Nuh erməni dilində
danışıbmı?
ƏFSANƏLƏR,
UYDURMALAR VƏ HƏQİQƏT
2011-ci
ildə “Priroda i svet” jurnalının avqust sayında
yazıçı-jurnalist Vera Beqiçevanın “Ararat”
başlığı altında məqaləsi nəşr
olunmuşdur. İlk baxışda qədim tarix və
arxeologiya ilə maraqlanan qeyri-mütəxəssislər
üçün nəzərdə tutulan belə məqalənin
yazılmasında heç bir qəbahət yoxdur. Adətən
belə məqalələri müəllif daha sadə,
qeyri-mütəxəssislərin də asan başa
düşdüyü dildə yazır. Bu təbiidir. Məqalənin
məzmunundan görünür ki, müəllif onu yazarkən
“Bibliya” və Qədim Şərq tarixi ilə əlaqədar
bəzi ədəbiyyatla tanış olmuşdur. Məqalədə
müəllif Qədim Şərq tarixi üzrə dünya
şöhrətli alim İqor Mixayloviç Dyakanov və
çox tanınmış arxeoloq Vadim Mixayloviç Masson kimi
rus alimlərinin adlarını çəkir və onların
bəzi fikirlərini yada salır.
Mən
bu böyük rus alimlərini təkcə əsərlərinə
görə deyil, şəxsən də yaxşı
tanıyırdım. Belə ki, 1962-1964-cü illərdə
SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad
bölməsinin aspirantı olarkən və sonralar elmi
konfranslarda onlarla tez-tez görüşmüşəm.
Məqalə
müəllifinin mövzu ilə əlaqədar belə alimlərin
bəzi əsərləri və “Bibliya” ilə
tanışlığı çox təqdirəlayiq
haldır.
Lakin
yaxşı olardı ki, hətta populyar məqalələr
yazarkən belə mənbələrə ciddi yanaşılsın,
tarixi faktlar saxtalaşdırılmasın. Təəssüf
ki, məqalədə tarixi faktlara deyil, yanlış, subyektiv
uydurmalara əsaslanan fikirlər də vardır.
İ.M.Dyakonov
və bütün digər tədqiqatçılar Yaxın
Şərq ölkələrində ilk mədəniyyət mərkəzlərinin
yaranmasını qeyd etmişlər. Bu zaman tədqiqatçılar
hazırkı dövrdə bu ərazidə yerləşən
ölkələrin adlarını sadalayırlar (Suriya,
İraq, Fələstin, İran və s.). Lakin hamıya məlumdur
ki, həmin ərazidə ən qədim sivilizasiyanın
yaradıcıları Mesopotamiyada şumerlər olmuşlar. Təkərin,
dulus çarxının, mixi yazının yaranması
onların adı ilə əlaqədardır. Bu kəşflər
gələcək elmi nailiyyətlərə də
böyük təkan vermişdir. Qədim şumerlərin təsiri
Qafqazın maddi mədəniyyətində də
özünü göstərir. Belə ki, hazırda Azərbaycanda
Leylatəpə və Şimali Qafqazda Maykop arxeoloji mədəniyyətlərini
tədqiqatçılar haqlı olaraq e.ə. IV-III minilliklərdə
Qədim Mesopotamiyadan bu əraziyə köçən
şumer tayfaları ilə əlaqələndirirlər.1 O
dövrdən az əvvəl insanlar metaldan istifadə etməyə
başlamışdılar. Metalın kəşfi məhsuldar
qüvvələrin inkişafına çox güclü təkan
verdi.
Əmək
alətləri və silahlar indi daş, sümük və
ağacdan deyil, metaldan (mis, tunc) hazırlanmağa
başlanmışdır. Metal tədricən insanların həyatında
geniş yer tuturdu. Mesopotamiyada yaşayan şumerlər metal
yataqları olan yerləri axtarırdılar. Güman edilir ki,
5 min il bundan əvvəl bəzi şumer tayfalarının
Qafqaza köçü metal yataqlarının
axtarışı ilə əlaqədar olmuşdur. Azərbaycanda
Leylatəpə arxeoloji mədəniyyətinə aid abidələr,
Qarabağda, Qərbi Azərbaycanda, 2011-ci ildə isə Qəbələ
rayonunda aşkar olunmuşdur.
