fond vasitəsilə
yardım göstərilməsi, əslində, Azərbaycan mətbuatının
inkişafı üçün yaradılmış əlverişli
mühit olmaqla bərabər, mətbuatın
inkişafını şərtləndirən və onu
stimullaşdıran başlıca istiqamət olmuşdur.
Ötən dövr ərzində KİVDF
bir sıra mühüm layihələri gerçəkləşdirib.
Azərbaycan dövlətinin və xalqının
maraqlarına xidmət edən istiqamətlər üzrə
müxtəlif yazı müsabiqələri, ümumi kütləvi
tədbirlər keçirmiş, Dağlıq Qarabağ
probleminin dünya ictimaiyyətinə
çatdırılması ilə bağlı və milli
yaddaşda, yeni yetişən nəslin yaddaşında milli-mənəvi
dəyərlərimizin möhkəmlənməsi və zənginləşməsi
ilə bağlı müxtəlif yazıların
yazılması üçün stimullaşdırıcı
metodlardan istifadə edib. Beləliklə də, istər mətbuat
tariximizin inkişafı, istərsə də Azərbaycan
xalqının milli maraqlarının təmin olunması
baxımından mətbuat vasitəsilə çox ciddi
işlər görülüb.
Bununla yanaşı, müxtəlif yazı
müsabiqələri keçirilən zaman ölkənin
jurnalist ictimaiyyəti ən nüfuzlu nümayəndələri,
tanınmış qələm sahibləri ekspert qismində
yazıların qiymətləndirilməsinə cəlb edilərək
burada obyektiv kriteriyalar və yanaşma nümayiş etdirməklə
ədalətli mühit də formalaşdırıb. Hesab
edirik ki, ötən dövr ərzində Fondun
gördüyü işlər yüksək qiymətləndirilməlidir.
Rəşad MƏCİD,
“525-ci qəzet”in
baş redaktoru, Fondun Müşahidə Şurasının
üzvü:
– Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondunun yaradılması mediamız
üçün çox müsbət bir addım oldu. Azərbaycanın
yazılı mediası iqtisadi cəhətdən çətinlik
çəkdiyindən ölkə və ictimaiyyət
üçün vacib olan mövzuları
işıqlandırıla bilmirdi. Əvvəlcə “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət Dəstəyi
Konsepsiyası”nın təsdiqlənməsi, sonra isə
prezidentin sərəncamı ilə belə bir Fondun
yaradılması biz media rəhbərlərinin bu sahədə
uzun illər keçirdiyi narahatlığa son qoydu. Fond yeni
yaranmasına, gənc olmasına baxmayaraq, üç il ərzində
böyük işlər görüb. Əvvəla, qəzetlərin
həyata keçirmək istədiyi layihələrin dəstəklənməsi,
bunun üçün maliyyə ayrılması indiyədək
mətbuatda ya zəif işıqlandırılan, ya da
heç işıqlandırılmayan bir sıra
mövzuların geniş işıq üzü görməsinə
səbəb olub. Bu da ictimaiyyət üçün çox
vacibdir. Eyni zamanda ildə bir neçə dəfə jurnalistlər
arasında müsabiqələrin keçirilməsi, jurnalistlərin
mükafatlandırılması da Fondun gördüyü
böyük işlərdən biridir. Bu müsabiqələr
jurnalistlərə xeyli stimul verir, onlardan daha yaxşı
yazmaq, peşəkarlığını artırmaq tələb
edir.
Jurnalistlərin
mükafatlandırılması ilə bağlı keçirilən
tədbirlər onların bir-birilə təmasına, isti
münasibətlərin yaranmasına kömək edir. Həmçinin
bir sıra KİV rəhbərlərinin və jurnalistlərinin
bəzi xarici ölkələrə səfərlərinin təşkili
həmin ölkələrdə bu fondların təcrübəsini
öyrənmək baxımından əhəmiyyətlidir.
Jurnalistlərə prezident tərəfindən
ayrılan vəsait hesabına yaşayış
binasının tikilməsi də Fonda həvalə olunub. Hesab
edirəm ki, Fond bu işin öhdəsindən bacarıqla gələcək
və Azərbaycan jurnalistlərinin üzləşdiyi sosial-məişət
problemlərinin aradan götürülməsində bu hadisənin
də böyük rolu olacaq. Fondu 3 illiyi münasibətilə
təbrik edirəm, bu qurumda çalışan bütün əməkdaşlara
uğurlar arzulayıram.
