İnam şairi, zaman
şairi, şaman şairi
Rüstəm
Behrudi – 55
“Mən 53 yaşımda, 29
yaşında dostum
məndən güclüdür.
Zal oğluna bənzəyən Rüstəm
məndən güclüdür.
Oxudum... misraların qana batmış
inci, dür,
Nə yaxşı ki, söylədim
Rüstəm məndən güclüdür”.
Xəlil Rza
Ulutürk
Ötən əsrin 60-ci illərindən
oxucuların dərin rəğbətini qazanmış Xəlil
Rza Ulutürk, Məmməd Araz, Əli Kərim, Musa Yaqub, Sabir
Rüstəmxanlı, Ramiz Rövşən kimi şairlərimiz
Azərbaycan poeziyasının səmasında yeni parlayan
ulduzlara bənzəyirdi. Xəlil Rza nərəsi, Əli Kərim
təşbehi, Musa Yaqub kədəri, Ramiz Rövşən
çılğınlığı, Sabir Rüstəmxanlı
vətəndaşlığı, Məmməd Araz niskili ilə
köklənən bir şair səsi də eşidilirdi.
Kövrək hayqırtısı ilə, ağı deyən səsi
ilə, böyük Turan nəfəsi ilə qəlbi
döyünən Rüstəm Behrudi.
İlk şeirini 13 yaşında yazan
R.Behrudi yaradıcılığı yeni Azərbaycan
şeirinə ayna tutaraq, öz söz dünyasını
yaratdı.
Kurqanları yaradan,
Şərqdən Qərbə
atılıb vulkanları yaradan
Köhnə-yeni eradan!
Mən 53 yaşımda 29 yaşında
dostum məndən güclüdür,
Zal oğluna bənzəyən Rüstəm
məndən güclüdür.
– deyən Azərbaycan şeiriyyat
meydanının nəhəng sərkərdəsi Xəlil Rza
Ulutürk Rüstəm Behrudini özündən güclü
gənclik adlandırdı. Görkəmli şair fəxarət
və təvazökarlıqla:
Mədəd, yardım istəyir,
Quyuların dibində uğuldayan odlardan
Orhan, Yenisey kimi, Kaşkarlı Mahmud kimi
Ən müqəddəs adlardan,
Dənizdən dənizlərə
çapıb gələn atlardan!
“Avesta” kitabında öküz dərilərinə
həkk olunmuş adlardan
Oxudum... misraların qana batmış inci,
dür,
Nə yaxşı ki söylədim
Rüstəm məndən güclüdür,-
Gənclik gəlir!
Məndən güclü, məndən cəsur,
məndən məğrur gənclik gəlir
deyərək Rüstəm Behrudiyə sənət
yollarında xeyir-dua verdi.
Bu illərdən başlayaraq Rüstəm
Behrudi yaradıcılığı Azərbaycan və
Türkiyə ictimaiyyətinin də diqqətini cəlb etdi. Ən
tanınmış ziyalılarımız – şairlər, ədəbiyyatşünaslar,
elm adamları onun haqqında sanballı məqalələr
yazdılar, dəyərli fikirlər söylədilər.
Əslində gənc olmasına baxmayaraq,
öz poeziyası ilə Azərbaycan azadlıq hərəkatında
müəyyən xidmətləri olan, bədii
yaradıcılığı ilə türkün bədii
fikrinin inkişafında irəliyə bir addım atan
şairin poeziyamıza gətirdiyi yeniliklər ədəbiyyatın
həyatla əlaqəsinə əyani sübut oldu. Öz
şeirlərində Azərbaycan xalqının tarix boyu
azadlıq hərəkatını dərin səmimilik və mənəvi
təmizliklə təsvir edən, Tanrıçılıq və
türkçülük ideyalarına yeni rövnəq verən,
Şamanizm motivlərini cəsarətlə təqdim edən,
fəlsəfi və siyasi düşüncələrində
ziddiyyətlərə meyl göstərməsinə baxmayaraq
öz xalqının ən səciyyəvi xüsusiyyətlərini,
onun gücünü və zəifliyini həm şair, həm
filosof, həm ideoloq kimi qələmə almağa qadir
olduğunu sübut edərək xalqımızın bədii
düşüncəsini bənzərsiz poetik əsərlərlə,
yeni kəşflərlə daha da şöhrətləndirdi.
