Gənc yazar Pərvinin “Qar yağacaq” kitabının təqdimatı olub
XALQ YAZIÇISI ANAR: “PƏRVİNİN
HEKAYƏLƏRİ ƏN ÇOX ONA GÖRƏ XOŞUMA GƏLDİ
Kİ, ONLARDA SAFLIQ, HƏYATA XOŞ BAXIŞ VAR”
Ötən
gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan”
klubunda gənc yazar Pərvinin “Qar yağacaq” adlı
kitabının təqdimat mərasimi keçirilib. Kitab “Təhsil”
nəşriyyatının “Müəllifin ilk kitabı” layihəsi
üzrə ikinci nəşrdir. Tədbiri AYB katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid açaraq, ilk növbədə
“Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundova
gənc yazarlara göstərdiyi qayğıya görə
öz təşəkkürünü bildirib. Layihə ilə
bağlı məlumat verdikdən sonra müəllifin
yaradıcılığı barədə fikirlərini
bölüşən R.Məcid Pərvinin son iki ildən bəri
bədii və publisistik yazıları ilə mətbuatda fəal
çıxış etdiyini, onun gələcəkdə Azərbaycan
ədəbiyyatının layiqli təmsilçilərindən
biri olacağına böyük ümid bəslədiyini
bildirib: “Bu ideya “Təhsil” nəşriyyatının rəhbəri
Bəhruz Axundovun təşəbbüsü ilə yarandı
və sağ olsun ki, Anar müəllim də bu ideyanı dəstəklədi.
Mən Zərdüştün kitabının təqdimatında
da qeyd etmişdim ki, nəsillər arasında körpü
yaratmaq baxımından, indiki gənc yazarlardan bəlkə də
yarım əsr böyük olan
yazıçılarımızın belə tədbirlərdə
iştirak etmələri əhəmiyyətlidir. Pərvin təxminən
iki ilə yaxındır ki, Yazıçılar Birliyinin
üzvüdür, “Gənc ədiblər” məktəbinin
üzvü olub, “525-ci qəzet” də layihə müəllifidir.
Onun ilk hekayəsi “Qar yağacaq” çapdan çıxanda mənim
Pərvinin bir nasir kimi uğur qazanacağına ümidim
artdı. Sonra Pərvin qəzetdə maraqlı layihələrə
imza atdı, bizim dəyərli yazarlarla maraqlı müsahibələr
apardı” .
Kitabın
redaktoru, yazıçı Mustafa Çəmənli gənc
yazarı təbrik edib, onun yazılarında xüsusilə
diqqət çəkən məqamları vurğulayıb: “Pərvin
xanımla biz bir neçə dəfə həmsöhbət
olmuşuq. Ancaq onu bir yazar olaraq “525-ci qəzet”in səhifələrindən
tanımışam. Pərvinin hekayələrində çox
təbii bir axar var. Yazıları çox
inandırıcıdır. Bu hekayələr çox sadə
axarla başlayır və gözlənilməz, xüsusilə
də nikbin bir sonluqla bitir. Sevindirici bir haldır ki, Pərvinin
yazılarında dialekt, şivə hiss olunmur. Adətən əks
cinsin nümayəndələri biz kişilərin həyatından,
bizim keçirdiyimiz hisslərdən yazırlar. Amma nə
yaxşı ki, siz öz həmcinslərinizin, həmyaşıdlarınızın
hisslərini ifadə edirsiniz. Pərvinin hekayələrində
mənim diqqətimi cəlb edən nüanslardan biri də məhz
budur”.
Xalq
şairi Sabir Rüstəmxanlı Pərvinin istedadlı yazar
olmaqla yanaşı, həm də ziyalı, ədəbiyyatı
dərindən bilən savadlı bir xanım olduğunu
bildirib: “Gənc şair və yazarların kitablarını
heç bir təmənnasız nəşr etdirməyi öz
boynuna götürdüyü üçün “Təhsil” nəşriyyatına
mən də öz minnətdarlığımı bildirirəm.
