İsrafil İsrafilov və
Məryəm Əlizadə Teatr Tənqidçilərinin
Beynəlxalq Assosiasiyasının XXVI Konqresində iştirak ediblər
Akademik
Milli Dram Teatrının direktoru, sənətşünaslıq
doktoru, professor İsrafil İsrafilov və sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə 25-31 mart tarixlərində
Polşada keçirilən Teatr Tənqidçilərinin Beynəlxalq
Assosiasiyasının XXVI Konqresində iştirak ediblər.
Konqresdə
Azərbaycan rəsmi şəkildə Teatr Tənqidçilərinin
Beynəlxalq Assosiasiyasına üzv qəbul olunub. Qurumun yeni
yaranmış Azərbaycan şöbəsinə rəhbərlik
etmək üçün professor Məryəm Əlizadənin
üzvlüyü təsdiqlənib.
Beynəlxalq
Teatr Tənqidçiləri Assosiasiyasına ölkəmizin
üzvlüyü milli mədəniyyətimizin təbliği
və inkişafı, eləcə də dünyada baş verən
mədəni proseslərdə iştirakımız
üçün geniş imkanlar açır.
Konqres çərçivəsində Azərbaycan teatrşünaslarından ibarət nümayəndə heyəti Polşanın teatr məkanı ilə daha yaxından tanış olub, bir sıra mühüm görüşlər keçirib. Beynəlxalq əhəmiyyət kəsb edən bu səfər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında və Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planında nəzərdə tutulan milli teatrımızın beynəlxalq teatr məkanına inteqrasiyası istiqamətində atılan mühüm addımlardandır. Belə ki, dünya teatr məkanına inteqrasiya məqsədini qarşıya qoymuş Azərbaycan teatrının belə beynəlxalq nüfuzlu təşkilatlara üzv qəbul olunması milli teatrımızın beynəlxalq mədəni məkanda tanınmasına, nüfuzunun artmasına kömək edəcək.
GÜNEL
525-ci qəzet.- 2012.- 6 aprel.- S.7.