Ürəyin romanı

 

Anam olmasaydı, bəlkə də bu yazını yazmayacaqdım. Çünki İradə Tuncayın “Yol romanı”nın qəzet variantını oxuyub haqqında fikirlərimi bir-iki cümlə ilə bildirmişdim. Amma iki gün əvvəl 92 yaşlı anamın romanı oxuyandan sonra “A bala, bu qız ürəyinin romanını yazıb” deməsi məni silkələdi və bu fikirləri yazmağa vadar elədi. Və kitabı təkrar gözdən keçirdim...

Aylar öncə bir yola çıxdım. Bu yolda əlimdən tutan İradə Tuncay, bələdçim isə “Yol romanı” oldu. İran, Naxçıvan,Türkiyə və Gürcüstan yollarında addımladım. Bu yollarda çox şey gördüm, çox şey öyrəndim, bəzi bilgilər əldə etdim. İradə Tuncayın “Yol”unda onunla birgə cığırlardan keçdim, böyük yollardan adladım. Bəzən təkləndim, özümə qapandım, bəzən də onun duyğularının burulğanına düşdüm. Və beləcə, sanki, İradəni yenidən tanıdım, yenidən gördüm... bəlkə də kəşf elədim. Bəli, məhz kəşf elədim. Bu, daha doğrudu.

İradə Tuncay mənim tələbə yoldaşımdı. Biz onunla beş il bir qrupda oxumuşuq. Elə bilirəm “Yol”un müəllifinə sadəcə, “İradə” desəm, yazımın səmimiliyinə xələl gəlməz, heç kəs məni qınamaz...

Tələbə vaxtı biz yaxın rəfiqə, daha doğrusu, can yoldaşı, qəlb sirdaşı, dərd ortağı olmamışıq. O, sakit, bir az qaradinməz, qaynayıb-qarışmayan, mən isə deyib-gülən, zarafatcıl, necə deyərlər, sərçə kimi şən və qayğısız idim. Xarakterlərimizdə az qala yerlə-göy qədər fərq var idi. Universiteti bitirəndən sonra tələbə həyatımızı əlimizdən alan həyat yolları hərəni bir istiqamətə apardı. Mən qəzetçi oldum, o isə televiziyada işə başladı. Dövlət televiziyasında onun proqramlarını izlədim, məharətini gördüm. Və universitetdəki İradə ilə ekranda gördüyüm İradə arasındakı çox böyük fərqə anındaca vardım. Onun içindəki yaradıcılıq potensialı, enerjisi Az.TV-nin geniş meydanına sığmırdı, qaynayırdı sanki. Amma bu meydanı ona niyəsə çox gördülər...

Daha sonra “Spase”in fərqli meydanı... Burda da İradə seçildi – sözü ilə, cəsarəti ilə, efirdən birbaşa ünvana çatdırılan kəskin ifadələri ilə. Tamaşaçı İradə Tuncay adını, telejurnalist simasını yadda saxlayırdı. Amma gün gəldi ki, İradənin nəfəs almağı burda da çətinləşdi və boğulmamaq üçün uzaqlaşdı... Düz də etdi. “Ədalət” qəzetinə gəlməyi ilə yeni bir yaradıcılıq yoluna çıxdı. Nə yaxşı ki, qəzetə gəldi...

İradəni “Ədalət”də təkrar kəşf elədim. Burada onun içindəki vulkan yenidən püskürdü. Meydan genişləndi... Düşündüklərini, onu narahat edən məsələləri yazmağa başladı – həm də hədəfə atdığı sərrast atəşlə. Artıq ona mane olan yox idi. Bilmirəm, bəlkə də oldu, bəlkə indi də var, buna cəhd edənlər bu gün də yəqin ki, tapılır. Amma bir şey gün kimi aydındı: bu kimsələr indi onun atıldığı meydanda, döyüşdüyü arenada duruş gətirə bilmirlər.