Qədim
şumerlər gələcək sivilizasiyaların yaranıb
inkişaf etməsinə, qədim dünyada geniş ərazilərdə
yaşayan xalqların mədəniyyətinə güclü təsir
göstərmişlər. Bu ərazilərdə şumerlərdən
çox sonralar ermənilər də yaşamışlar.
Ancaq qədim Mesopotamiyada yaşayan şumer və akkad
tayfalarının nə etnik, nə də dil cəhətdən
ermənilərə heç bir yaxınlığı yoxdur.
Müəllif
V.M.Massona istinad edərək – alətlərin vulkanik
şüşə-obsidianından hazırlanmasına toxunur.
Doğrudur, metalın kəşfi və onun məişətdə
geniş yayılmasına qədər qədim insanlar alət
və silahları sümük və ağacla yanaşı,
çaxmaq daşı və obsidiandan
hazırlayırdılar. Obsidian bəzən öz
yataqlarından uzaq məsafələrə
aparılırdı. Məsələn, V.M.Masson əsərlərinin
birində çox qədim zamanlarda Avropada tapılmış
obsidianın öz yatağından bəzən 900 km. məsafəyə
aparıldığını göstərir. Lakin
görünür, bu obsidian Dağlıq Ermənistandan deyil,
daha yaxın mənbələrdən gətirilmişdir.
Obsidian yataqları bir çox yerlərdə vardır. Belə
yataqlar Azərbaycan və indiki Ermənistanda da mövcuddur.
Biz Azərbaycanda bütün qədim arxeoloji abidələrin
qazıntıları zamanı obsidiana çox rast gəlirik.
Onlar bir çox hallarda yüz km-lərlə məsafədə
yerləşən yataqlardan gətirilmişdir. Əsasən
Ukrayna ərazisini əhatə edən IV-III minilliklərə
aid Tripoliye mədəniyyəti abidələrində rast gəlinən
obsidian da çox güman ki, Dağlıq Ermənistandan
deyil, daha yaxın yataqlardan gətirilmişdir.
E.ə.
IX əsrdə Van gölü ətrafında yaranan Urartu
dövləti padşah Argiştinin (e.ə. 786-764-cü illər)
hakimiyyəti dövründə çox gücləndi və
Araz çayından şimalda xeyli əraziləri tutdu. E.ə.
782-ci ildə Argişti yerli qəbilələri əsarətdə
saxlamaq üçün indiki Yerevan şəhərinin yerində
Erebuni qalasını tikdi. Bu ərazidə Argiştixnili şəhəri
salındı. Daha çox Urartu abidələri indiki
Türkiyə, şimali-qərbi İranda (Cənubi Azərbaycanda)
yerləşir. Urartu haqqında bir sıra əsərlərin
müəllifi, çox məşhur alim, akademik B.B.Piotrovski
haqlı olaraq yazmışdır ki, urartuların varisi təkcə
ermənilər deyil, bu qədim dövlətin yerləşdiyi
ərazidə yaşayan bütün xalqlardır.2 Etnik və
dil cəhətdən ermənilərin urartularla
yaxınlığı yoxdur.
Kür-Araz
arxeoloji mədəniyyəti e.ə. IV-minilliyin 2-ci
yarısında bu çayların arasında yaranmış,
e.ə. III minillikdə bütün Cənubi Qafqazı,
Şimali Qafqazın bir hissəsini, şimali-qərbi
İranı, Şərqi Anadolunu əhatə etmişdir.3 Ermənilərin
dil cəhətdən qədim xuritlərlə də
yaxınlığı yoxdur. Erməni dili Hind-Avropa dil ailəsinə
daxil olmaqla, bir qədər yunan dilinə yaxındır.4 Məqalədə
Günəş allahı hind-avropalıların allahı kimi
göstərilir. Lakin Günəşə qədim dövrlərdə
dünyanın əksər ölkələrində yaşayan
insanlar sitayiş edirdilər. Hətta Kolumba qədərki
Amerika hinduları da Günəşi allah sayırdılar. Qədim
Misirdə isə Günəş baş allah
sayılırdı. Məlum olduğu kimi misirlilər
hind-avropa xalqlarının dil ailəsinə daxil deyildilər.
