“QHT-media əlaqələrinin indiki vəziyyəti
ümumən normal sayıla bilər”
GƏNCLƏR TƏŞKİLATLARI
MİLLİ ŞURASI MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ
ORXAN ƏLİ:“İŞ PROSESİNDƏ
JURNALİSTLƏRƏ SADƏCƏ BİR MEDİA
İŞÇİSİ KİMİ YOX, DOST KİMİ
YANAŞMAQ MƏNİM ƏSAS PRİNSİPİMDİR”
Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurası aparıcı gənclər təsisatı
olaraq, gənclərinin yeganə konfederativ strukturu, əməkdaşlıq
mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi
və gənclərin beynəlxalq inteqrasiyasının təşkil
edən qurumdur. Hazırda Milli Şura öz ətrafında
71 təşkilatı birləşdirir. ARGTMŞ
1997-ci ildən Avropa Gənclər Forumunun həmçinin,
Türk Dünyası Gənclər Birliyinin
üzvüdür. 2002- ci ildən BMT- nin İqtisadi və
Sosial Şurasının məşvərətçi statuslu,
2004- cü ildən İslam Konfransı Gənclər Forumunun
təsisçisi və tam hüquqlu üzvüdür. Milli Şuranın nümayəndələri Avropa Gənclər
Forumunun, Türk Dünyası Gənclər Birliyinin və
İslam Konfransı Gənclər Forumunun müxtəlif
seçkili strukturlarında təmsil olunurlar. Bəs, görəsən, Şuranın media əlaqələri
hansı səviyyədədir? Qurumun rəhbərliyi
KİV-lə təmaslara, mətbuatla əməkdaşlığa
nə cür yanaşır və Şuranın bu sahədə
əlaqələri necə qurulub? Bu və
digər suallara cavab almaq üçün ARGTMŞ-ın mətbuat
xidmətinin rəhbəri Orxan Əli ilə söhbətləşdik.
– Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasının (GTMŞ) nə vaxt yaradılıb. Fəaliyyət dövründə qurumun media ilə əlaqələri
necə qurulub?
– GTMŞ
21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən
təsis olunub. 1996-cı il yanvarın 31-də
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən
dövlət qeydiyyatına alınıb. Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmlənməsi və
beynəlxalq aləmdə layiqli yer tutması, gənclər
üçün bərabər yararlı imkanların
yaradılması ilə onların hüquqlarını təmin
edilməsi, gənclərin və gənclər təşkilatlarının
cəmiyyətdə gedən proseslərdə, xüsusən də
qərar qəbuletmə prosesində iştirakını
yüksəltmək kimi vəzifələri öz üzərinə
götürən Milli Şura həmçinin gənclər və
gənclər təşkilatları ilə bağlı siyasətin
formalaşdırılmasına müsbət təsir göstərmək,
milli səviyyədə müstəqil və davamlı gənclər
təşkilatlarının formalaşdırılması ilə
gənclərin təşkilatlanmasına nail olmağı da əsas
prioritetlərdən hesab edir.
Milli Şuraya üzv təşkilatlar arasındakı əlaqənin
möhkəmləndirilməsi, onların birgə əməkdaşlığının
stimullaşdırılması, onlar arasında səmərəli
informasiya mübadiləsi şəbəkəsinin gücləndirilməsi,
fəaliyyət istiqamətlərinə uyğun olan qısa və
uzunmüddətli proqram və layihələrin
hazırlanması və həyata keçirilməsi Milli
Şuranın fəaliyyət strategiyasının əsasını
təşkil edir.
Azərbaycanda
fəaliyyət göstərən hökumət, qeyri-hökumət,
ictimai, humanitar, kommersiya təşkilatları, respublika daxilində
akkreditə olunmuş xarici ölkə səfirliklərinin
nümayəndələri ilə əlaqələrin
inkişaf etdirilməsi və gənclər işinin dəstəklənməsi
yönümündə lobbiçilik işinin
aparılması, habelə gənclərin müasir dünyaya
inteqrasiyasını təmin edən beynəlxalq layihələr-mübadilə,
təlim, konfrans, seminar, debat, simpozium, festival, dəyirmi masa,
dil kursları, təcrübə kursları,
tanışlıq səfərləri və s. bu qəbildən
olan proqramların həyata keçirilməsi Milli
Şuranın əsas fəaliyyət istiqamətlərindəndir.
