Şair Vaqif Bəhmənliyə
açıq məktub
Əzizim Vaqif! Mən sənin səmimi şair (və insan) olduğunu həmişə bilmişəm, ancaq hamıya ünvanladığın son kitabındakı (“Hamı”dakı) qədər nəinki səni, Azərbaycan poeziyasında hələ heç kəsi belə səmimi görməmişəm. Hətta mənim (və sonra sənin) klassik həmyerlin (və adaşın) Molla Pənah Vaqif də heç də həmişə bu qədər səmimi olmamışdı:
Hər
naza umsunan it oğrusudu!
Nazından
usanan itoğlusudu!
Elə
bil ərköyün toy toğlusudu
Sabahdan hərlənir
naz aramızda.
O ancaq (və
ancaq!) belə deyə bilərdi, ancaq (və ancaq!) bununla kifayətlənərdi
ki:
Sevda
körükləyir iki sinəni,
Nə
yaman alışır köz aramızda.
İsti
sinən sini, sinəm səməni,
Yavaş
ol, əzilər yaz aramızda!..
Bu isə
nə Molla Pənahın sözüdü, nə də sənin
(Vaqifin!); hardansa daha uzaqlardan gəlir:
Lütf
elə, bu sirri kimsə bilməsin,
Kəsik
baş gəzdirən kisə bilməsin,
Məscid
eşitməsin, kilsə bilməsin,
Qalsın
Allah ilə öz aramızda...
Şəkidən
Vaqif Aslanı çıxmaq şərtilə mənim
tanıdığım müasir Vaqiflərdən ikisi – Vaqif Səmədoğlu
və Vaqif Nəsib Sarı Hüseynoğlu Qazaxlı, ikisi isə
– Vaqif Cəbrayılzadə və sən
Qarabağlısınız... Sizin XVIII əsrdə
yaşamış adaşınız isə
yarıyaşına qədər Qazaxdan, yarıyaşından
sonra isə Qarabağdan idi...
Can ona
sadağa, baş ona peşkəş,
Xas
aşiq qul olmaz ötərgi eşqə!
Kimsəyə
dil vermə Tanrıdan başqa,
Buraxma
evinə mələyi belə!..
Səndə
heç bir Qarabağlıdan əskik olmayan,çox zaman təbii
bir inersiya ilə hətta mənim
Qazaxlılığımı da keçən bir
Qarabağlılıq iddiası var... Ancaq əminəm ki,
bütün dünya yığılıb özünü Qarabağlı
elan etsə, sən çəkiləcəksən içindəki
Qarabağa; enəcəksən Göyün “dibi”nə,
qalxacaqsan yerin təkinə. Və bizə (hamıya!) sübut
edəcəksən ki, dünya başıaşağı
qurulub...
...Hansı
namərd kəsib kəndiri görən,
Tanrı
niyə düşüb quyu dibinə?
İndi
ağırsa da, heç batma yasa,
Axı nə
faydası, Tanrını çağır?
Əgər
haray çatan bir quyu varsa,
O quyu
içindi, içinə bağır!
Əzizim
Vaqif! Mən həmişə sənin haqqında yazmaq istəmişəm,
ancaq hər dəfə özümü toplayana, sənin
yaradıcılıq nəbzini tutana qədər daha irəli
getmisən, özün haqqında daha çağdaş (və
tarixi!) bir mənzərə – təsəvvür yaratmısan.
“Hamı”nı
təqdim edəndə, artıq hamıya müraciət edəndə
dözə bilmədim...
Bilmirəm
kim necə, nə niyyət edib;
İnsana
nə qalır bezdən savayı?!
Varımı
düşmənə vəsiyyət edib,
Varidat
qoymayıb sözdən savayı-
Mən
sizi heyrətə gətirəcəyəm,
Nə
heyrət, qeyrətə gətirəcəyəm!
Sənin
poeziyandakı bu uşaq səmimiliyi (və ondan qat- qat
çox olan böyük ciddiliyi!) inandırır ki,
Məsələn,
yetməkçün yar əllərinə
əllər
qanatmışam, çəpər yarmışam.
Sonucda
öpdüyüm qızın yerinə
ondan on
qat betər mən qızarmışam-
desəm,
gülərsiniz, inanmazsınız...
Sən elə
şairsən ki,yaradıcılığının mükəmməlliyini,
ideya-bədii qüdrətini göstərmək
üçün kitabından müvafiq şeirlər, yaxud
şeirlərindən müvafiq misralar seçməyə,
inan ki, ehtiyac görmədim...”Hamı”dakı istənilən
şeiri, yaxud istənilən şeirin istənilən
misralarını nümunə gətirmək və sənin
şair qüdrətini sübut eləmək olar.