Misirlilərin dili sami
dilləri ailəsinə
daxil idi. Deməli, onların ermənilərlə
də qohumluğu olmayıb. Azərbaycanın
qədim dövləti
olan Albaniyada da Günəş 2 min il əvvəl
Strabonun yazdığına
görə, allahlardan
biri sayılır və ona sitayiş
olunurdu. Azərbaycan albanlarının da ermənilərlə heç bir qohumluğu olmayıb.
Bütün bu məsələlərə
aid çoxsaylı tədqiqat
əsərləri mövcuddur.
Məncə, onlar bütün
tədqiqatçılara məlumdur.
İndiyə kimi e.ə. II minilliyin ortalarında Kiçik Asiyada öz dövlətlərini
yaradan mitanilərin də ermənilərlə
hər hansı qohumluğunun olduğunu heç kəs sübut etməmişdir. İ.M.Dyakanov haqlı olaraq yazır ki, ən qədim erməni daşıyıcıları
Kiçik Asiyaya e.ə. II minilliyin axırlarında gəlmişlər.
Yazılı mənbələrdə ermənilərin adı
ilk dəfə e.ə.
VI əsrdə çəkilmişdir.
Məqalədə Kiçik Asiya ilə Misir arasında əlaqələrin
olması göstərilir. Əlbəttə ki, buna şübhə
edən yoxdur. Bu fakt hətta
tarix dərsliklərində
öz əksini tapmışdır. Misir fironları,
xüsusilə e.ə.
XIV-XIII əsrlərdə XIX sülalənin hakimiyyəti
dövründə Kiçik
Asiyada yerləşən
Xett dövləti ilə əlaqə saxlayırdılar. E.ə. XIV əsrin
ortalarında yaşamış
firon Tutanxamonun məqbərəsindən tapılan
dəmir xəncərin
də bu əlaqələr nəticəsində
Misirə gətirildiyi
güman olunur.5 Misirlilərin
özləri dəmirin
emalını çox
sonralar mənimsəmişlər.
Burada Misir fironu II Ramzesin (e.ə. 1301-1235) XIII əsrin
əvvəlində xetlərə
qarşı hərbi yürüşünü də
yada salmaq olar. Ancaq bu əlaqələrin
ermənilərlə heç
bir bağlılığı
olmamışdır.
Məqalədə Nuhla əlaqədar “Dünya tufanından” danışılır və
göstərilir ki, Nuh gəmisindən qurunu görərkən ermənicə “Erevas-görünür”
deyib. Bu uydurma
ancaq gülüş doğura bilər. Nuhla əlaqədar “Ümumdünya tufanı” haqqında əfsanəni kim bilmir?!
Hətta az
savadlı adamlar da “Bibliyanın” “Əsari ətiq” hissəsinin “Varlıq” bölməsini oxuyublar. Orada bu barədə geniş yazılıb (6-8
fəs.). Məlumdur ki,
bu tufan haqqında məlumat təkcə əfsanə deyil. Bu fəlakət
haqqında mixi yazı mənbələrində
də məlumatlara rast gəlinir. Arxeoloji qazıntılar nəticəsində müəyyən
olunmuşdur ki, bu fəlakət əfsanədə olduğu
kimi bütün dünyada deyil, yalnız Mesopotamiyada (Dəclə və Fərat çayları arasında) təxminən
e.ə. IV minilliyin
2-ci yarısında, beş
min il bundan əvvəl Ubeyd arxeoloji mədəniyyətindən
sonra baş verib.
Məlum olduğu kimi Mesopotamiya ən qədim mədəniyyətin
beşiyi sayılır. Misirdə
hər il
eyni vaxtda daşan Nil çayından
fərqli olaraq, Mesopotamiyada Dəclə və Fərat çayları bəzi hallarda daşırdı. Nadir hallarda daşqınlar
çox güclü olmuş və hətta iki çay birləşərək
böyük əraziləri
su altında qoymuşdur.
