Yeniləşən dünyanın teatr prosesi: faktlar... mülahizələr... qənaətlər...

 

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası haqqında qısa arayış:

 

Rəsmi dili fransız və ingilis dili olan Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası 50 ildən artıqdır ki, fəaliyyət göstərir. Assosiasiyanın əsas məqsədi teatr sənətinin, teatr tənqidinin təbliği və dünya teatrlarının əməkdaşlığını təmin etməkdir.

Təşkilat dünyanın 58 ölkəsində təmsil olunur. Onun prezidenti iki ildən bir seçilir və maksimum 3 dəfə seçilə bilər. Baş katib üçün isə belə bir limit yoxdur. Odur ki, hazırki baş katib Mişel Vais artıq 14 ildir ki, bu vəzifəni daşıyır.

Assosiasiya iki ildən bir Konqres və simpozium keçirir. İcraçı komitə 13 ölkəni təmsil edən nümayəndədən ibarətdir və ildə iki dəfə – payız və yaz fəsillərində yığıncaq keçirir. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası 2-3 ildən bir gənc tənqidçilər üçün (18-35 yaş dövrü) seminarlar təşkil edir. Bu təşkilat eyni zamanda müxtəlif ölkələrdə ildə bir neçə simpozium keçirir.

2006-cı ildən etibarən BTTA-nın ən fəal tənqidçilərinə “Meduza” mükafatı təqdim olunur. Varşavada keçirilmiş Konqresdə isə sözügedən mükafat Hindistandan olan teatr tənqidçisinə təqdim olundu.

Azərbaycanın ilk dəfə təmsil olunduğu Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasının XXVI Konqresi (Azərbaycan təmsilçisi əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir) bu dəfə 2012-ci il mart ayının 25-31 tarixlərində Polşanın paytaxtı Varşava şəhərində keçirildi.

60-a yaxın ölkənin nümayəndələri bu mötəbər məclisdə bir araya gəlmişdi.

Çağdaş dövrün teatr prosesinin bütün sahələrini əhatə edən mövzularla diqqəti cəlb edən çıxışlarda nüfuzlu teatr tənqidçiləri yeniləşən dünyanın bu sahədə mövcud olan iqtisadi, ictimai, sosioloji, estetik problemlərini bir daha nəzərdən keçirdilər.

Dünyanın 5 qitəsini təmsil edən nüfuzlu elm-sənət adamları (teatr tənqidçiləri) müxtəlif ölkələrin və xalqların teatrlarının fəaliyyətində müşahidə edilən mənzərəyə prinsipial mövqe bildirdilər. Burada ABŞ-ın, Kanadanın, İngiltərənin, Fransanın, Belçikanın, Argentinanın, Yaponiyanın, Çinin, Koreyanın, İranın, Hindistanın, Gürcüstanın, Moldovanın, Latviyanın, Litvanın, Serbiyanın, Polşanın, Rumıniyanın, Nigeriyanın, Çexiyanın, Slovakiyanın, Azərbaycanın və bir sıra başqa ölkələrdən olan teatr mütəxəssislərinin gündəlikdə olan məsələlərlə bağlı mülahizələri aktual mövqe nümayişi idi.

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının XXVI Konqresinin açılışında (25 mart, 2012) Assosiasiyanın Prezidenti Yun Cheol Kim, Baş katibi Mişel Vais, Polşa Respublikasının Mədəniyyət Nazirliyinin, Varşava şəhər rəhbərliyinin təmsilçiləri, həmçinin Polşanın Teatr Xadimləri İttifaqının sədri Marqareta Sorenson və nüfuzlu teatr tənqidçiləri təbrik nitqi söylədilər.

26 martda BTTA-nın XXVI Konqresi öz işinə Polşa bölməsinin fəxri Prezidenti professor Andjey Zurovskinin çıxışı ilə başladı. O, Assosiasiyanın Polşa bölməsinin fəaliyyəti barədə məlumat verdi və görülən işləri dəyərləndirməklə yanaşı perspektivlər barədə mülahizələrini bölüşdü. Daha sonra Varşava Jurnalistlər İttifaqının Sədri Marek Kulinski mədəni həyatda, o cümlədən, ictimai rəydə teatr tənqidinin əhəmiyyəti barədə düşüncələrini bölüşdü. Hər iki məruzə ilə əlaqədar Konqres iştirakçıları tərəfindən işgüzar diskussiyalar aparıldı, tənqidin, konkret olaraq isə teatr tənqidinin ayrı-ayrı ölkələrin ictimai həyatındakı və teatr sənətindəki rolu barədə ciddi, maraqlı və yeni fikirlər söylənildi. Fasilədən sonra görkəmli Polşa rəssamı Yanuş Qolikin əsərlərindən ibarət sərginin açılışı oldu.