“Bu milləti öymək yox, sevmək gərəkdir.
Nə yazdımsa, türklük savaşında can qoymuş
adsız qəhrəmanların ruhuna dua kimi yazdım...
Türklük savaşında sıra nəfəri olmaqdan
böyük xoşbəxtlik yoxdur yer üzündə!’’
And olsun Tanrı dağa,
Ota, gülə, yarpağa.
Turan qalxıb ayağa,
Qılınclar qına gəlməz!
Turançılıq,
türkçülük ideyaları R. Behrudi
yaradıcılığının ana xəttini təşkil
edir. Pantürkist çıxışlarına görə tələbəlik
illərindən başlayaraq dəfələrlə təqiblərə
məruz qalmış, həbsxanalara salınmış
şairi bu əqidəsindən döndərmək
mümkün olmayıb.
Açılmaz tilsimi füsunkar
sözün,
Söz açar dərdimin tilsimin ancaq,
Turanın dərdini qoyun mən deyim
Bir kimsə mənimtək
danışmayacaq.
Naxçıvan Dövlət Universitetini fərqlənmə
diplomu ilə bitirmiş şair daima türk
dünyasının tarixi kökləri, fəlsəfi
düşüncələri ilə nəfəs
almışdır və bu hisslər, duyğular onun
poeziyasında öz əks-sədasını
tapmışdır.
Böyük türk alimi Əhməd Bican Ərcilasun
R. Behrudi haqqında yazır: “Rüstəmi oxuyarkən həyəcanıma
sədd vurmam mümkün deyil. Tanrıya şikayətdə
bulunarkən hələ Əbdülhaq Hamid kimi sözün, kəlmənin
qiyafəsizliyini anlatmaq istər. Fəqət o bizi
şüuraltımızın dərin köklərinə
götürməyi bacarır. Mənə elə gəlir ki,
R. Behrudi zamanlar üstündə yaşayan bir şairdir. Elə
bir yerdə yaşamaqdadır ki, orada dün, bu gün,
yarın yoxdur. Yalnız Tanrı Qara xanla su vardır. Şairimiz
sanki o suyun üzərindədir və oradan dünyaya
baxmaqdadır!’’
Rüstəm Behrudi türklərin mifoloji
dünyagörüşünü açıqlayarkən
“Göy adamları – türklər”dən, “ Hiray və
Tanrı dağları arasında” yaşayan xalqdan bəhs edərkən:
“Hər xalq özünə uyğun insanın yaranmasına
dair təsəvvürə malik olub. Xalqların körpəlik
dövrünü əks etdirən mifik təfəkkürdə
insanın yaradılış hekayəsi bu və ya digər dərəcədə
bir birinə oxşamaqdadır”- demiş şair bütün
oxşar və fərqli cəhətləri bir kənara qoyaraq
türkün yaddaşının bərpasını, su kimi təmizliyinə
qayıdışını qələmə
almışdır:
Yenə də dönərik o təmizliyə,
Ehey, bacım çaylar, ey anam dəniz.
Bu gün andlarımız özgələrədir,
Çox şeyi, çox şeyi
unutmuşuq biz...
Hər bir misrasında tariximizi,
etnoqrafiyamızı, folklorumuzu, inanc və etiqad mənbələrini,
arxaizmləri öz şeirlərində qeyri-adi həzinliklə
canlandıran şair mifik obrazlarla birgə türkün qəhrəmanlıq
salnaməsində ad qazanmış tarixi şəxsiyyətlərin
ruhunu köməyə çağırır.