Bununla
yanaşı, Azərbaycanın ərazi
bütövlüyünün tanınması istiqamətində
işlərin aparılması, müxtəlif beynəlxalq səviyyələrdə
bu məsələnin qaldırılması, mövcud beynəlxalq
əməkdaş təşkilatlarla əlaqələrin
intensivləşdirilməsi elm, təhsil, din, mədəniyyət,
idman, mənəviyyat və hərbi-vətənpərvərlik
sahəsində fəaliyyətlərin inkişaf etdirilməsi,
gənclərin sülh quruculuğu və konfliktlərin həlli
istiqamətində fəaliyyətinə yönəlmiş
işin aparlması fəaliyyətimizə daxildir.
Milli Şura bir sıra qlobal problemləri əhatə edən
layihələr də həyata keçirir. Bura mövcud
ekoloji problemlərin aradan qaldırılması istiqamətində
gənclər işinin təşkil edilməsi, səhiyyə,
gənclərin sağlamlığı ilə bağlı
problemlərin aradan qaldırılması istiqamətində
işlərin aparılması, xüsusilə, narkomaniya,
AİDS kimi problemlərə qarşı gənclərin
mübarizə strategiyasının müəyyənləşdirilməsi
daxildir.
Gənclərin
işsizlik probleminin aradan qaldırılması, gənc
sahibkarların dəstəklənməsi, gənclər
üçün gəlir gətirən sahələrin
açılması və proqramların hazırlanması,
insan hüquqlarının qorunması, vətəndaş
azadlığının təmini və vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində işlərin aparılması,
gender bərabərliyinə nail olmaq istiqamətində gənclər
işinin təşkili, seçkilər, əhali arasında
seçki maarifləndirilməsi ilə bağlı işlərin
aparılması, seçkilərlə bağlı müxtəlif
proqramların hazırlanması, gənclərin üzləşdiyi
digər problemlərin həlli istiqamətində işlərin
aparılması Milli Şuranın baza prinsiplərindəndir.
Milli Şura yarandığı vaxtdan qurumun mətbuat
xidməti də fəaliyyətə başlayıb.
Düzdür, mən Milli Şuranın
yarandığı vaxtlarda mətbuat xidmətində kimlərin
çalışdığını bilməsəm də, məlumatım
var ki, son zamanlarda, xüsusən də Fuad Muradovun sədrliyi
dövründə bir neçə mətbuat xidməti rəhbəri
olub. Yarandığı vaxtdan bu günə kimi Milli
Şura daim mətbuatla sıx əməkdaşlığa
üstünlük verib. Keçirilən
bütün tədbirlərə, layihələrlə
bağlı mərasimlərə KİV dəvət edilib və
jurnalistlərlə daim yaxın təmas qurulub.
– Vətəndaş
institutları arasında KİV-lə sıx əməkdaşlıq
edən gənclər təşkilatının mətbuat xidməti
kimi hansı prinsiplər əsasında fəaliyyət
göstərirsiniz?
–Açığını
deyim ki, mətbuatla əlaqələr əsasən
jurnalistikada olan dostlarımız vasitəsilə qurulub. Amma Milli Şuranın həyata keçirdiyi layihələr
hər zaman KİV-in diqqət mərkəzində olub. Çalışırıq, elə işlər
görək ki, cəmiyyətə xeyirli olsun. Məhz bu səbəbdəndir ki, KİV-lə əlaqələrimiz
yaxşı alınır.
Əsas prinsip öz işində məsuliyyətli olmaq
və jurnalistləri nəzərə almaqdır.
Bilirəm ki, jurnalistin press-relizi işləməyə o
qədər də vaxtı olmaya bilər. Odur ki, məlumat
göndərəndə onu maksimum dərəcədə
hazır şəkildə göndərməyə
çalışıram. Yəni, məlumatı alan KİV nümayəndəsi daha onun üzərində
vaxt sərf edib düzəlişlər etməsin. Bunun nə dərəcədə
alındığını jurnalist həmkarlarım deyə
bilərlər.
