Qardaşım Anar
Əslində ona Böyük qardaşım Anar deməyim daha doğru olar. Hər halda, məndən bir neçə yaş böyükdür. Və bizim aramızdakı münasibət, təntənədən, hər cür mənsəbdən uzaq bir qardaşlıq münasibətidir. Bakıda, İstanbulda, Moskvada, Ankarada, Parisdə – harda qarşılaşmışıq, sanki öz qardaşımı görmüşəm. Onun da eyni hisslər keçirdiyini bilirəm.
Anarla bizi birləşdirən, aramızda bənzər çox şey var. O, hər şeydən öncə bir vətənpərvərdir. Xidmətlərini nümayiş etdirən şöhrətpərəstlərdən, mənəmlik duyğusuna hakim olanlardan deyildir. Tam tərsinə! Çıxardığı jurnallar, uzun illər Yazıçılar Birliyinə rəhbərliyi, hər işi Azərbaycan millətinin xoşbəxtliyi, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünya miqyasında tanınması üçündür. Belə insanlar azdır, nadirdir. Şübhəsiz ki, Nazim Hikmət belə idi. Getdiyi hər yerdə, hər ümdə məsələdə Türkiyənin, Türkcənin bayrağını dalğalandırırdı. Çox yaxından tanıdığım Əziz Nesin də beləydi. Anar bu soydan, belə nadir və mənim üçün “mübarək” yazıçılardandır.
Onlar heç bir zaman dar anlamda milliyətçi deyillər, yüksək humanizm və hərtərəfli bir sevgiylə ölkəsini, xalqını, dilini tanıdan, müdafiə edən və təmsil edənlərdirlər. Onlar xidmətlərinin müqabilində heç vaxt heç bir əvəz gözləməz və istəməzlər... Çünki bu, onların şəxsiyyətlərindən irəli gəlir...
“Səmavi” nəşriyyatında nəşr məsələləri üzrə məsləhətçi işlədiyim zamanı onun bəzi romanlarının da çap olunmasına çalışmışdım.
Azərbaycan ədəbiyyatının müasir, moder üzünü Türkiyədə tanıdan ilk yazıçı Anardır. Romanları, pyesləri, ssenariləri ilə, əsərlərinə çəkilmiş filmlərlə o, bir dünya yazıçısıdır.
Bu gün Türkiyədə qardaş Azərbaycan ədəbiyyatına yönəlmiş oxucu marağının baş memarı da Anardır.
Burada onun Azərbaycana bağlı olduğu qədər də bir Türkiyə sevdalısı olduğunu da izah etməliyəm... Və xatirələr... Ortaq xatirələrimiz... Gününü, saatını, dəqiqəsini və nələr danışdığımızı xatırlamasam da ilk görüşümüzün əsası 1970-ci ilin əvvəllərində Azərbaycana səfərim zamanı olmalıydı...
Ata-ana yurdum Azərbaycan məni elə ovsunlamışdı ki, sanki uşaqlıq illərimin xatirəsi – Qars şəhərinə getmişdi....
Anarla və onunla eyni ədəbi nəslin nümayəndəsi olan və hamısına qardaş münasibəti duyduğum azərbaycanlı yazıçı və sənət adamları ilə də ilk görüşümün əsası da o tarixdə qoyulub. Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Vaqif Səmədoğlu, Fikrət Qoca, Əkrəm Əylisli, Elçin Əfəndiyev, Oqtay Mirqasımov bu yazıçılar və sənət adamları arasındadır və sonrakı illərdə tanış olduqlarımın hamısının qəlbimdə ayrı-ayrı yeri vardır...
Və Anarın anası, çox dəyərli, unudulmaz şair Nigar xanım Rəfibəyli, atası, Azərbaycan modern şeirinin yaradıcısı, böyük şair Rəsul Rza... Bu ilk səfərdə onlarla da görüşməyə nail olmuşdum. Uzun illər sonra Anarla birlikdə atası Rəsul Rzanın Moskvada müalicə olunduğu xəstəxanada ziyarətimiz də unudulmaz xatirələrim arasındadır. O ziyarətin təəssüratları “Şairin istədikləri” başlıqlı bir yazımda əksini tapıb. (Cümhuriyyət, 18.12.1999)
Anarın əsərləri, şəxsiyyəti və ortaq xatirələrimizlə bağlı düşündüklərim, müşahidələrim, təəssüratlarım tək bir yazının sərhədləri arasına sığmaz.
Bu yazını “Qardaş Qələmlər” jurnalının Anara həsr olunmuş xüsusi sayına çatdıra bilmədiyimə görə çox məyusam. Sözlərimi hər dəfə fürsət düşdükcə bəhs etdiyim bir xatirəylə sona yetirirəm. Hansı il olduğunu xatırlamıram. Amma ilk görüşümüzdən bir müddət sonrakı illərdən biri idi. Xəzərin sahilində, Bakının geniş meydanlarından birindəydik, gecədən xeyli keçmişdi.
Xəzərdən sahilə doğru əsən Bakı küləyi çətirlərimizi və saçımızı dağıdarkən, Anar Boris Pasternakdan Azərbaycan türkcəsinə tərcümə etdiyi “Hamlet” adlı məşhur şeiri oxudu. Həmin anda ürəyindən gəlmişdi və ətrafdakı mənzərə bu güclü şeirin vurğunları, ahəngi, məcazları və Anarın gümrah səsi ilə həmahəng səslənirdi. Güclü və mürəkkəb şair olan Pasternak bu şeiri rusca deyil, sanki azərbaycanca yazmışdı...
O anda bir şeir tərcüməçisinin bir dili nə qədər şərəfləndirə biləcəyinin şahidi oldum və dostumu ürəkdən təbrik etdim.
Azərbaycanın,Azərbaycan türkcəsinin böyük yazarı, seçilmiş ozanı, Azərbaycan və Türkiyə arasında qardaşlıq körpüsü qurmağı bacarmış qardaşım Anarı sevgiylə, həsrətlə qucaqlayıram...
Ataol BƏHRAMOGLU
Azərbaycan türkcəsinə uyğunlaşdırdı:
T.Teymurova
525-ci qəzet.- 2012.- 7 aprel.- S.15.