“Sarı odalar” bu döyüşün məhsuludu. “Yol romanı” isə döyüşü qazanmış komandirin əsgərlərinə verə biləcəyi mükafatdı (Deyəsən, çox obrazlı alındı, neynəməli bu mənim fikrimdi, belə düşünürəm).

“Yol romanı”... Niyə roman? Müəllif özü bunu elə ilk səhifədəcə açıqlayıb: “Roman ağır janrdı. Romana başlamaq da ağır yük. İçində başlayıbsa, bəs? Önünü kəsə biləcəksənmi? Gələcəksə, gələcək. Ya da gəlib artıq, çırpınır dalğa kimi, vurur çölə... Yaz, artıq rahatla... Madam romandı – janrın tələblərinə cavab vermək gərəkəcək. Proloqu, obrazlar qalereyası, qəhrəmanları, süjet xətti, kuliminasiya, qalxmalar, enmələr, təsvirlər və epiloq”. Oxucu romanı bu fikirlərlə oxumağa başlayır... Qısa bir yola çıxır. Mən deyərdim ki, bu “Yol” ilk baxışda qısa görünür. Əslində “Yol”un hərəkət trayektoriyası oxucunu müəllifin iç dünyasında Tanrı tərəfindən ömür yolunda cızılmış bəlli bir sərhədə qədər aparır. Oxucu bu sərhədi aşmağa cəhd edir, o tərəfə keçmək istəyir. Amma bu mümkün deyil... Bununla belə “Yol” onu uzaqlara... lap uzaqlara aparır.

Mən də başladım. Yola çıxdım. Bu arada, hələ “Yol”un sonuna çatmamış, yolda “Allahı qatil edənlər”lə üz-üzə gəldim. İradə hələ romanını yazıb başa çatdırmamışdı (bəlkə də yazmışdı, amma hissə-hissə qəzetdə çap olunurdu), Aqil Abbasın əsərinin “Azərbaycan” jurnalında çap edilmiş variantını oxudum. Aqil Abbas inciməsin (zatən o məni tanımır, yəqin ki, inciməz də) fikrimcə, İradə Tuncayın “Yol”u “Allahı qatil edənlər”i yarı yolda qoyur. Nədənmi? İradənin “Yol”undakı duyğu yükü, hiss, həyəcan toplusu oxucunu ağuşuna alır, ahənrüba kimi özünə çəkir. Həmin duyğular insanı özü ilə təkbətək qoyur, onu düşünməyə vadar edir, eləcə də həyəcanını, heyrətini silkələyir. Aqil Abbasın “Allahı qatil edənlər”i isə insanı aqressiyaya kökləyir. “Allahı qatil edənlər”dən fərqli olaraq “Yol”da pis adam obrazı, mənfi tip yoxdur. Elə bu da insanda bir ruhsal rahatlıq ovqatı yaradır.

Bilmirəm, bəlkə də, onu başqa bir zamanda oxusaydım, bu müqayisəni aparmazdım. Bəlkə də, fikirlərim kimlər tərəfindənsə qəbuledilən deyil. Bəlkə də, eyni ailənin iki üzvünün yazdıqlarını eyni vaxtda – paralel oxuduğum üçün düşüncələrim belə haçalanıb. Bilmirəm. Əslində, Aqil Abbasın əsərlərinin çoxunda qan-qada, müharibə, savaş, döyüş qırmızı xətt kimi keçir. Təbii ki, bu, ayrı məsələdi, tamam başqa mövzudu. Müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşları üçün bu gün belə əsərlər hava, su kimi vacibdi. Bu kitabları hər kəsin oxuması ondan da vacibdi.

Ola bilsin ki, müqayisəm yersizdi. Amma dəxli yoxdu, mən “Allahı qatil edənlər”in fonunda İradənin yazdıqlarının orbitinə daha tez düşdüm. Yəqin ona görə ki, “Yol”un hər “cığırı”, hər “döngəsi” mənə də tanışdı... Bu “cığırlarda”, bu “döngələrdə”, müxtəlif istiqamətlərə gedən bu “yollarda” hər kəs özünü görə bilir.