Və sənin
şeirlərində yalnız şeiriyyət – sözdən
şair kimi istifadə eləmək, sözə “ehya vermək”
qabiliyyəti yox, həm də zəngin ovqat, fikir- təfəkkür
materialı var... Başlıcası isə odur ki, bu materialla,
əksər hallarda poza yaratmırsan, “baxın, mən bu
obrazın müəllifiyəm” demirsən, bütün
bunları ürəyinin (və həyatının!)
yaşantıları kimi xatırlayıb keçirsən... Hətta
şeirə sığmayan kifayət qədər müdrik kəlamlarında
da (“Sirr” başlıqlı yazıları nəzərdə
tuturam) müdriklik(fəlsəfilik!) intonasiyanın təvazökarlığından
(və səmimiyyətindən!) sonra gəlir. Məsələn,
Nizami Gəncəvinin bir türk şairi olduğu barəsində
həmişə mücadilə aparmış mən də sənin
bu kəlamına qeydsiz-şərtsiz etiraz edə bilmirəm:
“Nizami Gəncəvi elə böyükdür ki, onu təkbaşına
hər hansı bir xalq çəkib apara bilməz...”
Elə bu
ümumi təvazökarlığın (və səmimiyyətin)
nəticəsidir ki, “Həmişə söz mənə
kömək eləyir. Hərdən də mən sözə
kömək eləyirəm... Görəsən, oxucu bunu
duyurmu?” kimi iddialı sualların, “Mən özümü nə
60-cı, nə 70-ci, nə də 80-ci illərin nəslinə
aid edirəm, ehtimala görə, Pənah xanın nəslindənəm...”
kimi mülahizələrin də təəccüb doğurmur,
əksinə, oxucunun səni həm bir düşüncə
adamı, həm də bir şair kimi daha dərindən
anlamasına yardım edir.
Səndə
Bayram
oldu, heç bilmirəm neyləyim,
Bizim evdə
axta zoğal da yoxdu,
- deyən
Molla Pənah səmimiyyəti qədər Mirzə Ələkbər
Sabir cəsarəti də var:
Əhmədi
Allah vurar,
Məmmədi
qəsd öldürər,
Mey aqili
ayıldar, axmağı məst öldürər,
Bir yandan
qırar yağı,
bir yandan
dost öldürər...
Tükənmərik
amma ki,
silsilə
qardaşlarıq,
Yoxdu
ayrı namımız,
biz belə
qardaşlarıq!
Ümumiyyətlə,
mən Sabiri nə qədər böyük şair saysam da,
satirik poeziyanı o qədər sevmirəm. Çünki
şeir gözəllik (və tərənnüm!)
üçün yaranıb... Satirik poeziya – anti-poeziyadır,
poeziyaya parodiyadır... Ancaq neyləyək ki, həyat bizi hələ
də satira yazmağa, hətta Sabir səviyyəsinə qalxmağa
məcbur edir...
Əzizim
Vaqif Bəhmənli, kitabda sənin elə şeirlərin var
ki, yalnız poetik yox, poetik-fəlsəfi kəşf sayıla
bilər... Məsələn, “Quyu”, “Qarantiya”, “Cümlə”,
“Desəm”, “Bəd”, “Belə”, “Oğlum”, “Mesaj”, “Kişi”,
“Qurban”, “Plan”, “Dil”, “Şeir”, “Yazı”, “Yer” və s. 70- ci illərdən
başlayan zəngin yaradıcılığının son
iki-üç ilində yazdığın yüzlərlə
poetik məhsulu içərisində ədəbi yaddaşda
qalacaq onlarla nümunə mövcuddur. Bütün bunlar sənin
büllur kimi təmiz, bulaq kimi qaynar istedadının nəticəsidir.
Və
istedadının ən mühüm göstəricilərindən
biri ana dilinə bu qədər həssaslığın,
sözə bu miqyasda hökm eləmək
bacarığındır. Sən bir şeiri bir cümləyə
yerləşdirə, bir neçə söz-cizgi ilə
bütöv bir lövhə-mənzərə yarada, zərif
bir zarafatla ciddi mətləblərdən bəhs edə bilirsən...
Həm də şagird yox, ustad səviyyəsində...
Tanrının
nə qədər gizlinləri var;
Qoy bu da
ehmalca bəxtə yazılsın.
“Bir kimsə
görmədi” – söyləsin yollar,
Başına
gələnlər yuxu yozulsun,
düşməsin
dillərdən dilə yaxşıdı.
Qardaş,
qadan alım, belə yaxşıdı.
Sənin
poetik zarafatlarının çox isti bir etnoqrafik emosiyası
var...
Papağı
gözünün üstünə basıb
özünə
baxmaqdı kişinin işi,
yağlı-yavan
yeməkdi,
Altdan-üstdən
geyməkdi...
meydan-meydan
dolaşıb
ayaq
döyməkdi
kişinin
işi.
Qapı-bacada
xoruzlanıb
toyuğun,
cücənin
ağzına
söyməkdi
kişinin
işi...
Şübhəsiz,
sözə, dilə bir nemət kimi yanaşmağının,
israfçılıqdan qaçmağının nəticəsidir
ki, şeirlərində nahamvar bircə misra tapmaq belə
mümkün deyil. O qələm əhlindənsən ki, nə
deyəcəyini, nə yazacağını çox-çox əvvəldən
bilirsən...
Söz də
bir nemətdi, yeyilsin gərək,
Fikrin
ağ ununda boz kəpək yoxdu.
Bir var
halal çörək, var haram çörək–
Vallah, bu
dünyada pis çörək yoxdu.
