“Molla Nəsrəddin” jurnalının
106 yaşı qeyd edilib
“Molla
Nəsrəddin” jurnalının birinci nömrəsinin
çapdan çıxmasının 106-cı
ildönümü münasibətilə Cəlil Məmmədquluzadənin
ev–muzeyi Məmməd Səid Ordubadinin mənzil-muzeyi ilə
birlikdə “Molla Nəsrəddin”in müasirləri”
rubrikası üzrə tədbir keçirib. “M.S.Ordubadi həm
də mollanəsrəddinçi ədəbi məktəbin
nümayəndəsidir” mövzulu tədbir çərçivəsində
ev–muzeyinin foyesində “Cəlil Məmmədquluzadə-Molla Nəsrəddin”
adlı sərgi nümayiş etdirilib.
Cəlil
Məmmədquluzadənin ev–muzeyinin direktoru Pərixanım
Mahmudova “Molla Nəsrəddin” jurnalının nəşri
tarixindən, bu nəşrin ətrafında
toplaşmış görkəmli, maarifpərvər Azərbaycan
ziyalıların, mollanəsrəddinçi şair,
yazıçı və rəssamların
yaradıcılıqlarından söhbət açıb. O
bildirib ki, muzey təkcə C.Məmmədquluzadənin irsinin
toplanması, tanıdılması və təbliği ilə
məşğul olmur, həmçinin görkəmli ədibin
müasirləri M.S.Ordubadi, M.Ə.Sabir, Əzim Əzimzadə
və digər “Molla Nəsrəddin”çiləri də yad
edir, onların xatirəsini həmişə əziz tutur.
Tədbirdə
Məmməd Səid Ordubadi ev-muzeyinin direktoru Lalə Abaszadə
“M.S.Ordubadi tarixi roman janrının banisi, həm də mollanəsrəddinçi
ədəbi məktəbin nümayəndəsidir”
mövzusunda məruzə edib. Direktor Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə ədibin 140 illik yubileyinə
hazırlıqlardan söhbət açıb, onun tarixi roman
janrının banisi və mollanəsrəddinçi ədəbi
məktəbin nümayəndəsi kimi fəaliyyətindən
danışıb. Bildirib ki, Mirzə Cəlilin ən yaxın
silahdaşlarından olan M.S.Ordubadi jurnalın səhifələrində
felyetonları və satirik şeirləri ilə müntəzəm
çıxış edib.
Tədbirdə
muzeyin elmi işçiləri Yeganə Məmmədovanın
“Mollanəsrəddinçi ədəbi məktəb” və
Fazilə Hümbətovanın “Molla Nəsrəddin
jurnalının birinci nömrəsinin çapdan
çıxması” mövzularında məruzələri dinlənilib.
Maliyyə-İqtisad Kollecinin tələbələri,
paytaxtdakı 21 və 150 nömrəli məktəblərin
şagirdləri Məmməd Səid Ordubadinin əsərləri
əsasında hazırladıqları ədəbi-bədii
kompozisiyanı nümayiş etdiriblər.
GÜNEL
525-ci qəzet.- 2012.- 10 aprel.- S.7.