Aydın
QULİYEV,
“Bakı xəbər”
qəzetinin baş redaktoru:
– Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu 3 ildə
geniş təhlillər üçün əsas verən fəaliyyətlər
göstərdi. Onun perspektivinə nikbin yanaşan bütün
dövlət, ictimai və media dairələrinin ümidlərini
doğrultdu. Əvvəlcədən bədbin və qərəzli
mövqe tutanları isə öz fikirlərində ciddi düzəlişlər
etməyə məcbur qoydu. Fondun 3 illik uğurlarında
Müşahidə Şurasının bütünlüklə
rolunu qeyd etməklə yanaşı, onu da deməliyəm ki,
şəxsən Fondun icraçı direktoru ona göstərilmiş
etimadı doğrultdu. Fondun fəaliyyətini yüksək səviyyədə
təşkil etməklə müstəqillik tariximizdə
çox az rast gəlinən təqdirəlayiq bir dövlət
təşkilatı nümunəsi yaratdı – sıfırdan
heç bir ənənə olmadığı halda ciddi bir
dövlət qurumu quraraq işlək mexanizm halına gətirmək
nümunəsi.
Fond 3 illik fəaliyyəti ilə onun
yaradılmasına qərar vermiş Prezident
Administrasiyasının, şəxsən Prezident İlham Əliyevin
mətbuatın inkişafında səmərəli kurs
götürdüyünü təsdiqlədi. Fərdi
jurnalistlər və redaksiyalararası müsabiqələrlə
mətbuatın çox ehtiyac hiss etdiyi maddi problemlərin
böyük hissəsinin həllinə şərait
yaratdı. Evsiz jurnalistlər üçün hazırda icra
olunan mənzil tikintisi layihəsi bənzəri olmayan layihə
kimi tarixə düşəcək. Müsabiqələr
üçün seçilmiş mövzular medianın
müstəqilliyinə xələl gətirmədən
bütün Azərbaycan mətbuatında dövlətçilik
və ictimai mənafelərin sistem şəklində həyata
keçirilməsini təmin edir.
Fondun mühüm nailiyyətlərindən
biri də digər dövlət qurumları ilə media
arasına daha sağlam və işlək münasibətlərin
əsasını qoymaq və davam etdirməkdir. Buraya Fondun Azərbaycan
mətbuatı ilə dünya mətbuatı arasında əsasını
qoyduğu və getdikcə intensivləşən əlaqələrini
də xüsusi əlavə etmək lazımdır. Tam məsuliyyətlə
deyə bilərik ki, indi Fondun timsalında mətbuatın
güvənc yeri var.
Elçin
MİRZƏBƏYLİ,
“Xalq Cəbhəsi”
qəzetinin baş redaktoru:
– “Azərbaycan Respublikasında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və
bu Konsepsiyanın təməl prinsiplərindən biri kimi Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması mətbuat tariximizdə
yeni bir mərhələnin əsasını qoydu. Milli mətbuatın
inkişafı ilə bağlı elmi əsaslara söykənən
mükəmməl bir konsepsiyanın hazırlanması və qəbulu,
eləcə də Fondun yaradılması Azərbaycan dövlətinin
milli mətbuatın, müstəqil medianın
inkişafında maraqlı olduğunu bir daha sübuta yetirdi.
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətdə
olduğu 3 illik qısa zaman kəsiyi qəbul edilən qərarların
doğruluğunu və önəmini tam mahiyyəti ilə
ortaya qoyur. Fondun qısa müddətdə ayrı-ayrı
dövlətlərin təcrübəsindən yararlanaraq və
milli mətbuatımızın özünəməxsus
xüsusiyyətlərinə əsaslanaraq daim inkişafda olan
bir quruma çevrilməsi Azərbaycan mətbuatının
qarşısında dayanan bir çox problemlərin həllinə
təkan verdi. Bu müddət ərzində mətbuatın,
xüsusilə də çap mediasının maddi-texniki
bazası nəzərəçarpacaq dərəcədə
genişləndi, jurnalistlərin sosial problemlərinin həlli
istiqamətində önəmli addımlar atıldı. Fondun
aparıcı media rəhbərlərinin iştirakı ilə
ölkənin müxtəlif rayonlarında təşkil etdiyi
görüşlər, aparılan müzakirələr mətbuatla
dövlət qurumları və ictimaiyyət arasında
etimadlı münasibətlərin qurulması
üçün əlverişli zəmin yaratdı.