Martın 27-də BTTA-nın XXVI Konqresinin seminar məşğələləri öz işinə başladı. Həmin gün Kanadadan olan professor Don Rubinin rəhbərlik etdiyi seminarda “Teatr teatrın hüdudlarından kənarda” mövzusunda çıxışlar, məruzələr dinlənildi. Video təsvirlərlə təqdim edilən bu çıxışlarda mövzu ilə bağlı ayrı-ayrı ölkələrin (Koreya... İsveç... Kanada...) teatr təcrübəsindən maraqlı nümunələr göstərildi, çağdaş dövrün teatr prosesində professionalizmin getdikcə daha böyük önəm daşıdığı vurğulandı. Çıxışçılar maraqlı kulturoloji gəzintilər sayəsində bu gün teatr tənqidində gedən müəyyən ixtisaslaşmanın səmərəsini nəzərə çatdırdılar. Belə ki, həm səhnəqrafiya, həm rejissor və aktyor sənəti, həm də dramaturgiya problemlərini araşdıran dəyərli tədqiqatların yarandığı qeyd edildi və vurğulandı ki, xüsusilə aktyor oyununda müşahidə edilən dəyişikliklər bu gün ciddi elmi mübahisələrə rəvac verir. Hazırda dünyanın teatr səhnəsində yeni aktyor tipi yaranmaqdadır. Bu aktyor öz universal səhnə texnikasını, yaradıcı “mən”ini teatrın zəngin ifadə vasitələri və məharətli oyun prinsiplərilə təqdim etmək iddiasındadır. Və bu iddia əsassız deyil. Belə ehtimal etmək və yaxud, proqnozlaşdırmaq olar ki, aktyorluq bir sənət növü olaraq teatr sənətində itirdiyi hegemonluq mövqeyini qaytarmağa lap yaxındır.

Həmin günün ikinci məruzəçisi Polşanın Beynəlxalq Teatr Festivalının direktoru professor Jerzi Limon idi. Onun “Səhnə ətrafında 60 dəqiqə” adlanan çıxışı ilə əlaqədar söylənilən mülahizələr də olduqca əhəmiyyətli və maraqlı oldu. Çıxışçılar xüsusi olaraq qeyd etdilər ki, məruzədə əksini tapan məsələlər dünyanın əksər ölkələrinin praktik teatr həyatında özünü göstərməkdədir. Yəni vurğulandı ki, dünyanın müxtəlif xalqlarının teatr ənənəsində müəyyən fərqlər mövcud olsa da, sənət dili vahid və anlaşılandır. Məhz bu amil teatr sənətinin cəmiyyətin həyatındakı yerini müəyyən edir və mədəniyyətlərarası dialoqda onların fövqəladə təsir potensialını müəyyənləşdirir. Çağdaş dövrün teatr prosesi haqqında söylənilən ayrı-ayrı mülahizələrdə o da qeyd edildi ki, yaşadığımız dövrün səhnə ədəbiyyatının funksional mahiyyəti, rejissor sənətinin dil-üslub xüsusiyyətləri, aktyor texnikası, aktyor sənəti teatr tənqidi tərəfindən dəyərləndirilərkən xüsusi yanaşma tələb edir. Odur ki, teatr tənqidi demokratik və həssas sənət sahəsi olan bu yaradıcılıq meydanında baş verən pozitiv meyllərə münasibətdə səriştə və uzaqgörənlik nümayiş etdirməlidir. Dünya teatr prosesində müşahidə edilən stereotiplərlə yeniliyin münaqişəsində teatr tənqidinin mövqeyi birmənalı olmalıdır, yəni obyektivlik və professionallıq əsas meyar kimi götürülməlidir.

Bəlli olduğu kimi, həmin gün, yəni martın 27-si Beynəlxalq Teatr Günü olduğundan Konqres təşkilatçıları “Atenium” teatrının binasında təntənəli tədbir təşkil etdilər. Həmin tədbirdə Varşava şəhər rəhbərliyinin, həmçinin sözügedən teatrın direktoru Slavomira Lozinskanın, professor Maqdalena Raszevskanın, professor Tomaş Miklovskinin təbrik çıxışları oldu. Tədbirin sonunda Konqres iştirakçılarına professor Andjey Stşeletskinin quruluşunda “Szpilmania” adlı musiqili tamaşa göstərildi.

