Yaxşı ki, həyatımızdan siz
keçdiniz
BU GÜN UNUDULMAZ İNSAN, KAMIL
PEDAQOQ FİRUZƏ RZAYEVANIN BU GÜN
İLDÖNÜMÜDÜR
Həqiqətən
də, Allah-Təalanın insana bəxş etdiyi ən
böyük nemətlərdən biri ömür
payıdır. Uca Yaradanın insana nəsib etdiyi ömür
yolunu kimsə müsbət dəyərləndirərək,
xeyirli əməllərlə məşğul olur və
özünə nüfuz, hörmət qazanmaqla yanaşı,
o biri dünyasına xoş əməllərlə
yollanır. Kimisi isə bu ömür payını dəyərləndirə
bilmir və dünyasını dəyişərək, tamamilə
unudulur. Təbii ki, xoşbəxt o kəslərdir ki, öz
ağlı, əməli, zəhməti, ədəb-ərkanı
ilə ona verilmiş həyatı daha da gözəlləşdirir,
onu nəinki özü, həm də əhatəsində
olduğu insanlar, doğmaları, yaxınları
üçün sevinc mənbəyinə, səadət
çeşməsinə çevirirlər. Mənalı
yaşanan belə ömürdən onun sahibi də, ailəsi,
doğmaları da, ətrafdakılar da həmişə iftixar
və fəxarət hissi keçirir, qürur duyurlar. Məhz
bu şəxslər dünyasını dəyişsə belə,
onlar heç zaman unudulmur, daim yaşayırlar. Başqa
sözlə desək, bu şəxslər cismən aramızda
olmasalar da, ruhən daima ətrafımızda, onların
gücünü hər zaman arxamızda hiss edirik. Belə
şəxsiyyətlərdən biri də ömrünün 60
ilini təhsilimizə, gənclərimizin təlim-tərbiyəsinə
həsr edən və bu yolda böyük xidmətlər, fədakarlıq
göstərən Bakı Dövlət Universitetinin baş
müəllimi Firuzə Rzayevadır.
Bu
gün onun əbədiyyata qovuşmasının bir ili tamam
olur. Firuzə xanımın bir ildir ki, cismən aramızdan
ayrılmasına baxmayaraq, sağlığındakı
xoş niyyətli əməlləri, qazandığı
nüfuz, hörmət onun qəlblərdə taxt
qurmasını təmin edərək,
unudulmazlığını əbədi edib.
F.Rzayeva
Allah-Təalanın ona bəxş etdiyi ömrü ən
yüksək səviyyədə yaşayaraq, bir şəxsiyyətin
fəth edə biləcəyi ən uca zirvələri fəth
edərək, ləyaqəti, şərəfi, xoş əməlləri,
analıq qayğısı, nənəlik məhəbbəti
eləcə də müqəddəs müəllim adı ilə
özünün ölməzliyini təmin edib.
Sözün
həqiqi mənasında o, tələbələri
üçün təkcə müəllim deyil, həm də
ana, dostları üçün təkcə dost deyil, həm də
arxa, dayaq, övladları üçün təkcə ana
deyil, həm də bir dost, nəvələri üçün
isə yalnız nənə deyil, eyni zamanda böyük bir
dünya, sevgi-məhəbbət dühası idi. Buna görə
də onun dünyasını dəyişməsindən
sadalanan bu şəxslərin hər biri, xüsusən nəvələri
çox üzülür. Lakin onun ətrafında olan hər
bir şəxs belə bir insanı itirdikləri
üçün üzülməməli, əksinə bu
cür şəxsiyyətlə bir arada olduqları
üçün fərəh hissi keçirməlidirlər.
Əsl
Azərbaycan qadını olan Firuzə xanıma Vətəninə,
dövlətinə, millətinə bağlı belə tərbiyəli,
əxlaqlı övladlar yetişdirdiyi üçün daim
minnətdar olmalıyıq. Firuzə xanımı fərqləndirən
məhz bu keyfiyyətləri idi.
Qeyd
edək ki, Firuzə Butay qızı Rzayeva 1930-cu ildə
qulluqçu ailəsində anadan olub. Bakıdakı 189
nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan
Xarici Dillər İnstitutunun fransız-alman dili fakültəsində
ali təhsil alıb. İnstitutu başa vurduqdan sonra isə
vaxtilə bitirdiyi 189 nömrəli orta məktəbdə sinif
rəhbəri və eyni zamanda Azərbaycan Dövlət
Universitetinin xarici dillər kafedrasında saat hesabı müəllim
işləməyə başlayıb. 1961-ci ildə universitetdə
tam ştata keçən F.Rzayeva o vaxtdan ömrünün
sonunadək burada çalışaraq, sözügedən
universitetin alman və fransız dilləri kafedrasının
baş müəllimi olub.
Təcrübəli
müəllimin peşəkarlığını səciyyələndirən
əsas cəhətlər fənnini, habelə tədris etdiyi
fransız dilini dərindən və yaxşı bilməsi,
yüksək metodik hazırlığa malik olmasıdır.