Zənnimcə, Fondun fəaliyyətində
nəzərə çarpan əsas və önəmli məqamlardan
biri də jurnalist peşəkarlığının
artırılması istiqamətində həyata keçirilən
layihələrin dəstəklənməsi və bu prosesin
daim nəzarətdə saxlanılmasıdır. Bu baxımdan
Fondun icraçı direktorunun, Fondun Müşahidə
Şurasının və bütün əməkdaşlarınının
fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab
edirəm ki, bu 3 il müddətində Fondun bundan sonrakı fəaliyyəti
üçün çox möhkəm bünövrə
qurulub və bu bünövrə üzərindən Azərbaycan
mətbuatının inkişafı üçün
mühüm addımlar atılıcaq.
Elşən
ŞİRİNOV,
“Azadlıq” qəzetinin
məsul katibi:
– Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu ötən
3 ildə mətbuatın inkişafı istiqamətində
xeyli iş görüb. Bura mətbuatla bağlı müxtəlif
səpkili layihələrin maliyyələşdirilməsindən
tutmuş, media və məmurlar arasında münasibətlərin
tənzimlənməsi, fərdi jurnalist yazılarının
keçirilməsinə qədər bir çox
addımları aid etmək olar. Mediada son dövrlərdə
azərbaycançılıq ideyasının təbliği,
Dağlıq Qarabağ münaqişəsilə bağlı
həqiqətlərin yerli və beynəlxalq ictimaiyyətə
çatdırılması, milli-mədəni dəyərlərimizin
qorunması və s. mövzularda yazıların artmasında
Fondun xüsusi xidmətləri var. Hesab edirəm ki, Fond ənənəsinə
sadiq qalaraq, bundan sonra da mətbuatla bağlı səmərəli
fəaliyyətini davam etdirəcək.
Natiq MƏMMƏDLİ,
“Kaspi” qəzetinin
redaktoru:
– KİVDF-nin yaranmasını mətbuatın
inkişafında yeni bir mərhələ kimi qiymətləndirirəm.
Fondun sistemli fəaliyyəti müstəqil medianın iqtisadi
dayaqlarının möhkəmləndirməsinə, jurnalistlərin
sosial durumun yaxşılaşdırılmasına yönəlib.
Üç il ərzində fondun keçirdiyi müsabiqələrdən,
habelə qəzetlərə ayrılan yardımlardan mətbuatın
demək olar ki, bütün zümrələrini təmsil edən
qələm adamları yararlanıblar. Siyasi
baxışına, dəsti-xəttinə görə fərq
qoymadan bütün media qurumlarına eyni prinsiplə
yanaşılması onu göstərir ki, məqsəd
yalnız qəzetlərin iqtisadi dayaqlarını möhkəmləndirmək
deyil, eyni zamanda cəmiyyətdə plüralizmə şərait
yaratmaqdır.
İnanırıq ki, medianın müasir
çağırışlara cavab vermək baxımından tələbləri
artdıqca, Fondun da fəaliyyəti daha geniş spektri əhatə
edəcək. Qısa dövrdə əldə olunan uğurlar
isə göz qabağındadır. Ən böyük
uğur ondan ibarətdir ki, fond ona bəslənilən
ümidləri doğrulda bilib.
Ələsgər
SÜLEYMANOV,
“Yeni Musavat” qəzetinin
baş direktoru:
– Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradıldığı vaxtdan bu yana keçən iki il ərzində
mühüm fəaliyyətlərə imza atıb. KİV-lərin,
xüsusən də yazılı media vasitələrinin
maddi-texniki bazasının zəifliyinin Azərbaycanda söz və
mətbuat azadlığının möhkəmləndirilməsi,
müstəqil medianın inkişafının yolunda dayanan əsas
maneələrdən biri olduğu ilə hamı
razılaşır. Bu baxımdan KİVDF-in qəzetlərə
istər birdəfəlik maliyyə yardımlarının
ayrılması, istərsə də müsabiqəli əsasda
müxtəlif layihələri maliyyələşdirməsinin
əhəmiyyəti qeyd edilməlidir. Həmin birdəfəlik
maliyyə yardımları hesabına qəzetlər öz
texniki avadanlıqlarını qismən də olsa yeniləyə
bilib. Fondun ildə iki dəfə müxtəlif sahələri
əhatə edən mövzular üzrə elan etdiyi müsabiqədə
qalib gələn layihələrin maliyyələşdirilməsinin
də əhəmiyyəti qeyd edilməlidir.
KİVDF-in vaxtaşırı olaraq
jurnalistlər üçün elan etdiyi fərdi yazı
müsabiqələrinin əhəmiyyətini də qeyd etməliyəm.
