Fuad Muradov:
“Avronest”də Qarabağla bağlı qətnamə
qəbul etmək olar”
Müsahibimiz
“Avronest” Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin üzvü, Milli Məclisin deputatı Fuad
Muradovdur.
–
Fuad bəy, Azərbaycan və Ermənistan parlamentarilərinin
beynəlxalq təşkilatlarda, o cümlədən “Avronest”
Parlament Assambleyasında (PA) yaratdıqları ünsiyyət
Qarabağ münaqişəsinin nizamlanmasına köməklik
göstərə bilərmi?
– Bir
qayda olaraq, Azərbaycana gələn əcnəbi parlamentarilər
ərazi bütövlüyünün təmin olunması məsələsinə
toxunmamağa çalışırlar. Bu təbiidir və biz
bunu anlayışla qarşılayırıq. Bununla
yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində
azərbaycanlı və erməni parlamentarilər arasında
qurulan əlaqələr, aparılan müzakirələr
Qarabağ nizamlanması ilə bağlı ermənilərin
fikirlərində heç bir dəyişikliyə gətirib
çıxarmır. Ancaq buna baxmayaraq hesab edirəm ki, bu
müzakirələr aparılmalıdır. Belə ki, bəzi
erməni deputatları Azərbaycanda olarkən müsbət
xarakterli bəyanatlarla çıxış edirlər. Fəqət
təəssüflər olsun ki, Ermənistana qayıtdıqdan
sonra onlar yəqin ki, yenə kənar təsirlərin təzyiqi
altında əks mövqedən çıxış etməli
olurlar. Bununla belə, belə ünsiyyətlərin baş
tutması etimad atmosferinin yaradılması nöqteyi-nəzərindən
vacibdir.
– Siz
Qarabağın azərbaycanlı və erməni icmaları
arasında mümkün əlaqələrin
yaradılmasını necə qiymətləndirirsiniz?
– Təbii ki, azərbaycanlı qaçqınlar və məcburi köçkünlər işğal altında olan doğma torpaqlarımız geri qaytarıldıqdan sonra yurd-yuvalarına geri qayıdacaqlar və ermənilərlə birgə yaşayacaqlar. Bunu nəzərə alaraq, Qarabağın azərbaycanlı icması erməni icması ilə görüşlər keçirməyə cəhd göstərir. Lakin Qarabağın erməni icması bu görüşlərdən yayınır. Bu onu sübuta yetirir ki, ermənilər nəinki sülhün bərqərar olmasında maraqlı deyillər, hətta Qarabağ münaqişəsi ərazisində yaranan indiki vəziyyətin qorunub saxlanmasını istəyirlər. Belə vəziyyət isə Azərbaycan tərəfi üçün qəbuledilən deyil və buna görə də biz bütün beynəlxalq müstəvilərdən, o cümlədən, “Avronest” PA-nın imkanlarından istifadə edərək, Qarabağla bağlı qətnamələrin qəbul olunmasına nail olmaq niyyətindəyik. Azərbaycan deputatları bu istiqamətdə artıq müəyyən uğurlar əldə ediblər və biz bu işi davam etdirəcəyik.
– Yeri gəlmişkən, “Avronest” PA-nın sənədləri münaqişəli vəziyyətlər üzrə sənədlərin qəbulu üçün imkan yaradırmı?
– “Avronest” PA-da ölkənin ərazi bütövlüyünün təmin olunması, münaqişələrin nizamlanması ilə bağlı qətnamələr qəbul oluna bilər. Və buna görə Azərbaycan parlamentariləri bu təşkilatın nizamnaməsinə uyğun olaraq “Avronest” PA-nın Qarabağ üzrə qətnamə qəbul etməsi üçün bu hüquqdan istifadə edəcəklər.
– Avropa Parlamentinin xarici münasibətlər üzrə komissiyası Ermənistanla bağlı sənəd qəbul etdi. Burada ATƏT-in Minsk qrupunda Fransanın mandatının Avropa İttifaqının mandatı ilə əvəzlənməsinə dair təklif yer alıb. Bu əvəzləmə Qarabağ münaqişəsinin həllini sürətləndirə bilərmi?
– Hazırda Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində rolu nəzərə çarpmır. Ona görə, bu müsbət bir tövsiyyədir və ümid edirəm ki, Avropa Parlamentinin xarici münasibətlər üzrə komissiyasının bu mövqeyi sözügedən qurumun müzakirəsinə çıxarılacaq. Əminəm ki, bir çox Avropa parlamentariləri məsələnin müzakirəsi zamanı Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə fəal şəkildə cəlb edilməsi zərurətinə dair fikri dəstəkləyəcəklər. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycan Qarabağın nizamlanması üzrə öz ədalətli mövqeyinin Fransa tərəfinin diqqətinə çatdırılması istiqamətində işləri davam etdirməlidir. Xüsusən də, Fransa Senatında Azərbaycanı, onun ərazi bütövlüyünü dəstəkləyən xeyli parlamentarinin olduğu bir halda.
– Sizcə, Avropa İttifaqı Qarabağ münaqişəsinin həllində öz rolunu artırmaq üçün nə etməlidir?
– Əgər Avropa İttifaqı Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını fəallaşdırmaq istəyirsə o zaman sözügedən məsələ üzrə öz xüsusi nümayəndəsini təyin etməli və ona geniş mandat ayırmalıdır. Xüsusi nümayəndənin olması Aİ-nin münaqişə üzrə dəqiq mövqeyinin müəyyən edilməsi üçün zəruridir. Hesab edirəm ki, belə bir xüsusi nümayəndənin olması Azərbaycan tərəfi üçün də arzuolunandır.
KAMİL
525-ci qəzet.- 2012.- 12 aprel.- S.4.