Öz
fəaliyyətində müəllim-tələbə
münasibətlərinə xüsusi diqqət yetirən
F.Rzayeva onlarla münasibəti pedaqoji əməkdaşlıq,
qarşılıqlı hörmət və tələbkarlıq
zəminində quraraq, tələbələrinə
böyük hörmət və qayğı göstərir. Tələbələr
və həmkarları onu həm də yüksək əxlaqi
keyfiyyətlərə malik, sadə, təvazökar, alicənab,
olduqca ədalətli, kristal, təmənnadan, neqativ hallardan
uzaq, qayğıkeş bir insan və müəllim kimi
tanıyır və onun sevgisini qəlblərində
yaşadırlar. Məhz onun böyük hörmətinin və
qayğısının nəticəsidir ki, tələbələri
onu heç vaxt unutmurlar.
Tələbələri
arasında olan professorlar, akademiklər “Firuzə xanım bizim
müəllimimiz olub” sözünü hər zaman
böyük iftixar hissi ilə dilə gətirirlər. Bu,
Firuzə xanım üçün ən böyük həddiyyə
idi. O, hər zaman tələbələrinin
uğurlarını görüb sevinər, bunu öz uğuru
kimi qəbul edər və daim onların yanında olardı.
Bütün
bunlarla yanaşı, Firuzə xanım öz təcrübəsini
gənc müəllimlərə öyrətmək
üçün mətbuatda təcrübi və metodik
yazılarla da çıxış edib. 2009-cu ildə BDU-nun
90 illik yubileyinə həsr olunmuş elmi-nəzəri
konfransın materiallarına həsr olunmuş kitabda onun iri həcmli
məqaləsi dərc olunub.
F.Rzayevanın
təhsilimiz qarşısındakı xidmətləri,
qüsursuz pedaqoji fəaliyyəti dəfələrlə
yüksək qiymətləndirilib. O, müxtəlif illərdə
“Əmək veteranı” medalı və fəxri fərmanlarla
təltif olunub. 2009-cu ildə ona Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi tərəfindən “Səmərəli
elmi-pedaqoji fəaliyyətinə görə” Fəxri fərman
verilib.
Firuzə
müəllim böyük hərflə yazılan müəllim
olduğu kimi həm də mehriban ana, nümunəvi ailə
başçısı olub. 4 qız övladına mükəmməl
ali təhsil verib.
Qızı
Yeganə xanım, anasının təkcə onların deyil
eyni zamanda dərs dediyi tələbələrin anası olduğunu
bildirir. Onun sözlərinə görə, tələbələri
indinin özündə də Firuzə xanımı unutmur və
hər zaman onu yad edirlər: “Bəzən görürdük
ki, anam işə gedən zaman bizim paltarlarımızdan bəzisini
götürüb aparır. Bunun səbəbini soruşan zaman
o, hansısa tələbəsinin havanın soyuq olmasına
baxmayraq nazik paltarla dərsə gəlməsini göstərir
və bu paltarı ona verəcəyini deyirdi. Yəni anam təkcə
bizə deyil, eyni zamanda tələbələrinə də ana
kimi qayğı göstərirdi. Onun mobil telefonunu hələ
də işlədirəm. Tələbələrinin indinin
özündə də onun nömrəsinə ismarıclar
göndərməsi məni çox sevindirir. Deməli tələbələri
onu ruhən yanlarında hiss edirlər və zəhmətini
heç zaman unutmayacaqlar. O, çox xeyirxah insan idi. Anam xeyir əməl
görməkdən zövq alırdı. O, biz
övladlarına təkcə ana deyil, eyni zamanda arxa, dayaq, dost
idi”.
Firuzə
xanımın müəllim dostları enerjisinin çox
olmasını sənətinə, tələbələrinə
sonsuz məhəbbətlə bağlı olduğu ilə izah
edirdilər.
Müəllimlik
müqəddəs peşədir. Bu peşəyə mükəmməl
yiyələnmək, onun sayəsində ucalmaq, hörmət-izzət
sahibi olmaq üçün pedaqoji təhsil almaq, müəllimlik
fəaliyyətinə əsas verən diploma yiyələnmək
azdır. Bunun üçün həm də sənətə,
şagirdlərlə, tələbələrlə işə
böyük məhəbbətin olmalıdır, onları sevməyi,
öz fənnini onlara sevdirməyi bacarmalısan. Firuzə
müəllim uzun illik pedaqoji fəaliyyəti dövründə
məhz bu keyfiyyətləri ilə seçilən, müəllim
adını tam mənası ilə doğruldan, bu sənətə
şərəf gətirən pedaqoqlardan idi. Məhz onun bu
müqəddəs müəllim adını iftixarla
daşıması, əsl müəllim nümunəsi
olması tələbələrinin də çox xoşuna gəlirdi.
Buna görə də, neçə-neçə yetirməsi
onu özü üçün ideal seçir, ona bənzəməyə,
onun kimi yaşamağa, fəaliyyət göstərməyə,
cəmiyyətdə hörmət və nüfuz qazanmağa,
sevilməyə can atır.
İndi
onun bütün yaxınlarının bir şüarı var:
yaxşı ki, həyatımızdan Siz keçdiniz Firuzə
xanım! Allah ruhunu şad etsin.
Aqil LƏTİFOV
525-ci qəzet.- 2012.- 10 aprel.- S.8.