“Xalqlarımız
arasında nifaq salan
qüvvələrə lənət olsun”
ZEYNƏB XANLAROVA: “ERMƏNİLƏR
POLAD BÜLBÜLOĞLUNDAN MƏNİM YENİ
DİSKİMİN OLUB-OLMAMASINI SORUŞUBLAR”
Martın
27-də millət vəkili, Xalq artisti Zeynəb Xanlarova Amerika
Birləşmiş Ştatlarında qastrol səfərində
olub. Səfərdən sonra o, AzərTAc-a müsahibə verib.
–
Zeynəb xanım, Birləşmiş Ştatlara iyirmi
üç illik fasilədən sonra xoş gəlmisiniz.
Konsertləriniz necə keçdi, Vətənə hansı təəssüratlarla
qayıdacaqsınız?
–
Qafqaz və yəhudi icmaları məni bu dəfə dəvət
edəndə, Amerikadakı pərəstişkarlarımın
intizarına son qoyub gəlməyə qərar verdim. Bilirəm
ki, hər yerdə məni sevənlər gözləyirlər.
Amerikada da həmçinin. Gördünüz ki, zal tam dolu
idi. Heç kim konsertin bitməsini istəmirdi. Axırda təşkilatçılar məcbur
olub bizi dayandırdılar ki, zalın kirayə vaxtı bitmişdir.
Mən həmişə saatlarla oxumağa hazıram.
Bu sənəti qəlbən sevirəm və özümü səhnədən ayrı
təsəvvür edə
bilmirəm. Amerikaya ötən
dəfə qastrol səfəri daha geniş şəkildə
keçmişdi. O zaman
biz Los-Anceles, Nyu-York, Çikaqo, Sinsinanti və daha bir
neçə şəhərdə
olduq, hər yerdə böyük rəğbətlə və
məhəbbətlə qarşılandıq.
ABŞ çox gözəl ölkədir,
insanları mehribandır.
Şadam
ki, burada da tamaşaçı sevgisi qazana bilmişəm. Nə qədər
ki, onların sevgisi var, mən
oxuyacam.
– Auditoriyanız doğrudan da, beynəlmiləl idi. Sirr deyil ki, Sizin yaradıcılığınız
hətta bizim iyirmi ildən çox münaqişədə
olduğumuz Ermənistanda
da sevilir, izlənilir. Ermənilər sizin bütün mahnıları öz dillərində ifa edirlər.
– Elədir. Mən 1978-ci ildə Ermənistan SSR-in Xalq artisti adına layiq görülmüşdüm. Hətta eşitdiyimə
görə, bu yaxınlarda ermənilər
yeni mahnılarımdan
olan “Yaman könlümə düşmüsən”
mahnısını oxumağa
başlayıblar. Bu yaxınlarda Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
Ermənistana səfər
etmişdi. Danışırdı ki, çoxları ondan mənim yeni diskimin olub-olmamasını
soruşurdular. Xalqlarımız arasında nifaq salan qüvvələrə
lənət olsun.
İnsanlıq naminə, ümid
edirəm ki, münaqişə həll
ediləcək və
biz yenə də sülh şəraitində
yaşayacağıq.
– Zeynəb xanım, bu il ömrünüzün 76-cı baharını yola saldınız. Sizi səhnədə görənlər heyran qaldılar. Sirr deyilsə, təravətinizi,
şuxluğunuzu, gözəlliyinizi
necə saxlayırsınız?
– Məni yaşadan və gənc saxlayan xalqımın, millətimin sevgisi, dövlətimdən gördüyüm
qayğı və hörmətdir. Mən iki gözəl,
məni həmişə
fərəhləndirən övlad
anasıyam, uzun illərdir Milli Məclisin deputatıyam.
Sənətimi həmişə sevmişəm, onun vurğunu olmuşam.
Xalqım da bunun müqabilində həmişə
məni qiymətləndirmiş,
əziz tutmuşdur.
Mən dünyanın ən xoşbəxt insanlarından
biriyəm. Yeganə arzum
budur ki, Allah səsimi əlimdən almasın. Nə qədər ki,
səsim var, səhnədə olacam, məni sevənləri gözü yolda qoymayacam.
525-ci qəzet.-
2012.- 5 aprel.- S.5.