“Gümanım
yol gedir durna köçündə...”
RAMİZ
QUSARÇAYLININ ŞEİRLƏRİNDƏN YARANAN
DUYĞULAR
...Mən yazan dərdlərin iki rəngi var,
Zəmiyə bənzəyir
– sarı, ya yaşıl.
İllər öncə
“Azərbaycan” jurnalında
Ramiz Qusarçaylının
yazıları ilə
tanış olanda onun şeirləri mənim də yadımda həyatın yaşıl və sarı rəngi kimi qalmışdı. Onun “Azadıq” adlı şeiri xüsusilə xoşuma gəlmişdi.
Alimində yox
ziya,
Şairində söz riya
Hər kənddə
bir partiya
Azadıq bəy,
azadıq
Sonra kitabları
ilə tanış oldum. Bu şeirləri oxuduqca oxumaq istədim. Ondan ki, şair demək
olar əksər şeirlərində
Mən qala
qurmağa fiqur gəzmirəm,
Şahlı, piyadalı
bu dünya qalam.
Yüngül xanalarda
uğur gəzmirəm
Yolum haqq
yoludur, öləm, ya qalam
söyləyir. O, sözdən məharətlə
istifadə edərək
necə deyərlər,
sözü urvatdan salmır, əksinə sözə yaraşan gözəl bir libas biçir qələmiylə. Gözəllikdən
vəcdə gələn
şair görün özü necə bir gözəllik yaradır
Gözəllik baharın gəlişi deyil,
Bahar bir
rəssamın sərgi
işidi.
Bu gül təbiətin əl işi deyil,
Məhəbbət işidi, sevgi işidi.
Halbuki onun
da söz oyunu oynamağa imkanı var. Amma yaxşı bilir ki, sözü sözlükdən çıxaranda
gözəl nümunə
yox, əndrabadi bir şeylər alınar. Necə ki, bu gün
ya çox bəsit şəkildə,
ya da anlaşılmaz
bir formada olan yazılar baş alıb gedir. Düzdü, bəzən bu mücərrəd yazılara
yanaşma da müxtəlif olur, bir şair deyirdi
ki şair nə qədər anlaşılmaz olsa o qədər maraqlıdır.
Bu da o insanın zövqüdü. Amma mən bir oxucu
kimi oxuduğumu anlamayacağamsa gözümün
nurunu tökməyə
dəyərmi? Amma R.Qusarçaylının şeirlərini
oxumağa dəyər,
özü də dönə-dönə. Həm
maraqlı deyim tərzinə, həm də ona görə
ki, bu gözəl
nümunələrdə həqiqi
bir Vətən ağrısı və vətəndaşlıq yanğısı
var. Bu şeirlərdə şairin
axan göz yaşlarını gördüm,
iztirablı hıçqırıqlırını
eşitdim, ağır
kədərini duyaraq onun təmənnasız sevgisini hiss elədim. Bir onun söz
boxçasına baxın.
Dərdi köksü üstə şırımlar
açan şairin təbii olaraq qardaşı elə tüfəng olar.
Nə zəhmi
yumşaq tuturam,
Nə sözə
yaşmaq tuturam,
Ölümlə qurşaq tuturam
Tüfəng mənim
qardaşımdı.
“Qəbul otağında ağlayan əlil” şeiri isə sanki yaramızın közünü
qoparır, göz yaşlarına hakim ola bilmirsən...
Oynayıb yerindən
bu baş, bu beyin,
Gözüm gözləməkdən
yorulub mənim.
Sınıb şüşə
kimi Şuşa ürəyim
Qarabağ qanadım
qırılıb mənim...
Şairin içində
elə bir üsyan var ki, ona gecə-gündüz
rahatlıq vermir. “Bu buxovdan açın haqqı” söyləyərək
haqsızlığa dözmür,
nə yurd itgisi ilə, nə də insanların rəzilliyi, köləliyi ilə barışa bilmir. Arada dərdini götürüb öva çıxan şair canavarda nə görürsə ona da üz tutur
Yoldu, keçiddi,
tələ çox,
Düşdün, çox düşdün dilə, çox,
Bizi vuranlar
elə çox...
Mən səni
vuran deyiləm.
Və ya
...Səndə ki bu kişilik
var,
Mən səni
vuran deyiləm!
Müəllifin “Azərbaycan bayrağı”
adlı şeirini isə onun şah
əsəri adlandırmaq
olar.
Şənini vəsf
etməyə yetər
qüdrətim, yetər,
Ulduzunu, ayını
göydə mələklər
ötər,
Hər rəngində
“ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey
istiqlalımın əbədiyyət
sancağı
Azərbaycan bayrağı!
R.Qusarçaylının şeirlərini oxuyarkən
qəribə bir mənzərəyə də
rast gəldim. Bəzi şeirləri o qədər adama tanış gəlir ki, yəni “el dilində gəzən şeirlər” deyirlər buna. Məsələn, onun “A bənövşəm
mənim..” adlı şeirini o qədər dinləmişəm heç
bilməzdim ki, onun müəllifi məhz R.Qusarçaylıdır.
O nə boylanışdı dolmusan
yenə,
A bənövşəm
mənim, süsənim
mənim.
Özü bu
dünyanı sevdirib mənə
Özü bu
dünyadan küsənim
mənim.
Və ya
“Qəm zəmisi” adlı şeiri
Bu gün kitabımın birini satdım,
Bir kilo ət aldım balalarıma.
Bu gün də başımı şeirlə qatdım
Qafiyə tapmadım
bəlalarıma.
Müəllifin təbiət gözəlliyi
ilə bağlı şeirləri də ürəkaçandı. Bu da
çox təbiidir. Füsunkar təbiətin qoynunda yaşayıb-yazan şairin “Payız” şeiri də fərqli olmaqla həm də oxucunu pessimist ruha gətirmir. Çünki
o kədərin də
gözünə səmimi
qəlbdən gələn
bir ovuz sevinc qığılcımı
atır.
Çiçəklər xəzəldir, xəzəllər
çiçək,
Açıb yaxasını
yağışa, çənə.
Yarpaqlar sapsarı
xatirələr tək
Səpilir payızın
qədəmlərinə.
Və ən
əsası odur ki, R.Qusarçaylı hansı mövzuda yazsa da onun
böyük dərdi-
Bütöv Azərbaycan
həsrətinin yanğısı
o şeirdə öz əksini tapır.
İtir boz
qayalar duman içində,
Dağlar yamac-yamac
payızdan keçir.
Gümanım yol gedir durna
köçündə-
Gümanım hardasa Arazdan keçir.
Düşünürəm ki, R.Qusarçaylının
şeirləri ilə
bağlı mübaliğəli
nəsə söyləmədim.
Sadəcə bu fikirlər bir oxucu kimi gəldiyim
qənaət oldu.
Mina RƏŞİD
525-ci qəzet.- 2012.- 12 aprel.-
S.7.