İlk kitabın sevinci başqa olur. Yadıma gəlir, bizim
ilk kitablarımız yarım çap vərəqi
çıxırdı və biz ona “qaranquş”, yaxud da “ədəbiyyata
pasport” deyirdik. Pərvinin bu kitabı da ədəbiyyata
pasportdu, ancaq onun bu pasportu mənə elə gəlir ki, kifayət
qədər sanballıdır. Bu kitab Azərbaycandan kənara
da çıxa bilər. Pərvin istedadlı yazar olmaqla bərabər,
həm də savadlı, ziyalı və ədəbiyyatı dərindən
bilən bir azərbaycanlı xanımdır. Bu da, təbii ki,
sevindirici haldır. “Qar yağacaq” kitabındakı hekayələrin
çoxunda psixoloji süjet var. Bu hekayələrdə müəllifin
özü, özünün dünyaya baxışı var. Pərvinin
qəhrəmanları içindəki adamlardır və o, həyat
baxışını xırda adamların adı ilə
oxucuya çatdırıb”.
Şair
Vaqif Bəhmənli bu kitabın son vaxtlar çap olunanlar
içində özünəməxsusluğu ilə
seçildiyini bildirib: “Mən kitabın ilk cümlələrini
oxuyanda anladım ki, ədəbiyyatımıza həqiqətən
də çox istedadlı, həqiqi nasir olan bir
yazıçı gəlir. Təbii olaraq, mənim yadıma
Anar müəllimin, Əkrəm Əylislinin, Yusif Səmədoğlunun,
İsi Məlikzadənin və bu nəsildən olan bir
çox istedadlı yazıçıların ilk kitabları
gəldi. Anladım ki, bu, gerçək, həqiqi ədəbiyyatdır.
Kitab bütövlükdə həyatın bir
parçasıdır. Mən burda həyatın rənglərini
gördüm, Pərvinin özünü gördüm. Bundan
başqa kitabın olduqca sadə dili var, buraya daxil olan hekayələr
ümumiyyətlə insan psixologiyasına zərər gətirən
hər cürə düşüncə
qırıntılarından azad bir dildə yazılıb”.
Dramaturq
Əli Əmirli günümüzdə ədəbiyyata, ədəbi
gəncliyə geniş meydan verildiyini qeyd edib: “Bu gün gənclərin
yaradıcılığına geniş yer verilir, onlar fəal
təbliğ olunur, televiziyalarda, internetdə ədəbiyyata
çox geniş verilir. Burda ancaq o geniş yer olduğu
üçün fərqlənmək, seçilmək
çox çətindir. Bu gün ədəbiyyatda çap
olunmaq yox, diqqət cəlb etmək daha önəmlidir. Pərvin
öz həmyaşıdları, həmkarları arasında
kifayət qədər diqqət cəlb etməyi və
seçilməyi bacaran çox istedadlı bir xanımdır”.
Azərbaycan
Dillər Universitetinin doktorantı Xəyalə Əfəndiyeva
Pərvini ilk kitabının nəşr olunması münasibətilə
təbrik edib. Pərvinin yanaşdığı bütün
işlərdə hər zaman məsuliyyətli, özünə
qarşı tələbkar olduğunu qeyd edən X.Əfəndiyeva
onu “düşüncələrimin mənəvi anası”
adlandırıb, Pərvinin həm özünün, həm də
yaradıcılığının gənclərə örnək
olduğunu dilə gətirib: “Onun əsərlərindəki dərin
psixoloji və lirik üslub, zərif yazı manerası,
aydın dili, əsərlərindəki dərin mənalar onu
deməyə əsas verir ki, Pərvinin getdiyi
yaradıcılıq yolu ən düzgün seçimdir”.
Xalq
yazıçısı, AYB sədri Anar
çıxışında Pərvinin hekayələrində
həyata xoş baxışın diqqət çəkdiyini
vurğulayıb: “Bu gün mən çox sevinirəm ki, belə
bir layihə var, gənclərin kitabları nəşr edilir.
Buna görə mən də öz növbəmdə “Təhsil”
nəşriyyatına, Bəhruz müəllimə təşəkkürümü
bildirirəm. Mən “525-ci qəzet”də Pərvinin
götürdüyü müsahibələri, onun
yazılarını izləyirəm.
Görüşdüyü insanları çox maraqlı təqdim
edir. Bu kitaba gəldikdə isə, vaxtım az olduğu üçün
cəmi 3 hekayəni – “Mən... yuxu... sənət”,
“Professional” və “Qar yağacaq” hekayələrini oxumuşam.
“Mən... yuxu...sənət” hekayəsi sevginin cənnətdən
də üstün olmağı haqında bir hekayədir,
“Professional” da yumor hissi mənim xoşuma gəlir. Ancaq ən
çox xoşuma gələn “Qar yağacaq” hekayəsi oldu.