Hər şey ayrılıqdan
başladı.
Ayrılıqdan başladı
Olum da, ölüm də, doğum da.
Elə bu ayrılıqdan başladı
Mənim şeir adlı yolçuluğum
da.
Bu yolda büdrəsəm,
çağırsam-
Eşidərsinizmi?
Ağlasam – duyarsınızmı?
Ürəyimi görə bilərsinizmi...
Göz yaşlarımın
parıltısında?!
Professor T.Hacıyevin qənaətincə
“Dədə Qorqud kıtabı”ndan “Salam Dar ağacı”nacan”
məqaləsində “Dədə Qorqud kitabı”ndan sonra
heç kəsdə etnik tariximiz bu genişlikdə bədiilik
predmetinə çevrilməyib”. Doğrudan da Rüstəm
Behrudi yaradıcılığında “Salam Dar ağacı”,
“Nə qaldı haqq anına”, “Yaradılış məsəli”,
“Ağzı atəş kimi bir qurd”, “Vətən”, “Haqq sevən
bəndəyə elə dindi türk”, “Turan qalxıb
ayağa”, ”Qan içində üzür Turan” və s. kimi
şeirlərində böyük Tunarın sərhədlərini
misra-misra, söz-söz poetik duyğularının
arxarında cızan şairin, məmləkətinə olan məhəbbətinin
sərhəddi yoxdur.
Onun şeirlərində gah zərdüştün
atəşpərəstliyi, oda sitayişi, işığa
andı; gah bütpərəstin bütü, gah allahların əfvi,
gah Allahın mələklərinin oxuduğu nəğmələri,
gah İsanın, Musanın, Məhəmmədin unudulması
mümkün olmayan Nuh peyğəmbərin haqqı, gah
göydən gələn dörd müqəddəs kitabı,
gah dərvişin ilahi sevgisini, gah Şamanın göylərə
müraciətini və sonda yenə də tək Allaha
sitayişini görürük.
“Düşünə-düşünə
uşaqlıqdan yaddaşımızda özünə yer eləmiş
işıq haqqı andına üz tutub 1400 il özümə
doğru yol gəlmişəm. Bir də ayılmışam
ki, oğlum da, ətrafımdakı cocuqlar da işıq
haqqı deyir:
Canım işıq, gözüm
işıq
Nur içində sözüm
işıq...
Anamın üzünün nuru,
Gözlərimin qarası işıq.
Gündoğandan günbatana,
Bacılarımın sevgilisi
Qardaşlarımın yarası
işıq-demişəm”.
Şairin sevgi mövzusunda
yazdığı şeirlərində müdrik fəlsəfi
intellekt bədii sözün qüdrətilə vəhdət
təşkil edir. Müəllif bəzən bir bənd
şeirdə öz hisslərini daha aydın ifadə etmək
üçün vəsf etdiyi hissi sözün mənasını
azaltma dərəcəsindən çoxaltma dərəcəsinədək
yüksəldərək ifadə edir:
Səni sevdim,
Sevmək azdır.
Bu eşq bizə tale yazdı.
Görən Tanrı nəyə yazdı,
Bu sevdanın günahını?
Şair bu misralarda sevgi sözünü əvvəlcə
eşqlə, sonra isə sevda kimi adekvat variantlarda işlədir.
Burada lirik qəhramanın hisslərini dolğun ifadə etmək
üçün ona nə sevgi bəs edir, nə də
eşq. Bu sevginin ağılla idarə olunmayan həddi-
sevdadır. O, həzin lirizm içərisində fəlsəfi-intellektual
təmayüllü misralar yaradır. Onu oxuyarkən çox
zaman başqa mənbələri vərəqləməli
olursan. Şair Ramiz Rövşənin onun poeziyasında hiss
etdiyi yarımçıqlıq anlayışının
özündə oxucu ilə şair arasında olan
bütövlük var. Behrudi bəzən tam
açıqlamadığı hissi bir sözlə oxucunun
mühakiməsinə buraxaraq düşünməyə vadar
edir. Ona görə də bəzən oxucu onu bir dəfə
oxumaqla kifayətlənmir.