Ənənəvi
üslubi fiqurlarla orijinal müqayisələr təqdim edə,
mükəmməl metafora- əsərlər yarada bilirsən:
Mən
bilirəm,
arxeoloqlar
göy
üzündə,
ruhlar qəbristanlığında
axtarışlar
aparacaqlar...
Yaxud
qurban kəsməyin mifologiyası ilə fəlsəfəsi
arasındakı ziddiyyəti gözəl mənalandırırsan...
İsmayıl
dirilib yoxdan içimdə...
Ona toxunmayın,
qoyun yaşasın!
Hönkürüb
ağlayır çoxdan içimdə,
Deyir:
– Məni
kəsin, qoyun yaşasın!..
Səninlə
yüz faiz razıyam, Həzrət İsmayıl hərdən
mənim də içimdə dirilib deyir ki, qardaş,
Allahın hökmü ilə atam İbrahim mənim əvəzimdə
bir qoç kəsdi... Bəs camaata nə düşüb ki,
qapısının mal- heyvanını qırıb
çatır? Hamı İsmayıl olub?..
Bir də
görürsən ki, həyatda bir qoyun qədər xeyri, bir
qoç qədər kişiliyi olmayan özünə qurban kəsdirir.
Yaxud Qurban bayramı günlərində ictimai ovqat
imkansızları məcbur edir ki, ya qurban kəs, ya da
kasıblığını boynuna al, mənim kəsdiyim
qurbanın ətindən ye!.. Bu işin naqisliyini hamı bilir,
ancaq qoyunların hüququnu müdafiə etmək yenə də
şairlərə düşür. Eləcə də
öküzlərin hüququnu...
Mənzil
– yolu yortanındı,
ya çəp
çəkə, ya düz darta.
Daha dartan
dartanındı,
nəyimiz
var öküz darta?..
Təəssüf
ki, dünya ancaq insan hüquqlarından danışır...
İnsanda ki nə gündə!..
Salamməleyküm!
Dillərin
əcəli çatdı!
Əleyküməssəlam...
...Bu hələ
harasıdı:
Leyli
ingilis dilində ölür,
Məcnun
ingilisdilində
xiffət
çəkir...
...Qəzzafini
bu dildə
söyür Liviya.
Cəllad
“Yasin”i
bu dildə
oxuyur...
...Yalıncaq
Qarabağ camaatı
ingilis
dilində üşüyür,
ATƏT
ingiliscə
nağıl
döşəyir!
Əzizim
Vaqif Bəhmənli! Sənin bu “Dil” şeirin öz proloqu, əsas
hissəsi və epiloqu ilə müasir dünyanın ən
gözəl şeirlərindən biridir. Bugünkü
dünyada gedən dil proseslərindən yazılmış
yüzlərlə məqalə, onlarla dissertasiya və ya
monoqrafiyalarda qaldırılmış problemləri sən bir
şeirində ehtiva edə bilmisən... “Bəşəriliy”in
ağuşunda məhv olmaqda olan milliliyin faciəsini dərk
etmisən:
...Ad
günü yetişir, ata qoçağım
“Barbi
qız” kəl desə, kəl alır ona.
İngilis
dilində öpüb uşağı
“Həpi
bööz” oxuyub əl çalır ana.
Nə
olur bəs bunun nəticəsində;
Londondan ərməğan
güllər ağlayır.
Ölür
bala dili ana dilində,
nakam
laylalara dillər ağlayır!
Ancaq
bu
hır-hırda,
bu
zır-zırda,
bu
qar-qurda,
bu
qur-qurda...
mənə
xoş gələn odur ki, sənin böyük şairliyinlə
yanaşı həm də pedaqoji bir təmkinin var, ona görə
də
Sənət
də məzədi, həyat da məzə,
Onsuz da
ummayın Vaqifdən təzə...
Bu miskin
qoşmanı yetirdim sizə
İçinə
bir azca zarafat basıb.
Və
odur ki, bu dünyada günahkar axtarmağa dəyməz... Nə
çoxdu günahkar...
İlk
günahkar atamız Adəm,
İlk
üsyançı qardaşımız Qabildi.
Sözü
qudurdub
başımıza
çıxardan Füzuli,
Səsi mələdib
dizimizə
endirən Habildi!
Kitabın
quruluşu da maraqlıdır – sən müxtəlif
mövzulu bu dünyada bir mövzu harmoniyası axtarıb
tapmağa çalışmısan, təsnifat aparmısan...
Poetik- metafizik idrak genişliyi, səmimiyyət və cəsarətinlə!..
Və
heç kəs gərək şübhə eləməsin ki,
sən də “sözü qudurdub başımıza
çıxardan”lardansan...
Sonda
hamının əvəzindən səni təbrik etmək istərdim.
Yalnız bu kitabına (“Hamı”ya) görə yox, həm də
(və ümumən) qırx ildən çox Azərbaycan ədəbiyyatına
(və insanlığına!) təmənnasız xidmətinə
görə!
Hörmətlə:
Nizami CƏFƏROV
525-ci qəzet.- 2012.- 7 aprel.-
S.18.