Bu müsabiqə bir tərəfdən jurnalistlərin özlərini
fərqli araşdırma mövzularında sınamasına,
digər tərəfdən aldıqları pul mükafatı
hesabına öz sosial problemlərinin bir qismini həll edə
bilməsinə imkan verir. Fondun bu cür müsabiqələri
davam etdirməsi yaxşı olardı, ancaq fikrimizcə daha
çox ictimai rezonans doğura biləcək mövzular da
müsabiqələrə çıxarılmalıdır və
bu istiqamətdə redaksiyalardan təkliflər
alınmalıdır.
Fondun fəaliyyətində yaddaqalan məqamlardan
biri də şübhəsiz ki, jurnalistlər
üçün mənzil tikintisinə yönələn layihədir.
Ölkə prezidenti Fondun bu təşəbbüsünə dəstək
verib və artıq jurnalistlər üçün binanın
tikintisi gedir. Ümid edirik ki, belə təşəbbüslər
gələcəkdə də davam edəcək, jurnalistlərin
mənzilə sahib olmasını, normal qazanc əldə etməsini
mümkün edən iqtisadi mexanizmlər formalaşacaq. Fonddan
əsas gözləntilərimiz isə mətbuatın maddi vəziyyətinin
yaxşılaşması üçün daha effektli yol kimi
onlara reklam gəlirlərinə çıxış
imkanları yaradılması, yayım şəbəkəsi və
keyfiyyətli çap baxımından mövcud olan problemlərin
həllinə yönələn fəaliyyətdir.
Çünki bunsuz güclü müstəqil mətbuatın
yaradılması mümkün olmazdı.
Nurəddin HEYDƏROV,
“Azadinform”
İnformasiya Agentliyinin baş direktoru:
– Ölkədə fikir, söz və məlumat
azadlığını inkişaf etdirmək, kütləvi
informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək,
informasiya sektorunda yeni informasiya-kommunikasiya
texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət
və kütləvi informasiya vasitələri arasında səmərəli
əməkdaşlığı genişləndirmək məqsədini
həyata keçirən Azərbaycan Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondu fəaliyyət göstərdiyi müddətdə
xeyli uğura imza atıb. Fond, ilk növbədə, jurnalistlərin
peşəkarlığı və məsuliyyətinin
artmasına şərait yaratmaq, sosial müdafiəsini
gücləndirmək, dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən, habelə
kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini
nəzərdə tutan və inkişafını dəstəkləyən
layihələri maliyyələşdirməklə medianın
inkişafına əhəmiyyətli dəstək olub.
Fondun hər il təşkil etdiyi fərdi
jurnalist müsabiqələrini bu baxımdan qeyd etmək kifayətdir.
Bu müsabiqələr müxtəlif KİV-lərdə
çalışan media işçilərinin qabiliyyət və
bacarığını yüksəltməklə
yanaşı, onların sosial problemlərinin həllinə də
yardımçı olur. Bundan əlavə, Fond il ərzində
iki dəfə qəzetlərin müxtəlif layihələrinin
maliyyələşdirilməsi üçün müsabiqə
həyata keçirir. Məqsəd mətbuatın
inkişafına dəstək vermək, cəmiyyət
üçün maraq doğuran mövzuların
işıqlandırılmasına şərait yaratmaqdır.
Nəhayət, prezidentin ayırdığı vəsait
hesabına jurnalistlərin mənzil şəraitinin
yaxşılaşdırılması üçün
binanın tikintisini xüsusi olaraq qeyd etməliyik.
Təbii ki, iş olan yerdə
narazılıqlar da, söz-söhbətlər də olur. Bu
baxımdan bəzən Fondun adı ətrafında,
gördüyü işlər haqqında narazılıqlar
eşidilir. Bəzən ağı qoyub qara yazanlar
tapılır. Bəzən Fondun gördüyü işlərə,
həyata keçirdiyi uğurlu layihələrə kölgə
salmaq istəyənlər olur. Öncə qeyd etdiyim kimi,
iş olan yerdə söz-söhbətlər də
olmalıdır. Əks halda inkişafdan söhbət gedə
bilməz.
Ötən müddət ərzindəki fəaliyyəti
bir cümlə ilə qiymətləndirsək deyə bilərik
ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondu həm mətbu orqanların, həm də
çoxsaylı jurnalist ordusunun ümidlərini
doğrultmağa layiqincə xidmət edir.
525-ci qəzet.- 2012.- 4 aprel.- S.6.