Şairin “Bir məktub yaz, son dəfə”
şerində deyilir:
Bir məktub yaz, hər şeyi
Yaz unuda-unuda.
Görüm nə cür dönürsən
Yağış, külək, buluda.
İlk baxışda bu adi sevgi şeiri təsiri
bağışlayır. Lakin bir az dərindən diqqət
yetirdikdə şairin məhəbbətin sonsuzluğunu təbiət
hadisələrinin köməkliyi ilə dairəvi şəkildə
sübut etdiyinin şahidi oluruq. Xalq şairi Bəxtiyar Vahabzadə
Rüstəm Behrudi haqqında yazmışdı: “Rüstəm
Behrudi 9 mərtəbəli bir binaya bənzəyir. Yüksək
binanın gözəlliyi yaxından görünmədiyi kimi,
onun gözəlliyini sonradan görəcəklər”. Mən də
bir oxucu kimi xalq şairimizin bu fikri ilə tam razılaşaraq
Rüstəm Behrudi yaradıcılığını bir az kənardan
seyr etdim. “Bir məktub yaz, son dəfə” şeirində
şairin bir kəlməni-unutqanlıq hissi sevən kəsə
yaddır fikrini, anladım. Özü də necə?! Əvvəldən
axıra kimi sevgilisindən ona üvanlanan son məktubu
yazması üçün yalvaran şairin istəyi qəribədir.
Bu elə məktub olmalıdır ki, burada tək sevənlərin
yox, vida kəlməsi ifadə olunan sözlərin gözü
dolsun, yağış yağsın üstünə,
içində payız olsun. Yəni bu ayrılığa
sözlər ağlasın, sevən kəsin göz
yaşları sözlərin üstünə
tökülsün və nəhayət elə bir son söz
deyilsin ki, o məktubun içində ayrılıq
mövsümü olan payız olsun. Məgər bu sənət
möcüzəsi deyilmi?
Bu şeirdə onun məhəbbətin
sonsuzluğunu sübut etdiyi misralar isə daha çox maraq
doğurur. Bu insan hisslərinin təbiətlə
harmoniyasının ecazkar nümunəsidir.Şair təbiət
hadisələrini insan taleyinin incəliklərini açmaq,
onun görünməyən gusşələrinə
işıq salmaq, həyatın fəlsəfi mahiyyətini mənalandırmaq
üçün bir ümumiləşdirmə vasitəsi kimi
istifadə edir. Lirik qəhrəmanın sevən kəsdən
istəyi son məktubdur. O son məktub ki, orada hər şeyi
unuda-unuda yazsın. Unuda-unuda yazmaqçünsə hər
şeyi yenidən yaşamaq, xatırlamaq gərəkdir. Xatirələr
oyananda göz yaşı töküb yağışa
dönürsən , göz yaşı tökdükcə
ayrılığın səbəbini araşdırıb
içindən kükrəyib külək kimi əsirsən.
Bu dərdin yanğısından buxarlanıb buluda
çevrilirsən . Özü də Yerlə Göy
arasında. Şair burada da başqa bir şeirində
olduğu kimi Yerin Göylərin sevgilisi olduğu məqama
toxunur: “Yer kürəsi Tanrının ən müqəddəs
sevgilisidir. Belə olmasaydı, günah içində olan yer
üzünü Tanrı çoxdan
dağıtmışdı.”
Tanrı yeri yarı sayıb,
Sənnən, mənnən naxışlayıb.
Sevgisinə bağışlayıb
Yer üzünün günahını.
