Emin Ağalarovun Moskvada
“After the Thunder” adlı geniş
konserti olub
“MƏN İŞ ADAMIYAM,
MUSİQİÇİYƏM, SİYASƏTLƏ MƏŞĞUL
OLMAĞA İDDİAM YOXDUR”
Rusiyada yaşayan
tanınmış azərbaycanlı
müğənni-bəstəkar Emin Ağalarovun Moskvada “After the Thunder” adlı
möhtəşəm konserti
keçirilib. APA-nın
Moskva müxbirinin verdiyi məlumata görə, konsert paytaxtın “İzvestiya
Hall” konsert kompleksində
baş tutub. Emin Ağalarov konsertdə yeni işıq üzü görmüş
“After the Thunder” adlı albomundan
parçalar ifa edib. Konsertdə Eminin yeni
“Heart Keeps Beating” (“Ürək döyünür”) sinqlinin
də təqdimatı
olub. Bundan başqa Emin albomunda yer alan
“Baby Get Higher”, “Never Enough”, “Walk Through Walls”, “Dead Roses” və “Serdse byotsya” adlı yeni mahnıları səsləndirib. O, ustadı
hesab etdiyi məşhur azərbaycanlı
müğənni Müslüm
Maqomayevin “Sinyaya veçnost” mahnısını
da oxuyub. Eminin ifasında bu mahnı tamaşaçıların
böyük rəğbətinə
səbəb olub.
Konsert iki saatdan artıq
davam edib. Konsertlə bağlı Emin Ağalarov APA-nın Moskva müxbirinə müsahibə verib.
– Bir müddət əvvəl Londonda təqdimatı keçirilən
“After the Thunder” albomu haqqında
nə deyə bilərsiniz?
– Fikrimcə, albom çox maraqlı alınıb. Bu günə
kimi çıxan albomların içində
sayca altıncıdır
və digərlərindən
çox fərqlənir.
Bu günə kimi belə albomum olmayıb. Albomda 12 mahnı yer alıb, onlardan 11-nin müəllifi özüməm.
Bu albomdakı mahnılar dinamik və ritmikdir. Düşünürəm ki, bu albom hələ ən yaxşısıdır,
nə zaman təzə albomum çıxar, onda fikrimi dəyişə bilərəm.
– Bakıda baş tutacaq “Eurovision 2012”də qonaq
qismində iştirak edəcəksiniz. Sizin üçün belə bir müsabiqədə qonaq qismində iştirak etmək nə deməkdir?
– Mənə bu təklif gələndə
böyük sevinc və məmnuniyyətlə
qəbul etdim. Əslində bu müsabiqədə
qonaq qismində iştirak etsəm də, bu, çox
böyük bir məsuliyyət tələb
edir. Məhz ona görə
ki, sən öz Vətənində sanki ölkə təmsilçisi kimi səhnəyə çıxırsan.
Sözsüz ki, çıxışımı
möhtəşəm etmək
vacibdir və çalışacağam ki,
milli koloritimizi məhz bu çıxışımda
bütün Avropaya tərənnüm edim.
Çıxışımda həm də
müasirliyi qoruyub saxlaya bilmək vacibdir.
– Müsabiqədə Rusiyanı təmsil edəcək “Buranovskiye babuşki” qrupuna azarkeşlik edəcəksinizmi?
– Azarkeşlik edə bilərəm, ancaq Səbinə Babayevadan sonra... “Buranovskiye babuşki”nin Bakıya səfərində
biz də iştirak edəcəyik. Bildiyiniz kimi 8 nəfərdən
ibarət olan qrupda 72-76 yaşlı nənələr təmsil
olunur. Onları səfər zamanı
həkimlərdən ibarət
qrup müşayiət
edəcək. Deyərdim ki,
Böyük Britaniya təmsilçisindən sonra
yaş baxımından
“Buranovskiye babuşki”
hamını geridə
qoydu. Böyük Britaniya təmsilçisi
Engelbert Hundeldinki ən yaşlı təmsilçi hesab etsələr də, Rusiya təmsilçisi bütün rekordları aşdı. Azərbaycanın seçiminə gəldikdə
isə, xalqımız
çox düzgün
seçim etdi.
Bu il gözəl,
istedadlı və musiqi duyumlu bir təmsilçimiz oldu. İnanıram ki, Səbinənin
şansı çox böyükdür.
