Şairə və rəssam Yeşim Ağaoğlu ilə Azərbaycan Yazıçılar Birliyində görüş olub

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda türkiyəli şair və instalyator Yeşim Ağaoğlu ilə görüş keçirilib. Yeşim Ağaoğlunun şeirləri 18 yaşından Türkiyənin müxtəlif dərgilərində dərc edilib. Azərbaycanda həm ana dilimizdə, həm də rus dilində şeir kitabları nəşr olunub. Yeşim Ağaoğlu bir neçə dəfə Bakıya gəlib, festival və art-layihələrə qatılıb. BESAM İdarə Heyətinin üzvü, 6 şeir kitabının müəllifidir.

Görüşdə AYB katibi, Xalq yazıçısı, Pen Mərkəzinin prezidenti Çingiz Abdullayev, Birliyin digər katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlubaşqa tanınmış qələm adamları iştirak ediblər. Tədbiri Səlim Babullaoğlu açaraq, ilk növbədə qonağı salamlayıb, Yeşim Ağaoğlunu təqdim edərkən onun Azərbaycan kökənli olduğunu önə çəkib: “Bildiyiniz kimi, bu, Yeşim Ağaoğlunun Azərbaycana ilk gəlişi deyil. Yeşim xanım bir neçə dəfə Bakıda olubbir sıra tədbirlərdə iştirak edib. Bu günlərdə Bakıda keçirilən “Vizual Poeziya” adlı sərgidə yer tutan şəxslərdən biriYeşim xanım oldu. Bir neçə gün bundan əvvəl Yeşim Ağaoğlunun fərdi sərgisi açıldı. Yeşim rəssamlığın modern qoluna aid olan əsərlər yaradır. Onun əsərləri, düşünürəm ki, müasir insanların həyatının, yaşam tərzinin uğurlu əksidir”. S.Babullaoğlu qeyd edib ki, bir neçə gün əvvəl Yeşim Ağaoğlu Azərbaycan Rəssamlar İttifaqının və Pen Mərkəzinin fəxri üzvü seçilib.

Çingiz Abdullayev Yeşim Ağaoğlunu yenidən Azərbaycanda görməyindən məmnun olduğunu bildirib: “Biz belə qərara gəldik ki, Pen Mərkəzinin ilk fəxri üzvü kimi hörmətli türkiyəli dostumuzu, Yeşim xanımı seçək, fikrimcə, bu, layiqli seçimdir. Mən onu ürəkdən təbrik edirəm”. Sonra Ç.Abdullayev Pen Mərkəzinin üzvlük vəsiqəsini Yeşim Ağaoğluya təqdim edib.

Y.Ağaoğlu Azərbaycana növbəti gəlişinə çox sevindiyini, həyəcan, sevincqürur hissi keçirdiyini bildirib: “Azərbaycan Yazıçılar Birliyinə, Pen Mərkəzinə, xüsusilə də Çingiz bəyə, Səlim Babullaoğluya təşəkkürümü bildirirəm. Azərbaycan mənim ikinci vətənimdir. Bilirsiniz ki, mən Azərbaycan kökənliyəm, Qarabağlıyam. Təbii ki, burada özümü qətiyyən yad hiss etmirəm. Azərbaycanda olmadığım zamanlarda da hər zaman qəlbim sizinlədir, buralardadır. Mənə verdiyiniz bu yüksək dəyərə görə hər birinizə minnətdaram”.

Rəşad Məcid Yeşim Ağaoğlu ilə tanışlığından söz açıb, onu istedadlı, maraqlı insan kimi dəyərləndirib: Onun Qarabağla, Ağaoğlu nəsli ilə bağlı dedikləri çox maraqlıdır, həyəcanvericidir. Əhməd bəy Ağaoğlu həm Azərbaycanın, həm də Türkiyənin böyük mütəfəkkiri, dəyərli ictimai xadimi olub. O nəsildən olan bir insanın yenidən Azərbaycana gəlməsi, burda bizlərlə bir yerdə olması qürur doğuran hadisədir. Yeşim xanım həm çox istedadlı şairə, həm də gözəl rəssam, fotoqrafdır. Hesab edirəm ki, onun fəaliyyəti Azərbaycanın gənc yazar xanımlarının yaradıcılığı, poeziyanın, ədəbiyyatın inkişafı, ədəbi dəyərlərin möhkəmlənməsi yolunda çalışmaları üçün önəmli stimuldur”.

Tədbirdə Yeşim Ağaoğlu “Çılğınların en büyüyü”, “Gece yarısından sonra”, “Bakının rüzgarı” və digər şeirlərini səsləndirib. Görüşün sonunda Y.Ağaoğlu iştirakçılara hədiyyə edilən şeir kitablarını və kataloqlarını imzalayıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 10 aprel.- S.7.