“Yol romanı” fərqlidir. Dayanmadan, birnəfəsə oxumaq olur. O indiyə kimi yazılmış səyahətnamələrlə, yol qeydləri ilə, lap elə bəzi məşhur yazarların irihəcmli kitabları ilə müqayisədə daha rahat “həzm olunur”. Çünki olduqca səmimidi, hər cür pafosdan, mübaliğə və şişirtmələrdən uzaqdı. Quru və sxolastik, yalançı cümlələrə, qəliz, əndrabadi ifadələrə, rəsmiyyətçiliyə, protokola rast gəlmək olmur. Çox sadə dildə yazılıb. Cümlələr qısa və kəsə. Lakin tam anlaşıqlı...

Əslində, yol İradə üçün bəhanə, səfər bir vasitə olub. Bəlkə də, on illərlə içində yığılıb qalmış hissləri ilə baş-başa qalmaq üçün Tanrı ona bu şansı verib. Və o, bu şansdan həmən yararlanaraq duyğularını “Yol”a səpələyib. O duyğularını ki, həmişə iç dünyasında saxladığı gizli guşənin qapısı başqalarının üzünə bağlı olub. O duyğularını ki, yalnız özünə məhrəm olub. Amma gizli saxladıqları da var. Onlar öz məxfiliyini qopuyub, “Yol”a çıxmayıb.

Hər bir romanda müəllifin də dediyi kimi müsbət, mənfi qəhrəman olmalıdı. Lakin bu roman konkret bir qəhrəmanının olmaması ilə fərqlənir. Doğrudu, özü deyir ki, əsərin qəhrəmanı Vurğun Əyyubdu. Amma yox. Bu belə deyil. “Yol”un qəhrəmanı nə Vurğun Əyyub, nə Aqil Abbas, nə də bir başqasıdı. İradənin iç dünyası, uşaqlığı, gəncliyi, xatirələri, inamı, inamsızlığı, yaşam tərzi, həyata baxışı, insanlara münasibəti, dünəni, bu günü, sabahı romanın qəhrəmanlarıdı. Həm də gizli qəhrəmanları. Bu “qəhrəmanlar” on günlük səfərdə daim onu təqib edib, əlindən tutub, ağladıb, güldürüb, yuxusunu qarışdırıb, ərşə çəkib. Bu “qəhrəmanlar” ona imkan verib ki, özünü yenidən görsün, tanısın. “Kəşf elədim özümü – hər dəliliyi, çılğınlığı edə bilərəmmiş. Gecikdiyinə təəssüf edə bilərəm, bəlkə, bəlkə də, təəssüfə dəyməz. Belə olmalıymış yəqin... Bəlkə də içimdə yaşatmaqla tale məni bu şəkildə qoruyub. Olmalıydı amma... Xoş dəqiqələr də, günlər də, əzab-əziyyət də... İncimək, küsmək də hər şeydən. Hamıda olan kimi... Və bütün olanları fəlakət kimi, ya taleyin töhfəsi kimi qəbul edəcəyimi də bilmirəm. Cavabım yoxdu – amma təsadüflərə inanmıram artıq” – sonda yazır.

Roman boyu oxucunu, sanki, bir müqəddəs göz yaşı müşaiyət edir. Həm də bu göz yaşı Naxçıvandan başlayır. Oradakı ata-baba yurdu, Məmməd Arazın qapısı bağlı evi onu nostalji hisslərə kökləyir. Bu, dəhşətdi. İradə kənddə qohumlarının əhatəsində olsa da, sanki, bir tənhalıq əl çəkmir ondan, yaxasından yapışıb buraxmaq istəmir. Nə qədər istəsə də, bu mənfur hissdən uzaqlaşa bilmir, göz yaşının qabağını almaqda zorlanır. “Az qala yüyürə-yüyürə evin arxasına keçib çökürəm torpağa, otun üstünə. Qapısı bağlı evi bəhanə edib ağla, Qız. Amma hamını ağla. Donmuş baxışları, dilsiz insanları, pıçıltıları, qeybə çəkilmiş daşları, qayaları, lap kəsilmiş qatar taqqıltısını, daş olmaqla mümkün olan yaşamı, puç olan hər şeyi ağla, boşalt ürəyini... Ətrafda boş qalan evləri”...