Digər bir prinsip isə “yada salma”dır. Məsələn,
materialı göndərəndən sonra onun hər hansı
saytda yerləşdirmədiyini görəndə mütləq
əlaqə saxlayıram. Çünki ola
bilər ki, jurnalist hansısa tədbirdədir və
materialı hələ görməyib. Odur ki,
ona bir xatırlatma vermək lazımdır. Bununla yanaşı, konkret işlədiyim jurnalistlə
bərabər həmin redaksiyanın ümumi e-mail ünvanına
da məlumatı göndərirəm ki, “ehtiyat igidin
yaraşığıdır” prinsipinə də əməl eləmiş
olum. Bəzi jurnalist dostlarım artıq mənim
göndərdiyim məlumatı bəzən heç oxumadan
sayta yerləşdirir. Bir dəfə
yadımdadır ki, hansısa məlumatda hərf səhvi var
idi. Baxdım ki, saytların əksəriyyəti
bunu düzəltməyib. Bu hadisədən
sonra daha diqqətli olmağa başladım. Əgər jurnalistlər mənə etibar edirsə,
gərək onların etibarını doğruldum.
–
GTMŞ-nin mətbuat katibi vəzifəsində
çalışanadək jurnalist kimi fəaliyyət göstərmisiz.
Əvvəlki dövrdə olan jurnalistlik fəaliyyətiniz
GTMŞ ilə media arasında münasibətlərin
qurulmasına təsir edibmi?
– Əlbəttə, mən indi də jurnalistəm və
hər zaman jurnalist olaraq qalacam. Mətbuat xidmətində
işləməyim məni öz fəaliyyətindəm
ayırmayıb. Jurnalist dostlarım
çoxdur. Onlarla daim təmasdayıq.
Bu həm də mənim indiki fəaliyyətimə
müəyyən qədər kömək edir. Bir də ki, dostlar sağ olsunlar, heç vaxt
sözümü yerə salmırlar. Həmişə
işimə dəstək veriblər.
Mənim Milli Şuraya gəlməyim də jurnalist fəaliyyətimlə
bağlı olub.
Bir
neçə il əvvəl Milli Şura
jurnalistlər üçün təlim kursu keçirirdi və
mən də orada iştirakçı qismində idim. Üstündən bir müddət keçəndən
sonra isə Milli Şuraya dəvət olundum. Əvvəl jurnalist fəaliyyətindən mətbuat
xidmətinə keçəndə bir sıra problemlərim
oldu. Lakin qısa müddətdə
bunları düzətməyə çalışdım.
Digər tərəfdən də mətbuatdan məni
tanıyan həmkarlarım artıq daha asan şəkildə
Milli Şura haqqında özlərinə lazım olan məlumatı
ala bilirlər.
– Media ilə
əməkdaşlıq redaksiyalar vasitəsilə qurulur, yoxsa
jurnalistlərlə? Bu əməkdaşlıq
prosesində ən çətin məqamlar nə vaxt
yaranır?
– Mən
çoxşaxəli işləyirəm. Redaksiyalarla
da əlaqələr qururam. Elə KİV
var ki, orda jurnalistlə təmasda olsam da, mütləq rəhbərliyə
çıxmalısan. Odur ki, həmin vaxtlarda
redaktorlarla danışmalı oluram. Amma əksər
vaxtlarda konkret olaraq jurnalistlərlə işləyirəm.
Bəzən görürsən ki, bir sıra qurumlar tədbirə
dəvət göndərəndə redaktorların adına göndərir. Düzdür
bu işin rəsmi tərəfidir. Amma
jurnalistin özünə deyəndə daha etibarlı olur.
Çünki bu işin əsas
yükünü jurnalist çəkir və onlarla səmimi
münasibətdə olmaq lazımdır. Düzü, bu
sahədə çox az hallarda çətinliklər
olur. Amma bir sıra KİV var ki, hələ də
mənə qaranlıq olan səbəblərdən
materialı verməkdə “çətinlik” çəkirlər.
Bu bəzən maneə yaradır. Amma o qədər də məyus eləmir. Çünki onlarla informasiya bölüşürəm.
Onu yayımlayıb-yayımlamaq öz
ixtiyarlarındadır.
Televiziyalara
gəlincə, əvvəllər bir az
çətinlik var idi.
Çünki
demək olar ki, əksər televiziyalarda tədbirə dəvət
üçün gərək rəhbərliyin adına
rəsmi məktub yazasan. Düzdür mən
işin rəsmiyyətin başa düşürəm. Amma bəzən elə olur ki, ekstremal tədbirlər
təşkil olunur. Bax, bu zaman müəyyən
çətinliklər yaranır. Amma bir
neçə televiziyada bu problem yaranmır. Məsələn,
ATV, “Xəzər TV” ilə heç vaxt problem yaranmayıb. AzTV və İTV də həmişə tədbirlərimizə
dəvət edəndə gəliblər. “Lider
TV” də son zamanlar bizimlə əməkdaşlıq edir.