Martın 28-nin birinci yarısında BTTA-nın XXVI Konqresinin iştirakçıları üçün mədəni tədbir təşkil edilmişdi. Biz Konqresin işində iştirak edən dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr mütəxəsisləri ilə birlikdə dünya şöhrətli bəstəkar Frederik Şopenin Polşanın Zelazova Vola qəsəbəsində yerləşən ata yurduna ziyarətə yollandıq. Frederik Şopenin uşaqlıq və yeniyetməlik dövrünü yaşadığı geniş ərazidə yerləşən bu malikanə sadə, amma çox rahat bir evdən ibarət idi. Burada onun valideynlərinə, yaxın qohumlarına və özünə aid müxtəlif ölçülü sənədlər, fotolar və xatirə əşyaları saxlanılır. Həmin əşyalar içərisində bu böyük bəstəkarın əsərlərini bilavasitə ifa etdiyi kiçik royal xüsusi maraq doğururdu. Şopen ailəsinə məxsus geniş ərazini gəzib-dolaşdıqca Konqres iştirakçıları yaranmış bu qeyri-rəsmi ünsiyyət məqamlarından bəhrələnmək fürsətini əldən qaçırmırdılar. Belə ki, ayrı-ayrı ölkələrin teatr mütəxəsislərinin hər biri öz ölkəsi, özünün milli teatr ənənələri haqqında danışır və həmsöhbətindən təmsil etdiyi ölkənin istər teatr tarixi, istərsə də çağdaş səhnə yaradıcılığının durumu barədə məlumat alırdılar. Məhz belə məqamlarda Azərbaycan, onun mədəni həyatı və teatr sənəti haqqında söhbətlərimiz dairəmizi genişləndirirdi, çünki ölkəmizin mədəni irsi, xalqımızın qazandığı mədəni-iqtisadi uğurlar çoxları üçün maraqlı idi. Tərəf-müqabillərimizdən aldığımız məlumatlar əhəmiyyətli və müqayisələr aparmaq üçün əlverişli idi. Həmin günün axşamı Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov tərəfindən qəbul edildik. Böyük həyat təcrübəsi, yüksək intellekti və geniş erudisiyası ilə hörmət və ehtirama layiq ölkə səfirimiz burada Azərbaycan naminə gördüyü əlamətdar işlərdən danışdıqca fərəh hissi keçirirdik.

Mart ayının 29-da saat 9-da seminar məşğələsi öz işinə başladı. Böyük Britaniyadan olan teatr tənqidçisi Yan Herbertin sədrliyi ilə keçən seminarda çağdaş dövrün teatr prosesi, həmin prosesdə müşahidə edilən pozitiv yaradıcılıq meylləri əsas məsələ kimi təqdim edildi. Həmin məsələ ətrafında ABŞ, Hindistan, Çin, Nigeriya, Kanada, Polşa və b. ölkələrin tənqidçiləri çıxış etdilər.

Seminarın günün ikinci yarısında olan hissəsinə Pat Keney sədrlik edirdi. Klassikanın səhnə təcəssümü, Şekspir əsərlərinin səhnə təcəssümündəki yeni forma axtarışları mövzusu ətrafında geniş müzakirələr aparıldı. Həmin müzakirələr zamanı Fransa, İtaliya, İsveç, Rumıniya, Böyük Britaniya, Polşa, Yaponiya və başqa ölkələrdən olan tənqidçilər çıxış etdilər.