– Bu il “Eurovision 2012”də Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinkə uşaqlıqdan
pərəstiş etdiyinizi
demisiniz. Hətta bu yaxınlarda onunla görüşmək
imkanınız da olub...
– Bu yaxınlarda Engelbert Hundeldinkin “Crocus City Hall”un Müslüm Maqomayev zalında konserti keçirildi. Konsertdən sonra onunla görüşümüz
oldu. O, öz həyat tarixçəsini
danışanda mən
bir musiqiçi və fanat olaraq
dəhşətə gəlirdim.
O, Elvis Presli ilə olan dostluğundan və onunla birlikdə balıq ovuna getməsindən danışırdı. Elvis Presli artıq 30 ildən çoxdur ki, həyatda yoxdur. Demək istəyirəm ki,
belə maraqlı adamla söhbət etməyə çoxlu mövzu vardı. Ümumiyyətlə deyərdim ki,
Böyük Britaniya təmsilçisi çox
istedadlı adamdır.
Londonun
“BBC” radiosu əbəs
yerə onu təmsilçi qismində
seçməyib. Onu tanıyırlar,
sevirlər və onun builki təmsilçiliyi
çox böyük rezonansa səbəb olub.
– Prodüseriniz tərəfindən
namizədliyiniz “Grammy” mükafatına
irəli sürülmüşdü...
– Əslində bu
tam belə deyildi. Məsələ
ondadır ki, məşhur amerikalı kinorejissor David Linç hər il
30 musiqi parçasından
ibarət yığma
hazırlayır. Mənim mahnılarımdan
biri sehrli təsadüf nəticəsində
bu yığmanın içinə düşüb.
Mənə mahnının müəllifliyini
ona verməyimlə bağlı təklif gəldi və mən də bunu məmnuniyyətlə
etdim. Bundan bir müddət
sonra David Linç tərəfindən daha bir təklif gəldi ki, mən bir gənc
müğənni kimi
öz namizədliyimi
“Grammy” mükafatına irəli
sürüm. Sözsüz ki, mən buna
çox sevindim.
Bir müddət sonra bizə namizədliyimiz barədə rəsmi təsdiq məktubu gəldi. Düzdür, bizə bu mükafatı verməsələr
də, çox sevindirici haldır ki, mənim namizədliyim ilk dəfə
bu mükafata təqdim olunub.
– Azərbaycan keçmiş
SSRİ estrada səhnəsinə Rəşid
Behbudov, Müslum Maqomayev, Polad Bülbüloğlu kimi musiqiçilər bəxş
edib. Gələcəkdə özünüzü bu musiqiçilər sırasında görürsünüzmü?
– Mən öz subyektiv fikrimi deyərdim. Azərbaycanın Rusiya və
keçmiş SSRİ-yə
bu istedadlardan ibarət hədiyyəsini
iki hissəyə bölərdim. Müslüm
Maqomayev və digərləri... Müslüm
Maqomayev həyatdan köçəndə hazırda
onun abidəsi olan yerdə belə bir yazı
var idi: “Azərbaycan, Müslümə
görə çox sağ ol!” Bu
böyük sevincdir ki, Rusiya xalqı
Azərbaycan musiqi nəhənginə belə
bir qiymət verir. Müslüm Maqomayevi heç
kəslə müqayisə
etmək olmaz. O ki qaldı özümə,
mən çox gəncəm və mənim belə bir iddiam yoxdur.
Əgər gələcəkdə
Müslüm Maqomayevin
etdiklərinin lap kiçik
bir qismini edə bilsəm və bunu xatırlasalar,
çox şad olaram. Bu barədə
danışmaq hələ
çox tezdir.
– Yeni albomunuzun gələcəkdə harada
təqdimatı gözlənilir?
– İlk təqdimat
Londonda keçirildi. İndi isə
Moskvada təqdimat keçirilir. Düşünürəm ki, “Eurovison-2012” öncəsi
Bakıda da təqdimat keçirmək
olar. Lakin bu hələlik plan olaraq qalır. Bundan başqa yay-payız aylarında Avstriya, İtaliya, Almaniyada da diskin təqdimatının
keçirilməsi nəzərdə
tutulub.
– Gələcəkdə siyasətlə
məşğul olmaq
istəyiniz var?
– Yox. Qətiyyən yox. Mən
iş adamıyam, musiqiçiyəm, siyasətlə
məşğul olmağa
heç bir iddiam yoxdur.
525-ci qəzet.-
2012.- 7 aprel.- S.17.