“Bir məktub yaz son dəfə” şeirində
insan psixologiyasına xüsusi diqqət yetirən
sentimentallıq da var. Şeirdə, ələlxüsus, sevgi
şeirlərində, sentimentallıq olmalıdır. Hələ
1905-ci ildə Abbas Səhhət: “Təzə şeir necə
olmalı” sərlövhəli məqaləsində müasiri
olan şairləri öz əsərlərində hissi cəhətə
xüsusi fikir verməyə cağırdığı zaman,
sentimentalizm cəbhəsindən çıxış
etmişdi. Lakin Rüstəm Behrudidə bu sentimental
düşüncələr “Göy”lə “Yer” arasında
baş verdiyi üçün həm də Şamanlıqla
bağlanır. Ümumiyyətlə sənətkarın
yaradıcılığını hansı cərəyanla
bağlamaq istəyirsənsə dəfələrlə
Şamanizmə dönürsən. Onun bütün
varlığı Şamanizmdən yoğrulub. Sanki xəzəl
pıçıltısına bənzər
pıçıltısı Qare Gülmuradla səs-səsə
verib zülmət qaranlıqlar içərisində dua olub
oddan qalxan tüstü kimi səmaya yüksəlir. “Şaman
kimi sözlərdən mən tale toxuyuram”. Bu ifadənin
özündə bir cazibə qüvvəsi, bir sehr var.
Rüstəm Behrudinin şeir dilinin həzinliyi, şirinliyi,
lirizmi, işlətdiyi bədii ifadə vasitələri,
xüsusi ilə metaforalar oxucunu öz təsiri altına
salaraq füsunkar aləminə aparır: “göy üzü
yalquzaqla qabaq-qabağa durmaq”, “ürəyinin ahını
sözə tilsim etmək”, “sönən ocaqların içində
qor saxlayan külə inanmaq”, “ananın adını tanrı
duası kimi pıçıldamaq”, – və s. Mən “Şaman
duası”nı oxuyandan sonra tanınmış türkoloq Əhməd
Bican Ərçilasunun Rüstəm Behrudi haqqında dediyi: “O
Kərəmin ağzından çıxan alovdu,
özünü də yandırır, məni də. O
şüşənin dibindəki devdi, özünü də
qəhr edir, məni də.” kəlmələrinin mahiyyətini
anladım. Rüstəmin pıçıldadığı
şaman duası neçə-neçə könüllərdən
süzülüb tanrıya doğru qalxır,
pıçıltıdan aman diləyən yalvarışa
dönür: “İlahi, bu milləti yox olmaqdan hifz elə!” O bu
duanı tək özü üçün yox bütün
milləti üçün, “Şuşada minarələri
üçmuş Allah evi” üçün,
oğullarını şəhid verib “ortada qalan ana tabutu”
üçün, “zorlanmış bacı”, “təhqir
olunmuş ağbirçək’’, yenilmiş qeyrətimiz
üçün oxuyur. Oxuyur və müqəddəs
saydığı varlıqların hər birinə and
içib süngü üstünə yüyürür.
And olsun
minarəsi yıxılmış
Sahibsiz Allah evinin
Düşən daşlarının
Sinəsindəki dağlara!
(Şuşa! Zorlanmış bacı,
Təhqir olunmuş ana!)
And olsun
Yeddi oğul böyüdüb
ortada qalan ana tabutuna
Bir süngünün üstünə
yüyürüb ölməliyəm.
Bax, budur Behrudi sözünün səciyyəvi
sehrkar gücü və qüvvəti! Şamanlıq onun
bütün ruhuna hopmuş müşki-ənbər kimidir.
Zaman ötüşündə o nə rəngini dəyişir,
nə də ətrini.
Behrudi bəzən Şaman olub göylərə
dua oxuyur, bəzən “bu gündən dərvişəm daha”,
– deyərək səhralara düşür, bəzən
öz avazıyla türkləri “qurd üzünə namaz”a səsləyir,
bəzən ‘’Şuşadan keçməyən yol Kəbəyə
nə cür gedir?”- müəmmasının dəhşətindən
Allaha, Vətənə, hətta İblisin özünə də
ağı deyir. Bəzənsə onu divanəlik həddinə
çatdıran dərdinin dərmanını istəyir.