30 mart – bu gün BTTA-nın XXVI Konqresinin gündəliyinin əsas məsələsi olan təşkilati məsələ müzakirə edildi. Belə ki, hər iki ildən bir keçirilən Konqresdə olduğu kimi, bu dəfə də Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Prezidentinin, Baş katibinin və idarə heyətinin seçkisi nəzərdə tutulmuşdu. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Baş katibi Mişel Vaisin ötən dövrdəki hesabatı dinlənildi. Hesabatda Mişel Vais dünya teatr prosesində tənqidin yeri və getdikcə artan nüfuzu barədə ciddi faktlara söykənən məlumatlar verdi. Bizim üçün dəyərli olan bu idi ki, həmin hesabatda cənab Mişel Vais Azərbaycandakı teatr prosesindən, 2010-cu ildə Bakıda keçirilən I Beynəlxalq teatr konfransından, 2011-ci ildə Bakıda keçirilən I Beynəlxalq Kukla teatrları festivalından və Azərbaycan teatrının beynəlxalq teatr festivallarındakı uğurlarından geniş söz açdı və Yaltadakı, Özbəkistandakı, Fuceyradakı, Belqraddakı Beynəlxalq teatr festivallarındakı uğurlarına geniş yer ayırdı. Hesabat ətrafında Slovakiya, ABŞ, Çin, Koreya, Almaniya, Finlandiya, Polşa, Çex, Serbiya, Fransa və başqa ölkələrdən olan nümayəndələr çıxış etdilər.

Hesabat dinlənildikdən sonra səsə qoyuldu və Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının son iki ildəki fəaliyyəti təqdir edildi.

Bundan sonra Konqres təşkilati məsələlərə baxdı. Bu zaman yerdən verilən təkliflər səsə qoyuldu. Nəticədə yekdilliklə növbəti iki il müddətinə Yun Cheol Kim (Koreya) Beynəlxalq Teatr Tənqidçiləri Assosiyasiasının sədri, Mişel Vais isə Baş katibi seçildi.

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının XXVI Konqresinin olduqca gərgin iş qrafikinin bitməsi iştirakçılarda bir qədər təəssüf hissi doğursa da teatr sənətinin, dünya teatr prosesinin gələcəyi barədə ən nikbin duyğularla yaxın zamanda Bakıda görüşmək ümidi ilə bir-birimizdən ayrılmalı olduq.

Konqresin oyatdığı təəssüratlar istər professional teatr tənqidi, istərsə də bütövlükdə teatr sənətinə münasibətdə yeni dövrün sənət fəlsəfəsi baxımından bir sıra qənaətlər söyləməyə imkan verir. Hər şeydən əvvəl belə bir qənaət möhkəmlənir ki, dünyanın müxtəlif bölgələrində ara-sıra səslənən “teatrın ölməsi” harayı kökündən yanlışdır və yumşaq desək, ifrat dərəcədə şişirdilmişdir. Bunu Konqresdə ayrı-ayrı ölkələri təmsil edən nüfuzlu teatr tənqidçilərinin çıxışlarındakı elmi arqumentlərdə, dünya teatr prosesində müşahidə edilən perspektivli tendensiyalarda da aşkar görmək olur. Başqa bir qənaətimiz isə milli teatrımızın dünya teatr prosesinə çatmaq imkanlarının mövcudluğu, bu istiqamətdə göstərilən səylərin bərəkətli olması, həmçinin teatrımızın dünya teatr məkanında öz layiqli yerini tutmaq iddialarının əsassız olmamasıdır.

Daha bir qənaətimiz isə bundan ibarətdir ki, dünyanın istənilən ölkəsində teatr sənəti özünün bəlli komponentlərini təmin etməklə bərabər onun fəaliyyətinin faydalı iş əmsalı, həmçinin uzun dövrləri əhatə edən uğurlu inkişafı yalnız və yalnız professional teatr tənqidinin mütəmadi qayğısı ilə mümkündür. Teatr sənəti öz təbiəti etibarilə demokratik olsa da o, teatr tənqidinin peşəkar qayğısına və ədalətli münasibətinə möhtacdır. Bir qənaətimiz də çox mühümdür. Bu da Konqresdəki həmkarlarımızın fikir mübadiləsində, dilə gətirdikləri mülahizələrdə istənilən xalqın teatr mədəniyyəti və onun inkişafı üçün böyük əhəmiyyət kəsb edən bir məqamla bağlıdır. Belə ki, teatr və onun fəaliyyət göstərdiyi cəmiyyət vahid bir orqanizm kimi ictimai-mədəni mühit formalaşdıraraq insanlara ideya-bədii həqiqətləri çatdırır. Bu baxımdan cəmiyyətin teatra münasibəti necə olursa, teatrdan da onun qarşılığını alır. Başqa sözlə desək, “teatr cəmiyyətin barometridir” düsturu çağdaş dövrümüzdə də öz məna təsirini saxlayır.

 

 

İsrafil İsrafilov,

Məryəm Əlizadə

 

525-ci qəzet.- 2012.- 10 aprel.- S.4.