ANS və “Space” ilə də işləyirik.
Amma sonuncularla bir qədər az təmasımız
olur.
– Ümumiyyətlə,
sizin təşkilatla əməkdaşlıq edən KİV
nümayəndələrinin peşəkarlığı sizi
qane edirmi?
–
Açığını deyim ki, peşəkarlarla işləməyi
sevirəm. Bəxtim onda gətirib ki, mənimlə
işləyən bütün jurnalistlər öz sahəsinin
peşəkarıdır. Onlardan
narazılığım heç vaxt olmur. Müəyyən vaxtlarda xırda problemlər yarana
bilər. Onun da ki, öz obyektiv səbəbləri
olur. Mən həmişə jurnalistlərə
sayğı ilə yanaşıram. Onların
hər biri öz sahəsində peşəkardır. Bəzən peşəkar olmayanlar da olur. Görürsən ki, tədbirə gəlib amma informasiyanı
düz hazırlamayıb. Ona zəng edib
müəyyən köməklik etmək lazımdır və
bunu edirəm.
– Əksər hallarda jurnalistlər bəzi mətbuat xidmətlərinin
işindən narazı olurlar. Bu da əsasən
lazım olan anda mətbuat xidmətlərinin yerlərində
tapılmaması, telefonlara cavab verməmələri ilə
bağlı olur. Bəs sizi necə,
axtaranda tapmaq mümkündürmü?
–
Jurnalistlərin ən asan tapa biləcəyi mətbuat xidmətlərindən
biri elə mən özüməm.
Bunu jurnalist dostlarım da təsdiq edə bilərlər,
ona görə belə əminliklə deyirəm. Telefonlarım
günün 24 saatı açıqdır və heç kimin
zəngini cavabsız qoymamağa çalışıram.
Əgər kimsə məni axtarıb tapa bilmirsə
burda da öz nömrəmi qeyd edə bilərəm.
Əgər bu sənin işindirsə, niyə telefona
cavab verməyəsən və ya səni axtarıb
tapmasınlar?
Mən bunu başa düşə bilmirəm.
Bu yerdə yadıma bir əhvalat
düşür. Keçmiş jurnalistlərdən
biri hansısa nazirlikdə mətbuat xidmətinə işə
düzəlir. Bir müddət sonra
jurnalist həmkarlarından biri ona zəng vurub nəsə
soruşur. Amma mətbuat xidmətinə
yeni başlayan “eks-jurnalist” deyir ki, “mən indi dövlət məmuruyam,
məni belə şeylərə görə narahat eləmə”.
Bu düzgün yanaşma deyil. Həm də mən özüm mətbuatda işlədiyimə
görə bunu daha yaxşı başa düşürəm.
Jurnalist işlədiyim vaxt adını çəkmək
istəmədiyim bir nazir müavinindən müsahibə
götürmək istəyirdim. Mətbuat
xidməti ilə çətin əlaqədən sonra bu istəyimi
bildirdim. Bir neçə günlük
müzakirələrdən sonra mətbuat xidməti
sualları göndərməyimi istədi. Düzü, xoşuma gələn bir şey olmasa da,
göndərdim. Bir neçə gündən
sonra isə əlaqə saxladım ki, müsahibədən xəbər
biləm. Mətbuat xidməti telefonlara
cavab vermir. Uzun aramalardan sonra nəhayət
ki, öyrəndim ki, hələ müsahibə hazır deyil.
Bir neçə gündən sonra hazır olan
müsahibəyə nazir baxmalı oldu. Müsahibə
3 gün də nazirin stolunun üstündə qalandan sonra nəhayət
iki həftədən sonra mənə gəlib çatdı.
Əlbəttə, jurnalistə edilən bu
hörmətsizlik cavabsız qalmadı. Həmin
nazir müavininin müsahibəsi düz iki həftədən
sonra qəzetdə çap olundu və həmin mətbuat xidməti
iki həftə boyunca gündə 3 dəfə mənə zəng
vurdu. Yəni bu işin əsas cəhətlərindən
biri budur:
Jurnalistlərə bürokratik əngəllər yaratmaq
lazım deyil.
– GTMŞ
media ilə bağlı hansı layihələr həyata
keçirib?