Ürəyimin yarasını
sağaltmağa
Bir dərman var tapılmayır.
Belə dərman heç bir yerdə
satılmayır
Mənim üçün “İlkinliyim” ,
“Bütövlüyüm”
Ünvanında dərman gərək.
Bölünməmiş çaylar gərək,
Dağlar gərək, orman gərək.
Mən qəmi də, mən dərdi də
İstəmirəm tikə-tikə, çərək-çərək,
Mənə hər şey tam halında-
mənə hər şey bütöv gərək.
Onun şeir palitrasında hər bir
varlığı öz əlamətində, öz rəng
çalarında görmək lazımdır. İlanın
gözünü sarı, qurdu boz, üstündə namaz
qılmağa yarpağı təmiz, Vətən yolunda
tökülən qanı qırmızı, nuru ağ, səsi
yaşıl, göyü işıqlı, yeri əlvan
(günahlı, günahsız) görməsən onda “səslər
yekrəng, yeddi rəng bir rəng olar”, əşya əşyalığından,
əlamət əlamətliyindən bezər.Vətən
Behrudisayağı vətən olmaqdan bezən kimi.
Bu payız Rüstəm Behrudinin anadan
olmasının 55 illik yubileyidir. Sanki 55 il yox, 1555 ildir ki, o
böyük Türk dünyasından bizə doğru keşməkeşli
yol gəlir. Bu yolda:
Haqq soruşsa kiməm, nəyəm,
Tanrı qulu divanəyəm.
Bir kitabam – göydən ayəm
Gəlib, kimsə dilin bilmir,
– deyərək yaratdığı hər
bir sənət nümunəsi bir dünyadır. Təməli
qeyrət, divarı cəsarət, pəncərəsi heyrət,
örtüyü söz olan sehrli dünya.
Bu sehrin açılmasını isə
şair bizlərə ərmağan edir. “Behrudi
yaradıcılığında mifoloji
dünyagörüşü”, “Behrudi
yaradıcılığında demonizm motivləri”, “Behrudi
poeziyasının linqvo-poetik tədqiqatı”, “Behrudi
yaradıcılığında təsəvvüf”, “Behrudi
yaradıcılığında fəlsəfi
düşüncələr”, “İnsan və bəşəriyyət
amili”, “Folklor və Behrudi” və sairə saymaqla bitməyən
elmi cəhətdən araşdırılmamış neçə-neçə
mövzular. Mən öz tərəfimdən onun söz
dünyasının bir qapısını açmağa cəhd
etdim. Elə astanadaca bu aləmin gözəlliyinə valeh
oldum. Döyüşgən bir xalqın kədərli nəğməsini,
oxucunun urək döyüntüsünü, şairin
hıçqırtısını və duasını
eşitdim. Onun söz dünyası ruhuma bir niqab saldı. O
niqabın da öz rəngi var: nə ağ, nə
qırmızı. Payız kimi kədərli, payız kimi
düşüncəli, payız kimi sarı. Elə onun
özü də Tanrının bizə göndərdiyi
payız payıdır. Şair, 55-ci payızın mübarək
olsun! Zaman ötüşündə sənin son payızın
olmayacaq. Sən əbədiyyət səmasında
bütün payızların mübarək heykəlini öz
salamınla yapmısan: Salam, bütün payızlara! – Əleyküm
salam!..
Nə qədər ki, türk
dünyası və türkün dili var sənin haqqında mənim
kimi, məndən də çox-çox üstün
danışanlar olacaq. Amma bir onu bilirəm ki, şeiriyyat aləmində
“Ya ölüm, – ya da ki, bütöv bir Vətən!..”
andından bu qədər həzin hayqırtı ilə bir
kimsə sənintək danışmayacaq!..
Xanım SULTAN,
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2012.- 10 aprel.- S.7.