“Bibliya”dakı “Ümumdünya
tufanı” haqqındakı
əfsanə mixi yazı lövhəsində
də öz əksini tapmışdır. 1850-ci ildə arxeoloq Henri Layyard qədim Assuriyanın paytaxtı Nineviyada Assuriya hökmdarı Sinaxxeribin kitabxanasını aşkar
etdi. Orada 2 otağın içərisində
üstündə mixi
yazılar olan minlərlə gil
lövhələr var
idi. Bu hadisədən
3 il sonra
Layyardın köməkçisi
Rassamda Assuriya hökmdarı Aşşurbanapalın
tikdirdiyi sarayda yeni belə tapıntıya rast gəldi. Ümumilikdə bu lövhələrin
sayı 25 mindən çox idi. 15 il sonra
qədim tapıntıların
mühafizəçisinin köməkçisi
Corc Smit bu lövhələri diqqətlə gözdən
keçirərkən bir
lövhə parçasının
üstündə “Gəmi
dağın zirvəsində
oturdu” sözlərini
oxudu. Bu, qeyri-adi
kəşf idi.
O başa düşdü
ki, bu “Bibliya”dakı
“Ümumdünya tufanı”
ilə əlaqədar
məlumatdır. “Deyli Teleqraf” qəzeti Smitə min funt sterlinq vəsait
ayırdı ki, o, Nineviyaya gedib tufanla əlaqədar mixi kitabənin qalan parçalarını
axtarsın. Nəticədə
Smit gil
lövhələrdə tufanla
əlaqədar məlumatın
çox hissəsini bərpa edə bildi. Lövhədə Fərat çayı
üstündəki Şuruppak
şəhərində yaşayan
Utanpiştim adlı bir nəslin başçısı haqqında
yazılmışdı. Bibliyadakı
məlumatda Nuhun yanına gəldiyi kimi Ea allahı Utnapiştimin yanına gələrək böyük
daşğın olacağı
haqqında ona məlumat verərək əmr etdi ki,
böyük bir gəmi düzəldib daşqın başlayanda bütün ailə üzvlərini, heyvan və quşların hərəsindən bir cüt gəmiyə mindirsin. Utnapiştim belə də
etdi. Sonra hadisələr “Varlıq”dakı
kimi cərəyan edir. 6 Təbii
ki, bu “Ümumdünya”
daşqını yalnız
Mesopotamiyda baş vermişdi. O zaman yerli əhalinin gözündə dünya
elə oradan ibarət idi.
1929-cu ildə bu daşqınla
əlaqədar İngiltərə
arxeoloqu Leonard Vulli qədim Ur şəhərində
qazıntı apararkən
2,5 m. qalınlığında
lil qatını aşkar etdi.7 Mesopotamiyanın
o dövrki mədəniyyəti
şumerlərə məxsus
idi. Şumerlərin ermənilərlə heç bir əlaqəsi yox idi. Ona görə də
məqalədə yazıldığı
kimi Nuh ermənicə “Erevas görünür” sözünü
işlədə bilməzdi.
Məqalədə Erevan toponimii də
bu sözlə əlaqələndirilir. Bu
isə ermənilərin
uydurmasıdır.
“Varlıq”da (fəs.
8, 4) Nuhun gəmisi dayanan dağ Ararat adlanır. Məqalə müəllifi yazır
ki, “Əsari ətiqdə” əvvəllər
“Ararat” adı yazılmamışdı.
Mixi yazılı lövhədə
isə “Nisir” dağı yazılmışdır.
Hazırda bu adın hansı yüksəkliklə
əlaqədar olduğunu
müəyyənləşdirmək çətindir.
Uruk hökmdarı
Qilqameşin poemasını
da ermənilərlə
əlaqələndirmək mümkün deyil.
Yaxşı olardı məqalədə
ermənilər verən
məlumatların çoxunun
tarixi həqiqətləri
əks etdirmədiyi, onların çoxunun uydurma olduğu göstəriləydi. Bir qayda olaraq əfsanələrdə tarixi
hadisələr çox
şişirdilmiş və
bəzək-düzəkli verilir.
Onların əsasında uydurmalar
yaranır. Ayrı-ayrı rəvayətlər nəsildən-
nəslə ötürülərkən
böyük dəyişikliklərə
uğrayır. Tədqiqatçılar da əfsanələrdən
istifadə edərkən
bu xüsusiyyətləri
nəzərə alaraq
rəvayətləri faktiki
dəlillərlə müqayisə
etməli və uydurmaların necə yarandığını şərh
etməlidirlər.
İlyas BABAYEV,
AMEA-nın müxbir üzvü,
professor
Məqalə “Elm və həyat”
jurnalının 2011-ci ilin 4-cü sayından
götürülmüşdür.
525-ci qəzet.-
2012.- 5 aprel.- S.4.