Bu hekayə ədəbiyyatda elə də çox olmayan bir səpkidə
yazılıb. İnsan ovqatının dəyişməsi,
insanın təbiətlə əlaqəsi haqqındadır bu
hekayə. İnsana qarın da, yağışın da təsiri
var, çünki insan təbiətdə doğulub və təbiətlə
üzvi surətdə bağlıdır. Bu hekayədə
zahiri süjetə görə nə baş verir? Əsəbi
xəstə olan bir qadın həkimə gedir, həkimdən
çıxır, dərman almaq istəyir, sonra bir dilənçi
rus qadınla qarşılaşır... Ortada bir hadisə baş vermir, amma bu olanlar
onun ovqatını dəyişdirir. Bax, bu ovqatın
dəyişməyini, ovqatın
çalarlarını Pərvin
çox gözəl qələmə alıb.
Mən çox təəssüf
edirəm ki, nə gəncləri, nə digər nəslin nümayəndələrini
çox oxumaq imkanım olmur. Amma bəzən oxuduğum əsərlərdə
bir qaranlıq görünür, mən ona “qarabasma ədəbiyyatı” deyərdim,
müəllif dünyaya
qara eynəkdən baxır, həyatı elə pis görür
ki, adam
oxuya da bilmir. Mənim Pərvinin hekayələrindən
ən çox ona görə xoşum gəldi ki, onlarda saflıq,
həyata xoş baxış var”.
AYB katibi Arif Əmrahoğlu
istedadlı yazarların
üzə çıxarılmasında
Rəşad Məcidin
önəmli rolu olduğunu, “Təhsil” nəşriyyatının da
bu işə dəstək verməsinə
sevindiyini önə çəkib, sonra isə təqdim edilən kitab barədə fikirlərini
açıqlayıb: “Pərvinin
kitabında diqqətimi
çəkən bir əsas cəhət bu oldu ki,
o, həyatda yazmaq üçün mövzunun
tükənmədiyini sübut
etdi. Gözünü açıb hara
baxsan, mövzudur.
İkinci cəhət isə,
onun yazılarındakı
sadəlöhvlük, sadəlikdir.
“Sevimli.. zərif... mənim” hekayəsində
çox gözəl,
qeyri-adi bir ovqat yaradıb, ordakı qız kimi biz də az qala o ovqatın,
bəlkə də göy qurşağının
arxasında qalan sevincimizin arxasınca qaçmağa çalışırıq”.
Xalq yazıçısı Çingiz
Abdullayev Pərvinin kitabını çox böyük maraqla oxuduğunu dedi: “Mənə təsir edən əsasən də odur ki,
siz doğrudan da bugünün ədəbiyyatını yaradırsınız.
Sizin yazdıqlarınızda mən
gəncliyi hiss edə
bilirəm. Amma məncə,
bu gün sizin üçün nə qədər yaxşı sözlər deyilibsə, bunlar hamısı sizə bir avansdır. Əsl uğurlar və təriflər hələ
gələcəkdədir. Nəsr yazmaq çox çətindir. Sizə bu
çətin yolda uğurlar diləyirəm”.
Sonra söz
“Təhsil” nəşriyyatının
direktoru Bəhruz Axundova verilib. Ədəbiyyata yeni simaların, yeni nəfəslərin gəlməsinin vacibliyini vurğulayan Bəhruz Axundov ədəbi mühit üçün maliyyə imkanlarının
məhdud, şəraitin
çətin olduğu
bir vaxtda istedadlı gənc yazarların kitablarının
nəşr edilməsini
özünə borc bildiyini qeyd edib.
Xalq şairi
Fikrət Qoca Pərvini istedadlı gənc yazar kimi tanıdığını
söyləyib, onu kitabının nəşrilə
bağlı təbrik
edib, yaradıcılıq
yolunda müəllifə
yeni uğurlar arzulayıb.
Azərbaycan Pedaqoji Universitetinin
kafedra müdiri Himalay Qasımov, türkoloq Elman Quliyev, yazıçı İlqar
Fəhmi, Pedaqoji Universitetin elmi katibi Laçın Həsənova da gənc yazarı ilk kitabının işıq
üzü görməsi
münasibəti ilə
təbrik ediblər, onun yaradıcılığı
haqqındakı fikirlərini
bölüşüblər.
Sonda müəllifin
özünə söz
verilib. Pərvin tədbir iştirakçılarına
minnətdarlığını bildirib, yazıları və kitabı barədə fikir söyləyənlərə təşəkkür
edib, onların inamını doğrultmağa
çalışacağını vurğulayıb.
GÜNEL
525-ci qəzet.- 2012.- 7 aprel.- S.16.