–
ARGTMŞ jurnalistlərlə bağlı bir neçə layihə
həyata keçirib. Bu layihələrin əsası
hələ 2009-cu ildə qoyulub. O vaxt bir qrup jurnalist Quba
rayonunda təlimlərə cəlb edilmişdi. Amma
2011-ci ildə Milli Şura “Jurnalistlər üçün
qış məktəbi” layihəsini keçirdi. Layihə İsmayıllı rayonu “Qaya” istirahət mərkəzində
baş tutmuşdu. Layihə çərçivəsində
“Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik,
qərəzsizlik, vicdanlılıq, ədalətlilik”, “Yeni
media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi”,
“Avropaya inteqrasiya: Avropa dəyərləri nədir?”, “Media
hüququ və Azərbaycan gerçəkliyi”, “Fotojurnalistika
və Azərbaycan reallığı”, “Qarabağ problemi Azərbaycan
mətbuatında”, “Bloggerlik və sosial jurnalistika”
mövzuları ətrafında peşəkar təlimçilər
tərəfindən jurnalistlərə məlumatlar verildi. Həmçinin müxtəlif qrup işləri, əyləncəli
intellektual oyunlar təşkil edilməklə jurnalistlərin
asudə vaxtlarının səmərəli keçirilməsi
təmin olundu. Layihənin sonunda
iştirakçılar ARGTMŞ tərəfindən diplom və
hədiyyələrlə təltif edildilər.
– Media ilə
uğurlu əməkdaşlığı qurmaq
üçün mətbuat katibində peşəkarlıq, təşəbbüskarlıq,
ünsiyyət qurmaq qabiliyyəti kimi keyfiyyətlərin
olması vacibdirmi?
– Əlbəttə, bu ilk növbədə tələb
olunan məsələlərdir. Peşəkar
olmalısan ki, öz işini lazımı şəkildə
icra edə biləsən. Təşəbbüskar
olmalısan. Çünki mətbuat xidməti
kimi təmsil etdiyim təşkilat haqqında KİV-də məlumatların
yayımlanmasına məsulsan. Odur ki, ilk təşəbbüs
həmişə səndən olmalıdır. O ki,
qaldı ünsiyyət qurmaq məsələsinə bunda
heç vaxt problem olmur. Demək olar ki, hər tədbirdə
tanıdığım jurnalistlərin sayı daha da artır.
Amma bütün bunlarla yanaşı, insanlarla səmimi
olmaq daha önəmlidir. Jurnalistlərlə dost olmaq
lazımdır. Onlarla sadəcə bir media işçisi kimi
deyil dost kimi yanaşmaq münasibətlərdə mənim əsas
prinsipimdir.
–
Jurnalistlərlə münasibətiniz yalnız işlə əlaqədardır?
– İşlə bağlı olanlar da var. Amma əksər
işlədiyim jurnalistlər mənim dostlarımdır. Onlarla sadəcə
bir jurnalist kimi deyil, dostluq münasibətlərimiz var. Bir də
görürsən ki, görüşüb çay
içirik, söhbət edirik, əlbəttə ki, işdən
kənar. Mən burda ad çəkmək
istəmirəm. Amma onların arasında
elələri də var ki, hətta çox vaxt çörəyimizi
də bölmüşük desəm, yanılmaram.
– QHT
sektorunun media ilə əlaqələrinin hazırkı vəziyyəti
sizi qane edirmi?
– Vəziyyət
ümumən normal hesab edilə bilər. Amma bu,
bütün QHT-lərə şamil edilmir. O qədər
QHT-lər var ki, maraqlı layihələr həyata
keçirir, amma bu barədə heç kimin xəbəri belə
olmur. Məsələn, bu yaxınlarda bizimlə
bərabər bir təşkilat tədbir keçirdi. Sonradan öyrəndim ki, bunlar böyük layihələr
həyata keçirirlər. Amma Azərbaycanda
bunun haqqında məlumatı olan yoxdur. Burda
KİV-in də müəyyən günahı var.
Bəzən
KİV-lər QHT-lərə bir qədər soyuq münasibət
bəsləyirlər
Xüsusən QHT sədri adi bir gəncdirsə, onun tədbirini
işıqlandırmaq “çətinləşir”. Amma bu o demək
deyil ki, QHT-lər də təşəbbüs göstərməməlidir.
Sadəcə, yenə deyirəm, mətbuatla
sıx təmasda olmaq lazımdır.
Bəxtiyar MƏMMƏDLİ
525-ci qəzet.- 2012.- 11 aprel.- S.6.