Türkiyəli rəssam Kadri Doğruerin karikaturaları Bakıda

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qız qalası” qalereyasında Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadri Doğruerin əsərlərindən ibarət sərginin açılışı keçirilib.

Tədbirin açılışında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, sərginin məqsədi Azərbaycan ilə Türkiyə arasında incəsənət sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi, türk rəssamının yaradıcılığının ölkəmizdə tanıdılmasıdır. Kadri Doğruerin fərdi sərgisi Azərbaycanda ilk dəfə açılır. İxtisasca həkim olan Kadri Doğruer həm də Türkiyə Rəssamlar Birliyinin üzvü, Karikaturaçılar Dərnəyi sədrinin müavinidir. Həmçinin Türkiyə və Avropada çoxlu sayda müəllif və müştərək sərgilərin iştirakçısı olub. Vurğulanıb ki, bugünkü sərgi həm də iki ölkənin karikaturaçılar birlikləri, yaradıcı ittifaqları arasındakı əməkdaşlığın bəhrəsidir. Ədalət Vəliyev Kadri Doğruerə yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə və başqaları Kadri Doğruerin əsərlərinin yaradıcılıq xüsusiyyətindən danışıblar.

K.Doğruer sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, Kadri Doğruer 1962-ci ildə Samsunda anadan olub. İlk, orta və lisey təhsilini İstanbulda tamamlayıb. Ali tibb təhsilinə malikdir. Hazırda İstanbul Memorial Xəstəxanasında ümumi reanimasiya modulunun direktoru vəzifəsində çalışır. Çoxsaylı elmi konfrans və yığıncaqlarda iştirak etmiş, elmi məqalə və tezislərini nəşr etdirib.

Onun ilk karikatura işi 1977-ci ildə “Çarşaf” yumoristik jurnalında nəşr olunmuşdur. Daha sonra karikaturaları “Çarşaf”, “Çivi”, “Gırgır”, “Karikatura” və “Diyojen” jurnallarında, “Hürriyyət” və “Tərcüməçi” qəzetlərində nəşr edilmişdir. İki dəfə Karikaturaçılar Dərnəyi idarə heyətinin üzvü seçilib.

Bir sıra milli və beynəlxalq karikatura müsabiqə və sərgilərinin iştirakçısıdır. Bu müsabiqələrin bir çoxunun yüksək mükafatlarını alıb.

Aprelin 20-dək davam edəcək sərgidə Kadri Doğruerin 38 işi nümayiş olunur.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 12 aprel.- S.7.