Məncə, İradə sona qədər ürəyini boşalda bilmir. İllərlə üst-üstə yığılmış, səni içindən gəmirən, sovuran, yox edən, az qala canlı ikən xəyala bənzədən, ruh kimi dolaşmağa məhkum edən hiss və duyğular bir anda, yaxud da bir saatda, bir gündə gözdən axan yaşla boşalmır. Bəs, nə idi bu? Hıçqırıqla yox, hönkürtü ilə də yox, sakitcə axan bu göz yaşları nədən İradəni məhz orada – ata evində yaxaladı? Torpaq, yurd, nəslinin ocağı. Uşaqlığını belə keçirmədiyi ata yurdu, boş qalmış evləri onun içində fırtınanı ona görə yaratdı ki, damarları ilə axan qan orada özünü göstərdi. Və boş qalan ev, Məmməd Araz harayında daim çırpınan yurd sevgisi, torpaq məhəbbəti o anda övlad qəlbinə köçmüş, sızlatmışdı. Daxilindəki boşluğu heç nə ilə doldura bilməzdi İradə o məqamda – istəsə də.

“Yol romanı”nın ən əsas özəlliyi dilinin sadələyi ilə yanaşı, burada türk sözlərinin bol-boluna işlənməsidi. Bu, ona görə belə deyil ki, İradə Türkiyə torpağında olmuşdu, həm də dəfələrlə. Nə də indi az qala dəb halını alan türk sözləri işlətmək xatirinə yazmayıb. Bunun kökləri Məmməd Araz ocağından, Nazim Hikmət ruhundan gəlir. İllər öncə – 70-ci illərin axırlarında ruhumuza Çe Gevara, Fidel Kastro inqilabçılığı yeridiləndə, qanımıza Marks, Engels, Lenin ideyaları hopdurulanda, Türkiyə, türk dili qadağalarının zəncirini qıra biməyib radiolarda təsadüfdən-təsadüfə türk mahnılarını, türk sözlərini eşidib onu su kimi içəndə, hava kimi acgözlüklə ciyərlərimizə çəkəndə İradə bizlərdən fərqlənirdi. O bu dili bilirdi, sözləri anlayırdı, sərbəst danışırdı. Yaxşı yadımdadı, mühazirələrdə, seminarlarda, dərslərin ortasında İradə türkcə “zapiska”lar yazıb bizə ötürürdü. Türkcə yazılmış bu “zapiska”larda adətən şeirlər, ya da ki, özünün fikirləri olurdu (Xatırlayırsanmı, İbrahimova? O “zapiska”ları Hüseynova hələ də saxlayır). Məncə, qardaş türk ədəbiyyatına, türk dilinə, türk musiqisinə vurğunluq, sevgi elə o zamanlardan İradənin tale yoldaşı olub və həmin sevgi bu gün “Yol”da əlindən tutub. Çox gözəl də alınıb.

Kitabın təqdimatında (müzakirəsində də demək olar) çıxış edənlər “Yol”un məziyyətlərindən çox danışdılar. Aydın Xan Əbilov yazır ki, əgər o tədbirdə ona söz versəydilər, kitabı tənqid edərdi. Təbii ki, hər hansı bir bədii nümunəni tənqid etmək hər zaman mümkündü və bunun üçün kifayət qədər əsas da tapmaq olar. Amma mən tənqidçi deyiləm, adi oxucuyam və bu yazdıqlarım da bir oxucu qənaətidi.

“Anamı ağlatdı bu Roman mənim”... Mən də ağladım, İradə xanım. Vallah tərəfkeşlik etmirəm, səmimi deyirəm...

 

 

Züleyxa NADİR

 

525-ci qəzet.- 2012.- 7 aprel.- S.19.