Nəzakət Teymurovanın İtaliyada hazırlanmış yeni albomu jurnalistlərə təqdim edilib

 

Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Xalq artisiti Nəzakət Teymurovanın İtaliyada hazırlanan albomu ilə bağlı mətbuat konfransı keçirilib. İtaliyanın “Filmay” musiqi şirkətinin hazırladığı diskin Avropanın bir neçə ölkəsində satışa çıxarılması nəzərdə tutulub. Albomda Azərbaycan muğamları, milli musiqisi haqqında 3 dildə – italyan, ingilis və fransız dillərində məlumatlar yerləşdirilib. “Xaric Segah”, “Bayatı Şiraz” (solo ifa, tar), “Cahargah” təsnifi, “Aşiqəm” mahnısı daxil edilmiş albom sənətkarın növbəti yaradıcılıq uğuru kimi diqqəti çəkir.

Tədbirdə mətbuat nümayəndələrinə bildirilib ki, bir neçə musiqi mütəxəssisi “Filmay”ın layihəsini dəstəkləyib və disk barəsində öz rəylərini bildirərək, onun Azərbaycan milli musiqisinin dünya miqyasında tanıdılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Təqdimatda həmçinin Nəzakət Teymurovanın səsi və sənəti barəsində İngiltərə, Fransa mətbuatında dəfələrlə məqalələr dərc olunduğu, sözügedən alboma daxil edilən bir neçə mahnının artıq onlarla ölkənin radio dalğalarında səsləndiyini, xanəndənin ifasında “Aşiqəm” mahnısının Almaniyanın “Qlobalize”, “Vord Beat” (Dünya ritmləri), İspaniyanın “Mundofonşas” radio dalğalarında böyük marağa səbəb olduğu, Xalq artistinin səsi hər iki ölkənin adı qeyd edilən radiosunda “Ayın ən gözəl səsi” adlandırılıb. Albomun hazırlanmasında “Xarı Bülbül” muğam qrupunun da əməyinin keçdiyi vurğulanıb. Xanəndəni tarda qrupun bədii rəhbəri, əməkdar artist Əliağa Sədiyev, balabanda əməkdar artist Şirzad Fətəliyev, kamançada Elnur Mikayılov, nağarada isə Kamran Kərimov müşayiət ediblər.

Albomun hazırlanmasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin də böyük dəstəyi olub. Diskin ərsəyə gəlməsində əməyi keçən YUNESKO-eksperti, musiqişünas Sənubər Heydərova bildirib ki, Azərbaycandan kənarda xanəndəmizin albomunun hazırlanması milli musiqinin təbliğində önəmli rol oynayır.

“Xarı Bülbül” muğam qrupunun bədii rəhbəri, əməkdar artist Əliağa Sədiyev də öz növbəsində albomun hazırlanma mərhələlərindən və alboma daxil edilən musiqilərdən danışıb.

Mətbuat nümayəndələrinin suallarını cavablandıran Nəzakət Teymurova albomun təqdimatının ilk öncə Azərbaycanda keçirilməsini məqsədəuyğun gördüyünü deyib: “Albomun təqdimat mərasimi bu günlərdə İtaliyada rəsmi şəkildə təşkil olunacaq. Ancaq buna baxmayaraq, mən albom barədə məlumatları əvvəlcə Azərbaycan mediası ilə bölüşmək istədim. Xanəndənin əsas işi oxumaqdan ibarətdir. Hər bir xanəndə tamaşaçı qarşısında yaxşı ifa göstərməklə məsuliyyətlidir. Ancaq bizləri də irəli çəkən, tanınmağımızda əməyi keçən insanlar var. Bu albomun hazırlanmasında əməyi olan, dəstək verən insanlara, qurumlara minnətdarlığımı bildirirəm. Siz – media nümayəndələri də sağ olun ki, bizim sevinclərimizi paylaşırsınız, çalışdığınız mətbuat orqanlarında bu hadisələri işıqlandırıb, məlumatları xalqa çatdırırsınız”. Qeyd edək ki, aprelin 15-22-də Nəzakət Teymurovanın İtaliyada solo konsertləri keçiriləcək. Aprel ayının 29-da isə Xalq artisti Vətəndə – Beynəlxalq Muğam Mərkəzində solo konsertlə çıxış edəcək.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2012.- 5 aprel.- S.7.